Reklam mədəniyyəti: reallıqlar və perspektivlər

 

   I Bakı Beynəlxalq elmi-praktiki konfransı başa çatdı

  

   Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Reklamçılar İttifaqının təşkilatçılığı ilə keçirilən “Reklam mədəniyyəti - reallıqlar və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış” mövzusunda I Bakı Beynəlxalq elmi-praktiki konfransı martın 30-da işini başa vurdu.

  

   İki gün davam edən konfransda Azərbaycan nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, İran, Gürcüstan, Britaniya, CAR və s. ölkələrdən reklam və marketinq mütəxəssisləri iştirak edirdilər.

   Konfransın ikinci günündə “Hilton” hotelində və Qafqaz Universitetində Azərbaycan və xarici reklam mütəxəssisləri ustad dərsləri keçdilər. “Hilton” hotelində keçirilən tədbirdə çıxış edən Azərbaycan Reklamçılar İttifaqının prezidenti, professor Hacıəmi Atakişiyev ölkəmizdə reklam sahəsində vəziyyət və perspektivlər, konfransın əhəmiyyəti barədə danışdı.

   Xarici qonaqlardan Stefan Ryden (İsveç), Sergey Pilatov (Rusiya), Mehmet Beyhan (Türkiyə), Ənvər Yuldaşov (Özbəkistan), Hesam Al-Sabbahy (Britaniya), Ahmed Syed İmran (BƏƏ), Maksim Lazebnik (Ukrayna), Karlos Yepez (İspaniya) çıxış etdilər. Məruzəçilər reklamın turizmin inkişafında rolu, reklam etikası, reklam qanunları, reklamda sosial məsuliyyət prinsiplərindən, öz ölkələrindəki reklam qanunlarından bəhs etdilər.

   Mütəxəssislər seçilmiş mövzu ətrafında fikirlərini bölüşməklə yanaşı, gənc mütəxəssisləri maraqlandıran sualları da cavablandırdılar. Onlara dəyərli məsləhətlər verdilər.

   Tədbirin ikinci hissəsində Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli çıxış edərək, konfransın ilkin yekunları ilə bağlı fikirlərini bildirdi: “Həyat sürətlə inkişaf edir. Bununla birlikdə insan təfəkkürü də inkişaf edir. Reklam həyatın simasıdır. İnkişaf varsa, reklam da bu inkişafa sürət verir. Azərbaycanın Qobustan, Qız Qalası, Atəşgah kimi mədəni sərvətləri var. İstəyirik ki, bu özünəməxsusluğu dünyaya tanıdaq. Güman edirik ki, reklamla məşğul olan insanlar bunu diqqətdə saxlayacaq. Azərbaycanda reklamın inkişafına böyük diqqət var. Ölkəmiz bu konfransda təcrübə mübadiləsini ortaya qoydu”.

   Ekspert Kübra Əliyeva reklam fəaliyyətinin xüsusiyyətlərindən söz açdı. Onun sözlərinə görə, Azərbaycan məhsullarını dünya bazarına çıxarmağın yolu həm də bu malların düzgün reklamın təşkilindən asılıdır: “Biz öz mallarımızı düzgün reklam edə bilmirik».

   Çıxışlardan sonra konfransın qətnaməsi oxundu. Sənəddə bildirilir ki, mədəniyyətlərin dialoqu qloballaşan dünyanın qarşıdurmalarını və anlaşılmazlıqlarını aradan qaldıra biləcək yeganə vasitədir. İqtisadi inkişafın ayrılmaz parçası olan reklam-marketinq strategiyalarının mədəniyyətlə sıx rabitəsi yeni dünya düzənində cəmiyyətlərin dəyərlər sisteminin qlobal dünyaya inteqrasiyasına töhfə verə bilər. Qətnamədə reklamda qanunvericiliklə bağlı bir sıra təkliflər də irəli sürülürdü.

   Sonra reklam işi sahəsində fəaliyyət göstərən mütəxəssislərə, turizm şirkətlərinin rəhbərlərinə, bu sahədə təhsil alan tələbələrə diplom, fəxri fərman və xatirə hədiyyələri təqdim olundu.

   

 

   Mehparə

 

   Mədəniyyət.- 2012.- 4 aprel.- S. 3.