Mədəniyyət siyasətində
kadr işi:
toplanmış təcrübə, problemlər, vəzifələr
Cəmiyyətin
sosial-iqtisadi və mədəni inkişafına təkan verən,
onu tərəqqiyə doğru istiqamətləndirən əsas
qüvvə xalqın özü, bu işdə aparıcı
rolu oynayanlar isə xalqın içindən çıxmış,
öndə gedən insanlar - dövlət xadimləri və
onlarla çiyin-çiyinə fəaliyyət göstərən
dövlət qulluqçuları - məmur kadrlarıdır.
Qərb demokratiyasında,
xüsusilə də Avropa ölkələrində belə bir
ictimai fikir formalaşmışdır ki, məmurlar dövlətin
«qızıl fondu»dur və bu «fond»dan ölkənin
inkişafı naminə səmərəli istifadə etməklə
yanaşı ona lazımi diqqət və dövlət
qayğısı göstərilməlidir. Bununla belə,
«Kadrlar hər şeyi həll edir!» şüarının
bütün ictimai-siyasi formasiyalarda və hər zaman aktual
olmasını vurğulasaq, hər-halda səhv etməmiş
olarıq.
Müasir Azərbaycanda
xalqımızın ulu öndəri Heydər Əliyevin
hakimiyyətə gəlişinin elə ilk günlərindən
dövlət siyasətinin olduqca vacib və incə məqamını
təşkil edən kadr siyasətinin dövlətçilik mənafeyi
baxımından qurulmasına möhkəm zəmin
yaradıldı. Bütün dövlət orqanlarına
kadrların hazırlanması, seçilməsi, yerləşdirilməsi
və karyera yüksəlişinə nail olmaq xüsusi
hüquqi və təşkilati mexanizmlər vasitəsilə,
onların bilik və bacarıqları və digər bu kimi
meyarlar əsasında həyata keçirilir. Bu siyasətin nəticəsidir
ki, son illər Azərbaycanın dövlət orqanlarında
inzibati vəzifələrin 6-9-cu təsnifatlarına yalnız
xüsusi test imtahanlarından və müsahibədən
uğurla keçən namizədlər təyin olunurlar. Açıq-aydın
məlum olur ki, məmur kadrların seçilməsində
obyektiv amil «subyektivliyə» üstün gəlmişdir və
bu proses davam etməkdədir.
Mədəniyyət və Turizm
Nazirliyinin rəhbərliyi kadr işinin müasir tələblər
səviyyəsində qurulmasına xüsusi diqqət yetirir və
bu işdə sözün əsl mənasında ədalətlilik,
obyektivlik, peşəkarlıq və ənənəvilik
prinsiplərinə riayət olunmasında ciddi tələbkarlıq
nümayiş etdirir.
Mədəniyyət və turizm sahəsində
dövlətin kadr siyasətinin həyata keçirilməsi
istiqamətində nazirliyin Aparatının Kadrlar şöbəsi
tərəfindən “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanununun, “Azərbaycan Respublikasının
Dövlət Qulluqçularının Reyestrinin
aparılması Qaydaları”nın və bu məsələyə
aid digər normativ hüquqi aktların icrası ilə
bağlı zəruri işlər görülüb. Azərbaycan
Respublikası prezidentinin 30 yanvar 2006-cı il tarixli 359 nömrəli
Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi yaradılmış, nazirliyin əsasnaməsi
və strukturu təsdiqlənmiş, aparatın işçilərinin
say tərkibi müəyyən edilmiş, yeni şöbələr
və sektorlar yaradılmışdır. Ləğv
olunmuş Mədəniyyət Nazirliyinin 100 əməkdaşından
74 nəfəri yeni yaradılan Mədəniyyət və
Turizm Nazirliyində işlə təmin edilmiş, 6 nəfər
təqaüdə çıxmış, 20 nəfər isə
öz razılığı ilə başqa işə
keçmişdir.
Yeni nazirliyə əsasən magistr
dərəcəli, ali təhsilli, müasir
dünyagörüşlü, təşkilatçılıq
qabiliyyətinə malik, səriştəli kadrlar təyin
olunmuşdur. Eyni zamanda nazirliyin aparatında təcrübəli
əməkdaşlarla nisbətən gənc məmurlar
arasında münasibətlər ənənəvilik prinsipi
üzərində qurulmuşdur: yaşlı nəslin
nümayəndələri öz bilik və
bacarıqlarını məmnuniyyətlə gənc nəsillə
bölüşürlər.
Nazirlik tərəfindən son illər
ərzində «Dövlət qulluğu haqqında» Azərbaycan
Respublikasının Qanununun icrası ilə əlaqədar bəzi
konkret tədbirlər görülmüşdür. Nazirlik Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya tərəfindən
vakant vəzifələrin tutulması məqsədi ilə
keçirilən 6 müsabiqədə və 5 müsahibədə
iştirak etmişdir. Keçirilən müsabiqə və
müsahibələr nəticəsində 36 nəfər
(onlardan 29 nəfər nazirliyin Aparatında, 7 nəfər isə
Bakı şəhər Mədəniyyət və Turizm
İdarəsində) işlə təmin edilmişdir.
Ölkədə kadr siyasətində
aparılan islahatlar nazirlikdə və tabelikdə olan şəhər
və rayon mədəniyyət və turizm şöbələrində,
müəssisə və təşkilatlarda da fəal həyata
keçirilir. Son illər ərzində iş həcminin
artması nəticəsində aparılan işin səviyyəsinin
yüksəldilməsi, günün tələblərinə
uyğun qurulması və xidməti zərurətlə əlaqədar
mütəmadi olaraq nazirlik daxilində struktur dəyişiklikləri
aparılmışdır. Gənc, işgüzar və ali təhsilli
kadrların yerləşdirilməsi ilə əlaqədar
müvafiq işlər görülür.
İlk gündən nazirliyin
nomenklaturasına daxil olan vəzifələrə təyin
olunan əməkdaşların ali təhsilli olmaları
vacibliyi ciddi nəzarətdə saxlanılır. Bu səbəbdən
yerlərdə müxtəlif ixtisaslar üzrə müvafiq
ali təhsilli kadrlar olmadığı təqdirdə
Bakıdan kadrların göndərilməsi təcrübəsindən
də istifadə edilir.
2006-2010-cu illər ərzindəki
fəaliyyəti dövründə nazirliyin 109 əməkdaşına
müvafiq ixtisas dərəcələri verilmişdir. Onlardan
1 nəfər dövlət qulluğunun baş müşaviri,
2 nəfər dövlət qulluğunun müşaviri, 23 nəfər
dövlət qulluğunun kiçik müşaviri, 15 nəfər
1-ci dərəcə dövlət qulluqçusu, 58 nəfər
2-ci dərəcəli dövlət qulluqçusu və 10 nəfər
isə yardımçı vəzifədə
çalışan dövlət qulluqçularına verilən
müvafiq ixtisas dərəcələri alanlardır.
Ötən beş il ərzində
nazirliyin aparatında və tabeli təşkilatlarında
çalışan dövlət qulluqçularının
ixtisasartırılması məqsədilə, “Dövlət
Qulluğunun təşkilati əsasları və dövlətin
kadr siyasəti”, “Azərbaycan Respublikasının xarici siyasəti”,
“İnvestisiya proseslərinin dövlət tənzimlənməsi
və dövlətin maliyyə kredit siyasəti”, “Gənclər
siyasəti”, “Dövlətin Sosial siyasəti: mahiyyət,
prioritetlər və həyata keçirilməsi mexanizmləri”,
“Dövlət qulluğunda insan resurslarının idarəedilməsi
sahəsində qanunçuluq və məcburilik”, “Dövlət
qulluğunda gender bərabərliyi: praktiki tətbiq və
gender yönümdə həssas yanaşma” mövzularında
təşkil edilən seminarlarda iştirakları təmin
edilmişdir.
Bununla yanaşı, beynəlxalq təcrübənin
öyrənilməsi məqsədilə nazirliyin əməkdaşları
ABŞ, Litva, Yaponiya, Fransa və sair ölkələrə
ezam olunmuşlar.
Son 5 ildə Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev tərəfindən
orden, medal və fəxri adlarla təltif olunmuş 473 nəfər
mədəniyyət və incəsənət xadimlərinə
nazirlik tərəfindən dövlət təltifləri və
mükafatları təqdim olunmuşdur. Onlardan 4 nəfər
“Şərəf” ordeni, 26 nəfər “Şöhrət”
ordeni, 1 nəfər 3-cü dərəcəli “Vətənə
xidmətə görə” orden, 3 nəfər “Dövlət
qulluğunda fərqlənməyə görə” medalı, 14
nəfər “Tərəqqi” medalı ilə təltif
olunmuş, 47 nəfər “Xalq artisti”, 1 nəfər “Xalq rəssamı”,
50 nəfər “Əməkdar incəsənət xadimi”, 177 nəfər
“Əməkdar artist”, 31 nəfər “Əməkdar rəssam”,
17 nəfər “Əməkdar müəllim”, 99 nəfər “Əməkdar
mədəniyyət işçisi” adına layiq
görülmüş, 3 nəfər isə “Fəxri Diplom” la
mükafatlandırılmışdır.
Həmçinin
mükafatçılar sırasında olan Şərqiyyə
Hüseynova (3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeni), Leyla Axundzadə (Əməkdar incəsənət
xadimi), Patimat Babayeva, Qəhrəman Hümbətov, Rafail
İmanov, Zöhrə Əliyeva (Əməkdar mədəniyyət
işçisi), Dilarə İbrahimova (“Tərəqqi”
medalı), Naidə İsmayılzadə və Fikrət Babayev
(“Dövlət qulluğunda fərqlənməyə görə”
medalı) nazirliyin əməkdaşlarıdır.
Eyni zamanda, açıq etiraf etməliyik
ki, kadr işində göstərilənlərlə
yanaşı müəyyən problemlər və həllini
tapmamış, narahatçılıq doğuran məsələlər
də mövcuddur. Təhlil və araşdırmalar göstərir
ki, mədəniyyət və turizm sahəsində işləyənlərin
müəyyən faizi (bəzi regionlarda bəzi vəzifə
kateqoriyaları üzrə isə yüksək faizi), ümumi
orta və ya qeyri-ixtisas təhsillidir. Belə vəziyyət
daha çox klub müəssisələrinin, kitabxanaların
işçilərində və uşaq musiqi məktəblərinin
pedaqoji kadrlarında özünü büruzə verir. Baxmayaraq
ki, çıxış yolu kimi, belə kadrların müəyyən
hissəsi ixtisasartırma kurslarına göndərilir, bu
problemin bütövlükdə həlli demək deyil. Yerlərdə
mədəniyyət və turizm şöbələrinin rəhbərləri
kadrların seçilməsi və yerləşdirilməsi məsələlərində
təhsil senzinə və peşə hazırlığına
ciddi riayət etməli və bu işə daha məsuliyyətli
yanaşmalıdırlar.
Bununla belə, qeyd etməliyik ki,
nazirliyin Aparatında da müəyyən sayda boş qalan vəzifələr
mövcuddur. Güman edirik ki, mövcud vakansiyaların doldurulması
işində aparatın məsul işçiləri səylərini
birləşdirməli, mədəniyyət sahəsinə daha
hazırlıqlı kadrların seçilməsi
üçün lazımi iş aparmalıdırlar.
Cavanşir
Cəfərov,
Mədəniyyət
və Turizm
Nazirliyi
Aparat rəhbərinin müavini -
Kadrlar şöbəsinin
müdiri
Ramazan Şabanov,
Respublika Mədəniyyət
Müəssisələri
İşçilərinin Hazırlıq
və İxtisasartırma
Mərkəzinin direktoru, fəlsəfə elmləri
namizədi
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 10.