Beş illik fəaliyyətin uğurlu
yekunları
Yaradıcı insanların təbrikləri
İlham Rəhimli,
sənətşünaslıq
doktoru, professor
Böyük zaman
ölçüsündə beş il çox qısa tarixdir.
Baxır bu beş ilə hansı ölçülərlə,
hansı meyarlarla və hansı fəlsəfi dəyərlərlə
baxırsan. Əsl mətləb, əsl məna, əsl dəyər
məhz həmin baxış bucağının mahiyyətində
öz dəyərini tapır. Məhz bu baxımdan
yanaşanda Mədəniyyət və Turizm Nazirliyinin 5 ildə
gördüyü işlərin dəyərini,
miqyasını, əzəmətini daha dərindən duymaq
olur.
Bəzi məqamları birlikdə
xatırlayaq.
Bu beş ildə neçə-neçə
sənət məbədi tamamilə yenidən qurularaq,
çağdaş texnologiya ilə təmin edilərək
xalqın ixtiyarına verilib.
Bu beş ildə Azərbaycanda
neçə-neçə yeni sənət kollektivi, müxtəlif
xarakterli yeni incəsənət ocağı yaranıb.
Bu beş ildə Azərbaycanda mədəniyyətə,
incəsənətin müxtəlif növlərinə, turizmə
həsr edilmiş neçə-neçə beynəlxalq
konfrans reallaşıb.
Bu beş ildə başda UNESCO-nun
iqamətgahı olmaqla, neçə-neçə ölkədə
Azərbaycanın mədəniyyət günləri
keçirilib.
Bu beş ildə Azərbaycanda
müxtəlif xarakterli beynəlxalq müsabiqələr, beynəlxalq
festivallar olub.
Bu beş ildə Azərbaycana son
55 ildəkindən çox əcnəbi turist gəlib...
Belə misalların sayını
bir qədər də artıra bilərdim. Məsələ
onda deyil. Sevindirici haldır ki, Mədəniyyət və
Turizm Nazirliyinin kollektivi milli dövlətçilik
ideyalarına mətanətlə söykənərək,
xalqımızın mənəvi-əxlaqi dəyərlərini
ülviyyətlə uca tutaraq, insanların mədəniyyət
vasitəsilə kamilləşmə prosesinə əsaslanaraq ali
məramları uğrunda yorulmadan, coşqun ehtirasla, dərin
məhəbbətlə çalışırlar.
Dostlar! Məramınız həmişə
nur saçsın.
Firəngiz
Əlizadə,
Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor
Çağdaş zamanda hər bir
ölkənin, onun tarixi-mədəni irsinin dünyada
tanınması üçün mədəniyyətin, incəsənətin
ayrı-ayrı sahələri ilə yanaşı, turizmin də
geniş imkanları var. Ölkəyə gələn hər
hansı əcnəbi qonaq həmin ölkənin mədəniyyətini
də, təbii gözəlliklərini, istirahət mərkəzlərini
də görüb qiymətləndirə bilir. Bu baxımdan mədəniyyətin
inkişafında turizmin də böyük rolu var. Beş il əvvəl
ölkə prezidentinin fərmanı ilə Azərbaycanda Mədəniyyət
və Turizm Nazirliyinin yaradılması da bu iki mühüm sahənin
inkişafına geniş zəmin yaratmış oldu. Beş il
böyük zaman olmasa da, bu müddət ərzində Mədəniyyət
və Turizm Nazirliyi bir çox böyük layihələr həyata
keçirib. Nazirliyin bu və ya digər layihələrin
reallaşması ilə bağlı respublikamızda fəaliyyət
göstərən yaradıcı təşkilatlarla da sıx əlaqəsi
var. Bu mənada Bəstəkarlar İttifaqının da Mədəniyyət
və Turizm Nazirliyi ilə çox uğurlu əməkdaşlığı
var.
Demək olar ki, bizim tədbirlərin
hamısı Mədəniyyət və Turizm Nazirliyi ilə
birgə keçirilir. Bəstəkarlarımızın,
görkəmli musiqişünasların və
ifaçıların yubileyləri, xatirə gecələri,
yeni əsərlərin təqdimatı, konsert proqramları,
bir sözlə, hər hansı bir tədbirimizdə nazirlik
bizdən öz köməkliyini əsirgəmir. Buraya beynəlxalq
tədbirləri də əlavə edə bilərik. Məsələn,
2009-cu ildə Heydər Əliyev Fondu ilə birgə
keçirilən I Beynəlxalq Muğam Festivalının
uğurla reallaşmasında Mədəniyyət və Turizm
Nazirliyinin böyük köməyi olmuşdur. Bu il
keçiriləcək II Beynəlxalq Muğam Festivalına da
nazirliklə birgə hazırlaşırıq. Əminik ki,
sıx əməkdaşlığımız bundan sonra da davam
edəcək.
Mədəniyyət və Turizm
Nazirliyinin yaranmasının 5 illiyi münasibətilə
başda cənab nazir Əbülfəs Qarayev olmaqla nazirliyin
bütün əməkdaşlarını öz təşkilatımız
adından ürəkdən təbrik edir, onlara növbəti
beşilliklərdə də yeni-yeni uğurlar arzulayırıq.
Anar,
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı
Mədəniyyət və Turizm
Nazirliyi Azərbaycanda çox qədim ənənələri
olan bir dövlət qurumudur. Son 5 ildə həm mədəniyyət,
həm də turizm sahəsində çox böyük işlər
görülüb. Azərbaycan Yazıçılar Birliyi də
Mədəniyyət və Turizm Nazirliyi ilə həmişə
sıx əlaqədə olub. Bu illər ərzində biz
yazıçılarımızın yubiley tədbirlərini
Bakıda, eləcə də xaricdə, Rusiyada, Türkiyə
və başqa yerlərdə birgə keçirmişik. Hörmətli
mədəniyyət və turizm naziri bizim tədbirlərimizdə
fəal iştirak edir. Arzu edərdim ki, əməkdaşlığımız
bundan sonra da davam etsin. Mədəniyyət və Turizm
Nazirliyinin rəhbərliyinə və kollektivinə uğurlar
diləyirəm.
Zəlimxan
Yaqub,
Azərbaycan
Aşıqlar Birliyinin sədri, Xalq şairi
Mədəniyyət və Turizm
Nazirliyinin yaranmasından keçən 5 ildə mədəniyyətimizin
bütün qolları yüksək səviyyədə
inkişaf edib, daha da çiçəklənib. Millətin
sevgisi ilə yanaşı, mədəniyyətimiz dövlətdən
də daha çox qayğı və dəstək
görüb. Son illərdə iqtisadi inkişafımıza
uyğun olaraq ölkəmizdə turizm çox sürətlə
inkişaf edir. Bu sahədə son beş ildə görülən
işlər, əldə edilən uğurlar göz
qabağındadır. Azərbaycanın bütün cənnət
guşələrində turizmlə bağlı görülən
məqsədyönlü işlərin nəticəsidir ki,
xarici ölkələrdən respublikamıza turist
axını ildən-ilə artır.
Muğamımızın,
aşıq sənətinin,
xalçaçılığın, Novruz bayramının
xalqımızın milli-mənəvi sərvəti kimi
dünya mədəniyyəti inciləri sırasında
UNESSO-nun qeyri-maddi mədəni irs siyahısına
salınmasında Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin böyük rolu olub. Son illərdə həyata
keçirilən möhtəşəm tədbirlər mədəniyyətimizə
böyük töhfədir ki, bu da təkcə bu nazirliyin
tarixi üçün yox, bütövlükdə mədəniyyətimizin
tarixində böyük hadisədir.
Mən bir şeyi də xüsusi
olaraq vurğulamaq istəyirəm ki, Mədəniyyət və
Turizm Nazirliyi son illərdə aşıq sənətinə
çox böyük diqqət və qayğı göstərir.
Aşıq sənətinin UNESSO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edilməsi, 2010-cu ilin oktyabrında
ölkəmizdə I Beynəlxalq Aşıq
Festivalının keçirilməsi bunun bariz nümunəsidir.
Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycan
Aşıqlar Birliyinin həyata keçirdiyi bütün tədbirlər
həmişə bu nazirlik tərəfindən ən yüksək
səviyyədə dəstəklənir, köməklik göstərilir.
Mədəniyyət və Turizm
Nazirliyinin yaradılmasının 5 illiyi münasibəti ilə
başda cənab nazir olmaqla, nazirliyin bütün əməkdaşlarını
təbrik edir, onlara mədəniyyətimizin inkişafı
naminə yorulmaz fəaliyyətlərində daha böyük
uğurlar arzulayıram.
Azər
Paşa Nemət,
Azərbaycan
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti:
Mədəniyyət və Turizm
Nazirliyi yarandığı gündən çox böyük
işlər, böyük layihələr həyata
keçirib. Ötən beş il ərzində mədəniyyətimiz
və incəsənətimizdə yadda qalan mədəniyyət
hadisələrinin sayı kifayət qədər çoxdur. Bu
illər ərzində çox maraqlı kitablar çap
olunub, yeni filmlərin çəkilməsinə Mədəniyyət
və Turizm Nazirliyi dəstək verib. İncəsənətə
və xüsusi ilə teatr sahəsinə nəzər salsaq
görərik ki, teatr haqqında qanunun qəbul olunması,
teatr binalarının təmir edilməsi Azərbaycan
teatrına olan böyük qayğı və diqqətdir.
Ötən il ölkəmizdə
ilk dəfə I Bakı Beynəlxalq Teatr Konfransı
keçirildi. Dünyanın tanınmış teatr xadimləri
Azərbaycana gəldilər, milli teatrımızın bu
günü ilə, teatr binalarımızla tanış oldular.
Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək
yolu” mərhələsinin Bakıda keçirilməsi də
böyük bir mədəniyyət hadisəsi kimi yadda
qaldı. Bunların hamısının həyata keçirilməsinin
arxasında Mədəniyyət və Turizm Nazirliyinin
böyük fəaliyyəti dayanır. Şəxsən cənab
nazirin beş il ərzində gördüyü işləri,
onun təşəbbüsü, rəhbərliyi ilə həyata
keçirilən layihələri yüksək qiymətləndirirəm.
Mədəniyyət və Turizm Nazirliyinin bütün məsul
işçilərinin əməyini qeyd eləmək istərdim.
Mən arzu eləyirəm ki, Mədəniyyət və Turizm
Nazirliyi üzümüzə gələn beşillikdə daha
çox uğurlar qazansın, ondan sonrakı beşillikdə
daha böyük işlər görsün. Mədəniyyət
və Turizm Nazirliyinə böyük uğurlar arzulayıram.
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 7.