İstedadlar sorağında
Azərbaycan
dövləti yaradıcı gənclərə diqqət və
qayğısını əsirgəmir
Ölkəmizi
beynəlxalq müsabiqə və festivallarda uğurla təmsil
edən daha altı ifaçı Azərbaycan Respublikası
Prezidentinin xüsusi təqaüdünə layiq
görülüb
Qloballaşmanın
vüsət aldığı müasir dövrdə Azərbaycanda
istedadlı yeniyetmə və gənclərin
yaradıcılıq imkanlarının üzə
çıxarılması, inkişaf etdirilməsi, onların
müxtəlif beynəlxalq müsabiqə və festivallarda fəal
iştirakını təmin etmək istiqamətində
müxtəlif tədbirlər, maraqlı layihələr həyata
keçirilir. Etiraf edək ki, istedadların üzə
çıxarılması, onların cəmiyyətdə
uğur qazanması üçün diqqət və
qayğı vacib amildir. Azərbaycan dövləti bu sahədə
yetişən nəslə hər zaman dəstək olur.
Sənət yolunda ilk addımlarını
atan istedadlı yeniyetmə və gənclər
üçün xüsusi Prezident təqaüdünün təsis
olunması da bunun bariz nümunəsidir. Dövlət
başçısının 2012-ci il 29 mart tarixli sərəncamı
ilə daha altı nəfər adları, Azərbaycanın gənc
istedadlarının “Qızıl kitabı”na yazılmaqla, Azərbaycan
Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə
layiq görülüblər. Bunlar Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyası nəzdində Orta
İxtisas Musiqi Məktəb-studiyasının şagirdləri
Murad Abasov, Vüsalə Babayeva, Ənvər Kərimov,
Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər
adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin
şagirdləri Günay Ağalarova və Məhərrəm
Hüseynli, Abşeron rayon Xırdalan şəhər Uşaq
Musiqi Məktəbinin şagirdi Atabala Manafzadədir.
Azərbaycan incəsənətini,
musiqisini dünyaya tanıtmaqda ilk uğurlarını
qazanmış bu gənclərlə oxucularımızı
daha yaxından tanış etmək istərdik.
* * *
Leopold və Mstislav Rostropoviçlər
adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi Bakı
şəhərinin qabaqcıl təhsil müəssisələrindəndir.
Prezident təqaüdünə layiq görülmüş Məhərrəm
Hüseynli 2003-cü ildə Ə.Bədəlbəyli
adına Musiqi Məktəbinə daxil olub. 2006-cı ildən
Bakı Musiqi Akademiyasında dosent Svetlana Mirzəyeva-Əhmədovanın
sinfində vokal dərsləri alır. 2009-cu ildən Leopold və
Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik
Musiqi Məktəbində oxuyur. Həmin il S.Yesenin adına
müsabiqə-festivalda qalib olub. İlk uğuru onu sevdiyi sənətə
daha da bağlayıb. Dövlət Filarmoniyasında Rauf
Abdullayevin rəhbərliyi altında Dövlət Simfonik Orkestrdə
debütü də diqqəti cəlb edib.
Bundan sonra Ukraynanın Odessa şəhərində
keçirilən “Dəniz bürcü-günəş, gənclik,
gözəllik” adlı X beynəlxalq festival-müsabiqədə
uğur qazanıb: “Həmin müsabiqədə I mükafata
layiq görüldüm. Bu yaxınlarda isə Moskvada Sergey
Lyferkusun “Biz opera oxuyuruq” adlı V beynəlxalq müsabiqənin
diplomantı oldum. Əlbəttə ki, bütün bu nailiyyətlər
tək mənim zəhmətimin nəticəsi deyil. Buna
görə ilk növbədə müəllimlərimə
minnətdaram, mənim bu sənətdə
bacarığımın üzə
çıxarılmasında göstərdikləri dəstəyə
görə onların hər birinə “çox sağ olun”
deyirəm. Eyni zamanda biz gənclərin yaradıcılıq
imkanlarının inkişafı üçün yaradılan
şəraitə görə ölkə rəhbərliyinə
dərin təşəkkürümü bildirirəm”.
* * *
Günay Ağalarova da Leopold və
Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik
Musiqi Məktəbində təhsil alır. İlk musiqi təhsilinə
fortepiano ixtisası üzrə Zaretta Çecemovanın sinfində
başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə respublikada keçirilən müsabiqələrdə
kiçik və böyük yaş qruplarında dəfələrlə
fərqlənib. Beynəlxalq müsabiqələrdə
uğurları az deyil. 2008-ci ildə Belarusun paytaxtı Minskdə
keçirilən V Beynəlxalq Delfi Oyunlarında
"Professionallıq" nominasiyası üzrə diplom
alıb. 2010-cu ildə Litvanın Kaunas şəhərində
gənc musiqiçilərin XIX beynəlxalq festivalında Azərbaycanı
təmsil edərək Kaunas Simfonik Orkestri ilə birgə və
solo ifalarla çıxış edib. Ötən il
İtaliyanın Bari şəhərində keçirilən
Pyetro Argento adına Beynəlxalq Musiqi Müsabiqəsində I
yerə layiq görülüb. Bu ilin əvvəllərində
isə Çexiyanin Pilzen şəhərində keçirilən
B.Smetana adına beynəlxalq piano müsabiqəsinin
diplomantı olub: “Prezident təqaüdünə layiq
görüldüyümü, adımın gənc
istedadların «Qızıl kitabı»na
düşdüyünü eşidəndə hədsiz dərəcədə
sevindim. Mənə göstərilən diqqətə,
qayğıya bundan sonra da layiq olmağa
çalışacağam. Çalışacağam ki, beynəlxalq
müsabiqələrdə Azərbaycanı uğurla təmsil
edim. Sənət yolunda əldə etdiyim uğurlara görə
müəllimlərimə minnətdaram”.
* * *
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasında
təhsil alan Vüsalə Babayeva 1997-ci ildə Bakıda
doğulub. Musiqiyə uşaqlıqdan həvəs göstərib:
“Valideynlərim məndə olan marağı görüb məni
musiqi məktəbinə yazdırdılar. Altı
yaşım olanda Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasında
Ayişə Əliyevanın fortepiano sinfinə qəbul
olundum. Hazırda məktəbin 9-cu sinfində təhsil
alıram. Adımın gənc istedadların «Qızıl
kitabı»na düşməsini eşidəndə çox
sevindim. İnanıram ki, öz üzərimdə daha məsuliyyətlə
çalışıb yeni uğurlar əldə edəcəyəm”.
V.Babayeva ilk uğurunu 2006-cı ildə
qazanıb, “Məktəb-studiya-25” Uşaq Musiqi Festivalında
II yer tutaraq laureat adına layiq görülüb. 2007-ci ildə
Qara Qarayev adına gənc pianoçuların IV Bakı Musiqi
Festivalında 3-cü, 2008-ci ildə Qara Qarayevin anadan
olmasının 90 illiyinə həsr olunmuş “Gənc
musiqiçilər təhlil və ifa edir” I Respublika
elmi-ifaçılıq müsabiqəsində 2-ci, 2010-cu ildə
Qara Qarayev adına pianoçuların I beynəlxalq
elmi-ifaçılıq müsabiqəsində 2-ci yeri tutub. Hələlik
ən böyük nailiyyətini isə ötən il
Bolqarıstanın Dobriç-Albena şəhərində
keçirilən “Ümidlər. İstedadlar. Sənətkarlar”
XVI beynəlxalq müsabiqəsində qazanıb, orada I
mükafatla təltif olunub: “Ölkəmiz adına qələbə
əldə etmək çox gözəl hisslərdir. Yenidən
bu duyğuları yaşamaq istərdim”.
* * *
Murad Abasov 2004-cü ildən
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində
Orta İxtisas Musiqi Məktəb-studiyasında Ayişə Əliyevanın
sinfində təhsil alır. Hazırda 8-ci sinif şagirdi olan
Murad 2006-cı ildə “Məktəb-studiya-25” Uşaq Musiqi
Festivalında (II yer), 2007-ci ildə Qara Qarayev adına gənc
pianoçuların IV Bakı Musiqi Festivalında (II yer),
2008-ci ildə Qara Qarayevin anadan olmasının 90 illiyinə həsr
olunmuş “Gənc musiqiçilər təhlil və ifa edir” I
Respublika elmi-ifaçılıq müsabiqəsində (II
yer), 2010-cu ildə Qara Qarayev adına pianoçuların I beynəlxalq
elmi-ifaçılıq müsabiqəsində (I yer)
ifaları ilə fərqlənib.
Bundan əlavə,
P.İ.Çaykovski adına Moskva Dövlət
Konservatoriyasının medalı və UNESCO tərəfindən
verilmiş xüsusi diploma da layiq görülüb. Gənc
istedad deyir ki, adının gənc istedadların «Qızıl
kitabı»na düşməsinə və Prezidentin xüsusi
aylıq təqaüdünə layiq olunmasına görə
çox sevinir. İnanır ki, bundan ruhlanaq daha böyük
uğurlar əldə edəcək.
* * *
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi Məktəb-studiyasının
daha bir şagirdi Ənvər Kərimov 2007-ci ildə truba ixtisası
üzrə Əməkdar artist Vladislav Kuznesovun sinfinə daxil
olub. Ötən dövrdə dəfələrlə konsert
proqramı ilə çıxış edib: “2011-ci ildə
Bakıda keçirilən nəfəs və zərb alətləri
ifaçılarının II Respublika müsabiqəsində
laureat adına layiq görülmüşəm. Həmin ilin
noyabr ayında Bolqarıstanın Stara Zaqora şəhərində
keçirilən VI beynəlxalq müsabiqədə I yeri
qazandım. Ölkə başçısının sərəncamı
ilə adımın Azərbaycanın gənc
istedadlarının “Qızıl kitabı”na daxil edildiyini və
Prezident təqaüdünə layiq
görüldüyümü eşidəndə sevincimin həddi-hüdudu
yox idi. Sevinirəm ki, məktəbdə təhsil
aldığım illər hədər getməyib. Ölkə
başçımıza, müəllimlərimə minnətdarlığımı
bildirirəm. Bundan sonra da mənə göstərilən
etimadı doğrultmağa çalışacağam”.
* * *
Abşeron rayon Xırdalan şəhər
Uşaq Musiqi Məktəbinin VII sinif şagirdi Atabala Manafzadə
müxtəlif festival və müsabiqələrdə uğur
qazanıb. Gənc pianoçuların respublika müsabiqəsində,
ötən ilin noyabr-dekabr aylarında “İstedadlı
uşaqlar” respublika müsabiqəsində, Bakı Musiqi
Akademiyasının təşkilatçılığı ilə
F.Listin anadan olmasının 200 illik yubileyi münasibətilə
keçirilən festival-müsabiqədə, Polşanın Azərbaycandakı
səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin birgə təşkilatçılığı ilə
gerçəkləşən “Şopen-200” müsabiqəsində
qalib olub. 2011-ci ildə V.Spivakov Xeyriyyə Fondunun təşkilatçılığı
ilə keçirilən “Moskva dostları qarşılayır”
VIII beynəlxalq festivalda iştirak edib. Həmçinin Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə MDB ölkələrinin I Uşaq Musiqi Akademiyasında
konsertin və ustad dərslərinin iştirakçısı
olub. Bu ilin fevralında Serbiyada keçirilən Davorin Jenko
adına IX beynəlxalq musiqi müsabiqəsində Atabala
Manafzadə müsabiqə tarixində ilk dəfə olaraq iki
yaş qrupunda mübarizə apararaq müsabiqənin baş
mükafatına layiq görülüb.
Yeniyetmə ifaçı bundan
sonra da ölkəmizi beynəlxalq musiqi tədbirlərində
layiqincə təmsil etmək arzusundadır: “Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə yüzlərlə
gənc kimi mən də bir sıra müsabiqə və
festivallara qatılmışam. Əldə etdiyim uğurlara
görə müəllimlərimə, valideynlərimə
çox minnətdaram. İlk müəllimim İradə
Bağırovaya, həmçinin Kamilla Əmirovaya təşəkkür
edirəm. Ölkə başçısının sərəncamı
ilə adımın Azərbaycanın gənc
istedadlarının “Qızıl kitabı”na yazılması və
Prezident təqaüdünə layiq görülməyim həm
də onların uğurudur. Bundan sonra da
çalışacağam ki, onları yeni nailiyyətlərimlə
sevindirim”.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2012.- 4 aprel.- S. 8.