“Ləyaqət
hücrəsi”
Xalq
yazıçısı, Dövlət mükafatı
laureatı İlyas Əfəndiyevin həyat və
yaradıcılığından bəhs edən yeni sənədli
film belə adlanır
XX əsr
Azərbaycan ədəbiyyatının klassiklərindən
sayılan Xalq yazıçısı İlyas Əfəndiyev
o xoşbəxt sənətkarlardandır ki, onu tez-tez anmaq,
xatırlamaq, yada salmaq üçün səbəblər
çoxdur. Çünki onun yaradıcılığı Azərbaycan
ədəbiyyatının və mədəniyyətinin
ayrılmaz bir parçasıdır.
Martın 30-da “Azərbaycan
Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində
İlyas Əfəndiyevin həyat və
yaradıcılığından bəhs edən “Ləyaqət
hücrəsi” sənədli filminə baxış oldu. Tədbirdə
baş nazirin müavini, Xalq yazısı Elçin, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci
müavini Vaqif Əliyev, nazir müavini Ədalət Vəliyev,
“Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri”
QSC-nin sədri, millət vəkili Arif Alışanov, Mədəniyyət
və İncəsənət Universitetinin rektoru, Əməkdar
incəsənət xadimi, professor Timuçin Əfəndiyev,
tanınmış mədəniyyət və incəsənət
nümayəndələri iştirak edirdi.
“Azərbaycantelefilm”
Yaradıcılıq Birliyində istehsal olunan filmin ssenari
müəllifi sənətşünaslıq doktoru, professor
İlham Rəhimli, rejissoru Tariyel Vəliyev, operatoru Mətləb
Yaqubovdur.
Filmdə qüdrətli nasir və
dramaturqun həyat və yaradıcılığı tarixi
faktlarla tamaşaçılara təqdim olunur. “Kənddən
məktublar”ın ədəbiyyat körpüsü”, “Teatrla
İlyas Əfəndiyevin nağılı”, “Siz həmişə
bizimləsiniz”, “Unuda bilmərik...”, “Məhv olmayan gündəliklər”,
“Geriyə müdrik baxışlar”, “Dünya dünya
içində”, “Babalıq kürsüsü” bölmələrindən
ibarət olan filmdə AzTV-nin arxiv materiallarından istifadə
olunub. Mətni Xalq artisti Laləzar Mustafayeva və aktyor
Elşən Rüstəmov səsləndiriblər.
Filmin nümayişindən sonra mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev
çıxış edərək, dövlətin mədəniyyətə
diqqət və qayğısından söz açdı, mədəniyyətimizin
təbliğində televiziyanın rolundan, qısa müddətdə
böyük tamaşaçı rəğbəti qazanan “Mədəniyyət”
kanalının uğurlarından danışdı. Nazir ədəbiyyatımızda,
mədəniyyətimizdə xüsusi yeri olan İlyas Əfəndiyevin
həyat və yaradıcılığından bəhs edən
filmi yüksək dəyərləndirdi. İlyas Əfəndiyev
bütün yaradıcılığı boyu əbədi
mövzulara müraciət etdiyi üçün onun
yaradıcılığının bütün zamanlar
üçün müasir olduğunu bildirdi. Qeyd olundu ki, hər
il milli teatr mövsümü İlyas Əfəndiyevin Akademik
Milli Dram Teatrında “Hökmdar və qızı” əsəri
əsasında hazırlanan “Qarabağnamə” tamaşası
ilə açılır və Qarabağ torpağı
düşmən tapdağından azad olunanacan bu ənənə
davam edəcək. Nazir uğurlu ekran əsərinə görə
televiziyanın rəhbərliyini və yaradıcı heyəti
təbrik etdi.
Xalqının yaddaşında böyük abidə
Tədbirdə
çıxış edən filologiya elmləri doktoru,
professor Nizaməddin Şəmsizadə səmimi bir filmin
araya-ərsəyə gəlməsində əməyi olan yaradıcı
kollektivə təşəkkürünü bildirdi. Qeyd etdi
ki, filmin uğuru onun obyekti, mövzusu ilə
bağlıdır: “Böyük şəxsiyyətlər,
dahi insanlar öz yaradıcılıqları ilə
xalqının yaddaşında böyük bir abidə qoyub
gedirlər. Onlar haqqında söz demək də, film çəkmək
də çətindir. Çünki hər kəsin
yaddaşında İlyas Əfəndiyevin özünəməxsus,
böyük bir obrazı var. Necə edəsən ki,
hamının sevdiyi İlyas Əfəndiyevi bir daha hamıya
sevdirəsən? Bu film isə tarixin qəbul etdiyi, Azərbaycan
xalqının özünə mənəviyyat zirvələrindən
hesab etdiyi İlyas Əfəndiyev haqqında səmimi, nəğmə
kimi bir filmdir”.
Xalq artisti, professor Amaliya Pənahova
da Azərbaycan Dövlət Televiziyasında İlyas Əfəndiyevin
həyat və yaradıcılığından bəhs edən
filmin çəkilməsini yüksək dəyərləndirdi.
Son illər Azərbaycan televiziyasında ədəbiyyatımıza,
tariximizə, teatrımıza, kinomuza daha çox yer
ayrıldığını qeyd etdi: “Bu film bizi yenidən
İlyas Əfəndiyevli günlərimizə qaytardı. Mən
öz sənət həyatımda İlyas Əfəndiyevin
dramaturgiyasına borcluyam. İlyas Əfəndiyevin 15 əsərində
baş rolu ifa etmişəm”. Xalq artisti İlyas Əfəndiyev
fəlsəfəsini, dünyagörüşünü
açmaq üçün onun haqqında bundan sonra da filmlər
çəkiləcəyini qeyd etdi, yaradıcı qrupun zəhmətini
yüksək dəyərləndirdi.
Məhəbbət,
sevgi dolu film
Mərasimdə
çıxış edən ədibin oğlu, Xalq
yazıçısı Elçin Azərbaycan
Televiziyasının rəhbəri Arif Alışanova, filmin
yaradıcı heyətinə - ssenari müəllifi İlham Rəhimliyə,
rejissor Tariyel Vəliyevə dərin təşəkkürünü
bildirdi: “Bu filmi səciyyələndirən bir sözə ehtiyac
olsaydı mən deyərdim ki, səmimiyyət. Həqiqətən
çox səmimi, məhəbbət, sevgi dolu bir filmdir. Bu da
filmin obyektinin şəxsiyyətindən irəli gəlir.
İlyas Əfəndiyev bütün şəxsiyyəti
etibarilə son dərəcə səmimi bir insan idi.
Bütün içi sevgi ilə dolu idi. Buna görə də
həmin səmimiyyəti, sevgisi, məhəbbəti ilə 60
illik yaradıcılığında sənətə, ədəbiyyata,
mədəniyyətə xidmət etdi. Bu, Azərbaycan ədəbiyyatından,
Azərbaycan yazıçısının həyatından,
yaradıcılığından bəhs edən bir filmdir”.
Xalq yazıçısı sonda Əfəndiyevlər
ailəsi adından tədbir iştirakçılarına təşəkkürünü
bildirdi.
Təranə
Vahid
Mədəniyyət.- 2012.- 4 aprel.-
S. 5.