İndiyədək
əldə olunan nəticələr turizmin
inkişafı üçün böyük zəmin
yaradıb
Cəfər
Cəfərov,
Azərbaycan
Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru
Ölkəmizin milli-mədəni
irsinin qorunub saxlanmasında, təbliğ edilməsində,
dünya mədəniyyəti ilə qovuşmasında, ölkə
həyatının mühüm bir sahəsini təşkil edən
turizmin inkişafında, Azərbaycanın beynəlxalq turizm
aləminə sistemli və ardıcıl dövlət siyasətini
həyata keçirən Mədəniyyət və Turizm
Nazirliyi bu günlər öz fəaliyyətinin 5 illiyini qeyd
edir. Turizm bütün dünyada həm də mədəniyyəti
geniş miqyasda təbliğ edən vasitələrdən
sayılır. Bu iki sahənin bir-birinə daha da
yaxınlaşması mövcud imkanlardan səmərəli
istifadəyə zəmin yaradır. Mədəniyyət və
Turizm Nazirliyi 5 il ərzində ölkəmizin turizm
potensialının işlək hala gətirilməsi
üçün müasir tələblərə cavab verən
infrastrukturun qurulması, bu sahənin dünya standartları səviyyəsinə
qaldırılması istiqamətində bir sıra
mühüm işlər həyata keçirmişdir.
Mədəniyyət və Turizm
Nazirliyinin yeni strukturda fəaliyyətə başlaması ilə,
demək olaraq ki, eyni vaxtda Azərbaycan Turizm İnstitutu
yaradılmışdır. Bununla da turizm sənayesinin əsas
göstəricisi olan kadr potensialının
artırılmasına təkan verildi. Turizm İnstitutu bu sahədə
kadr hazırlığını həyata keçirməklə
yanaşı, mövcud turizm sənayesi işçilərinin
peşə vərdişlərinin təkmilləşdirilməsi
üçün qısamüddətli kurslar da təşkil
etməkdədir. İnstitutda təhsil prosesində beynəlxalq
təcrübədən geniş istifadə edilir, bir sıra
tanınmış ali məktəblərlə qarşılıqlı
əməkdaşlıq həyata keçirilir. O cümlədən
Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə ikili
diplom verilməsi sahəsində birgə təhsil proqramı
davam etdirilir. Tələbələr təcrübə semestri ərzində
bir sıra yerli və beynəlxalq turizm müəssisələrində
səriştə qazanırlar.
İndiyədək ölkəmizin
turizmdə əldə etdiyi nəticələr bu sahədə
daha geniş inkişaf üçün böyük zəmin
yaradıb. Əminik ki, 2011-ci ilin cənab prezident tərəfindən
«Turizm ili» elan olunması, yaxın vaxtlarda paytaxtımızda
yeni 5 beşulduzlu hotellərin açılması, turist
marşrutlarının təmir-bərpası, turizmin
inkişafına təkan verən infrastrukturun təkmilləşdirilməsi,
ilk ayını yaşadığımız bu ili ölkəmizin
turizm sənayesi üçün xüsusi uğurlu edəcəkdir.
Bu məsuliyyətli vəzifələrin
həyata keçirilməsində mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin diqqət və
qayğısı hər zaman hiss edilməkdədir. Mədəniyyət
və Turizm Nazirliyinin fəaliyyətinin 5 ilinin tamam olması
münasibətilə başda cənab nazir olmaqla, nazirliyin
bütün kollektivini təbrik edirəm, mədəniyyətimizin
təbliği, ölkəmizin turizm sektorunun inkişafında
yorulmaz fəaliyyətlərində onlara uğurlar
arzulayıram.
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 9.