Ürək
yananda...
Rejissor-aktyor Ceyhun Mirzəyevin 65 illiyi münasibətilə
Aktyor, rejissor - hər iki peşə
orqanik şəkildə
bir insanın istedadında birləşir.
Ceyhun Mirzəyevin ustalıqla öhdəsindən
gəldiyi hər iki peşədə tamaşaçı qızğın,
çılğın, öz
sənəti ilə xalqına xidmət edən sənətkarın
ürək yanğısını
görür. Onun bütün rolları orijinallığı, səmimiyyəti,
temperamenti ilə fərqlənir.
Biz ekranda onun ifasında ərköyün, balaca İsmayılla, öz əsgəri borcunu vicdanla yerinə yetirən zabit İsmayılla, satqınlıq
üstündə atası
tərəfindən cəzalandırılan
Fortunato ilə, vətənpərvər Manolo
ilə, inqilabçılara
kömək etmək istəyən Teymurla, xalqın maariflənməsinə
xidmət edən Osmanla, Böyük Vətən müharibəsi
başlayanda ön cəbhəyə yollanan əsgərlə, hər cür fırıldaq yolu ilə pul
qazanan İbadulla ilə, qaçaqlar tərəfindən malı
əlindən alınmış
tacirlə tanış
oluruq.
Ceyhun Mirzəyevin yaradıcılıq
bioqrafiyası erkən
yaşlarından başlayıb.
1955-ci ildə, 9 yaşı
olanda ilk dəfə rejissor Tofiq Tağızadənin “Görüş”
bədii filmində epizodik rola çəkilib.
Vaxtilə mən “Kino” qəzetinin redaktoru olarkən Ceyhunla bağlı redaksiyamız çoxlu məktublar alırdı. Məktublara C.Mirzəyevin
cavabları maraqlı
olardı. Həmin müsahibələrin birində
Ceyhun kinoya gəlməsini belə xatırlayırdı: “Uşaqlıq
illərini xatırlamaq
həm xoşdur, həm də bir qədər kədərli. Uşaqlıq
dövrünü xatırlayanların
hamısı bu hissləri keçirir. Mənim uşaqlığım
isə qeyri-adi olub. Çünki uşaq vaxtımdan kino mənim həyatıma həmişəlik
daxil olub. Televiziya yenicə fəaliyyətə başlayanda
özünün ilk eksperimentlərini
keçirirdi. Mən isə “Sizin üçün, məktəblilər”
verilişini aparırdım.
Yaşıma görə
çox şeyi başa düşmürdüm.
Lakin ətrafımda yeniliklərin baş verdiyini hiss edirdim. Ona görə də həvəslə işləyir, şeir deyirdim. Sonra televerilişin aparıcısı
oldum.
Televiziyada məni rejissor Tofiq Tağızadə gördü və “Görüş” filmində
Şıxəlinin oğlu
rolunu mənə tapşırdı. Bir ildən sonra rejissor Əjdər İbrahimovun “Bir məhəlləli iki nəfər” filmində qəzet satan oğlanı oynadım. Bundan sonra rejissor
Həbib İsmayılovun
“Ögey ana” filminə çəkildim.
Mən böyük şöhrət tapan bu kinomelodramda özümün ilk baş
rolumu ifa etdim”.
Ceyhunun balaca qəhrəmanı İsmayıl çox erkən anasını itirmişdi. O, qarşılıqlı
məhəbbət ab-havasında
ata və nənəsi ilə birgə yaşayırdı.
Ola bilsin ki, bu məhəbbət uşağın gözlərini
bağlamış və
onu xudbinə çevirmişdi. Ona görə də İsmayıl evlərində
baş verən dəyişiklikləri qəbul
etmirdi. O, belə hesab edirdi ki,
atası yalnız ona məxsusdur. Atasını onun əlindən almağa heç kəsin ixtiyarı yoxdur.
Budur, ata gözlənilmədən
evlənir, nənə
qəm-qüssə içərisindədir.
Uşaq özgə qadını ana olaraq heç cür qəbul etmək istəmir. Lakin hadisələrin inkişafı prosesində
ögey ana ilə İsmayıl arasında tədricən mehribanlıq yaranır, İsmayıl Dilarəyə
“ana” deyə müraciət edir.
Bu filmdə Ceyhunun qarşısına
heç də asan aktyor vəzifəsi
qoyulmamışdı. Lakin
yeniyetməlik, gənclik
tərəddüddən uzaq
olur. Ceyhun bu rolu şövq
və həvəslə
oynayırdı. Fəxr
edirdi ki, yüz uşağın arasında bu rola məhz onu seçiblər.
Sonrakı illərdə C. Mirzəyev
rejissor T.Tağızadənin
“Əsl dost” (Fərmanın
uşaqlığı) və
“Mateo Falkone” (Fortunato)
filmlərində müxtəlif
rollar ifa edib.
1961-ci ildə rejissor Q.Koltunov “Lenfilm” kinostudiyasında (Rusiya) “Qara qağayı”
bədii filmini çəkdi. Film kubalıların
öz milli azadlıqları uğurunda
qəhrəmanlıq mübarizəsinə
həsr olunmuşdu. C.Mirzəyev həmin filmdə gənc vətənpərvər Manollo
rolunda çıxış
etdi. Çəkiliş
vaxtı Ceyhunun maraqlı aktyorlarla - Sergey
Yurski, Hikolay Volkov, İqor Dmitriyev və Anatoli Adoskinlə tanışlığı gənc
aktyor üçün
gözəl peşəkar
məktəb oldu.
Onun digər kinostudiyalardakı
işlərindən danışarkən
rejissor T.Tereşşenkonun
Odessa kinostudiyasında çəkdiyi
“Kompanyeros” bədii filmini xüsusi qeyd etmək lazımdır. Sovet məktəblilərinin beynəlmiləlçilik
əlaqələrindən söhbət
açan bu filmdə Ceyhun bu dəfə Sovet İttifaqında təhsil almağa gəlmiş gənc kubalı oğlan rolunu oynadı. Bu, heç də uşaq rolu deyildi. Qəhrəmanları
artıq Ceyhunla birgə böyüyürdülər.
Həmin dövrdə C.Mirzəyev Azərbaycan Dövlət İncəsənət İnstitutunun
rejissorluq fakültəsinin
tələbəsi idi.
İnstitutda oxumaqla yanaşı, rejissor H.Seyidzadənin “Yenilməz
batalyon” filmində Teymur və “Dəli Kür” filmində Osman, rejissor H.Seyidbəylinin “Cazibə qüvvəsi” novellasında Səməndər,
rejissor M.Dadaşovun “Qanun naminə” filmində Absalam və digər surətlər yaratmışdı.
Ceyhun Mirzəyev dramatik rollar kimi, komik rolları da eyni səviyyədə ifa edirdi. «Yol əhvalatı» və «Lətifə» kinokomediyalarını görənlər dediklərimizin şahidi ola bilərlər. «Yol əhvalatı»nda Ceyhunun qəhrəmanı İbadulla aeroportun rəisidir. Ona təklif olunan rüşvətin müqabilində adamlarla birlikdə təyyarəyə qoyunları doldurur və qəhrəmanımız çox gülünc vəziyyətlərə düşür.
“Lətifə” sosial pamfletində Ceyhunun ifa etdiyi Məmmədov obrazı həm aktyorun özü, həm də tamaşaçılar üçün tamamilə yeni idi. Kimdir axı bu Məmmədov? Rayon partiya komitəsi katibinin qəbul otağında cərəyan edən hadisələrin “gözəgörünməz dirijoru”. Bu obraz Ceyhunun yaradıcılıq potensialının yeni cəhətlərini üzə çıxardı, aktyorun daha böyük, daha dərin psixoloji surətlər yaratmaq iqtidarında olduğunu göstərdi.
Kino sənətinə ciddi və dərin düşünülmüş münasibət Ceyhun Mirzəyevi rejissor sıralarına gətirib çıxartdı. Amma Ceyhun rejissorluğa gəlib çıxana kimi uzun bir yol keçmişdi. O, institutu bitirəndən sonra «Azərbaycanfilm» kinostudiyasında rejissor assistenti işləyirdi. «Lenfilm» kinostudiyasının yaradıcı qrupu Bakıya gəlib «Mənim xeyirxah atam» televiziya bədii filmini çəkəndə Ceyhunu rejissor assistenti vəzifəsinə işə qəbul etmişdilər.
1971-ci ildən isə o, filmlərə çəkilməklə bərabər «Mozalan» satirik kinojurnalında əvvəlcə rejissor assistenti, sonradan rejissor işləmiş, 100-ə yaxın sənədli süjet yaratmışdı. 80-ci illərin əvvəllərində Ceyhun «Mosfilm» kinostudiyasında təcrübə keçmiş, «Atanın üç oğlu var idi» iki seriyalı televiziya filmində rejissor-praktikant işləmişdi. Məhz bundan sonra Ceyhunu bədii filmlərin quruluşçu rejissoru kimi görür və qiymətləndiririk.
«Bəyin oğurlanması» bədii filmi Ceyhunun böyük ekranda ilk işidir. Ceyhun bu filmə Vaqif Mustafayevlə birgə 1985-ci ildə quruluş verib. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.
«Bəyin oğurlanması»ndan fərqli olaraq «İşarəni dənizdən gözləyin» filmini Ceyhun Mirzəyev müstəqil çəkib. Qəhrəmanlıq-macəra janrında olan film yazıçı Firudin Ağayevin «İldırım dənizdə çaxır» və «İldırım ömrü» romanlarının motivləri əsasında çəkilib. Film Azərbaycanın hərbi-dəniz işləri üzrə ilk xalq komissarı Çingiz İldırıma həsr olunub. Ekran əsərində təsvir olunan hadisələr 1920-ci il aprelin sonunda, Azərbaycan Xalq Cümhuriyyətinin süqut etdiyi və sovet hakimiyyətinin qurulduğu dövrdə Bakıda cərəyan edir.
Filmə bugünkü tarixi gerçəklikdən yanaşsaq, demək lazımdır ki, Çingiz İldırım Xalq Cümhuriyyətinə qarşı silahlı üsyanın hazırlanmasında mühüm rol oynamış bir şəxs, leninçi-bolşevik olub. Yəni tarixi-inqilabi janrda çəkildiyinə görə bu gün filmdəki hadisələr müasir tamaşaçı üçün o qədər də maraq doğurmur, ancaq rejissor olaraq Ceyhun Mirzəyevin işi diqqəti çəkir, o dövr Bakısının ab-havası inandırıcıdır, hadisələr dinamik inkişaf edir. Yaradıcı qrup səthilikdən və sxematiklikdən uzaqlaşa bilmiş, yaxşı bədii səviyyəli kino əsəri ərsəyə gətirmişdir.
1987-ci ilin yayında Oktyabr İnqilabının 70 illik yubileyi münasibətilə Moskvada keçirilən “Azərbaycan kinosu günləri”ndə nümayəndə heyətimizin tərkibində rejissor və aktyor C.Mirzəyev də vardı. Moskvada olarkən bir gün axşam Ceyhun mənə bildirdi ki, bir film çəkmək istəyir. Bu filmdə İsmayıl artıq ailə başçısıdır, özü də hərbçidir, anası Dilarə xanım artıq qocalıb. O zaman «Ögey ana»dakı Dilarə xanımı ifa edən gözəl aktrisamız Nəcibə Məlikova da sağ idi. Ceyhun Nəcibə xanımla bu barədə söhbət də etmişdi.
Lakin sonralar erməni faşistləri ölkəmizə təcavüz etdilər, torpaqlarımızın bir hissəsi işğal olundu. Beləliklə, Ceyhun «Fəryad» bədii filmini çəkdi. Film çəkilərkən Nəcibə xanım artıq vəfat etmişdi. Onun əvəzinə İsmayılın ögey anasının rolunu sevimli aktrisamız Elmira Şabanova oynadı.
Qarabağ müharibəsini bütün reallığı ilə ekranda canlandıran «Fəryad» kinodramı Ceyhunun - bir vətəndaşın, bir sənətkarın köksündən qopan fəryaddır. Bu filmin çəkilişləri aparılanda ölkəmizdə mürəkkəb vəziyyət yaranmışdı. Hər gün cəbhələrdən ağır xəbərlər gəlir, məhəllələrdə tez-tez yas çadırları qurulurdu.
Belə bir vaxtda ədəbiyyat və incəsənət adamlarının böyük əksəriyyəti Qarabağ müharibəsi ilə bağlı müşahidəçi mövqeyində durmuşdular, çoxları «bu barədə hələ əsər yaratmaq vaxtı deyil» deyirdi. Məhz belə mürəkkəb bir vəziyyətdə həyatda heç bir şeyə laqeyd qala bilməyən Ceyhun qollarını çırmalayıb işə girişdi. Həyatı bahasına Goranboyda «Fəryad»ın çəkilişlərinə başladı. O, filmin hər bir kadrını ürəyi sızıldaya-sızıldaya , göz yaşları içərisində lentə alırdı.
Ceyhun o balaca İsmayılı böyüdüb cəbhəyə yolladı, vətəni qorumaq üçün. Batalyon komandiri İsmayılı ən ağır sınaqlardan çıxartdı. Ceyhun özü isə ölkəmizdəki fəlakətlərə, xalqımızın başına gətirilən müsibətlərə dözmədi.
Film çəkildi,
ekranlara buraxıldı,
amma Ceyhunsuz. Ceyhun böyük kinoya İsmayılla gəldi, böyük kinodan İsmayılsız
getdi, ekranda öz İsmayılını
yaradıb, bizim üçün yadigar qoydu.
«Fəryad» bədii filminə görə Ceyhun Mirzəyev ölümündən
sonra «Bakılı» cəmiyyətinin «Humay» mükafatına, Hacı Zeynalabdin Tağıyev adına Azərbaycan milli mükafatına və Azərbaycan filmlərinin III festival-müsabiqəsinin
diplom və mükafatına layiq görüldü.
Ceyhunun “Fəryad”ı bu gün daha gur
eşidilir. “Fəryad”
xalqımızın İsmayıl
kimi igid oğullarının doğma
torpaqlarımızı erməni
faşistlərindən azad
etməyə səsləyir.
Bu, gözəl sənətkarımız,
kinorejissor və kinoaktyor Ceyhun Mirzəyevin çağırışıdır.
Aydın Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.-
2011.- 8 aprel.- S. 10.