“Mədəniyyət” qəzetinə
TÜRKSOY-un “Mətbuata
şərəf mükafatı» təqdim olundu
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul
Günay: “Türk dünyası mədəniyyətinin təbliğində
qəzetinizin kollektivinə böyük uğurlar
arzulayıram”
Xəbər
verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
olan TÜRKSOY türk dünyasının ölməz şəxsiyyətlərinin
mədəni irsinin yaşadılması ənənəsinə
sadiq qalaraq 2011-ci ili böyük tatar şairi və
yazıçısı Abdulla (Qabdulla) Tukayın xatirəsinə
həsr edib.
TÜRKSOY həmçinin təşkilata
üzv ölkələrin kütləvi informasiya vasitələrini
türk dünyası mədəni irsinin təbliğində,
təşkilatın fəaliyyətinin
işıqlandırılmasında göstərdiyi xidmətlərinə
görə “Mətbuata şərəf mükafatı” ilə
təltif edir. 2011-ci il TÜRKSOY-un “Mətbuata şərəf
mükafatı»na layiq görülən mətbu orqanlar
arasında “Mədəniyyət” qəzeti də var.
Yanvarın 25-də Ankarada,
TÜRKSOY-un baş qərargahında «2011 - Abdulla Tukay ili”nin təntənəli
açılışı və “TÜRKSOY-un mətbuatda
şərəf mükafatı»nın təqdimat mərasimi
keçirildi. Mərasimdə Türkiyənin mədəniyyət
və turizm naziri Ərtoğrul Günay, Rusiya Federasiyası
Tatarıstan Respublikası baş nazirinin müavini və mədəniyyət
naziri Zilya Valiyeva, TÜRKSOY-un baş katibi Düsen Kaseinov,
türkdilli ölkələrdən olan mətbuat nümayəndələri
və Türkiyədə fəaliyyət göstərən
xarici ölkələrin diplomatik nümayəndələri təmsil
olunurdu.
Tədbirdə əvvəlcə
Abdulla Tukayın həyatından bəhs edən film
nümayiş olundu. Qeyd edək ki, tatar ədəbiyyatının
klassiki olan görkəmli şair və yazıçı
Abdulla Tukay (1886-1913) təkcə tatarlar arasında deyil,
türkdilli xalqlar arasında tanınmış qələm
sahibidir. Daha sonra çıxış edən TÜRKSOY-un
baş katibi Düsen Kaseinov təşkilatın türkdilli
xalqlar arasında mədəni münasibətləri genişləndirmək
məqsədilə böyük layihələr həyata
keçirdiyini vurğuladı: “Bu layihələrdən biri də
türk dünyasına xidmət etmiş dəyərli şəxsiyyətlərin
anılması və gələcək nəsillərə
tanıdılmasıdır. Hər bir xalqın tarixində
xüsusi dəyərə malik olan şəxsiyyətlər
özünə yer alır. Bunlardan biri də tatar xalqının
mənəvi dəyəri və milli simvolu olan Abdulla
Tukaydır”.
A.Tukayın üzüntü və
dərd dolu qısa ömründə gələcək nəsillər
üçün hər zaman əxlaq, insanlıq və
azadlıq timsalı olduğunu deyən D.Kaseinov bu dəyərli
şəxsiyyətin əsərlərinin bütün türk
dünyasının ortaq mirası olduğunu vurğuladı:
“Qısa ömrü ərzində ölməz əsərlər
yaratmış ədib gələcək nəsillərin
gözündə yeni fəlsəfi anlam və önəm
qazanan dəyərli bir şəxsiyyətdir. Böyük
tatar şairinin 125-ci ildönümü münasibətilə
TÜRKSOY 2011-ci ili “Abdulla Tukay ili” elan edib».
Sonra Muğla Universitetinin müəllimi
Çolpan Zaripova Çetin A.Tukayın
yaradıcılığından bəhs etdi: «Tatar ədəbiyyatının
klassiki olan bu şəxsiyyətin
yaradıcılığı Tatarıstan sərhədlərini
aşaraq dünyaya tanıdılıb. O yalnız tatarlar
arasında deyil, türkdilli xalqlar arasında
tanınmış qələm sahibidir».
Tatarıstan Yazıçılar
Birliyinin rəhbəri İrfak İbrahimov A.Tukayın ən
çox sevilən şeirlərindən biri olan «Ana dilim»
adlı əsərini səsləndirməsi və
Tatarıstan xalq rəqsinin nümayişi tədbir iştirakçılarının
xüsusi marağına səbəb oldu.
Tatarıstanın mədəniyyət
naziri Zilya Valiyeva A.Tukayın türk dünyası ədəbiyyatında
qoyduğu izlərdən bəhs etdi. O, 2011-ci ilin “Abdulla Tukay
ili” elan edilməsindən məmnunluğunu dilə gətirdi.
Türkiyənin mədəniyyət
və turizm naziri Ərtoğrul Günay “Abdulla Tukayı ili”
çərçivəsində böyük ədibin həyat
və yaradıcılığının türk
dünyasında geniş təbliğ olunacağını
bildirdi: «Tukayın əsərlərini və həyatını
oxuduqda bir dahi ilə üz-üzə qalıram. Gənc
vaxtında, 27 yaşında vəfat edib. Yazdığı əsərlər
sadəcə Tatarstanda, Rusiyada deyil, dünyada müasir dəyərə
malikdirsə, həyatının parlaq çağında bir
insan dünyasını dəyişib deməkdir. Bu il ərzində
müxtəlif tədbirlər keçirəcək, dəyərli
işlərə imza atacağıq».
Bunun ardınca nazir Tukayın
şeirlərindən birini söylədi.
Sonra TÜRKSOY-un “Mətbuata şərəf
mükafatı»nın («Basın onur ödülü») təqdimatı
keçirildi. Əvvəlcə Azərbaycandan olan mətbuat
nümayəndələri mükafatlandırıldı.
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul
Günay Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin mətbu orqanı «Mədəniyyət» qəzetinə
TÜRKSOY-un “Mətbuata şərəf mükafatı»nı
təqdim etdi. Nazir «Mədəniyyət» qəzetinin türk
dünyası mədəniyyətinə dair tədbirlərin
işıqlandırılmasında xüsusi rolunu yüksək
qiymətləndirdi: “Türk dünyası mədəniyyətinin
təbliğində qəzetinizin kollektivinə böyük
uğurlar arzulayıram”.
Mərasimdə «Mədəniyyət»
qəzetinin baş redaktoru İntiqam Hümbətovun yüksək
mükafata görə təşəkkür məktubu
TÜRKSOY-un baş katibi Düsen Kaseinova təqdim olundu. D.Kaseinov
da öz növbəsində «Mədəniyyət» qəzetinin
qurumun fəaliyyəti və eləcə də türk
dünyasının tarix və mədəniyyətinin
işıqlandırılması istiqamətində
gördüyü işləri xüsusi vurğuladı. Baş
katib xüsusilə son bir il müddətində TÜRKSOY-un
reallaşdırdığı layihələrin «Mədəniyyət»
qəzetində geniş
işıqlandırıldığını diqqətə
çatdırdı.
Bunun ardınca Azərbaycanın
“AzərTAc” Dövlət Teleqraf Agentliyi və müstəqil
yazar, türk mədəniyyətinin tədqiqatçısı
Elmar Əmrah TÜRKSOY-un mükafatı ilə təltif
olundular.
Tədbirdə digər türkdilli
ölkələrdən Qazaxıstan Dövlət
Televiziyası, «Aykın» qəzeti, Türkiyədən «Sabah”
qəzeti, “CCN Türk” kanalının əməkdaşı,
«Zaman» qəzetinin mədəniyyət-sənət redaktoru,
«Öncə Vətən» qəzetinin xəbər müdiri,
TRT - Türkiyənin səsi radiosunun «Türk
dünyasından xəbərlər proqramı», Hatay Radio
Televiziyası, Turkish Music Box TV, Başqırdıstan Dövlət
Televiziyasının müxbiri, Başqırdıstan
“Başinform” Xəbər Agentliyi, TNV və Radiosu baş
müdirinin köməkçisi, Şimali Kipr
Respublikasından Kanal T və “Yeni Volkan” qəzetləri də
mükafatla təltif olundu.
* * *
Tatarıstan Respublikasının mədəniyyət
naziri Zilya Valiyeva: «Azərbaycanın Mədəniyyət və
Turizm Nazirliyi ilə mütəmadi əlaqə
saxlayırıq»
Rusiya Federasiyası Tatarıstan
Respublikası Baş nazirinin müavini, mədəniyyət
naziri Zilya Valiyeva «Mədəniyyət» qəzetinə
açıqlamasında Azərbaycanla mədəni əlaqələrin
daha da möhkəmlənməsini və inkişaf etdirmək
istədiklərini dilə gətirdi: «2008-ci ilin oktyabrında
Bakıda Tatarıstan Mədəniyyəti Günlərinin
keçirilməsini bu əməkdaşlığın
inkişafında mühüm addım kimi dəyərləndirirəm.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi,
hörmətli nazir həmkarım Əbülfəs Qarayevlə
mütəmadi əlaqə saxlayır, mədəni əməkdaşlıqla
bağlı müzakirələr aparırıq. İlk dəfə
Bakıya gələndə mənə elə gəldi ki,
bir-birimizi çoxdan tanıyırıq. Mədəniyyətimizdə
ümumi və oxşar məqamlar çoxdur. Bu yaxınlarda
Kazanda fəaliyyətə başlayacaq kukla teatrının
açılış mərasiminə bu sahədə zəngin
təcrübəyə malik Azərbaycan Dövlət Kukla
Teatrının rəhbərliyini də dəvət etmək
niyyətindəyik. Bundan başqa, bu il Kazanda keçiriləcək
Moskva mədəniyyət günləri çərçivəsində
təşkil olunacaq konsertlərdə azərbaycanlı
musiqiçilər də iştirak edəcəklər».
Z.Valiyeva Azərbaycanda yeni fəaliyyətə
başlayan «Mədəniyyət» kanalından da bəhs etdi: «Mən
sizi və həmkarlarınızı yeni fəaliyyətə
başlayan «Mədəniyyət» kanalı münasibətilə
təbrik edirəm. Ümid edirəm ki, bu kanal Abdulla
Tukayın yubileyinə böyük diqqət ayıracaq».
Türkiyə
Cümhuriyyəti mədəniyyət və turizm naziri Ərtoğrul
Günay: «Ölkələrimiz arasında mədəni əlaqələr
günü-gündən inkişaf edir»
Ankarada “2011 - Abdulla Tukay ili”nin təqdimatında
iştirak edən Türkiyə Cümhuriyyəti mədəniyyət
və turizm naziri Ərtoğrul Günay «Mədəniyyət»
qəzetinə müsahibəsində Azərbaycanla Türkiyə
arasında mədəni əlaqələrin
günü-gündən inkişaf etdiyini dilə gətirdi:
«Azərbaycan bizim ən yaxın dostumuz olan bir ölkədir. Aramızda
iqtisadi, siyasi və bunlardan ən önəmlisi mədəni əlaqələr,
əməkdaşlıq yüksək səviyyədə davam
edir. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev mənim ən sıx əməkdaşlıq etdiyim həmkarımdır.
Ötən il Azərbaycanın böyük şairi Rəsul
Rzanı anmışdıq. Ondan əvvəl Bəxtiyar
Vahabzadə ilə bağlı bir tədbir keçirdik. Mən
özüm isə Türkiyədə yaşamış
şair Almas İldırımla bağlı Bakıda
keçirilən tədbirdə iştirak etdim. Göründüyü
kimi, ölkələrimiz arasında çoxlu sayda mədəni
münasibətlər var. Və bu işlər artaraq davam edəcək».
Nazir yaxın gələcəkdə
Azərbaycanla birlikdə reallaşdıracaqları layihələrdən
də bəhs etdi: «Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi ilə tez-tez qarşılıqlı şəkildə
əməkdaşlıqlarımız,
danışıqlarımız olur. Sərgilər, səhnə
əsərləri ilə bağlı mübadilələr etmək
istiqamətində də planlarımız var».
Mehparə
Mədəniyyət.- 2011.- 28 yanvar.-
S. 2.