“Fəaliyyətimizə
verilən qiymət Mədəniyyət
və Turizm Nazirliyinin
cəmiyyətdə nüfuzunun
göstəricisidir”
Fikrət Babayev,
Mədəniyyət
və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin
müdiri, 2010-cu ildə ölkə başçısı tərəfindən
«Dövlət qulluğunda fərqlənməyə görə»
medalına layiq görülüb
- Uzun illər dövlət
qulluğunda işləyən bir insan kimi Mədəniyyət
və Turizm Nazirliyinin 5 illik fəaliyyətini çox gərgin
və səmərəli bir dövr kimi qiymətləndirirəm.
Mədəniyyət və turizm sahələrinin bir qurumda birləşdirilməsində
məqsəd ondan ibarət idi ki, turizmlə mədəniyyətin
resursları bir araya gətirilsin və Azərbaycanda
adıçəkilən sahələrin inkişafına bir təkan
verilsin. Son 5 il ərzində ölkə prezidenti mədəniyyət
sahəsi ilə bağlı onlarla sərəncam imzalayıb.
Ölkəmizdə kitabxana sahəsinin inkişaf etdirilməsi
məqsədilə böyük Dövlət Proqramı təsdiqlənib.
Kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması, kitabların latın
qrafikası ilə çap edilməsinə dair bir neçə
sərəncam var. Bu sənədlərin qəbulu ilə Azərbaycanda
kitabxana sahəsi uzun illər mövcud olan böhrandan
artıq çıxır.
Eləcə də muzey sahəsində
qəbul edilən proqramlar nəticəsində son illər bu
sahənin inkişafında bir sıçrayış baş
verib. İncəsənət Muzeyinin binasının təmiri,
Müasir İncəsənət Muzeyinin fəaliyyətə
başlaması, Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyinin yeni binasının tikintisi,
bölgələrdə onlarla muzeyin yaradılması bu sahədəki
sürətli inkişafdan xəbər verir.
Qeyri-maddi mədəni irs sahəsində
də xeyli işlər görülüb. Nazirlik tərəfindən
Azərbaycanda 2011-2020-ci illərdə qeyri-maddi irs sahəsinin
inkişafına dair Dövlət Proqramının layihəsi
hazırlanıb və müvafiq orqanlara təqdim edilib. Yaxın
vaxtlarda yəqin ki, bu proqram da qəbul ediləcək və
qeyri-maddi irs sahəsinin inkişafına zəmin yaradacaq.
Son illər Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın
dəstəyi ilə Azərbaycan aşıq sənətinin,
xalçaçılıq sənətinin və Novruz
bayramının UNESCO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edilməsi çox mühüm hadisələrdir.
Mədəniyyət və Turizm
Nazirliyinin apardığı uğurlu siyasət nəticəsində
son illər aşıq sənətinin inkişafında bir
dirçəliş hiss edilir. Ötən ilin oktyabrında
Heydər Əliyev Fondunun dəstəyi və nazirliyin təşkilatçılığı
ilə Azərbaycanda 1-ci Beynəlxalq Aşıq
Festivalının keçirilməsi bu sahənin
inkişafına bir təkan oldu. Ümumiyyətlə, nazirlik
ötən müddətdə mədəniyyətin
bütün sahələrinə, eyni zamanda turizmin
inkişafına böyük diqqət ayırıb, bu istiqamətdə
mümkün olan vasitələrdən istifadə edib. Mən
bu çətin və məsuliyyətli işdə
nazirliyimizin bütün kollektivinə tükənməz
enerji, müvəffəqiyyətlər arzulayıram.
Şərqiyyə
Hüseynova,
Mədəniyyət
və Turizm Nazirliyi Ümumi şöbəsinin müdir
müavini, 2010-cu ildə 3-cü dərəcəli «Vətənə
xidmətə görə» ordeni ilə təltif olunub
- 53 ildən çoxdur ki, bu
işdə çalışıram. Bunun 18 ili mədəniyyət
sahəsinə aiddir. Bəzən mənə sual verirlər
ki, sənədlərlə, kağızlarla işləmək
sizi bezdirmirmi. Deyirəm ki, mən öz işimdən həzz
alıram. Kağızlarla işləmək nəinki məni
bezdirmir, hətta etiraf edim ki, iş vaxtım bitəndən
sonra da yarımçıq sənədləri yazıb
tamamlamamış evə getmirəm. Bu iş mənə
çox doğmadır. Bakı Dövlət Universitetinin
biologiya fakültəsini bitirsəm də, ilk gündən bu
sahədə çalışmağa başlamışam. O
vaxtdan da işimi dəyişməmişəm.
Çalışıram sənədləri qaydasında
saxlayım ki, məndən sonra işləyənlər
çətinlik çəkməsinlər. Xarici ölkələrdən
gələn məktublar, prezident sərəncamları,
ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyinə
ünvanlanan bütün sənədlər ilk olaraq bizim
şöbəyə gəlir. İşimlə əlaqədar
olaraq bəzən xarici ölkələrə gedirəm. Orada
treninqlərdə iştirak edirəm. Yəni sadəcə
bildiklərimizlə kifayətlənmirik,
çalışırıq ki, bu sahədə əldə
etdiklərimizi təkmilləşdirək, yeniliklərlə
tanış olaq. Düşünürəm ki, ancaq bu halda
insan öz işində irəliləyiş əldə edə
bilər.
Çoxillik zəhmətimin bəhrəsi
olaraq ötən il ölkə başçısının sərəncamı
ilə 3-cü dərəcəli «Vətənə xidmətə
görə» ordeni ilə təltif olundum. Əməyimə
verilən bu yüksək qiymət məni çox təsirləndirdi.
İnsan əməyinə qiymət verildiyini görəndə
yeni enerjı alır, öz işinə daha sıx
bağlanır.
Zöhrə
Əliyeva,
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat katibi, filologiya elmləri namizədi,
KİVDF-nin Müşahidə Şurasının üzvü,
Əməkdar mədəniyyət işçisi:
- Hələ jurnalist olaraq
televiziyada çalışarkən respublikanın mədəni
həyatının mənzərəsi, buradakı təmayüllər
mənə çox aydın, mədəniyyət və sənət
xadimlərimiz isə çox yaxşı tanış idi. İxtisasca
filoloq olmağım isə bu sahədə
çalışmağım üçün daha da sağlam
zəmin yaradırdı. Bu günün prizmasından baxanda
görürəm ki, bədii jurnalistikanın bütün cəhdlərinə
baxmayaraq, yenə də bu sahənin dolğun və peşəkarcasına
işıqlanmasına böyük ehtiyac var idi. Hələ
onu demirəm ki, xəbər jurnalistikasında da mədəniyyət
sahəsində ixtisaslaşmaya böyük ehtiyac var. Əslində
bu ehtiyac həmişə olacaq, çünki zəngin Azərbaycan
mədəniyyəti həm alimlər, həm də jurnalistlər
üçün tükənməz bir mövzu mənbəyidir,
üstəlik, yüksək bilik və həssas yanaşma tələb
edir. Ötən beş ildə Mədəniyyət və
Turizm Nazirliyi olaraq biz mediaya, eləcə də bütün cəmiyyətə
nə qədər maraqlı mövzular təqdim etdiyimizin fərqindəyik.
Bu gün mədəniyyət sahəsindəki təbliğat
işlərinin səviyyəsi əvvəlki illərlə
müqayisəyə belə gəlməz. Çünki mədəniyyət
sahəsində elə əsaslı bir dönüş
yaranıb ki, artıq bu prosesi yalnız informativ şəkildə
təqdim etmək dünənki gündür.
Mədəniyyət və Turizm
Nazirliyi yarandığı gündən, biz, mən və həmkarım
İntiqam Hümbətov nazirliyin mətbuat katibləri olaraq,
işimizi həm də bu istiqamətdə qurmağa
çalışırıq. Ümumiyyətlə, bir qurum
olaraq biz daha aktiv, ictimaiyyətə daha açıq bir
instituta çevrildik. Bu məqam mətbuat xidmətinin daha da
səmərəli işi üçün imkan yaratdı. Mətbuat
katibi müəyyən mənada nazirliyin siması hesab oluna
bilər. Biz də çalışırıq ki, vəzifələrimizin
öhdəsindən layiqincə gələk. Hesab edirəm ki,
elə bu səbəbdən də mədəni və
ziyalı ictimaiyyətimizin nüfuzunu qazanmışıq, fəaliyyətimiz
yüksək dairələrdə də nəzərə
alınır və qiymətləndirilir. Mən fəxri ad
almağımı, cənab prezident tərəfindən
Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondunun Müşahidə Şurasına üzv
təyin olunmağımı həm də Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat katibi kimi
çalışmağımın nəticəsi hesab edirəm.
Bütün bunlar Mədəniyyət və Turizm Nazirliyinin,
onun rəhbərliyinin ictimaiyyət arasındakı
nüfuzunun, yerinin, cəmiyyətə faydasının
göstəricisidir. Mətbuat xidməti olaraq, biz demək olar
ki, nazirliyimizin yerli və beynəlxalq əhəmiyyətli
bütün tədbirlərində - mədəniyyət
günlərində, turizm sərgilərində, simpoziumlarda,
konfranslarda, forumlarda yaxından iştirak edir, analitik və təəssürat
yazıları yazır, xarici mətbuatla işləyir,
verilişlər hazırlayırıq. Daha kreativ, daha
müasir üsullarla işləməyə
çalışırıq. Amma nə qədər təcrübəli,
savadlı və s. keyfiyyətlərə malik olsan belə,
şəxsi məzmununa, təcrübənə əlavə
etmək üçün “n” qədər mətləb
tapılar. Bunu inkar etmək mümkün deyil: yaşadıqca
və çalışdıqca öyrənməyə məhkumsan.
Yoxsa zaman səni qabaqlayar. Mətbuat isə öndə getməlidir.
Demək, mübarizə bu gün də var, yarın da, biz də
onun ən ön sıralarında... Özü də sevə-sevə...
Naidə İsmayılzadə,
Mədəniyyət
və Turizm Nazirliyi İncəsənət şöbəsinin
Teatr sektorunun müdiri, 2010-cu ildə respublika prezidenti tərəfindən
«Dövlət qulluğunda fərqlənməyə görə»
medalına layiq görülüb
- 20 ildən artıqdır ki, Mədəniyyət
Nazirliyi strukturunda, o cümlədən 5 ildir ki, Mədəniyyət
və Turizm Nazirliyində çalışıram. Bu illər
çox məhsuldar keçib. Bu baxımdan bizim nazirliyin fəaliyyəti
həmişə diqqət mərkəzində olur. Son beş
ildə işimizin həcmi də xeyli artıb. Bu gün
böyük fəxarət hissi ilə deyə bilərik ki, biz
Mədəniyyət və Turizm Nazirliyində
çalışırıq. Sıravi işçilərdən
tutmuş, rəhbərliyə qədər bütün
kollektiv çox işgüzar bir komanda yaradıb. Mən də
bu komandanın üzvü olduğum üçün
özümü xoşbəxt sayıram.
Bu vaxta qədər Azərbaycan
teatrının inkişafı istiqamətində bir çox
addımlar atılıb. Bununla belə, bir neçə
mühüm faktı xüsusilə qeyd etmək istəyirəm.
Bunlardan birincisi 2006-cı ildə qəbul edilən «Teatr və
teatr fəaliyyəti haqqında» qanundur. O zaman hətta bir
çox Avropa və MDB ölkələrində belə bir
qanun qəbul olunmamışdı. Digər sənəd isə
dövlət başçısı tərəfindən təsdiq
edilən “2009-2019-cu illərdə Azərbaycan teatrının
inkişafına dair Dövlət Proqramı”dır. Bu
çox önəmli bir sənəddir. Teatrla bağlı
ötən müddətdə görülən və gələcəkdə
də həyata keçiriləcək işlərin
hamısı bu sənədlə bağlıdır. Dövlət
Proqramının qarşıya qoyduğu məsələlər
addım-addım öz həllini tapır. Görüləcək
işlərimiz isə daha çoxdur. Mən nazirliyimizin
bütün kollektivinə uğurlar və işlərində
nailiyyətlər arzulayıram.
Rafail
İmanov,
Mədəniyyət
və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin
aparıcı məsləhətçisi, Əməkdar mədəniyyət
işçisi
- Ötən beş ildə kino sahəsində
də böyük uğurlara imza atılıb. Maraqlı filmlər
çəkilib, müxtəlif layihələr həyata
keçirilib. Dövlət Film Fondunun maddi-texniki bazası
gücləndirilib, Qafqazda və hətta MDB-də analoqu
olmayan avadanlıqla təmin olunub. Bir çox kinoteatrlarımız
təmirdədir. Prokat və kinoteatrın olması kino sahəsində
irəliləyiş deməkdir.
Bu illər ərzində kinomuzun
müasir texniki avadanlıqlarla təchizi istiqamətində də
vacib işlər görülüb. Müxtəlif xarici
ölkələrlə bu istiqamətdə əlaqələr
qurulub, vəsaitlər gətirilib. Bu sahədə texnologiya
gündən-günə yeniləşir və biz də bununla
ayaqlaşmağa çalışırıq. Məqsədimiz
filmlərin ən yeni texnologiyalarla çəkilişinə
nail olmaqdır.
Mədəniyyət və Turizm
Nazirliyinin kollektivi mədəniyyətin bütün sahələrinin
inkişafı istiqamətində yorulmadan
çalışır. Bu işdə nazirliyin bütün
kollektivinə uğurlar arzulayıram.
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 9.