Səmimi təbriklər, xoş diləklər

 

   “Əminik ki, gələcək fəaliyyətiniz Azərbaycanın şöhrətini artıran maraqlı təşəbbüslər və layihələrlə yadda qalacaq”

  

   Əli Əhmədov,

   Yeni Azərbaycan Partiyasının

   sədr müavini - icra katibi

  

   Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 5 illiyi münasibətilə nazirliyin kollektivini və ölkəmizin mədəniyyət və turizm sahəsinin işçilərini səmimi qəlbdən təbrik edirəm.

   "Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir və onların mədəniyyəti bu yolla inkişaf etdirilir" söyləyən ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqil dövlət quruculuğunun ilk illərində ölkəmizin qədim və zəngin mədəni irsinin qorunub saxlanması, inkişaf etdirilməsi və təbliği sahəsində diqqətəlayiq nailiyyətlər əldə olunmuşdur. Böyük fədakarlıqla həyata keçirilən genişmiqyaslı layihələr gənc Azərbaycan Respublikasını dünya birliyinə qədim tarixə, zəngin mədəni dəyərlərə malik ölkə kimi təqdim edə bilmişdir.

   Mənəvi irsimizin qorunmasına daim diqqətlə yanaşan Prezident İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyinin yaradılması nazirliyin fəaliyyətinə yeni nəfəs verdi, ölkəmizin mədəni həyatında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan mədəniyyəti özünün yeni intibah mərhələsini yaşayır, təkrarsız milli mədəni sərvətlərimizin dünyada təbliği indiyədək görünməmiş zirvəyə yüksəlmişdir. Azərbaycanın özünəməxsus rəngarəngliyi ilə seçilən musiqisi, bəşər sivilizasiyası xəzinəsinə böyük töhfələr bəxş etmiş korifeylərinin əsərləri dünya muzeylərini bəzəyir, məşhur opera və konsert salonlarında səslənir.

   Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, zəngin mədəni irsimizin təbliği sahəsində əldə olunan diqqətəlayiq nailiyyətlərin kökündə Heydər Əliyev Fondunun təşəbbüsləri və Mədəniyyət və Turizm Nazirliyinin genişmiqyaslı fəaliyyəti dayanır. Azərbaycan xalqına məxsus milli dəyərlərimizin, misilsiz xalq sənəti nümunələri olan muğamlarımızın, Azərbaycan aşıq sənətinin, Azərbaycan xalçaçılıq sənətinin UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına salınması buna əyani misaldır.

   Muğamlarımızın təbliği üçün keçirilən müsabiqələr, Azərbaycan mədəniyyətinin qədimliyinin və zənginliyinin etirafına çevrilən 2009-cu ildə Bakının "İslam mədəniyyətinin paytaxtı" elan olunması, 2009-2010-cu illərdə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalları, ölkəmizin ev sahibliyi etdiyi digər beynəlxalq miqyaslı mədəniyyət tədbirləri, heç şübhəsiz, rəhbərlik etdiyiniz nazirliyin nailiyyətləri sırasında xüsusi yer tutur.

   İnanıram ki, Mədəniyyət və Turizm Nazirliyi mədəniyyət sahəsində qazandığı yüksək nailiyyətləri fəaliyyətinin ikinci istiqaməti - turizm sahəsində də təkrarlaya biləcəkdir. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ilin "Turizm ili" elan olunması bu sahədə ciddi uğurların başlanğıcı hesab oluna bilər.

   Nazirliyin əməkdaşlarına yeni - yeni uğurlar arzulayır və əmin olduğumu bildirmək istəyirəm ki, gələcək fəaliyyətiniz Azərbaycanın şöhrətini artıran maraqlı təşəbbüslər və layihələrlə yadda qalacaq.

  

   Sabir Rüstəmxanlı,

   Xalq şairi, millət vəkili

  

   - Azərbaycan Mədəniyyət Nazirliyi həmişə dövlət idarəçiliyində mühüm yer tutub. Hələ sovet dövründə bu nazirlik Azərbaycanın mənəvi sərvətlərini və dəyərlərini qoruyub dünyaya çatdıran, onların nəşrinə, üzə çıxarılmasına, əbədiləşdirilməsinə kömək edən mühüm bir qurum olub. Ölkənin simasını müəyyənləşdirən bir dəyər varsa, o da onun mədəniyyətidir. Mədəniyyətsiz nə ölkəni, nə də milləti təsəvvür etmək olar. Bu baxımdan Mədəniyyət Nazirliyi həmişə Azərbaycanın həyatında mühüm rol oynayıb. SSRİ dağıldıqdan sonra nazirliyin gördüyü işlərdə milli mahiyyət, milli dövlətçilik daha da artıb.

   2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin yaradılması, mədəniyyətlə yanaşı, turizmin idarəçiliyinin vahid nazirlikdə birləşdirilməsi bu sahələrin inkişafına yeni imkanlar açıb. Hörmətli nazir Əbülfəs Qarayev çoxdan tanıdığımız, hörmət etdiyimiz dəyərli ziyalılarımızdan, dövlət adamlarından biridir. Onun rəhbərliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti ilbəil geniş miqyas qazanan layihələrin, tədbirlərin həyata keçirilməsində özünü bariz şəkildə göstərir. Yaradıcı insanlar, yaradıcılıq təşkilatları birbaşa bu nazirliklə sıx əlaqədə işləyirlər. Otən beş ildə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, dünyaya tanıdılması sahəsində əldə olunan uğurlarda nazirliyin böyük rolu və fəaliyyəti olub.

   Turizm sahəsi xüsusi zəhmət və vaxt tələb edən bir sahədir. Bu baxımdan hörmətli nazirin turizm sahəsində həyata keçirilən işlərə nə qədər diqqət ayırdığını, əmək sərf etdiyini təsəvvür edirik. Turizm daha çox investisiya ilə bağlı olduğundan, mən bu sahəni bir anlamda pambıq əkini ilə müqayisə edərdim: yazda əkirsən, pul qoyursan, payızda isə onu yığıb satırsan, qazanırsan. Ona görə də bu sahə insanları daha çox cəlb edir. Mədəniyyət isə çoxillik bitki kimidir. Bu il əkirsən, 10, 20 il, bir əsr, iki əsr və daha çox sonra öz bəhrəsini verir. Ona görə də arzu edirəm ki, mədəniyyət və turizmin yanaşı inkişafı gələcəkdə hər iki sahənin artan uğurları ilə müşayiət olunsun.

 

 

   Mədəniyyət.- 2011.- 28 yanvar.- S. 4.