TÜRKSOY “Abdulla Tukay ili”nə start verdi

 

  Ankarada keçirilən mərasimdə TÜRKSOY-un 2011-ci il mətbuat mükafatları təqdim olundu. Laureatlar arasında “Mədəniyyət” qəzeti də var.

  

   Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY türk dünyasına ölümsüz əsərlər ərməğan edən əvəzedilməz şəxsiyyətlərin xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədi ilə müxtəlif istiqamətlərdə fəaliyyətini davam etdirir.

  

   Məlum olduğu kimi, 2010-cu il TÜRKSOY tərəfindən böyük başqırd alimi və mütəfəkkiri, məşhur türkoloq Zəki Validi Toğanın xatirəsinə həsr edilmişdi. Ötən il “Zəki Validi Toğan ili” çərçivəsində TÜRKSOY-a üzv olan ölkələrdə müxtəlif tədbirlər keçirilib.

   2011-ci il isə TÜRKSOY tərəfindən bu il 125 illik yubileyi qeyd olunacaq böyük tatar şairi Abdulla (Qabdulla) Tukayın (1886-1913) xatirəsinə “Abdulla Tukay İli” elan olunub. Tatar ədəbiyyatının klassiki olan görkəmli şair və yazıçı Abdulla Tukay yalnız tatarlar arasında deyil, türkdilli xalqlar arasında tanınmış qələm sahibidir. “2011 Abdulla Tukay ili”nin açılış mərasimi yanvarın 25-də Ankarada, TÜRKSOY Baş Katibliyinin binasında gerçəkləşib. Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Rusiya Federasiyası Tatarıstan Respublikasının mədəniyyət naziri Ziyla Valeyeva, TÜRKSOY-a üzv ölkələrin təmsilçiləri iştirak ediblər. Abdulla Tukayın həyatından bəhs edən qısametrajlı film ilə başlayan mərasimdə tatar xalq musiqisi, A.Tukayın şeirləri səsləndirilib. Tədbirdə “Abdulla Tukayın məmləkəti Tatarıstan” fotosərgisi nümayiş olunub.

   Tədbir çərçivəsində TÜRKSOY-un 2011-ci il mətbuat mükafatlarının təqdimatı da keçirilib. Xatırladaq ki, TÜRKSOY ötən ilin yekunlarına görə, türk mədəniyyətinin dünyada təbliğinə verdikləri töhfəyə görə təşkilata üzv ölkələrin bir neçə mətbu orqanını mükafatlara layiq görüb. TÜRKSOY-un 2011-ci il mətbuat mükafatını qazanan mətbu nəşrlər arasında “Mədəniyyət” qəzeti də var.

   Tədbir və mükafatlandırma mərasimi barədə geniş materialı növbəti sayımızda təqdim edəcəyik.

 

 

   Mədəniyyət.- 2011.- 26 yanvar.- S. 2.