Qayalarda yaşayan tarix
Rus
müəllifin yüz il əvvəl Qobustan haqqında
yazdığı kitab dəyərli məlumatlar mənbəyidir
Tarixən
Azərbaycana gəlib-getmiş əcnəbi səyyahlar, tacirlər,
diplomatlar və yazıçıların ölkəmiz
haqqında söylədikləri fikirlər, qələmə
aldıqları səyahətnamələr, memuarlar
yaxın-uzaq keçmişimizi arayıb-araşdırmaq, tədqiq
etmək baxımından dəyərli tarixi bir mənbədir.
Belə qaynaqlardan biri də 1903-cü ildə Tiflisdə
K.P.Kozlovskinin mətbəəsində “Rus İmperiyası
Coğrafiya Cəmiyyəti Qafqaz Şöbəsinin qeydləri”
rubrikası altında dərc olunan “Bakı quberniyası
Şamaxı qəzasının Qəbristan polis sahəsi
haqqındakı bəzi məlumatlar” kitabıdır.
Müəllif Fyodor Alekseyeviç
Deminski XIX əsrin əvvəllərində ozamankı
Bakı quberniyasının Şamaxı qəzasında sahə
pristavı vəzifəsində çalışıb. Vəzifəsi
ilə də əlaqədar olaraq bu qədim diyarı kəndbəkənd
gəzib dolaşıb. Bölgə haqqında, onun
coğrafiyası, tarixi və etnoqrafiyası ilə
bağlı yerli əhalidən, həm də rəsmi mənbələrdən
olduqca dəyərli məlumatlar, rəngarəng faktlar əldə
edib. Topladığı materialları sonralar kitab şəklində
çap etdirir. Kitabda Şamaxı şəhərindən cənub-şərqdə
yerləşən, xalq arasında həm də Mərəzə
adı ilə tanınan (hazırda bu bölgə Qobustan rayonu
adlanır) coğrafi ərazi haqqında dəyərli məlumatlar
yer alıb.
Maraqlı cəhət odur ki, o,
Qobustan toponimini “qəbristan” şəklində traktovka edərək
bu adın “qəbirlər olan yer” mənasında olduğu qənaətinə
gəlib. Müəllif yazır: “Qəbristan sözü qəbrlər
olan yer deməkdir. Doğrudan da bu yerlərin istər düzənlik,
istərsə də dağlıq olan hissələrində bu
günümüzədək gəlib çatan çoxlu sayda
qədim və tarixi bəlli olmayan daşlar, qəbirlər
var”.
Deminski eyni zamanda qeyd edir ki, bu ərazilər
yerli sakinlər arasında ən qədim zamanlardan ərazi
planlarında və xəritələrində olduğu kimi
“çala-çuxurlu, dərə-təpəli yer” mənasını
verən “qobu və stan”, yəni çoxlu qobular olan ərazi
mənasında işlənməkdədir.
“Bakı quberniyası Şamaxı
qəzasının Qəbristan polis sahəsi haqqında bəzi
məlumatlar” kitabı üç əsas hissədən ibarətdir.
Kitabda Qobustan etnoqrafiyası, toponimikası haqqında
maraqlı elmi məlumatlar toplanıb. Nəşrdə həmçinin
Böyük Qafqaz, Lənbəgiz dağ silsilələri,
Şahdağ, Babadağ yüksəklikləri, bu ərazidən
axıb keçən Pirsaatçay, Qozluçay, Ataçay,
Cəngiçay, Sumqayıtçay, habelə təbii bulaqlar
- Qırxbulaq, Qələndər bulağı, Nabur
bulağı, Böyük bulaq, Kiçik bulaq, Xaltava bulaq və
digər şirin su mənbələri, Şərqdə ta qədim
zamanlardan su anbarı kimi istifadə olunan ovdanlar və kəhrizlərdən
söz açılır. Müəllifin apardığı
çoxillik tədqiqatın məhsulu olan kitabda Qobustanın
təbiəti, su hövzələri, geoloji xüsusiyyətləri,
landşaftı barədə də əhatəli məlumatlar
verilib.
Kitabın ən maraqlı bölmələrindən
biri yerli köçəri heyvandarların - tərəkəmə
və padarların həyat və məişəti ilə
bağlı məlumatlardır. Müəllif bu barədə
yazarkən əsasən öz şəxsi tədqiqatlarına,
müşahidələrinə, görüb öyrəndiyi adət-ənənələrə,
yaylaq və qışlaq həyatına əsaslanıb. O,
köçəri heyvandarların məişətinin
bütün incəliklərini böyük bir ustalıqla qələmə
alıb.
Qobustan kəndlərindən
söz açan müəllif buradakı ərəb mənşəli
elatlar barədə məlumatlar verir. Kitabda Qobustanın
müasir dövrümüzədək gəlib çatan bir
çox yaşayış məskənləri, o cümlədən
Ərəbqədim, Ərəbuşağı, Ərəbşalbaş,
Ərəbşamlı kimi yaşayış məntəqələri,
burada yaşayan insanların məşğuliyyətləri,
dünyagörüşləri, adət və ənənələrindən
söz açılır.
Nəşrdə bir vaxtlar
Rusiyanın mərkəzi quberniyalarından olan Qafqaza, o
cümlədən Azərbaycana sürgün olunan molokanlar barədə
də maraqlı məlumatlar yer alıb. Deminskinin
yazdığına görə, molokanlar Qobustanda çar
Yekaterina zamanından məskunlaşıblar. Astraxanka,
Qızmeydan, Xılmilli, Dzerjinovka, Rus Mərəzəsi,
Kirovka, Maryovka, Çuxuryurd molokanlarının sıx məskunlaşdıqları
yaşayış məntəqələri olub.
Onu da qeyd edək ki, Qobustan barədə
yazılmış bu kitabda tarixi hadisələr, əfsanə
və rəvayətlər, folklor nümunələri, qədim
inanc və etiqadlarla əlaqədar da xeyli rəngarəng
faktlar təsvir olunub. Bu materialların içərisində
yerli əhalinin yüz illər boyu inanıb etiqad etdikləri
pir və ziyarətgahlar haqqında da söz
açılır. Ərazidəki Pirmərəz, Sofu Həmid,
Diri Baba və digər ziyarətgahlar haqqında kitabda
maraqlı fikirlərə rast gəlmək
mümkündür.
Ötən əsrin əvvəllərində
əcnəbi tədqiqatçı tərəfindən qələmə
alınan kitab elmi və tarixi baxımdan bu gün də əhəmiyyətini
saxlamaqdadır. Nəşr ötən əsrin əvvəllərində
Azərbaycanda sahibkarlıq ənənələrini, milli əkin-biçin
mədəniyyətinin öyrənilməsi baxımından dəyərli
mənbədir.
Savalan Fərəcov
Mədəniyyət.-
2012.- 6 aprel.- S. 15.