Lifli
rəssamlıq sənəti: tikmələr
Azərbaycanda
xalq sənətkarlığının zəngin tarixə
malik növlərindən biri də tikmə sənətidir. Hələ
uzun illər öncə sənətkarların saya (parça)
üzərində rəngli saplarla yaratdıqları xəyali
təsvirlər, təbiət gözəlliklərinin əksi
göz oxşayıb. Məhz buna görə də sənətşünaslar
tikməni lifli rəssamlıq adlandırır. Təsviri sənətdə
olduğu kimi, tikmələr də bir çox texniki
üsullara malikdir. Müxtəlif bədii vasitələrlə
portret, mənzərə, natürmort və s. tematik tablolar,
sırf ornamental əsərlər yaradılır.
Azərbaycan tikmələri haqda
yazılı məlumatlara hələ IX-XI əsr ərəb
müəlliflərinin, klassik Azərbaycan şairlərinin əsərlərində,
XVI-XVII əsrlər Təbriz miniatürlərində rast gəlinib.
Bu gün XVI-XVII əsrlər Azərbaycan tikmə sənətinin
bəzi nümunələri Moskva Dövlət Silah
Palatasında, Moskva Şərq Xalqları Muzeyində və s.
yerlərdə mühafizə olunur. XVI əsrdə Səfəvi
şahlarının Təbrizdə xüsusi toxuculuq
karxanaları olub.
Həmin dövrdə Ərdəbil,
Şamaxı, Gəncə və Bərdə şəhərlərində
də bu sənət çox inkişaf edibmiş. Azərbaycanda
tikmə sənəti ilə bağlı italiyalı səyyah
Marko Polo, ingilis Antoni Cenkinson və s. səyyahlar maraqlı məlumatlar
veriblər. A.Cenkinson Şirvan bəylərbəyi Abdulla
xanın incilərlə və daş-qaşla bəzədilmiş
geyimlərindən bəhs edib.
Azərbaycan tikmə sənəti əsrlər
boyu qadınların sevimli məşğuliyyəti olub.
Yalnız xırda əmtəə istehsalı səviyyəsinə
çatandan sonra bu sənətlə kişilər də məşğul
olmağa başlayıblar. XIX əsrdə bədii tikmənin
müxtəlif növ istehsalını evlərdə şəhər
və kənd qadınları, dükanlarda isə kişilər
icra ediblər. Şəkidə mahud parça üzərində
toxunmuş təkəlduz tikmə növü çox
inkişaf edir və digər sənət növlərini
üstələyir. Həmin vaxt bu şəhərdə 22 yəhər
üzü bəzəyən, 50 başmaq üzü bəzəyən,
16 püştü (balış) üzü tikən dükan fəaliyyət
göstərib.
Bədii
görünüşü, məişət
yönümlüyü və milli xarakteri ilə yanaşı
təkəlduz iqtisadi cəhətdən də sərfəli sənət
sahəsi olub. Bu sənət nümunələri ölkəmizdən
uzaqlarda geniş yayılıb. Bu sənət bir ənənə
kimi Naxçıvan, Gəncə, Şuşa, Quba, İrəvan
və Tiflis şəhərlərində inkişaf etdirilib.
Şəki tikmələri Sankt-Peterburq, Moskva, Kiyev, Həştərxan
və s. şəhərlərə göndərilib.
XIX əsrdə xalq sənətinin
tikmə növü özünün rəngarəngliyi və
müxtəlif texniki vasitələri ilə ölkədə
geniş mövqe tutur. Bu sənətə dövrün məşhur
şair və maarif xadimləri də maraq göstərib.
Şairə Xurşidbanu Natəvan (1830-1896 ), təbiətşünas-alim
Həsən bəy Zərdabi (1842-1907), rəssam, şair və
musiqişünas Mir Möhsün Nəvvab (1829-1913) və
başqalarını misal göstərmək olar. Məlumdur
ki, Natəvanın əl işləri Şərqin məşhur
rəssamları Mani və Behzadın əsərlərinə
bərabər tutulub.
Xalqımızın yaratdığı və inkişaf etdirdiyi tikmə növlərindən güləbətin, muncuq, pilək, təkəlduz, çaxma pilək, quşgözü kimi bədii tikmə növləri bu gün də öz əhəmiyyətini saxlamaqdadır.
Güləbətin tikmə. Özünün zahiri parlaqlığı, plastik silueti, mürəkkəb işləmə texnikası və dekorativ xüsusiyyətləri ilə çox fərqlənib. Əsas etibarı ilə Bakı, Şamaxı, Naxçıvan , Şuşa və başqa bölgələrdə geniş yayılıb. Bu tikmə hamar və qabarıq olmaqla iki cür hazırlanıb. “Zəminduzi” adlanan həmin tikməni hasilə gətirmək üçün “kargah (dəzgah) adlanan taxta çərçivə və iynədən istifadə edilib. Qızılı və gümüşü (güləbətin) tellər xüsusi simkeşlər tərəfindən yüksək əyarlı gümüşdən hazırlanıb. Qızıl tel almaq üçün gümüş qızıl suya salınıb. Tellər ya xalis halda, ya da ipək iplik sapa sarınıb istifadə edilərmiş. Güləbətin tikmə üçün ağır, tünd rəngli parçalardan (məxmər, qanovuz, xara, misqal tirmə) istifadə olunub.
Muncuq tikmə.
Bu tikmə növü əsasən Şuşa, Gəncə,
Şamaxı və qismən Bakıda inkişaf edib. Əsasən
xırda məişət əşyalarının bəzədilməsində
istifadə olunub. Məxmər, qanovuz və kətan
parçalar üzərində işlənib. Muncuqlar ya tək-tək
, ya da düzüm halında sıra ilə parça üzərinə
bənd olunub.
Pilək tikmə. Bu üsul taxça, buxarı, güzgü pərdələri, divar bəzəkləri və xırda əşyaların hazırlanmasında istifadə olunub. Pilək əlvan metal lövhəciklərdən hazırlanıb və əsasən şal, mahud, qanovuz parça üzərində icra olunub.
Çaxma pilək (zərənduz) tikmə. Şəki, Şamaxı, Lahıc və Şuşada daha geniş intişar tapıb. Bu sənət daha çox zərgərliklə bağlı olub. Burada istifadə olunan çaxma piləklər zərgərlər tərəfindən döymə (qəlibkarlıq) üsulu ilə hazırlanarmış. Metal lövhələr ağır olduğundan məxmər, tikmə, xara, mahud kimi möhkəm parçalardan istifadə olunub. Belə tikməli əşyalar məişətdə taxça, buxarı, güzgü pərdəsi , pərdəbaşı süfrə və sairə məqsədlərlə istifadə olunub .
Quşgözü tikmə. Azərbaycanın əksər bölgələrində istifadə olunub. Abşeronda “cınağı”, Naxçıvanda “cümlə” adlanıb. Bu üsul parçaya möhkəmlik verdiyinə görə adətən araqçınlara, şəbkülahlara tikilib.
Doldurma tikmə. Bu üsulla ikitərəfli tikmələr hazırlanıb. Doldurma tikmə ilə divar bəzəkləri, pərdələr, rübəndlər tikiblər. Qabarıq olmayan tikmələrə bəzən hamar tikmələr də deyilir. Milli Azərbaycan Tarixi Muzeyində XVIII əsrə aid növ tikmə nümunələri mühafizə olunur. Onu da qeyd edim ki, 1882-ci il tarixdə Tiflisdə keçirilən dünya sərgisində şuşalı Böyükxanım adlı bir evdar qadının qızıl və gümüş sapla işlənmiş güləbətin namazlıq tikməsi sərgilənib. Xalqımızın tikmə sənətində müxtəlif heyvan , insan və təbiət təsvirləri əsas yer tutur. Bu təsvirlərin əksəriyyəti dövr etibarı ilə çox qədimdir.
Orijinal quruluşlu kompozisiyaları ilə daim diqqətçəkən Azərbaycan tikmələrindən medalyonlu, taclı, qapalı, açıq sahəli xalça tipli tikmələri misal göstərmək olar. Tikmə sənəti eyni zamanda zəngin naxış və koloriti ilə dekorativ - tətbiqi sənətimizin digər sahələri (xalça, metal, keramik və s.) ilə çox oxşarlıq yaradıb və milli sənət tariximizdə özünəməxsus yer tutur.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 15.