Azərbaycan
xalçası ümumbəşəri dəyər kimi qorunur
Bu il Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin təşkil olunmasının 45, ilk
ekspozisiyasının açılışının isə
40 illiyi tamam olur
Xalça Azərbaycan incəsənətinin zəngin xəzinəsi,
böyük bir sənət əsəri, xalqımızın
yazılı tarixi, şifahi ədəbiyyatı, musiqisi və
klassik dünyagörüşünün əsas mənbəyidir.
Bu xəzinəni dünya xalqlarına, gələcək nəsillərə
çatdırmaqdan ötrü onları bir yerə toplayıb
qorumaq üçün bir sənət məbədinin
yaranması zəruri idi. Bu məqsədlə xalçaya, sənətə,
milli qürura dəyər, önəm verən insanların təşəbbüsü
ilə 1967-ci ildə Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyi təşkil edildi.
Lakin muzey yalnız ümummilli lider
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra
tam həcmli fəaliyyətə başlamışdır. Mədəniyyətimizə,
onun inkişafına həmişə doğma münasibət
bəsləyən Heydər Əliyevin el sənətinə
göstərdiyi diqqət və qayğının nəticəsində
muzeyin ilk ekspozisiyası 1972-ci il sentyabrın 27-də
açılmışdır. Muzeyin
açılışında şəxsən iştirak edən,
Azərbaycan xalçalarının tarixindən,
texnikasından, kompozisiya və rəng həllindən
dolğun söz açaraq müqayisələr aparan
ümummilli lider xalça sənətinin mahir bilicisi
olduğunu nümayiş etdirmişdi.
Ümummilli liderin dəstəyi sayəsində
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi qısa müddət ərzində
dünyada tanındı. Muzeyə dünyanın hər yerindən
xalçaçı-alimlər gəlməyə
başladı. Onlar etiraf edirdilər ki, elmi araşdırmalar,
təhlillər aparmaq üçün məhz xalça
muzeyinin kolleksiyasına ehtiyac duyurlar.
Heydər Əliyevin dəstəyi
nəticəsində muzeyin toplularının zənginləşdirilməsi
üçün Azərbaycanın Xalq rəssamı, sənətşünas
Lətif Kərimovun rəhbərliyi ilə biz
respublikamızın bölgələrini
qarış-qarış gəzib ekspedisiyalarda iştirak edir, ən
gözəl xovlu və xovsuz xalça və xalça məmulatlarını,
xalçaçılıq alətlərini və s. qiymətsiz
sənət nümunələrini toplayıb onların toxunma
texnikasını, boyanma prosesini, xalçaçılıqla
bağlı adət-ənənələri, mərasim və
şənlikləri, el deyimlərini öyrənirdik.
Hazırda muzey 10 min eksponatdan ibarət
zəngin, unikal kolleksiyaya malikdir. O özündə həm qədim,
həm müasir xalça və xalça məmulatlarını,
milli paltar, tikmə, zərgərlik əşyalarını, dəmir,
daş, taxta üzərində oymaları cəmləşdirib.
Onun zəngin xəzinəsini təşkil edən nadir sənət
əsərləri orijinal nümunələrdən ibarətdir.
Muzeyin ekspozisiyasında təqdim edilən milli sərvətimiz
Azərbaycan incəsənətinin öyrənilməsində
əsas təşkil etməklə yanaşı, xalça və
xalq tətbiqi sənətinin tarixini, bədii əhəmiyyətini,
texnoloji çeşidini özündə əks etdirir, bu bənzərsiz
sənət növünün ümumbəşəri mədəniyyətlə
əlaqəsini göstərir. Burada Azərbaycanın
xalça və xalça məmulatlarının növləri,
tarixi dövrləri, Quba, Şirvan, Bakı, Gəncə,
Qazax, Qarabağ və Təbriz klassik toxuculuq məktəblərinin
fərdi ənənələri, metal məmulatları, milli
geyim və bədii parça nümunələrinin sonsuz
çeşidləri diqqətə çatdırılır.
Muzeyin ekspozisiyasında
toxuculuğun müxtəlif üsullarını, toxunma
növünü, onların sirlərini öyrənmək və
əyani tanış olmaq olar.
Azərbaycanın mədəni
irsinin xaricdə təbliğ edilməsi məqsədilə
muzey respublikada və 30-dan artıq xarici ölkədə
xalça və xalq tətbiqi sənətinə aid sərgilər
təşkil etmişdir. Bunların sırasında Fransa,
Avstriya, İsveç, Danimarka, Belçika, Hindistan, Yaponiya,
İsrail, Böyük Britaniya, Kuba, İran, Hollandiya, Kamboca,
Madaqaskar, İtaliya, Türkiyə və s. ölkələri
göstərmək olar.
Son beş ildə xarici ölkələrdə
- Mərakeşdə, Almaniyanın Berlin, Drezden şəhərlərində,
Səudiyyə Ərəbistanında, İtaliyanın Roma
şəhərində keçirilən Azərbaycanın mədəniyyət
günləri çərçivəsində muzey tərəfindən
təşkil olunan sərgilər xalça sənətimizin
bir daha tanıdılmasında əhəmiyyətli rol
oynamışdır.
Muzeyin ekspozisiyasında mütəmadi
olaraq görkəmli sənətkarların, klassiklərin
yubileyləri qeyd olunur.
2011-ci ildə Nizami Gəncəvinin
870 illik yubileyi ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin sərəncamına əsasən,
muzeydə “Xalçalarda Nizami dünyası” adlı sərginin
təşkili Azərbaycan dekorativ-tətbiqi sənətinin, o
cümlədən xalça sənətinin bir başqa
yönümdən canlandırılmasına səbəb oldu.
Sərgidə şairin əsərlərindəki obrazlar və
motivlərin əks olunduğu xalçalar, tikmələr,
metal və çini qablar nümayiş olunurdu. Sərginin eyni
adlı videoçarxı dənizkənarı Milli Parkda təqdim
edildi.
Azərbaycan xalçaları, o
cümlədən Qarabağ xalçaçılıq məktəbinə
məxsus çeşnilərin qorunması, təbliği və
tədqiqi sahəsində muzeyimizin “Şuşa muzeyi”
filialı mütəmadi işlər aparır. 1987-ci ildə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri
ilə Şuşa şəhərində
açılmış Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyinin ”Şuşa
muzeyi” filialı, əfsuslar olsun ki, işğal olunmuş digər
bölgələrimizin mədəniyyət ocaqları kimi
köçkün həyatı yaşayır. Muzey 1992-ci ildən
fəaliyyətini Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində davam etdirir. Mütəmadi olaraq muzeydə təşkil
olunan daxili və səyyar sərgilərdə
tamaşaçılara “Azərbaycanın Şuşa
xalçaları və onun əsas bəzək elementləri”
adlı ekskursiyalar aparılır. Hər il “Tariximizin unudulmaz
səhifələri” adlı tədbirdə Şuşa,
Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl,
Füzuli, Qubadlı, Zəngilan, Xankəndi şəhərlərinin
anma günləri qeyd edilir.
2011-ci ilin iyul ayında muzeydə
Vaşinqtonda fəaliyyət göstərən “Qarabağ
Fondu”nun nümayəndəsi ilə görüş təşkil
edilmişdir. Görüşdə Qarabağ
xalçalarının qorunması, təbliği və
inkişafı sahəsində bir çox məsələlər
müzakirə olunmuş, muzey və “Azərbaycan
xalçaçıları” İctimai Birliyi tərəfindən
gələcək əməkdaşlıq proqramı, birgə
memorandum imzalanmışdır.
Muzeyin 45 illik fəaliyyəti
dövründə təşkil etdiyi Azərbaycan
xalçası üzrə beynəlxalq konfranslar xüsusilə
diqqətəlayiqdir. 1983-cü ildə UNESCO-nun dəstəyi
ilə keçirilən Azərbaycan xalçaları üzrə
beynəlxalq simpoziumun açılış mərasimində
ümummilli lider Heydər Əliyev iştirak etmişdi.
Böyük öndərin uzaqgörən siyasəti sayəsində
simpoziumda dünyanın görkəmli xalça mütəxəssisləri,
alimləri, mədəniyyət və incəsənət
xadimləri iştirak edərək, mədəniyyətimizin
incisi olan Azərbaycan xalçasına bələd olub, onu
daha yaxından tanımaq imkanı əldə etdilər.
Bu ənənənin davamı
olaraq 1988, 2003-cü illərdə Bakıda, 2007-ci ildə
Parisdə Azərbaycan xalçaları üzrə beynəlxalq
simpoziumlar keçirilmişdir. Həmin tədbirlərdə
Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, İran,
Rusiya, Türkmənistan, İtaliya, Almaniya və s. ölkələrdən
tədqiqatçı-alimlər iştirak etmişlər.
Bütövlükdə Azərbaycan
mədəniyyətinin Avropaya inteqrasiyası sahəsində
ölkəmizdə uğurlu iş aparılır. Muzey daima
beynəlxalq tədbirlərə dəvət olunur. Təkcə
ötən il muzey əməkdaşları bir neçə
beynəlxalq konfrans və seminarda - İsveçin Stokholm
şəhərində keçirilən Şərq
Xalçaları üzrə 12-ci Beynəlxalq Konfransda
(İCOC) “Azərbaycan xalçalarında konsentrik rəmzlər”,
Tiflisdə “Mədəniyyətlərin müxtəlifliyi -
Muzeylərdə mədəniyyətlərarası dialoq”
adlı beynəlxalq elmi konfransda “L.Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin kolleksiyası”, Macarıstanın paytaxtı
Budapeştdə təşkil olunan “III Respublikanın 20 ili”
mövzusunda beynəlxalq elmi konfransda “Mədəniyyətlərarası
dialoq: Azərbaycan xalçaları Böyük İpək
Yolunda” adlı məruzələr ilə
çıxış etmişlər. Türkiyənin Konya
şəhərində keçirilən III Beynəlxalq
Türk Əl Toxumaları (Tekstil) və Ənənəvi Sənətlər
Konqresində muzey Türkiyənin Səlcuq Universiteti tərəfindən
“2011-ci ilin bilim və sənətə katkı
ödülü” ilə təltif olunmuşdur.
Muzey 2007-ci ilin dekabrında elmi
status almış və burada elmi-tədqiqat şöbəsi
təsis edilmişdir. Şöbədə fəaliyyət
göstərən AMEA-nın müxbir üzvü, elmlər
doktorları, fəlsəfə doktorları muzeyin topluları
üzərində tədqiqat işləri aparırlar.
Muzeyin Elmi Şurasında
muzeyşünaslıqla yanaşı, elmi-tədqiqat işləri
də müzakirə və təhlil olunur.
Muzey 2008-ci ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyası tərəfindən aparıcı təşkilatlar
sırasına daxil edilmişdir. Bir əməkdaşımız
Ali Attestasiya Komissiyasında ekspert komissiyasının
üzvüdür.
Muzeyin nüfuzlu elmi mərkəz
kimi tanınması onun beynəlxalq miqyasda ekspert kimi
çıxış etməsinə imkan verir.
Elmi status aldıqdan sonra muzey milli
mədəni irsin təbliğatı və elmi tədqiqatlar
istiqamətində mühüm işlər həyata
keçirir. Bizim elmi tədqiqatlar təkcə
xalçaçılığı deyil, bütün xalq sənətlərini
əhatə edir. Bu sahədə uğurlarımız
çoxdur.
Məhz buna görə muzeyin
ünvanına xarici tədqiqatçılar, şəxsi
qalereyalar, muzeylər tərəfindən onlarda saxlanılan əşyaların
elmi atribusiyasına (sənət əsərinin əsli və
ya saxta olmasının müəyyənləşdirilməsi
- red.) dair müraciətlər gəlir. Belə ki, Boqdan və
Varvara Xanenko adına İncəsənət Muzeyinin (Ukrayna),
Almaniyada şəxsi qalereyanın, şəxsi
kolleksiyaçı, tanınmış Amerika alimi Raul
Çebulun və başqalarının müraciətləri əsasında
onlarda mühafizə olunan Azərbaycan xalçalarının
yanlış gedən atribusiyası dəqiqləşdirilmiş,
tarixi və işlənmə texnikası müəyyənləşdirilib,
məlumatlar sözügedən muzey və şəxslərə
təqdim edilmişdir. Məsələn, Boqdan və Varvara
Xanenko adına İncəsənət Muzeyində mühafizə
olunan 1327 B.V., 1326 B.V., 1325 B.V. ¹-lı adsız qeydiyyata
alınmış xalçaların adı haqqında məlumat
verilmiş, yanlış olaraq erməni xalçası adı
altında qeydiyyata alınan 1322 B.V. xalçasının
adı dəqiqləşdirilərək Qazax məktəbinin
“Dağkəsəmən” xalçası olduğu, səhv
olaraq “Bico” adlandırılmış 1324 B.V. xalçasının
adı dəqiqləşdirilərək Quba məktəbinin
“Sumax” xalçası olduğu bildirilmişdir.
(davamı var)
Röya Tağıyeva,
sənətşünaslıq
doktoru,
professor,
L.Kərimov
adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin
sədri, “Azərbaycan xalçaçıları” İctimai
Birliyinin sədri
Mədəniyyət.- 2012.- 4 aprel.-
S. 6.