“Qoy
Azərbaycan mədəniyyətinin uğurları ilbəil
artsın, qəlbimizi sevinclə doldursun”
Fəttah Heydərov,
millət vəkili
Hörmətli nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin bütün kollektivini təbrik edir, uğurlar arzulayıram. Bu nazirlik mənim üçün də doğmadır, vaxtilə həyatımın 12 ilini bir çox əməkdaşları ilə birgə işlədiyim bu nazirlik mədəniyyətimizin inkişafına böyük təkan verib, Azərbaycan milli ruhunun, mədəniyyətinin təbliği sahəsində çox böyük rol oynayıb. Dünyada tanınan korifey sənətkarlarımızın, görkəmli incəsənət və mədəniyyət xadimlərinin yetişməsində nazirliyin böyük xidmətləri olub.
Sevinirəm ki, müstəqil dövlətimizdə gedən böyük quruculuq işləri, islahatlar fonunda 5 il bundan öncə yaradılan və mədəniyyətlə turizmin birgə təmsilçisi olan bu nazirlik keçmiş ənənələrə söykənərək və ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi mədəniyyəti və incəsənətinə olan sonsuz məhəbbəti, qayğısı faktlarına söykənən bir yolla gedərək mədəniyyətimizi, eləcə də ölkəmizin yeni təşəkkül tapan turizm sektorunu çox uğurla inkişaf etdirir.
Sevindirici haldır ki, ulu öndərin siyasətini uğurla davam etdirən hörmətli prezident İlham Əliyevin apardığı islahat sayəsində yaranan bu yeni nazirlik öhdəsinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Sevinirəm ki, indi ölkəmizin dünya miqyasında tanınmasında, təkcə ətrafda olan müstəqil dövlətlərlə deyil, dünyanın ən ucqar nöqtələrində olan qabaqcıl dövlətlərlə aparılan mədəni əlaqələr nəticəsində Azərbaycanımız indi dünyanın çox yerində tanınır. Azərbaycan mədəniyyəti artıq dünya miqyasında, dünya mədəniyyətləri sırasında öncül yerlərdən birini tutmağa başlayıb. Çox şadam ki, nazirlik indi Azərbaycanımızın paytaxtında və paytaxtdan kənar bölgələrdə elə bir şərait yaratmağa nail olub ki, orda beynəlxalq tədbirlər, musiqi festivalları keçirilir. Mədəniyyətin, incəsənətin müxtəlif janrlarına aid ən böyük dövlətlərarası incəsənət, mədəniyyət, musiqi müsabiqələri Azərbaycanda keçirilir. Eyni zamanda Azərbaycan mədəniyyətinin nümunəvi kollektivləri yaranıb. Xüsusilə 5 il ərzində onlar həm bədii yaradıcılıq, həm də məzmun, məna, ümumbəşəri münasibətlər baxımından elə bir səviyyəyə qaldırılıb ki, indi dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini görməyə, onu eşitməyə, onunla tanış olmağa böyük ehtiyac yaranıb. Bu, Mədəniyyət və Turizm Nazirliyinin ümumi fəaliyyətinin uğurlu nəticələrindən biridir. İndi Amerika, İngiltərə, Fransa, Almaniya, uzaq Koreya, Çin, Yaponiya və yaxın qonşularımız olan ölkələrdə Azərbaycan incəsənətinə böyük maraq yaranıb. Bunların hamısı bizim yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin - mədəniyyətin və turizmin birgə fəaliyyətinin nəticəsində əldə olunub.
Hörmətli nazir Əbülfəs Qarayevi çoxdan tanıyıram. O yorulmaz bir şəxsiyyətdir. Rəhbərlik etdiyi sahələrdə həmişə öz vəzifəsini məsuliyyətlə yerinə yetirir. Mədəniyyət və Turizm Nazirliyinin bütün kollektivini bir daha ürəkdən təbrik edirəm. Doğma kollektivimə yeni-yeni uğurlar arzu edirəm. Qoy müstəqil dövlətimizin inkişafı, onun tanınması, təbliği sahəsində, Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətini inkişafında uğurlarımız daha çox olsun, qəlbimizi sevinclə doldursun.
Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, professor
Mədəniyyət və Turizm Nazirliyi 5 illik fəaliyyəti dövründə Azərbaycan mədəniyyətinin və turizminin inkişafında bir neçə beşilliyə sığa biləcək qədər işlər görüb. Təsadüfi deyil ki, bu il Azərbaycanda «Turizm ili» elan olunub, deməli, bu il daha çox işlər görüləcək. Mədəniyyət və Turizm Nazirliyinin parlamentin Mədəniyyət komitəsinə xüsusilə qanun yaradıcılığı işində çox böyük köməyi olub. Biz müxtəlif qanun layihələri üzərində nazirliklə həmişə birgə işləmişik. Bu qurumun fəaliyyəti, təcrübəsi həmişə bizim qanunvericilikdə nəzərə alınıb. Mən bu 5 il ərzində görülən işlər, əməkdaşlıq üçün nazirliyə təşəkkür edirəm və tam əminəm ki, biz üzümüzə gələn illərdə də çox yüksək səviyyədə əməkdaşlıq edəcəyik. Azərbaycan mədəniyyətinin inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik.
Bu əlamətdar yubiley münasibətilə hörmətli naziri təbrik edirəm. Biz bir çox tədbirlərdə birgə iştirak etmişik və onun bu sahədəki təcrübəsini, enerjisini və gücünü görmüşəm. Əminəm ki, o, bu enerji və gücdən həmişə ən yüksək səviyyədə istifadə edəcək və mədəniyyət sahəsində bizim qarşımızda dövlətimizin qoyduğu məsələlərin həllində var gücünü əsirgəməyəcək. Nazirliyin fəaliyyəti bizi həmişə məmnun edib və bu gün də qane edir. Həm Bakıda, həm də regionlarımızda mədəniyyət sahəsində mühüm müsbət dəyişikliklər baş verib. Teatrlarımızın, yaradıcı qurumlarımızın inkişafı, xüsusilə Heydər Əliyev Fondunun layihələri vasitəsilə görülən işlər - bunların hamısı bizim ümumi mədəniyyətimizin inkişafına təkan verən hadisələrdir. Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası, dünya mədəniyyətinin ölkəmizdə təbliği sahəsində də böyük işlər görülüb. Dünyanın müxtəlif ölkələrində “Azərbaycan Mədəniyyəti Günləri” keçirilib, Azərbaycanda müxtəlif ölkələrin mədəniyyəti təqdim olunub. Mədəniyyət və incəsənətin ən müxtəlif sahələrində görülən işlər həqiqətən könül açan işlərdir. Biz həmişə bununla fəxr edirik. Həm maddi, həm mənəvi mədəniyyətimizin yüksəlişində elə gözəl və səviyyəli işlər görülüb ki, bu gələcəkdə yeni fəaliyyət üçün perspektivlər açır. Bir daha doğma nazirliyimizi ürəkdən təbrik edirəm.
Mədəniyyət.-
2011.- 28 yanvar.- S. 5.