Xatirələrdə yaşayanlar
Əgər
yoxluğundan sonra kimsə səni xoş bir xatirə ilə
yad edəcəksə, bu dünyada yaşamağa dəyər
Mədəniyyət
və Turizm Nazirliyinin yaranmasının beş ilinin tamam
olduğu bu günlərdə əldə olunan
çoxsaylı uğurlar, nailiyyətlərlə yanaşı,
vaxtilə nazirliyin strukturlarında
çalışmış, əməksevərliyi, peşəkarlığı
ilə rəğbət qazanmış və bu dünyadan
vaxtsız getmiş insanlar da ehtiramla xatırlanır.
Mədəniyyət və Turizm
Nazirliyinin İncəsənət şöbəsinin Təsviri
və dekorativ sənət sektorunun müdiri, Əməkdar incəsənət
xadimi, professor Leyla Axundzadənin 2010-cu ilin fevralında faciəli
şəkildə dünyasını dəyişməsi həmkarlarının,
vaxtilə birgə çalışdıqları sənət
xadimlərinin yaddaşından hələ də silinməyib.
1990-cı ildən Azərbaycan Mədəniyyət və
İncəsənət Universitetinin Təsviri incəsənət
tarixi kafedrasının, 2000-ci ildən isə Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət
tarixi kafedrasının müdiri vəzifəsində
çalışan Leyla Axundzadə Azərbaycan, Türkiyə,
Almaniya, İtaliya və Rusiya mətbuatında nəşr
olunmuş müasir Azərbaycan incəsənətinin problemlərinə
dair 40-dan çox məqalənin, incəsənət
ixtisaslı tələbələr üçün nəzərdə
tutulan çoxsaylı tədris proqramlarının müəllifi
idi. O, Azərbaycan incəsənətinin təbliğ
olunması işinə böyük töhfələr
vermiş, 2000-ci ildə gənc rəssamları, sənətşünasları
və musiqiçiləri birləşdirən “Zamanın
qanadları” assosiasiyasını yaratmışdı. Azərbaycanda
ilk dəfə 2003-cü ildə “Alüminium” Beynəlxalq
müasir incəsənət Biennalesinin təşəbbüskarı
və təşkilatçısı olmuş, 2005, 2007, 2009-cu
illərdə Biennalenin uğurla keçirilməsində əvəzsiz
xidmətlər göstərmişdi. 2007, 2009-cu illərdə
beynəlxalq aləmdə məşhur olan mədəniyyət
layihəsi - İtaliyada “Venesiya Biennalesi»ndə Azərbaycan
pavilyonunun təşkilatçısı və kuratoru kimi incəsənətimizin
dünyada tanıdılmasına öz töhfəsini
vermişdi. L.Axundzadə bu fəaliyyəti ilə Azərbaycan
incəsənəti ənənələrini müxtəlif
xarici ölkə xalqlarının nümayəndələrinə
sevdirə bilmişdi. 2010-cu il fevralın 10-da faciəli şəkildə
dünyasını dəyişsə də, Leyla
xanımın işıqlı xatirəsi qəlblərdə,
yaddaşlarda yaşayır.
* * *
Xatirələrdə yaşayan
insanlardan biri də uzun illər Mədəniyyət
Nazirliyinin, daha sonra isə Mədəniyyət və Turizm
Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri işləmiş
Dilarə İbrahimovadır. Xalq Təsərrüfatı
İnstitutunu (indiki İqtisad Universiteti) iqtisadçı
ixtisası üzrə bitirən Dilarə xanım 1961-ci ildən
1965-ci ilədək Bakı hava limanında uçot üzrə
texnik vəzifəsində, 1965-ci ildən 1977-ci ilədək
Daxili İşlər Nazirliyində iqtisadçı vəzifəsində,
1977-ci ildən 1983-cü ilədək Zaqafqaziya Magistral Neft Kəməri
idarəsində mühəndis, şöbə rəisi
işləmişdi.
Daha sonra peşə həyatını
mədəniyyət sistemi ilə bağlayan Dilarə xanım
1983-cü ildən 2006-cı ilədək Mədəniyyət
Nazirliyinin, 2006-cı ildən isə Mədəniyyət və
Turizm Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində
çalışmışdı. İşinə
qarşı olduqca diqqətli və məsuliyyətli olan Dilarə
xanım 2009-cu ildə Azərbaycan Respublikasının
Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı
ilə təltif olunmuşdu.
2010-cu il martında
dünyasını dəyişən Dilarə xanımın
işıqlı xatirəsi onu tanıyanlar tərəfindən
hər zaman yad edilir.
Təranə
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 14.