“Müqəddəs
bahar”
Minbir saatlıq siyasətdən bir saatlıq sənət
əsəri…
Mən
bu balet-tamaşaya sıradan bir tamaşaçı kimi dəvətliydim.
Amma jurnalistlik «zat»ım üzə çıxdı; bloknot-qələmi
də götürdüm. Bu tamaşa haqda informativ
yüküm isə qəzetimizin son sayındakı qısa xəbərdən
ibarət idi: «Yanvarın 21-də Heydər Əliyev
Sarayında görkəmli rus bəstəkarı İqor
Stravinskinin «Müqəddəs bahar» baletinin musiqisi əsasında
20 Yanvar şəhidlərinin xatirəsinə həsr
olunmuş yeni layihə - tamaşa-balet göstəriləcək.
Tamaşanın quruluşçu baletmeysteri Rusiya Balet
Akademiyasının professoru Edvard Smirnovdur. Tamaşa-baleti Azərbaycan
Dövlət Rəqs Ansamblının üzvləri ifa edəcəklər».
...Və
salam, sənət!
Tamaşanın janrında (balet),
müəllif və baletmeysterlik mənşəyində bir
şimal «yad»lığı olsa da, tamaşaçı
olası biz cənublular elə ilk «pərdə»dən mədəniyyətin
ən dünyəvi parametrlərinə uyğun təəssürat
yaradırdılar. «Tamaşanın janrı» ilə
bağlı düşüncələrimdə xüsusi bir
milli fəxarət hissi, işıqlı təəssüratlar
yaşayırdım həmin məqamlar. Hətta, bax-bax, bu
anlar öz musiqi alətlərini kökləməkdə olan,
Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinə
son mizan-düzənlərini verən Rusiya fenomenlərini xəyalən
«opponent»ləşdirib, «Qara Qarayev kəhkəşanlı,
Arif Məlikov zirvəli bir ölkədə olduqlarının
fərqinə vardıqlarına şübhə etmədiyim
hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz!» kimi
düşüncələrə dalırdım.
Bu ab-havadan daha nələr
dalğalanırdı? Biri bu ki, Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə gerçəkləşən
bu layihə aktualdır, rəqs və musiqi dili ilə ehtiva
olunan mədəniyyətlərarası dialoqun yeni təzahürüdür.
Mən bunu hələ tamaşaçıların foyedəki
ötəri dialoqlarından da hiss etdim. Dillər müxtəlif,
anlamadığım ifadələr çox olsa da, bir gecədə
Azadlığın təməl daşını qoymuş 20
Yanvar qurbanları hesabına dünyəvi terminə
çevrilmiş «şəhid» ifadəsi mənə
dilmanclıq edirdi.
...Bütün olaylara baxmayaraq, yenə
«çoxmillətli», «internasional», «tolerant» epitetlərini
özündə saxlayan bu müstəqil xalqın azad
tamaşaçıları mənəvi-psixoloji, etno-faktoloji
bir qələbəlik ruhu ilə tamaşa salonuna cəmləşirlər...
Dinamik, dipdiri,
haray-büsatlı bir saat!
Axşam saat 19:00. İynə atsan
yerə düşməyəsi nəhəng salon. Dərin
sükut. Sanki məlum faciəmizə və bu anlardan
başlayaraq o müdhiş minorluğu bir qədər
majorlayası sənətə bir dəqiqəlik sayğı.
Tarixən yüksək səviyyəli səhnələrin
alqış mükafatını heç vaxt kəsməmiş
Azərbaycan xalqının bu bir salonluq nümayəndəsi
susur. Nəhayət, milli qonaqpərvərlik etikası xəlqi
hüzn sxolastikasına döv gəlir; ordan-burdan adda-budda
çəpik sədaları eşidilir...
İşıqlar
söndürülür və mən ayılıram ki, əlvida,
qələm-bloknot, heç bir qeyd apara bilməyəcəm.
Ancaq yaxşı ki, belə olur, yoxsa, diqqətim yayınacaq,
qulaq-göz sinxronluğuna mane olacaqdı. Demək, ümid
yaddaşa qalır...
Budur, ecazkar jestlərilə nəinki
orkestrdə, habelə tamaşaçılarda «hazır ol!»
aurası yaradan dirijorun sehrli çubuğu şahə
qalxır. Skripka və violençellərin təzanələri
butaforların işıq-kölgə, toran-alatoran effektlərinə
qərq olmuş orkestrin başı üzərində
şimşək kimi çaxır. Ötən əsrin
rusiyalı dahisi, 20 Yanvardan 20 il əvvəl
dünyasını dəyişmiş İqor Stravinskinin
«Müqəddəs Bahar» baletinin təlatümlü
taktları salona hakim kəsilir. Mayası bahardan
yoğrulmuş əsər bu anlar ikili fəsil yaşayan
bakılı tamaşaçıların bütün hallarda
qışa çalan ovqatına bir sənət
sığalı çəkir. Rejissor mizanı ilə
orkestrin başı üzərində asılmış
nağılvari «xalça»-ekran işıqlanır. Burada 21
ilin tanış səhnələri canlanır: insan dəryası,
hüzn dalğaları, sinə döyən qadınlar,
qolları qoynunda kişilər, bu məğlubiyyətlə
barışmaz baxışlı gənclər, «atamdan
güclüsü yoxdur» qənaəti sarsılan uşaqlar və...
üstlərindəki özlərindən ağır,
qanlarından qırmızı qərənfillərlə bu dəryanı
yara-yara Şəhidlər xiyabana daşınan tabutlar. Səsi
bilərəkdən alınmış ana-bacıların
ağıları, ata-babaların düşmənəzər
nəzərləri, gənclərin qılınc
baxışları bir an öncə susmuş orkestrdən daha
əzəmətli bir simfoniya təsiri
bağışlayır.
...Sən demə, bu
«xalça»-ekranın arxasında 20 Yanvar şəhidlərini
«təmsil» edən şahid-«şəhidlər»
«donubmuşlar». Onlar ekranın qalxması, orkestrin
çağlaması ilə böyük faciə
yanğısı və alovlu sənət eşqi ilə hərəkət
və hərəkata başlayırlar. Bəzən musiqi
onlara, bəzənsə onlar musiqiyə lokomotivlik edir. Bir an
öncə ekranda gördüyümüz ana-bacıların
«Şəbi-hicran»vari görkəm və duyğularını
orkestr və balerin-balerinaların sinkretik sənət
tufanı əvəz edir. Rəqqaslar gah şəhərə
müdaxilə zirehlərinin, gah əliyalın müqavimətçilərin,
gah da - üç rəng bölüm yaradaraq, bütün bu
olayların hədəfi olan gələcək (o zamanlar
üçün) bayrağımızın ali şəbehini
çıxarırlar. Atəşvari notlar altında
oynaşıb-qaynaşan qırxarşın tumanlı
müdaxiləçilər yarasaları xatırladır. Gah
arxası, gah sinəsi üstə döşəməyə
döşənib torpağını Ana və Vətən bilən
müqavimətçilər pələnglərə
oxşayır. Alovaoxşar qırmızı parçaları
başları üstə tir-tir titrədənlər qərənfilləri
bayrağa çevirəsi xalqa bənzəyir. Göydən
musiqi leysanı yağır. Hərəkətlər hərəkatlaşır.
Bir neçə situasiyada aksentləşdirilən gənc - 20
Yanvarın real, balet-tamaşanın bədii qəhrəmanı
separat söhbətə dəvət edilir. Lakin əbəs yerə;
«böyük» qələbəyə ümidli «yarasalar» bu
Azadlıq baharı qaranquşunu dilə tutmağa nail ola
bilmir. Qəhrəman canlı tora salınır, sirk
tryuklarına məruz qoyulur. Bunları kənardan seyr edən əlacsız
xalq isə - bu oyunların nevroz bəhrəsi kimi,
boyun-başlarını qılınc təki oynadır.
«Mavr»lar baş tutmayan dilətutma «kampaniyasında» onların
altına qoyduqları stulları mərhələ-mərhələ
götürürlər. Bu an baletmeyster yozumuna qüvvət
verən orkestr pərdə-pərdə belə bir mətləb
pıçıldayır ki, yerində dinc oturmayanların aqibəti
budur...
Lakin çox duyğusal və
emosional olmaqla bərabər, həm də rasional qərarlı
üçlük - rejissor, baletmeyster və dirijor şahidlər
salonuna tamam başqa bir aqibət diktə edir: xalq dirilmək
üçün şəhid olur, şəhid verir!..
... Sonda səslənən
alqışlar əvvəldəkindən xeyli ürəkli-sürəkli
idi. Nədən ki, şahidlərin qonaqpərvərlik hisslərinə
sənətsevərlik duyğuları da qovuşmuşdu.
Tahir Abbaslı
* * *
Təəssüratlar, rəylər...
Yanvarın 21-də Heydər Əliyev
Sarayında təqdim olunan “Müqəddəs bahar”
balet-tamaşası maraqlı səhnə əsəri kimi
yadda qaldı. Məşhur rus bəstəkarı İqor
Stravinskinin musiqisi əsasında hazırlanan tamaşa-baletdə
Qara Qarayev və Azər Rzayevin musiqisi, Bəxtiyar Vahabzadə,
Nəbi Xəzri və Nüsrət Kəsəmənlinin
şeirləri səsləndirildi, Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan
Dövlət Rəqs Ansamblının solistləri
çıxış etdilər.
“Müqəddəs bahar” layihəsinin
bədii rəhbəri və quruluşçu baletmeysteri
Rusiyanın Xalq artisti, professor Edvard Smirnovdur. Tamaşa barədə
sənət adamlarının təəssüratlarını
öyrəndik:
Oqtay
Zülfüqarov (Xalq artisti):
- Çoxdandır Bakıda belə
əsər səhnəyə qoyulmamışdı. Bu, İqor
Stravinskinin şah əsəri sayılan baletdir. Əsərlə
biz hələ konservatoriyada təhsil alarkən
Eldar
Quliyev (Xalq artisti):
- Açığı, bu
balet-tamaşa mənim üçün bir yenilik idi. Müasir
ideya üzərində qurulan tamaşa və Azərbaycan
Dövlət Rəqs Ansamblının rəqqaslarının
ifası indiyədək görmədiyim ən yaxşı ifa
idi. Bu balet dünya miqyasına çıxacaq qədər
keyfiyyətli sənət nümunəsidir. İncəsənətdə
bu böyük bir işdir və sübut edir ki, onların
böyük bir potensialı var. Hər birinin baletdə öz
rolu var idi və bir-birlərini təkrarlamırdı. Mən
onların hər birini təbrik edirəm.
Nurəddin
Mehdixanlı (Xalq artisti):
- Azərbaycan xalqının taleyinə
qəhrəmanlıq tarixi kimi yazılmış 20 Yanvar hadisələri
ilə bağlı müxtəlif böyük tədbirlər
keçirildi. Hesab edirəm ki, bu anım mərasiminin zirvə
nöqtəsi Heydər Əliyev Sarayında təqdim edilən
tamaşa oldu. Əsərin 20 Yanvar hadisələrinə
birbaşa aidiyyəti olmasa da, bəzi məqamlarda ümumi
uyğunluq var idi. Hesab edirəm ki, “Müqəddəs bahar”
balet-tamaşası təqdirəlayiq layihədir. Bu hadisələrə
hər kəs müxtəlif formada yanaşa bilər. Amma balet
şəklində baxış fərqli yanaşma tərzidir.
Baxmayaraq ki, musiqidə ağırlıq var idi, bu da əsərin
xarakterindən irəli gəlir. Hər şeyə rəğmən
burada ciddi bir iş var və mən bunu uğurlu hesab edirəm.
Təbii ki, bu balet tamaşanı hər kəs öz
anlayacağı səviyyədə yaşadı və
anladı. Tamaşanın müəllifi, elecə də Azərbaycan
Dövlət Rəqs Ansamblının əməkdaşları
böyük zəhmət çəkiblər. “Müqəddəs
bahar” tamaşası 20 Yanvar şəhidlərinin ruhuna məlhəm
idi.
Yeganə
Cansail
Mədəniyyət.-
2011.- 26 yanvar.- S. 4.