“Bölünmüş rənglər: Odlar Yurdundan abstrakt mənzərələr”
Vaşinqtonda fəaliyyət göstərən
“Qarabağ” Fondunun dəstəyi ilə növbəti sərgi
təşkil edilib
Vaşinqtondakı “Edison Place
Gallery” salonunda ABŞ-da yaşayan azərbaycanlı rəssam Əbülfəz
Bahadurinin əsərlərindən ibarət sərgi
açılıb. “Bölünmüş rənglər: Odlar
Yurdundan abstrakt mənzərələr” adlı sərgi
ABŞ-ın “Qarabağ” Fondunun dəstəyi ilə təşkil
edilib.
Sərginin açılış mərasiminə
toplaşan çoxsaylı amerikalı sənətsevərlərə
rəssamın yağlı boya ilə işlənən 60-a
yaxın əsəri təqdim olunub. Müəllifin sözlərinə
görə, əsərlərində
canlandırdığı rənglər anadan olduğu
doğma Təbrizdə min bir çalarlı xalçalardan
beyninə köçürülüb: “Mənim ulu babam
Türkmənçay müqaviləsindən (1828) sonra
Qarabağdan İrana köçüb. Ailəm Təbrizdə
yaşasa da, Qarabağın füsunkar gözəlliyi, zəngin
mədəniyyəti, adət-ənənələri barədə
evdə həmişə danışılırdı. Gördüyünüz
əsərlər Vətənimin bölünmüş rənglərinin
xəyalımda canlanmasının əksidir.”
“Xarı bülbül”, “Azərbaycanlı
çayçı”, “Bakı dalanı”, “Urmiyada
üzümlük”, “Xəzər sahili” və “Nar ağacı”
kimi əsərlərdə Azərbaycan mədəniyyəti
ilə ilk dəfə tanış olan bir çox amerikalı
həm Şərq, həm Qərb elementlərinin vəhdətinin
şahidi olub. İsti və açıq rənglər
bir-birinə qarışaraq dünyanın o biri tayından
Qarabağın səfalı çöllərini, Təbriz
bazarlarının çeşidli xalçalarını,
Bakının küləkli küçələrini
Vaşinqton tamaşaçılarının gözləri
qarşısında canlandırıb.
Sərginin təntənəli
açılış mərasimində çıxış
edən “Qarabağ” Fondunun direktoru Diana Altman təşkilatın
ötənilki fəaliyyəti ilə bağlı hesabatı
təqdim edib, amerikalı sənətsevərləri 2011-ci ildə
Fondun təşkilatçılığı ilə Azərbaycan
mədəniyyətini işıqlandıracaq digər sərgi
və konsertlərə dəvət edib.
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 15.