“Həyat tamaşa kimi...”

 

   Aprelin 2-də Gənc Tamaşaçılar Teatrında Əlilliyi olan Uşaq və Gənclərin İnteqrativ Tamaşalarının VI Milli Festivalı keçirildi.

  

   Festival 2006-cı ildən başlayaraq “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyi və “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd əlilliyi olan insanların teatral yaradıcılığının inkişafına dəstək vermək, bu insanlar üçün “xüsusi” teatrların yaradılmasına kömək etməkdir.

   Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin rəhbəri Validə Abbasova bildirdi ki, “xüsusiteatr anlayışı əlilliyi olan insanlar üçün ayrıca teatrın yaradılması demək deyil: “Çünki belə olsaydı biz yenə də əlilliyi olan insanları cəmiyyətdən təcrid etmiş olardıq. Bu səbəbdən də biz dünya təcrübəsinə əsaslanaraq çalışırıq ki, hər il festivala Azərbaycanda əlilliyi olan uşaq və gənclərin inkişafı və cəmiyyətə inteqrasiya sahəsində fəaliyyət göstərən müxtəlif reabilitasiya mərkəzlərini və ictimai qurumları cəlb edək. Bu işbirliyi nəticəsində isə onlar öz növbələrində əlilliyi olan istedadlı uşaq və gənclərdən ibarət yaradıcılıq kollektivlərinin geniş auditoriya qarşısına çıxışlarını təşkil edir. Biz bu insanları da öz çevrəmizə almalıyıq. 2006-cı ilədək müxtəlif tədbirlər, əl işləri sərgisi və s. keçirirdik. 2006-cı ildən təşkil etdiyimiz teatr festivalı daha uğurlu alındı. Bu il festivalda Azərbaycanın müxtəlif regionlarından 10 əlil uşaq təşkilatı iştirak edir. Festival çərçivəsində 450-dək iştirakçı Azərbaycan və dünya ədəbiyyatı nümunələri əsasında səhnələr təqdim etməklə yanaşı, həm də cəmiyyətə müxtəlif ismarıclarla səslənəcəklər. Onu da qeyd etmək istərdim ki, bu gün əlil uşaqlara dövlətimiz tərəfindən böyük dəstək var. Heydər Əliyev Fondu bu uşaqların ehtiyaclarını ödəyə biləcək bütün lazımi köməkliyi göstərir”.

   Festivalın digər təşkilati dəstəkçiləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “ButaHumanitar Uşaq Fondu, sponsoru isə “Simrella” şirkəti idi.

   Festivalda müxtəlif dövlət və özəl qurumların, xarici və beynəlxalq təşkilatların, həmçinin səfirliklərin nümayəndələri iştirak edirdi.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2012.- 4 aprel.- S. 4.