“Turizm sektoru bu illər ərzində daima dövlətin
dəstəyini hiss edib”
Nahid
Bağırov,
Azərbaycan
Turizm Assosiasiyasının prezidenti
- Beş il ərzində Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda turizm
sahəsi çox geniş inkişaf mərhələsinə
qədəm qoyub. Ölkəmiz artıq dünyada yeni bir
turizm istiqaməti kimi tanınmağa başlayıb. Əgər
bir neçə il əvvələdək Azərbaycanın
adı xarici ölkələrdə daha çox neftlə
tanınırdısa, indi Bakı deyəndə xaricilər qədim
və zəngin tarixə malik maraqlı bir turizm şəhərini
təsəvvür edirlər. Bunlar hamısı məqsədyönlü
fəaliyyətin, düzgün təbliğatın nəticəsidir.
İldən-ilə xarici ölkələrdə keçirilən
beynəlxalq turizm sərgilərində ölkəmizin təmsilçiliyinin
dairəsi genişlənir.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə mövcud problemlərin aradan
qaldırılması və turizm şirkətlərinin mənafelərinin
qorunması məqsədilə 2009-cu ildə Azərbaycan
Turizm Assosiasiyası yaradıldı. Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev assosiasiyanın
yaradılmasını ölkəmizdə turizmin
inkişafı istiqamətində atılmış əhəmiyyətli
addım kimi qiymətləndirir. Assosiasiyanın fəaliyyəti
özəl turizm obyektlərinin birləşməsi, irihəcmli
layihələrin birgə həyata keçirilməsi, Azərbaycanın
turizm potensialının beynəlxalq aləmdə daha geniş
təbliğ olunmasına kömək edir. Bu qurumu təsis etməkdə
əsas məqsədimiz beynəlxalq turizm assosiasiyaları ilə
əlaqələr qurmaq, regionda rəqabət apara biləcək
turizm bazarının yaradılmasına və
inkişafına, turizm sahəsində xidmətin yüksək
səviyyədə təşkilinə nail olmaq idi. Hesab edirəm
ki, biz öz məqsədimizə qismən də olsa
çatmışıq.
Turizm özəl sektor olsa da,
dövlətin dəstəyi olmadan yüksək nəticələr
əldə etmək mümkün deyil. Biz bu dəstəyi Azərbaycan
dövləti, Mədəniyyət və Turizm Nazirliyi, şəxsən
hörmətli nazir tərəfindən həmişə hiss
etmişik. Məhz buna görə Azərbaycan turizmi
inkişaf edir, ildən-ilə ölkəmizə gələn
turistlərin sayı artır və yeni bir turizm məkanı
kimi respublikamız dünyada daha geniş tanınır.
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 12.