Beş ilin uğurları
Timuçin Əfəndiyev,
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, professor
Bu
günlər biz Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin yaradılmasının 5-ci
ildönümünü məmnunluq hissi ilə qeyd edirik. Doğrudur,
mədəniyyətimizin inkişafında xüsusi xidmətlər
göstərmiş bir qurum kimi Mədəniyyət Nazirliyi
uzun illər boyu mövcud olmuşdur. Lakin çağdaş
dünyamızda ən vacib sahələrdən olan turizmin də
bu nazirliyin çərçivəsində fəaliyyət
göstərməsi labüd idi. Elə buna görə də
möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü
ilə belə bir nazirlik yaradıldı.
Turizm hazırda dünyada ən
aparıcı sahələrdən biri sayılır. Ona
görə ki, xalqın istər maddi, istərsə də mənəvi
dəyərlərinin üzə çıxarılıb təbliğ
edilməsində turizmin əhəmiyyəti
böyükdür. Təsəvvür edin ki, dünyada
yalnız turizmin hesabına büdcəsini təmin edən,
turizmdən gələn gəlirlə yaşayan ölkələr
var.
Qədim tarixə, füsunkar təbiətə,
əzəmətli tarixi-memarlıq abidələrinə,
gözəl musiqi ənənələrinə, zəngin
folklora, özünəməxsus əlvan etnoqrafik cizgilərə,
kulinariya mədəniyyətinə malik olan respublikamız beynəlxalq
ictimaiyyəti, o cümlədən turizm həvəskarlarını
daim özünə cəlb edir. Bu sahənin daha da inkişaf
etdirilməsi yurdumuzun, tariximizin, abidələrimizin, incəsənətimizin,
mətbəx mədəniyyətimizin dünyada təbliğ
olunması üçün uğurlu vasitələrdən
biridir. Təsadüfi deyil ki, cənab Prezident 2011-ci ili “Turizm
ili” elan etmişdir.
Bu 5 ildə Azərbaycana gələn
turistlərin, xarici qonaqların sayı xeyli artmışdır.
Elə təkcə 2010-cu ildə Qəbələdə
keçirilən beynəlxalq musiqi festivalını, orada
öz ifası ilə tamaşaçıları məftun edən
məşhur sənətkarları göz önünə gətirmək
kifayətdir ki, fərəhlənəsən, qürur hissi
keçirəsən. Bir çox beynəlxalq mədəniyyət
tədbirlərinin, o cümlədən I Bakı Beynəlxalq
Teatr Konfransının keçirilməsi, bu möhtəşəm
forumda dünyanın görkəmli teatr xadimlərinin,
teatrşünas alimlərin iştirak etməsi çox
böyük mədəniyyət hadisəsi idi. Bu, Azərbaycan
teatrının, teatrşünaslıq elminin,
bütövlükdə Azərbaycan mədəniyyətinin təbliği
baxımından olduqca əhəmiyyətli məsələ
idi.
Bəli, Azərbaycan qədim tarixi
ənənələrə malik bir ölkədir, gəzməli,
görməli yerləri çoxdur, mineral sularla, müalicə
əhəmiyyətli kurortlarla zəngindir. Burada qısa
müddətdə də olsa yaşamaq, istirahət etmək,
xalqımızın adət-ənənələri ilə
tanış olmaq dünyanın müxtəlif ölkələrindən
buraya gələnlər üçün xoşdur. Bütün
bunları tənzimləyən, lazımi səviyyədə təşkil
edən dövlət qurumu, əlbəttə ki, Mədəniyyət
və Turizm Nazirliyidir. Bu nazirlik Azərbaycan Prezidentinin sərəncam
və göstərişlərindən irəli gələn vəzifələri
uğurla həyata keçirməkdədir. Respublikamızın
səfalı guşələrində qısa vaxt ərzində
beynəlxalq standartlara cavab verən neçə-neçə
turizm bazaları, kompleksləri tikilmişdir. Hazırda Qusarda
yaradılan qış-yay turizm kompleksinin istifadəyə
verilməsi respublikamızın həyatında böyük
hadisəyə çevriləcəkdir.
Azərbaycan günü-gündən
inkişaf edir, gözəlləşir. Qısa vaxt ərzində
əksər mədəniyyət müəssisələri
yüksək səviyyədə təmir edilmiş,
tarixi-memarlıq abidələrinin ilkin, əzəmətli
görkəmi bərpa olunmuşdur. Respublikamız haqqında
müxtəlif dillərdə nəşr edilən kitablar,
albomlar, bukletlər Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında əvəzsiz rol
oynamaqdadır.
Mədəniyyət və Turizm
Nazirliyi ilə universitetimiz arasındakı səmimi əlaqələr
barəsində ayrıca danışmaq olar. Əvvəla onu
deyim ki, hələ bir neçə il bundan əvvəl
respublikamızda ilk dəfə olaraq Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində
turizm ixtisası açılmış, xüsusi tədris
planları və proqramları hazırlanmışdır. Bu
gün də tələbələr bu proqramlar əsasında
təhsillərini davam etdirirlər. Hazırladığımız
kadrların 90 faizi Mədəniyyət və Turizm Nazirliyi
sistemində işləyir. Universitetimizi bitirmiş mütəxəssislər
- aktyorlar, rejissorlar, musiqiçilər, xoreoqraflar, kulturoloqlar,
muzey işçiləri və başqaları uzun illərdir
ki, respublikanın müxtəlif mədəniyyət
ocaqlarında fəaliyyət göstərirlər.
Universitetimizdə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevlə, nazir müavini
Ədalət Vəliyevlə sənət adamlarının
görüşləri keçirilmişdir. Bu
görüşlərdə mədəniyyətimizin, incəsənətimizin
bu və ya digər problemlərinə dair maraqlı müzakirələr
olmuşdur.
5 il böyük zaman kəsimi olmasa da, göründüyü kimi, nazirlik öz məqsədlərinə müvəffəqiyyətlə nail olmuşdur. Mədəniyyət və Turizm Nazirliyi möhtərəm Prezident tərəfindən qarşıya qoyulan vəzifələri ləyaqətlə həyata keçirməyə çalışmışdır. Arzu edirəm ki, yaxın vaxtlarda bu nazirlik işğal olunmuş torpaqlarımız azad edildikdən sonra oradakı zəngin tarixi abidələrimizi də bərpa etsin. Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa şəhərinə layiq olduğu adı - mədəniyyət mərkəzi adını yenidən onun özünə qaytarsın. Bu işlərdə onlara müvəffəqiyyətlər arzu edirəm.
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 9.