«Azərbaycan
incəsənəti dünyada daha geniş tanınmağa
layiqdir»
Rusiyalı baletmeyster Edvard Smirnov Azərbaycan folkloru və
toy adətlərindən bəhs edən yeni layihə
hazırlayır
Bu
günlərdə Rusiya Balet Akademiyasının professoru Edvard
Smirnov şəhərimizin qonağı oldu. Onun
paytaxtımıza gəlişi təsadüfi deyildi.
Yanvarın 21-də Heydər Əliyev Sarayında təqdim
olunan yeni layihənin - görkəmli rus bəstəkarı
İqor Stravinskinin «Müqəddəs bahar» baletinin musiqisi əsasında
20 Yanvar şəhidlərinin xatirəsinə həsr
olunmuş tamaşa-baletin quruluşçu baletmeysteri məhz
E.Smirnov idi. Xatırladaq ki, məşhur baletmeyster bundan
öncə Heydər Əliyev Fondunun beynəlxalq musiqi layihəsi
olan «İntizar» operasının (müəllif Xalq artisti Firəngiz
Əlizadə) yeni quruluşda premyerasının bədii heyətində
də xoreoqraf kimi yer almışdı. Sənətçi ilə
söhbət zamanı onun Azərbaycanda həyata keçirməyə
hazırlaşdığı digər maraqlı layihə barədə
də məlumat əldə etdik.
- Cənab Smirnov, xahiş edirik, əvvəlcə
oxucularımıza özünüz haqda məlumat verəsiniz...
- Mən Sankt-Peterburqda Vaqanov
adına Rusiya Balet Akademiyasını və Sankt-Peterburq
Dövlət Konservatoriyasının balet rejissorluğu
fakültəsini (xoreoqrafiya incəsənəti) bitirmişəm.
Bir neçə il Sankt-Peterburq Dövlət Konservatoriyası teatrının
balet truppası ilə işləmişəm. Hazırda
konservatoriyada və eyni zamanda Rusiya Balet Akademiyasında dərs
deyirəm, Xoreoqrafiya incəsənəti kafedrasının
professoruyam. Moskva və Sankt-Peterburqda çoxsaylı əsərlər
səhnələşdirmişəm, İtaliya, Fransa, Almaniya,
İsveç, Kanada və digər ölkələrdə
balet-teatrlara quruluş vermişəm. Şərq ölkələrinə
gəlincə, Azərbaycan birgə layihə həyata
keçirdiyim ilk ölkədir.
- Birgə layihələrdən
söz düşmüşkən, yanvarın 21-də
Bakıda sizin quruluş verdiyiniz «Müqəddəs bahar»
baletinin premyerası oldu. Bu layihə barədə nə deyə
bilərsiniz? Tamaşanın 20 Yanvar mövzusu ilə
bağlılığını necə xarakterizə edərdiniz?
- Tamaşada olan bəzi məqamlar 20 Yanvar mövzusu ilə üst-üstə düşür. Əslində bu bir təsadüfdür. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müasir teatrı gözəl qiymətləndirən bir şəxsiyyətdir. İlk dəfə o, bizim «Müqəddəs bahar» balet-tamaşasını görəndə dedi ki, bu əsəri Azərbaycanda 20 Yanvar faciəsinin ildönümündə nümayiş etdirmək mümkündür. Beləliklə, cənab nazirin təşəbbüsü ilə balet-tamaşanı yanvarın 21-də Bakıda Heydər Əliyev Sarayında nümayiş etdirdik. Amma yenə qeyd edim ki, bu əsər məxsusi olaraq hansısa tarixi günə və ya hadisəyə həsr olunmayıb.
- Maraqlıdır, bəs bu balet-tamaşanı 20 Yanvar faciəsi ilə bağlayan detallar hansılardır? Yəni Azərbaycan tamaşaçısı səhnəyə baxdıqda faciəni xatırladan hansı məqamları görə bilir?
- Mən bilirəm ki, qırmızı qərənfil Azərbaycanda 20 Yanvar faciəsinin bir rəmzidir. Həmin balet-tamaşada da iştirakçıların qolcuqları qırmızı rəngdə idi. Yəni bu detal özlüyündə bir məna daşıyırdı. Demək istərdim ki, sizin ölkənizdə baş verən bu faciə Rusiyada da əks-səda doğurub, Rusiya xalqının qəlbini də ağrıdıb. Bu səbəbdən baş vermiş hadisəyə görə biz o vaxt çox həyəcan keçirirdik və indi də bu hiss qalmaqdadır. Ümid edirəm ki, belə faciə müxtəlif ölkələrdən və müxtəlif dinlərdən olan insanlar arasında münasibətlərə təsir etməyəcək. Çünki biz insanlar qardaşıq.
- Tamaşa Azərbaycan Dövlət Rəqs Ansamblı ilə birgə hazırlanmışdı. Birgə əməkdaşlıq istiqamətində bundan sonra hər hansı planlarınız varmı?
- Təbii ki, var. Növbəti layihəm bir qədər gülməli, bir qədər isə qüssəli tamaşa olacaq.
Tamaşa iki gəncin sevgisindən bəhs
edir. Onlar müxtəlif çətinliklərdən, maneələrdən
keçirlər, amma sonda məhəbbət qalib gəlir və
onlar ailə qururlar. Tamaşa Azərbaycan folkloru əsasında
hazırlanacaq, burada Azərbaycan musiqisindən istifadə
olunacaq. Çox təsirli, şən, işıqlı bir
tamaşa hazırlamaq istəyirəm.
- Maraqlıdır, Azərbaycan folkloru,
toy adət-ənənələri sizə bəllidir?
- Əlbəttə, mən Azərbaycan
folklorunu öyrənməklə məşğulam. Təbii
ki, indi qədim toy adətlərini yeni adətlərə
transformasiya edib, daha müasir toy səhnələşdirmək
istəyirik. Çünki arxaik tamaşa hazırlamaq niyyətində
deyilik. Sizin xalqınız gözəl xüsusiyyətlərə
malikdir: xeyirxah, istiqanlısınız.
Hazırlayacağım tamaşada da məhz bu keyfiyyətləri
nümayiş etdirmək istəyirəm.
- Yeri gəlmişkən, siz
özünüz necə, azərbaycanlıların toy mərasimində
iştirak etmisiniz?
-
Sonuncu dəfə Bakıya gələndə, bir toyda oldum.
Orada 400-dək adam vardı. Gənclərin, gəlinlə bəyin
rəqs etmələri xoşuma gəldi. Onlar gözəl rəqs
edirdilər. Bilirsiniz, bunların hamısı maraqlı və
gözəl detallardır. Mən də
teatrlaşdırılmış toy hazırlayacağam. Burada
hadisələr belə cərəyan edir. Kasıb, gənc
oğlan bir qızı sevir. Valideynləri isə qızı
zəngin, amma ağıldan zəif birisinə ərə vermək
istəyirlər. Kasıb gənc isə həm gözəl, həm
də ağıllıdır. Beləliklə, maraqlı bir
tamaşa hazırlamaq niyyətindəyik.
- Azərbaycanda şəhər
toyları ilə kənd toyları arasında müəyyən
fərqlər var. Tamaşada hansı toy adət-ənənəsi
öz əksini tapacaq?
- Təbii ki, bu barədə mənim
məlumatım var. Biz tamaşada kənd toyu ilə şəhər
toyunun xüsusiyyətlərini birləşdirəcəyik.
Tarixin daha dərin elementlərinə toxunacağıq. Şəhərdə
yaşayan insanların ulu babaları kənddən gəliblər.
Deməli, bu insanların kökü onsuz da kənddə
qalıb. Ona görə də, biz bütün bunlara çox
incə yanaşacağıq. Əlbəttə, kənd toyu
maraqlıdır. Lakin tamaşada buna elə toxunmaq
lazımdır ki, arxaik olmasın.
- Nə üçün sizi məhz
Azərbaycan toyu özünə cəlb etdi. Orada folklor
elementləri çoxdur, yoxsa...
- Mən rus folkloru ilə
bağlı bir çox məqamları öyrənmişəm.
Məsələn, «Qızıl balığın
nağılı» ilə yaxından maraqlananda mənə bəlli
oldu ki, bu, bir çox ölkələrdə
yayılmış bir nağıldır. Sonra mən Çin
nağıllarını öyrəndim. Orada da, «Qızıl
balığın nağılı» var idi. Qədim ispan
nağıllarında da buna bənzər əhvalatlar var.
Şübhə etmirəm ki, Qafqazın hansısa folklor
materialını «qazsan», oradan da buna bənzər bir
nağıl çıxacaq. Çünki insanlar eyni kökə
malikdir, eyni ayinlər bütün xalqlarda var: insanın
dünyaya gəlməsi, insanın yetkinlikdən
cavanlığa adlaması (bu toydur), vəfat etməsi (yas).
Toyun olması artıq insanda başqa bir məsuliyyət
yaradır. Məsələn, Rusiyada belə bir adət var:
qız subay vaxtı saçları açıq gəzir, amma
toyu olduqdan sonra saçlarını hörürlər. Bu o
deməkdir ki, artıq o, ailəli qadındır. Biz də
öz tamaşamızda Azərbaycan üçün xarakterik
olan belə elementlərdən istifadə edəcəyik. Yəni
bu tamaşa adət-ənənələrin
teatrlaşdırılması olmayacaq, burada folklor elementlərinə
toxunulacaq.
- Azərbaycanda hansı teatrla
işləmək, birgə layihələri həyata
keçirmək istərdiniz?
- Məni Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı daha çox
maraqlandırır. Mənə elə gəlir ki, bu teatrla
maraqlı layihə reallaşdırmaq olar. Rusiyadan olan həmkarlarım
Bakıda işləyiblər. Georgi Aliksidze burada «Leyli və Məcnun»
operasını səhnələşdirib. «Üns»
yaradıcılıq səhnəsinin bədii rəhbəri Nərgiz
Paşayevanın librettosunu yazdığı «İntizar»
baletini Moskva «Helikon-Opera» teatrının bədii rəhbəri,
Rusiyanın Xalq artisti Dmitri Bertmanla birlikdə işləyirdik.
O zaman «Leyli və Məcnun»un muğam opera-baletini
hazırlamaqla bağlı çox maraqlı layihə yarandı.
Çünki hələ dünyada bu operanın muğam
opera-baleti variantı hazırlanmayıb. Azərbaycanı
dünyada daha çox tanıtmaq lazımdır. Sizin incəsənətiniz,
teatrınız dünyanın çox regionunda
tanınmağa layiqdir. Elə etməlisiniz ki, sizi dünyada
çox sayda insan tanısın və bilsinlər ki, artıq
Azərbaycan dünya incəsənətində bütün tərəflərdən
öz yerini tutub. Sizin çox parlaq incəsənətiniz var,
onu geniş təbliğ etmək lazımdır. Təbliğatdan
sonra biz gənc azərbaycanlıların balet-tamaşalara gəlmələrinə
nail olacağıq və bizim üçün bu
maraqlıdır. Məsələn, «Müqəddəs bahar»
baletinin musiqisinin müəllifi bütün dünyada
tanınan İqor Stravinskidir. Ona görə də, biz onunla
birlikdə bu müasir tamaşanı səhnələşdirdik.
- Bakı ilə bağlı təəssüratlarınızı
da eşitmək maraqlıdır...
- Bakıya 4-cü dəfədir ki, gəlirəm. İlk dəfə ötən ilin mayında «İntizar» tamaşasını səhnələşdirmək üçün gəlmişdim. Bu şəhərin təbiətinə, insanlarına heyranam. İnsanlarınız xeyirxah, ürəyiaçıq, mehribandırlar. Bu vacib keyfiyyətlərə indi bəlkə də dünyada daha çox ehtiyac var. Sizin insanlarda Şərq və Qafqaz müdrikliyi var. Elə bu xarakter yaxınlığını özümdə hiss edib birgə iş təklifi irəli sürdüm. Sizin cənublu, mənim isə şimallı olmağıma baxmayaraq aramızda temperament yaxınlığı görürəm. İnsanlarla işləyəndə, ünsiyyətdə olanda da bu yaxınlığı hiss edirəm. Məsələn, məşq zamanı bir-birimizlə mübahisə edirik, sərt davranırıq, amma iki dəqiqə sonra yenidən barışırıq, bir-birimizi sevirik. Bunlar çox gözəldir.
- Bizim yerli kollektivlə məşq etmək sizə çətin deyil?
- Qətiyyən yox. Sözün açığı, mən gözləmirdim ki, sizin sənətçilərlə belə tez anlaşmaya nail olacağıq. Amma çox şey rəhbərlikdən asılıdır. Rəhbərliyin dəstəyi olmadan biz heç nə edə bilməzdik. Ona görə ki, teatrın iki qanadı var: biri inzibati təsərrüfat, digəri isə fantaziya və yaradıcılıq. Bu layihədə iki qanad birləşmişdi və belə şəraitdə işləmək də xoş idi.
- Toyla bağlı layihədən başqa, gələcəkdə digər birgə əməkdaşlıq imkanları barədə nə deyə bilərsiniz?
- İndi bu barədə bir şey deyə bilmərəm. Hazırda bu layihə ilə məşğulam. Amma ölkənizi yaxından öyrənməyə, tanımağa çalışacağam. Əgər gələcəkdə regionlarınıza səfər etsəm, maraqlı nələrisə tapa bilərəm.
Mehparə Sultanova
Mədəniyyət.-
2011.- 26 yanvar.- S. 5.