“Mədəniyyət
sahəsində həyata
keçirmək istədiyimiz çoxlu layihələr var”
Mixael Lavon Lotem: “Mədəni əlaqələrin
inkişafında heç də bütün layihə və təşəbbüslər
dövlət, hökumət tərəfindən irəli
sürülməməlidir”
Azərbaycanla
İsrail arasında münasibətlər müxtəlif sahələri
əhatə edir. Ölkəmizdəki yəhudi icması bu
münasibətlərin inkişafına mühüm zəmin
yaradır. Yəhudilərin Azərbaycan torpaqlarında məskunlaşmasının
tarixi eramızdan əvvələ gedib çıxır. Bu
illər ərzində daima öz tolerantlığı və
qonaqpərvərliyi ilə seçilmiş xalqımız yəhudi
icması ilə də mehribanlıq və anlaşma içində
yaşayıb. Hazırda paytaxt Bakıda və Azərbaycanın
ayrı-ayrı rayonlarında (Quba, Qusar, Zaqatala və s.) 30
mindən çox yəhudi yaşayır. Onlar ölkəmizin
həyatının ayrı-ayrı sahələrində
çalışar, o cümlədən mədəniyyətimizə,
incəsənətimizə öz töhfələrini verirlər.
Azərbaycanlı və yəhudi xalqları arasında tarixən
təşəkkül tapmış mehriban münasibətlərin
nəticəsidir ki, İsrail də Azərbaycanın müstəqilliyini
ilk tanıyan dövlətlərdən olub.
İsrailin ölkəmizdəki səfiri
Mixael Lavon Lotem ilə söhbət əsnasında bu
münasibətlərin bir sıra məqamlarına toxunduq.
- Cənab səfir, Azərbaycanla
İsrail arasında əlaqələrin ümumi səviyyəsini
necə dəyərləndirmək olar?
- Mən bu suala adətən diplomatların
istifadə etdiyi ümumi cümlələrlə, ənənəvi
tərzdə cavab vermək istəməzdim. Bu münasibətlərin
necə yaxın olmasını əyani şəkildə,
faktlarla nümayiş etdirmək istərdim. İki ölkə
arasında münasibətlərə bariz nümunə kimi bu
yaxınlarda Azərbaycan yanğınsöndürənlərinin
İsrailə yardımını göstərmək olar. İsraildə
güclü meşə yanğınları baş verərkən
ölkəmizə müxtəlif ölkələrdən
yardım gəldi. Bizimlə qonşu olan ölkələr
var. Aralıq dənizi sahilində də digər başqa
ölkələr yerləşir. Amma Azərbaycan helikopterləri
çox uzun yolu qət edərək bizə hətta qonşu
ölkələrdən də tez yardıma yetişdi. Bu
faktın özü əlaqələrimizin hansı səviyyədə
olmasının birbaşa göstəricisidir.
- Son vaxtlar İsraildən ölkəmizə
tanınmış musiqiçilərin gəlişinin
şahidi olmuşuq. Mədəniyyət sahəsində əlaqələri
necə, yetərli saymaq olarmı?
- Düşünürəm ki,
ölkələr arasında mədəni əlaqələrin
gücləndirilməsi təkcə hökumətlərdən,
nazirlik və səfirliklərdən deyil, eyni zamanda mədəniyyət
sahəsindəki qurumların fəaliyyətindən də
asılıdır. Məncə, mədəni əlaqələrin
inkişafında heç də bütün layihə və təşəbbüslər
dövlət, hökumət tərəfindən irəli
sürülməməlidir. Cəmiyyətlər,
ayrı-ayrı təşkilatlar da bu işdə maraqlı
olmalıdırlar. Bu əlbəttə ki, əlaqələrimizin
dərinləşməsinə müsbət təsir edər. Əlbəttə
hələ ki, çox işlər görülməkdədir.
Məsələn, ötən il Bakıya İsrailin simfonik
orkestrləri gəldi. İsrail musiqiçiləri yayda Qəbələdə
keçirilən beynəlxalq musiqi festivalında iştirak
etdilər. Sonra dekabr ayında İsrail Filarmonik Orkestrinin bədii
rəhbəri və baş dirijoru Zubin Meta Bakıda Beynəlxalq
Mstislav Rostropoviç Festivalında konsert proqramı ilə
çıxış etdi. Biz moda festivalı da keçirməyi
düşünürük. Bundan əlavə, muğama
çox yaxın olan İsrail musiqisinin
ifaçılarını Azərbaycana gətirmək istəyirik.
Ümid edirəm ki, bu il Qəbələdə keçiriləcək
növbəti festivalda yeni İsrail musiqisinin təqdimatı
olacaq. Bundan başqa Bakıda kulinariya festivalı keçirməyi
də planlaşdırırıq.
Azərbaycan sənətçilərinin
İsrailə getmələrinə də yardımçı
olmaq niyyətindəyik. Əlbəttə, bu birbaşa səfirliyin
işi deyil. Azərbaycanın müvafiq qurumları da ölkənizin
sənətçilərini, bir neçə rəssamı,
fotoqrafı İsrailə göndərə bilər. Pop
musiqisi sahəsində də bəzi layihələr həyata
keçirmək istərdik. Yəni planlarımız
çoxdur.
Biz səfirlik olaraq da müxtəlif
tədbirlər keçiririk. Keçən il Bakıya
İsrailin opera müğənnilərini dəvət etdik. Məşhur
dirijor Zubin Metanın Azərbaycana gəlməsi də birgə
fəaliyyətimizə nümunədir. Bilirəm ki, Azərbaycan
Dövlət Opera və Balet Teatrının İsraillə
gözəl əlaqələr var. Bunların hamısı əməkdaşlıq
üçün gözəl imkanlardır. Əlaqələrin
inkişafı üçün yaxın gələcəkdə
çox işlər görmək lazımdır.
- Maraqlıdır, səfir olaraq Azərbaycana
gələnə qədər ölkəmiz haqqında nə
bilirdiniz?
- Buraya gəlməzdən öncə ölkəniz haqqında müəyyən məlumatlar əldə etmişdim. Bir maraqlı kitab oxumuşdum və oradan bilirdim ki, Azərbaycan Arazın şimal və cənubunda yerləşir. Bundan başqa «Əli və Nino» kitabını oxuyan zaman da Bakı və Azərbaycanla bağlı maraqlı məlumatlar əldə etmişdim. Əlbəttə, Azərbaycana gələndən ölkəniz barədə məlumatlarım daha da zənginləşib. Bakıya gəldikdən sonra bu təəssüratlarım daha da zənginləşdi.
- Cənab səfir, hazırda ölkələrimiz arasında turizm əlaqələri hansı səviyyədədir?
- Hələlik bu sahədə statistik rəqəmlər çox aşağıdır. Bunun üçün çox işlər görmək, ölkələrimizi bir-birinə tanıtmaq lazımdır. İsrail turistlərinin Azərbaycana, Azərbaycan turistlərinin isə İsrailə getmələri üçün imkanlardan istifadə edib çox işlər görməlidirlər. Məhz bu yolla insanlar ölkələri tanıya, onun turizmi haqqında məlumat əldə edə bilərlər. Bir neçə il əvvəl Gürcüstan İsraili turizm baxımından tanımırdı. İndi isə İsrail Gürcüstan üçün ikinci böyük turizm ölkəsidir. Turizm mövsümündə həftə ərzində ölkələrimiz arasında 4-5 təyyarə reysi olur. Bu mənada Azərbaycandan İsrailə təyyarə reysləri hələlik azdır. Viza sarıdan da müəyyən problemlərin aradan qaldırılması da turistləri həvəsləndirmək baxımından faydalı olardı.
- Artıq il yarımdır ki, Azərbaycandasınız. Bu müddətdə yəqin sizdə insanlarımız haqqında müəyyən təəssürat yaranıb. İki ölkənin insanları arasında hansı oxşar və fərqli cəhətləri qeyd edə bilərsiniz?
- İnsanlarımız arasında oxşarlıqlar daha çoxdur. Azərbaycanlılar da yəhudilər kimi, istiqanlı və açıq fikirlidir. Qonaqpərvərlik, insanları öz evinizə dəvət etməniz ümumi cəhətlərimizdir. Dünyanın elə ölkələri var ki, orada yerlilər səni heç vaxt evinə dəvət etməzlər. Sizin çox gözəl bazarlarınız var. Bu bazarlarda sakitlik hökm sürür, heç kim qışqırmır və həm də səliqəlidir. Əgər siz İsraildə bazarda olsanız, orada çoxlu səs-küyün şahidi olarsınız.
- Regionlarımıza
necə, səfər etməyə vaxt tapmısınız?
- Azərbaycanın
cənub bölgəsinə, Lənkərana
getmişəm. Qəbələ, Şəki, Tovuz,
Şəmkir, Gəncə, Samuxda da olmuşam. Regionlara səfər zamanı müəyyən tarixi
yerlərə də baş çəkirəm. Məsələn,
Şamaxıda məsciddə olmuşam. Təmir-bərpadan sonra bura gözəl məkana çevrilib. Bir neçə ay əvvəl Naxçıvanda oldum və yolüstü tarixi abidələrə
baxdım. Bundan başqa,
Bakı ölkəni hiss etməyin,
tanımağın yoludur. Amma
burada Azərbaycanı İsraillə
müqayisə etdikdə, fərqli məqamlar ortaya
çıxır. Məsələn, bizdə vəziyyət fərqlidir.
Paytaxt Təl-Əvivi
görmək hələ İsraili
tanımaq üçün
yetərli deyil. Yerusəlim
və ya Hayfanın öz gözəllikləri
var.
- Bəs
Azərbaycanın hansı
regionu daha çox xoşunuza gəldi?
- Mən bu suala diplomatik
cavab verib deyərdim ki, hər bir regionun
öz xüsusi
maraqlı tərəfləri var. İsrail ərazisinin
yarısı səhraların payına düşür.
Yəni müasir
şəhərlərlə yanaşı səhralar da var. Biz
Gəncə və Şəmkirdə olmuşuq.
Qəbələ çox
gözəl yerdir. Mən
dağları sevirəm. Mən özüm Hayfadanam və Bakını da Hayfaya bənzədirəm. Bu
bənzərliklər dənizkənarı
yerlər və dağlardır.
- Yeri gəlmişkən, boş
vaxtınız olanda Bakıda daha çox hara getməyi xoşlayırsınız?
- Oğlum
bulvara getməyi çox xoşlayır. Qədim şəhər,
bazar və mağazalar da diqqətimi cəlb edir. Muzeyə getməyi də xoşlayıram. Amma təəssüf ki, vaxt az
olur. Bu günə qədər müasir incəsənət, tarix,
xalça muzeylərində
olmuşam. Qız Qalasına, İçərişəhərə
də getmişəm. İsraildə çoxlu
qədim şəhərlər
var.
- Azərbaycan musiqisi, teatrı haqqında sizdə yaranmış təəssüratlar
da maraqlıdır?
- Konsert proqramlarına baxmaq üçün Filarmoniyaya
gedirəm. Məsələn,
bir neçə ay öncə bu məkanda Beynəlxalq Rostropoviç Festivalı
çərçivəsində Bakıya dəvət alan İsrail
musiqiçilərini dinlədim.
Musiqinizi
çox bəyənirəm.
Muğama da qulaq asmışam. Bizim ud alətinə bənzər
musiqi alətimiz var.
Bu alət gözəldir.
Mən bilirəm ki, Azərbaycanda İsrail mahnılarını da gözəl ifa edirlər.
- Azərbaycan milli mətbəxi ilə aranız necədir?
- Quzu ətini sevirəm. Burdakı quzu əti İsraildəkindən
daha yaxşıdır.
İsraildə qoyun əti
çox piyli olur. Burda isə daha dadlıdır.
- Azərbaycanı
tərk edəndə xatirə olaraq özünüzlə nə
aparmağı düşünürsünüz?
- Sizin xalq tətbiqi sənəti ustalarının
əl işləri çox xoşuma gəlir. Naxçıvanda gildən düzəldilən
qablar xoşuma gəldi, Lerikdə yerli işləri aldım. Bakıda da xoşuma
gələn əşyalar
var. Onların qiymətini
razılaşdırıb alacağam.
Rəssamların da bir neçə əsərini
artıq əldə etmişəm.
Mehparə
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 11.