Ölkəmiz Almaniyada beynəlxalq turizm sərgisində təmsil olunub

 

   Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın turizm imkanlarını təbliğ etmək məqsədilə iştirak etdiyi beynəlxalq turizm sərgilərinin sayını ildən-ilə artırır. 2011-ci ildə nazirlik ölkəmizi daha üç yeni sərgidə təmsil edəcək.

  

   Bu sərgilərdən biri yanvarın 15-dən 23-dək Almaniyanın Ştutqart şəhərində keçirilib. «CMT-2011» adlı beynəlxalq turizm sərgisində ölkəmizin turizm imkanları ziyarətçilərə 35 kv.metrlik lövhədə təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov qəzetimizə açıqlamasında bildirib ki, sərgi günlərində Azərbaycanın stendini ziyarət edən insanlara ingilis və alman dillərində broşürlər, CD-lər və digər reklam-çap məhsulları paylanıb: «Sərgi Almaniyanın Berlin şəhərində hər il keçirilən turizm sərgisindən sonra ən böyük sərgilərdən hesab olunur. 10 gün davam edən «CMT-2011» birbaşa vətəndaşlar üçün nəzərdə tutulub. Qeyd edim ki, bu günlər ərzində Azərbaycanın turizm potensialını nümayiş etdirən lövhəni çoxlu insan ziyarət etdi. Sevindirici haldır ki, ziyarətçilərin çoxu artıq ölkəmiz haqqında, regionlarımız barədə zəngin məlumatlara malik idilər. Onların bəziləri hətta bizim turizm mərkəzlərinin, rayonlarımızın adlarını çəkirdilər. Ziyarətçilər ölkəmizin turizm imkanları, təbiəti, mədəniyyəti, beynəlxalq mədəni turizm marşrutları barədə suallar verirdilər. Biz də onlara Azərbaycanın coğrafi mövqeyi, Bakıda və ölkəmizin regionlarında inşa olunan mehmanxanalar, turizm mərkəzləri haqqında ətraflı məlumatlar verdik».

   V.Şıxəmmədovun sözlərinə görə, almanları xüsusilə Azərbaycanın Göygöl rayonundakı «Alman məskənləri» marşrutu maraqlandırıb: «Onların bir çoxu artıq burada olmuşdular”.

   Həmsöhbətim bildirdi ki, hər il CMT sərgisini 250 mindən artıq insan ziyarət edir. Azərbaycan Ştutqart sərgisində ilk dəfə iştirak etsə də Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin burada hər il təmsil olunmasını nəzərdə tutur.

   Azərbaycan nümayəndə heyəti sərginin təşkilatçıları və tərəfdaş ölkələri olan Keniya və İslandiya nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə sərgidə ilk dəfə iştirak edən Azərbaycan tərəfinin fikirləri, növbəti illərdə sərginin tərəfdaşı qismində ölkəmizin də iştirakı məsələləri müzakirə olunub. Nazirlik təmsilçisi bildirdi ki, Azərbaycan Almaniyada keçirilən daha bir sərgidə - İTB-Berlin sərgisində yeddi ildir iştirak edir: «CMT sərgisində davamlı olaraq iştirakla biz çoxsaylı alman turistlərinin ölkəmizə cəlb edilməsinə nail ola biləcəyik».

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 28 yanvar.- S. 12.