Lal baxışın vida nəğməsi
Ötən illərin mahnıları
Onu
çoxları sevirdi, səhnəyə, mahnılarına gətirdiyi
şən-şaqraq ab-hava, özünəməxsus saç
düzümü, zahiri cazibəsi ilə hamının qəlbinə
yol tapmışdı. Səsi və sənətkarlığı
ona qısa zamanda bəlkə də ummadığı
populyarlığı, tamaşaçı sevgisi gətirmişdi.
Beləcə, gəncəli qız hər kəsin qəlbində
özünə taxt qura bilmişdi.
Onun həyatı çox qısa
oldu, arzuları yarımçıq qaldı. Həyatını
ağrı-acılar, maddi-mənəvi çətinliklərlə
yaşayan, lakin sənət eşqini, mübarizə ruhunu
itirməyən Nəzakətin həyatdan istədikləri
çox olsa da, həyatın ona verə biləcəkləri
bu bir neçə cümləlik tərcümeyi-hala
sığışan məqamlarda qaldı.
Ömrün
vəfa etmədiyi sənətkar
Nəzakət Məmmədova
1944-cü ildə Gəncə şəhərində anadan olub.
Uşaq yaşlarında atasını itirib. Valideynləri onu
müəllim görmək istəyirdilər. Onların bu istəyini
nəzərə alan gənc qız Bakıya gəlir və
Xarici Dillər İnstitutuna daxil olur. Amma gözəl səsi
olan gənc Nəzakət musiqidən ayrı yaşaya bilməyəcəyini
anlayır və təhsilini yarımçıq qoyaraq
1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi
Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti görkəmli
sənətkarlar Əhməd Bakıxanov və Hacıbaba
Hüseynov verirlər. Onların qarşısında
«Bayatı-Qacar» oxuyan gənc qız hər iki sənətkarın
diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət
İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir
müddət «Lalə» qızlar ansamblında
çalışır. 1968-ci ildə Opera və Balet
Teatrına qəbul olunur və 1971-ci ildə
tamaşaçılar qarşısına yeni Leylilərdən
biri kimi çıxır.
Nəzakət Məmmədova opera
müğənnisi kimi parlaq istedadını nümayiş
etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova
kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da
Leyli obrazları arasında yeni bir səhifə açır.
O, «Rast», «Qatar», «Şahnaz», «Segah» və digər
muğamların, mahnı və təsniflərin mahir
ifaçısı kimi tanınır, sevilir. Azərbaycan
musiqi sənətinin incəliklərini gözəl və məlahətli
səsi ilə vətənindən çox-çox uzaqlara da
apara bilir. Türkiyə, İran, Əfqanıstan, Almaniya,
Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində
olur, səsinin gözəlliyinə bələnən
mahnıları əcnəbilərə də sevdirə bilir.
“Bir şirin dilə bəndəm”
Qısa, lakin dolğun keçən
ömrünə çox şey sığdıra bilən bu
sənətkarın həyatdan, sənətindən gözləntiləri
də çox idi. Arzuları, planları daha böyük
uğurları hədəfə almışdı. Amma o
bunlarla kifayətlənməyərək artıq özündə
kompleksə çevirdiyi görkəmi, daha doğrusu,
boynundakı qırışları ilə
barışmırdı. Ona görə də hər zaman
çıxışlar edərkən boğazını ya
yaylıq, muncuq kimi aksessuarlarla örtər, ya da boğazı
örtülü geyimlər geyinərmiş. Əslində, bu
mirvari qırışlar xanıma qeyri-adilik, özünəməxsusluq
verirdi. Elə yaxınları, sənət dostları da ona təskinlik
verərkən bu məqama diqqət çəkərmişlər.
Gözlənilməz məktub və acı son
Bir gün o, pərəstişkarlarından
mübhəm bir məktub alır. Məktubda deyilirdi: «Əziz
Nəzakət xanım, mən sizi böyük məhəbbətlə
sevirəm. Nəğmələrinizin aşiqiyəm. Siz hər
oxuyanda - istər radioda olsun, istər televiziyada - mənim
bayramım olur. Həmin gün ailəmizdə hər kəs
sizi görməklə bəxtiyar olur. Deməliyəm ki, bir
qadın kimi də olduqca gözəlsiniz. Bu gözəlliyiniz
mahnılarınıza daha bir rəng qatır. Siz oxuyanda diqqətlə
ekrana elə baxıram ki, bütün cizgilərinizi əvvəldən
bilirəm. Məni bağışlayın, amma bir
qüsurunuzu da görmüşəm. Elə bil
boğazınızda qəribə qırışlar var. Təbiət
sizə boy-buxun, gözəllik, məlahətli səs verib.
Kaş bu qüsurunuz da olmayaydı.
Məktubumu və sözlərimi səmimi
qəbul edin. Mən sizi layiq olduğunuz kimi daha gözəl
görmək istəyirəm. Amma neyləmək olar?! Çox
təəssüf ki, təbiətin qüsurunu düzəldəcək
bir şey yoxdur. Kaş ki, xilqətin əli qeybdən bu xətləri
də düzəldə biləydi. Amma mən sizi belə də
sevirəm. Bu sadəcə, arzudan başqa bir şey deyil. Mən
sizə böyük yaradıcılıq uğurları və
cansağlığı arzu edirəm. Dərin sevgi və
hörmətlə...».
Bəlkə də bu məktubu
yazan şəxs bilmirdi ki, bu etirafları ilə zəhərli
oxlar atır. 36 yaşındakı müğənninin bu məktubdan
sonra dincliyi dəhşətli şəkildə pozulur.
Ağlagəlməz komplekslər başlayır. Bu məktub
sanki əcəlin son çağırışı idi. O,
şərflərə, muncuqlara, boğazı örtən
geyimlərə daha inadla sarılır. Paralel olaraq
kosmetoloqların, həkimlərin ünvanlarını
axtarır. Aydın məsələ idi ki, bu işi Bakıda
heç kim görə bilməzdi. O, bir neçə sənət
dostunun məsləhəti ilə Moskvaya, oradan Soçiyə
üz tutur.
Soçi - son ümid yeri
Onu ölüm qorxutmurdu,
çünki plastik əməliyyatın onun həyatı
bahasına başa gələcəyini bilmirdi. Daha çox
“görəsən, nə deyərlər” sualı ətrafında
düşünürdü. Bununla bağlı yaxınları
ilə məsləhətləşir və təbii ki, ciddi
etirazlarla qarşılaşır. Amma dediyindən də
dönmür. Hindistan səfəri öncəsi Soçiyə
gedir, soraqlayıb həkimi tapır, əməliyyat olunur və
elə masada da keçinir. Boğazının şah
damarının kəsilməsi ilə. Əməkdar artistin
ölümünə səbəb olan erməni əsilli həkim
həbs edilir. Nəzakət Məmmədovanı onsuz da
qaytarmayacaq məhkəmə prosesində şahidlər
dindirilir və Soçi şəhərində lisenziyasız
plastik əməliyyatlarla məşğul olan Anatoli
İvanoviç Karol 5 il müddətinə azadlıqdan məhrum
edilir.
“Ürəyimi al qan etdin...”
Yuxarıda da qeyd etdiyimiz kimi, onun
yaradıcılığının ilk illəri «Lalə»
qızlar ansamblı ilə bağlıdır. Səsində həyatsevərlik,
nəğmələrində şuxluq, şıltaqlıq
olan Nəzakət Məmmədovanı dinləyiciləri daha
çox «Yaxın gəl», «Gəl, inad etmə böylə»,
«Azərbaycan gölləri», «Azərbaycanım mənim», «Ala
göz», «Kəklik» kimi mahnılara bəxş etdiyi təkrarsız
ifası, Azərbaycan musiqi tarixində ən uğurlu duetlərdən
biri kimi qiymətləndirilən Teymur Mustafayevlə oxuduğu
«Ay qız» mahnısı ilə xatırlayır və sevirlər.
Sənətkarı musiqi mədəniyyətimizə
bir neçə istedadlı xanım ifaçı bəxş
edən «Lalə» qızlar ansamblının bədii rəhbəri,
Xalq artisti Ceyran Haşımova ilə birgə
xatırladıq.
- Sənət məktəbini «Lalə»
qızlar ansamblında başlayan Nəzakət Gəncədə
sadə, sakit, ürkək təbiətli bu gənc idi. Ürəyində
əlçatmaz arzular qaynayırdı. Uşaq
yaşlarından elə hey zümzümələr edər, səsi
ilə evdəkilərin, qonum-qonşuların
könlünü oxşayarmış. İlk dinləyiciləri
olan bu yaxın insanlar da ona böyük müğənni
olacağını deyərmişlər. Onun səsini ilk dəfə
Asəf Zeynallı adına Musiqi Texnikumunda keçirilən
konsertdə dinlədim. Səsini bəyəndim və “istəsən,
bizim ansambla üzv olarsan” dedim. Bu sözlərim Nəzakəti
çox sevindirdi, boynumu qucaqlayaraq «Sizin ansamblda oxuyaram, Ceyran
müəllimə, bu, mənim çoxdankı arzum idi» dedi.
Beləcə, ilk
çıxış uğurlu alındı. 1967-ci ilin 1
sentyabrında sadə, məktəbli geyimi və pioner
qalstukunda səhnəyə çıxan N.Məmmədova
sonrakı böyük səhnə uğurları və
tamaşaçı alqışının cığırına
qədəm qoydu. Nəzakət haqqında xatirələr
Ceyran xanımı ötən illərə apardı.
- Nəzakət Məmmədova
gözəl səsi, özünəməxsus ifa tərzi, səhnə
mədəniyyəti ilə ilk baxışdan diqqətimi
çəkmişdi. Onun nailiyyətləri məni çox
sevindirdi. Tez bir zamanda xalqın sevimlisinə
çevrilmişdi. Ən məşhur ansambllar onu oxumağa dəvət
edirdilər. Nəzakətlə saatlarla mükəmməl məşq
edirdik. Mahnını çətinliklə götürsə də,
çalışqan, məsuliyyətli və qabiliyyətli
olduğundan öyrəndiyi hər bir mahnını
qüsursuz, düzgün oxuyurdu. Muğamları özünəməxsus
tərzdə ifa edirdi. Zənguləli səsinin
çalarları həm zilə, həm də bəmə
çatan müğənni kimi həmişə ansamblda digərlərindən
fərqlənirdi.
“Gəl,
inad etmə böylə...”
Nəzakət Məmmədova
birinci arzusuna çatdıqdan az sonra şəxsi həyatında
da uğur, səadət qapısını döyür.
Çoxdan bəri sevib-seçdiyi Qüdrət adlı bir gənclə
ailə həyatı qurur. 1968-ci ildə cütlüyün bir
oğlanları doğulur. Nəzakət xanımın arzusu ilə
onun adını Ceyran xanım qoyur. Yeni doğulan körpəyə
Ceyhun adını verirlər. Lakin gənc ailənin səadəti
uzun sürmür, çox sevdiyi həyat yoldaşı ilə
yolları ayrılır. İncəsənət, artan
şöhrət və bəlkə də dəyişən
duyğular bu ailənin də sonunu gətirmişdi. Amma
uğursuz ailə həyatının nisgili onun qəlbində
yuva salmış, ifalarına çökmüşdü. O oxuyanda
səsinin kədərini duymamaq mümkün deyildi. Bəlkə
də Leyli obrazını buna görə o qədər dərindən
anlayır və hiss edirdi.
Nisgilli Leyli
Leylinin taleyini şəxsi həyatında
yaşayan müğənni nakam qəhrəmanının faciəli
taleyini təbii, səmimi çalarlarla çatdıra bilirdi.
Yazıçı-publisist Mustafa Çəmənli «Leyli və
Məcnun 100 il səhnədə» kitabında onun ifası barədə
yazır: “Nəzakət Məmmədova bir müğənni
kimi tamaşaçıların, sənət adamlarının
diqqətini çox tez özünə cəlb eləmişdi.
Onu birinci arayıb axtaran, teatra gəlməzdən öncə
evinə dəvət edib Leyli roluna hazırlaşdıran Bəhram
Mansurov olmuşdu. O, 1968-ci ildə Opera və Balet Teatrına gələndə
Leyli roluna, demək olar ki, tam hazır idi, qalırdı
rejissorların göstərişinə əməl etməyi.
1971-ci il yanvarın 2-də Nəzakət Məmmədova Leyli,
Baba Mahmudoğlu Məcnun rolunda səhnəyə
çıxdılar. Hər iki gəncin oyunu uğurlu oldu,
onlar böyük tamaşaçı məhəbbəti
qazandılar. Nəzakətin Leylisi məlahətliydi, onun
boy-buxununa çox yaraşırdı. N. Məmmədova təkcə
«Əsli və Kərəm»də Əslini, «Aşıq Qərib»də
Şahsənəmi də oynamışdı. Və bu rollarda
da kifayət qədər uğur qazanmışdı».
“Harda
olsam gələrəm, təki sən səslə məni...”
Sənətdə keçən
ömür nə qədər uzun olsa da, an qədər
qısa, sənət isə zamana sığmayacaq qədər
sonsuz, əbədi olur. Elə Nəzakətin səsi, sənəti
də bu əbədilikdə qaldı. Məlahətli səsi,
gözəl görünüşü, incə duruşu ilə
Azərbaycan musiqisini dünya səhnələrinə
daşıyan, qastrol səfərlərində minləri,
milyonları sehrləyən ifaçı Azərbaycan
xalqına bəxş edilən qeyri-adi səs, xəzinə
idi. Deyirlər, Tanrının sevimli bəndələrinin
göylərə yaxınlığı olur. Elə Nəzakət
kimi. Yaradan onu çox cavan ikən apardı, səsi və
ruhu isə bizlərə, milyonlarla sənətsevərlərə
əmanət qaldı.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2012.- 4 aprel.- S. 15.