Beynəlxalq
Uşaq Kitabı Günü
qeyd olundu
Aprelin 2-də Firudin Köçərli
adına Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq
Kitabı Gününə həsr olunmuş tədbir
keçirildi. Tədbiri giriş sözü ilə
kitabxananın direktoru Fizurə Quliyeva açaraq, bu
günün tarixindən danışdı. Qeyd olundu ki, Beynəlxalq
Uşaq Kitabı Günü görkəmli Danimarka
nağılçısı Hans Kristian Andersenin anadan
olmasının 200 illiyi münasibətilə 1967-ci ildən
qeyd olunur: «Beynəlxalq Uşaq Kitabı Şurasının təsis
etdiyi bu günü hər il dünyanın müxtəlif
ölkələrində uşaq müəssisələri,
kitabxanalar qeyd edirlər. Biz də bu günü hər il qeyd
edirik. Onu da bildirim ki, bu il biz Beynəlxalq Uşaq Kitabı
Şurasına üzv olmuşuq. Bu, çox böyük bir təşkilatdır.
Təşkilat uşaq yazıçılarını,
şairləri, nasirləri, uşaq rəssamlarını təbliğ
etməyi qarşısına məqsəd qoyub. Şuraya
üzv olmaqda biz də bu işə töhfə vermək istəyirik”.
Tədbir çərçivəsində
“Milli Uşaq Kitabı Sərgisi”nin
açılışı oldu. Kitabxananın direktor
müavini Zahirə Dadaşova bildirdi ki, sərginin təşkilində
məqsəd uşaqları ölkəmizdə çap olunan
yeni uşaq ədəbiyyatı ilə tanış etməkdir:
“İstəyirik ki, ictimaiyyətin diqqətini kitaba yönəldək.
Uşaqlar, valideynlər sərgiyə gəldikləri zaman tək
kitablarla deyil, onların müəllifləri ilə də
tanış olurlar».
Sərgidə müxtəlif mövzularda - “Nağıllar aləmində”, “Azərbaycan - muğam dünyasına səyahət”, “Xalq yaradıcılığı paytaxtları-2012”, “Tarix - keçmişdən gələcəyə”, “Yeddi rəngli kəmərim”, “Sənin maraq dünyan” və s. mövzularda kitablar nümayiş olunur.
Uşaq yazıçılarından Sevinc Nuruqızı, Gülzar İbrahimova, Zahid Xəlil, Oqtay Rza və digərlərinin iştirak etdiyi tədbirdə daha sonra məktəblilər milli rəqslər, kitaba həsr olunmuş şeirlər təqdim etdilər. Uşaqlar arasında viktorina keçirildi. Sərgi iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edildi.
Uşaq kitabı sərgisi aprelin 7-dək davam edəcək.
Gülər
Mədəniyyət.-
2012.- 4 aprel.- S. 5.