Respublika
Uşaq Kitabxanası «Altun Kitab»dan hədiyyə alıb
Firudin bəy Köçərli adına Respublika
Uşaq Kitabxanası ötən il yeni binaya (Bakı şəhəri,
S.Vurğun küçəsi, 88) köçəndən sonra
fəaliyyətini daha da genişləndirib. Burada
kitabxananın müxtəlif layihələr, tədbirlər həyata
keçirməsi üçün hər cür şərait
var. Yeni məkana müraciət edən balaca oxucuların
sayı da artıb.
Kitabxananın direktoru Fizurə
Quliyeva deyir ki, yeni məkandan həm mədəniyyət
müəssisəsinin işçiləri, həm də
oxucular çox razıdır: «Kitabxanamız 1965-ci ildən fəaliyyət
göstərir. Köhnə binada da oxucularla yaxşı
işləyirdik, amma yerimiz darısqal idi. 2010-cu ildə
kitabxana üçün yeni bina istifadəyə verildi. Köhnə
bina 512 kv metr olduğu halda, bura 730 kv metrdir. Burada oxucular
üçün geniş şərait var. Uşaqların
zövqünü oxşayan forma və rənglərdə
mebel almışıq. Uşaqlar oxu zalımızdan,
şöbələrdən sərbəst istifadə edə
bilirlər. Keçən il «Ekologiya ili» idi. Bununla
bağlı kitabxanamız 5 rayonda «Təbiəti qoruyaq»,
«Günəşli körpü» adlı marafonlar, kitab
bayramı keçirirdi. Ən böyük tədbirimiz
Xaçmaz rayonunda oldu. Sonra Qusar, Oğuz, Ağdaş və
başqalarında belə marafonlar keçirdik. Bundan əlavə,
hər il Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə
Bakıda və rayonlarda festival və kitab bayramı təşkil
edirik. Bunun da uşaqların mütaliə mədəniyyətinin
artmasında böyük rolu olur. Uşaqlar bizim gələcəyimizdir.
Onlara yeniliklər verməliyik».
Uşaq Kitabxanasının fondu mütəmadi olaraq yeni kitablarla zənginləşir. Kitabxanaya ən çox kitab hədiyyə edən isə «Altun Kitab» nəşriyyatıdır: «Kitabxanamızın 250 min fondu var. İl ərzində 20 minə yaxın oxucumuz olur. Uşaqların kitaba marağını artırmaq üçün məktəblərdə tədbirlər keçiririk. Bütün nəşriyyatlarla əlaqə qururuq. İstədiyimiz kitabı sifariş verə bilirik. Uzun illərdir ki, biz uşaq nəşriyyatları ilə - «Tutu», «Altun Kitab», «Beşik» və digərləri ilə işləyirik. «Altun Kitab» bizim ən çox sevdiyimiz nəşriyyatdır. Bu yaxınlarda «Altun Kitab» bizə 2 min ədəd kitab bağışlayıb. Onlar bilirlər ki, biz rayon uşaq kitabxanalarına tez-tez hədiyyələr göndəririk. Ona görə özümüz etdiyimiz sifarişdən əlavə hədiyyə kitablar da təqdim edirlər».
F.Quliyeva söhbət əsnasında onu da bildirdi ki, kitabxananın nəşr etdirdiyi «Göy qurşağı» jurnalından da danışdı: “Jurnal iki ayda bir dəfə çıxır. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu jurnal bütün rayon uşaq kitabxanalarına göndərilir. Biz çalışırıq ki, bu jurnalda uşaqların heç yerdə tapıb oxuya bilmədikləri materialları dərc edək. Jurnal çox sevilə-sevilə oxunur. Çünki uşaqların yaradıcılığına xüsusi yer veririk. Uşaqların rəsm əsərləri, hekayələri, şeirləri burda əksini tapır. Buna görə də, uşaqlar bu kitabı sevə-sevə oxuyurlar”.
Əsas problem odur ki, rayonlar heç
bir uşaq nəşriyyatından kitablar almırlar. Ona görə
də rayonlara mütəmadi olaraq kitablar göndərməyə
çalışırıq. Uşaqlar kitabları çox
sevirlər. Amma rayon kitabxanalarında bu sarıdan
çatışmazlıqlar var. Keçən il Amerika səfirliyindən
10 min adda uşaq kitabı hədiyyə aldıq. Hər rayon
kitabxanasına 150-dək kitab göndərdik. Bu gün
hamı bu işə baş qoşmalıdır. İki il əvvəl
İsmayıllı rayonuna 500 adda kitab hədiyyə göndərdik.
Bazar günü oxu zalımız uşaqla dolu olur. Yeni
ünvana köçəndən sonra burdakı evlərdən
nə qədər uşaqlar gəlir. Valideynlər bizə təşəkkür
edirlər ki, uşaqlar bu kitabxananı görəndən sonra
artıq başqa işlərdən yayınıb, kitab
oxumağa başlayıblar. Uşaqlar asudə
vaxtlarını burda çox xoş keçirirlər”.
Kitabxana hazırda diaspor təşkilatları
ilə də əlaqə yaradır. Bu əlaqələr əsasında
xaricdə yaşayan Azərbaycan uşaqları ana dilində
kitab oxuya biləcəklər. Artıq Türkiyə, Ukrayna və
Estoniya ilə əlaqələr qurulub. Lakin kitabxana
bütün dünyada yaşayan Azərbaycanlı uşaqlarla
əlaqə yaratmağa və onları kitab ilə təmin
etməyə çalışır.
Gülər
Mədəniyyət.-
2011.- 26 yanvar.- S. 6.