“Maestroya həsr olunur”
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində
dünya şöhrətli musiqiçi ”Maestroya həsr olunur”
adlı silsilə tədbirlər keçirilib. Dahi
violonçelçi, dirijor Mstislav Rostropoviçin (1927-2007) 85
illik yubileyi ilə əlaqədar təşkil olunan tədbirlər
maraqlı konsert proqramı və çıxışlarla
yadda qalıb.
M.Rostropoviç 1927-ci il martın 27-də Bakıda anadan olub. İlk musiqi dərslərini
atası L.Rostropoviçdən
alıb, 4 yaşında
ikən fortepiano üçün
“Polka” əsərini yazıb.
1931-ci ildə ailəsi ilə birlikdə Bakını tərk etməsinə baxmayaraq, M.Rostropoviç dünyaya gəldiyi şəhəri heç vaxt unutmayıb. Maestro Bakıya hər
gəlişində konsert
proqramları çıxış
etməklə yanaşı,
gənclər üçün
ustad dərslər də keçib.
Martın 27-də keçirilən ilk musiqili gecəni muzeyin direktoru Ş.Heydərova açaraq,
M.Rostropoviçin zəngin
yaradıcılıq fəaliyyətindən
danışıb. Sonra
çıxış edən
BMA-nın prorektoru, Əməkdar incəsənət
xadimi Yeganə Axundova məşhur musiqiçi, skripkaçı
Leonid Koqanın və
Mstislav Rostropoviçin
dostluq əlaqələrindən
söz açıb, bu dostluğu əks etdirən məktubları Ş.Heydərovaya
təqdim edib. Həmi məktublar L.Koqanın qızı N.Koqan tərəfindən göndərilib.
Ardınca Y.Axundova C.Hacıyevin
“Ballada” əsərini
fortepianoda ifa edib.
Daha sonra çıxış
edən Xalq artisti, görkəmli tarzən Ramiz Quliyev Azərbaycanı sevən dünya şöhrətli musiqiçinin
evində olmaqdan böyük şərəf
duyduğunu vurğulayıb.
O, 1997-ci ildə ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə Bakıda M.Rostropoviçin 70 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu bildirərək
böyük musiqiçinin
iştirak etdiyi konsertdəki çıxışını
xatırlayıb, həmin
konsertdən çəkilən
videogörüntünü muzeyə təqdim edib.
Musiqili gecədə tanınmış
musiqiçilərdən K.Paşazadə,
N.Məlikov (skripka) və T.Şəmsiyev
(fortepiano), E.Əliyev (violonçel),
E.İsmət (skripka),
A.Ədhəmzadə (fortepiano) və gənc ifaçıların musiqi
nömrələri səslənib.
Martın 28-də
keçirilən növbəti
tədbir Bülbül
adına orta ixtisas musiqi
məktəbi şagirdlərinin
konsert proqramı ilə yadda qalıb. Məktəbin direktoru, Xalq
artisti Teymur Göyçayevin dirijorluğu
ilə “Tutti” gənc simfonik orkestrinin ifasında D.Şostakoviçin “Romans” əsəri
ilə başlayan konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri
təqdim olundu. Qeyd edək ki, T.Göyçayevin
rəhbərliyi ilə
yaranan “Tutti” gənc simfonik orkestri 1997-ci ildə M.Rostropoviçin Bakıya
gəlişi münasibətilə
yaşadığı mənzilin
qarşısında çıxış
etmişdi. T.Göyçayev M.Rostropoviçlə bağlı
xatirələrini bölüşdü.
Martın 29-da L.və M.Rostropoviçlər
adına 21 saylı musiqi məktəbinin konsert proqramı təqdim olunub. Beynəlxalq müsabiqə diplomantı,
Prezident təqaüdçüsü
K.Mayılov, respublika müsabiqələri laureatları
O.Həşimov, A.Quliyev,
Y.Əliyev, K.Talıblı
və digər şagirdlər musiqi nömrələri ilə
çıxış ediblər.
Məktəbin direktoru R.Əzizov
M.Rostropoviçlə bağlı
maraqlı xatirələrini
danışıb.
Tədbirlərdə çoxsaylı qonaqlar,
mədəniyyət və
incəsənət xadimləri
iştirak ediblər.
Mədəniyyət.-
2012.-4 aprel.- S. 11.