Öz zəmanəsinin ümummilli
areal-aynası
“Molla Nəsrəddin” - 106
O tay-bu tay Azərbaycanın və
Yaxın Şərqin uzaqvuran qələm-artilleriyası
Vaxt gələcək, bu
başlığın üstündəki rəqəm -
müddət göstəricisi dəyişib “1006”, “2006”, “3006”
artımları ilə yazılacaq. “Axır-zaman” olmasa, bu rəqəmlər
çoxalmaqda davam edəcək, əvvəlindəki ad -
“Molla Nəsrəddin” isə əbədi qalacaq. “Bu qala bizim
qala, Qaldıqca bizim qala” bayatısındakı maddiliklər
haçansa aşınacaq, yeniləri inşa ediləcək,
bu mənəvi qala isə, doğrudan da, dünya “qaldıqca
bizim qala”caq. Yanında da öz memarı - böyük söz
ustadı, cəfakeş qələm atası, öz
dövründəki kütlənin nadanlıq, cəhalət
xilaskar-butası Cəlil Məmmədquluzadə...
“Molla Nəsrəddin»i zaman
özü yaratdı”...
Bunu Cəlil
Məmmədquluzadə özü deyirdi. Bu jurnalın -
hamı tərəfindən məhz onun öz təşəbbüsü,
təsisçiliyi, naşirliyi ilə meydana gəldiyi etiraf
edilən əvəzsiz Mirzəsi - baş yazarı deyirdi. O
jurnal ki, onu - bu dahi hekayənəvis, dahi
yazıçı-dramaturq və dahi ziyalını xalqa dahi
jurnalist kimi də təqdim etdi.
Millətin ərzi-hal Mirzəsi
Qoca Şərqin
müdrik təfəkkür təmsilçisi, lətifələr
kanı, baməzəlik rəmzi, şifahi
“yazıçı”sı - Molla Nəsrəddin ötən əsrin
əvvəllərindən dahi Mirzəmizin - Cəlil Məmmədquluzadənin
(habelə onun əqidə və qələmdaşlarının)
timsalında bu xalqların yazan əlinə, yozan qələminə,
qoşub-düzən təfəkkürünə
çevrildi. 1907-ci il aprelin 7-də - düz 25 il - öndə
Azərbaycan olmaqla, türk-müsəlman dünyasına milli
əxlaq aşılayan, bu böyük arealın mədəni-mənəvi
aləmini işıqlandıran “Molla Nəsrəddin”
jurnalı işıq üzü gördü. Gürcüstan
paytaxtında ədəbi-bədii və xüsusən mətbu
dünyaya göz açan məcmuə “Tiflis, 7 aprel” adlı
ilk məqalə-bəyannaməsilə “bizi deyib gəlməyə”
başladı.
Bu məcmuəyə
digər jurnallar ayağından yanaşıb, “nəşr
edilməyə”, “çıxmağa” başladı demək
günah olardı. Bu jurnal çaxmağa başladı!
Niyə Bakıda yox, Tiflisdə?..
Bunun bir
sıra “tarixi-müqəddəm” səbəblərilə
yanaşı, elə həmin jurnalda çıxan “Dəmdəməki”
sərlövhəli felyetonda ərz edilən “əmma”ları
da vardı. O Dəmdəməki ki, böyük Mirzə Cəlil
jurnal səhifələrində bu təxəyyül qəhrəmanı
ilə tez-tez “məktub”laşır, belə-belə mükamilələşirdi:
“Ay Dəmdəməki, bu nə zadlardı sən yazıb
göndərirsən bizə? Bəs heç fikirləşmirsənmi
ki, mən də ehtiyatsızlıq edib, bunları məcmuəmizdə
çap edərəm (guya çap etmir, ha!), Bakı
qoçuları da namusa dolub çıxararlar
tapançanı və səni orda və sonra da gəlib məni
burda qanımıza qəltan edərlər?!”
“Mən də
ehtiyatsızlıq edib, bunları məcmuəmizdə
çap edərəm”... Bu publisistik priyomun fərqinə
vardınızmı, əziz oxucular? Bakıda baş verən
eybəcərliklər, “qadın taifəsi” ilə (xüsusən,
azyaşlı qızlarla) bağlı problemləri
bütün detalları ilə çap etdikdən sonra
“çap edərəm”?!.
Daha bir səbəbi
onun dahi məsləkdaşı Üzeyir bəy Hacıbəylinin
bir felyetonundan da görmək olar: “Başqa ölkələrdə
qəzet bağlansa, noolar? Biri deyər: - Vay, kor oldum! Biri deyər:
- Vay, kar oldum! O biri deyər: - Vay, lal oldum! Bəs bizdə qəzet
bağlansa, nə olar? Heç zad. Bir məşədi digərinə
deyər: - Məşədi, bəs şorumuzu nəyə
büküb satacağıq?”
Bütün xalqlar içərisindən gedənlərin
doxsan doqquz faizi öz vətənlərindən birdəfəlik
getmək fikri ilə gedir. Onların küsüb gedəni,
xoş güzəran üçün, keyf-damaq,
paxır-pıxırından qaçmaq, repressiya-depressiyalardan
can qurtarmaq üçün gedəni olur. Bizim ümummilli Mirzəmiz
isə gəlmək üçün - böyük gəliş
üçün getmişdi.
Bəs, kimləri deyib gəlmişdi?..
Bu Mirzə
özündən öncə, milyonlarla evə, beyinə, mənəviyyata
astaca-ustaca daxil ola bilən bir elçi göndərmişdi.
Bütün maddi-humanitar yardımların fövqündə
olan təkrarsız milli-mənəvi “yardım”ını -
“Molla Nəsrəddin”ini yollamışdı.
“Sizi deyib gəlmişəm,
ey mənim müsəlman qardaşlarım!”
Bu “müsəlman
qardaşlar” yalnız elə qəzet-jurnal oxumaq kimi “qeyri-vacib
işlər”i buraxıb “daha vacib əməllər”in (xoruz
döyüşdürmək, it boğuşdurmaq, hamamda yatmaq
və s.) dalınca gedən “keçəl-keçəllər”dən
ibarət idimi? Yox, onlar həm də “bir boynuyoğun, yekəqarın
adam görən kimi, onu məmur, qorxulu bəndə hesab edib
oturduğu yerdən dik atılıb, təzim edən “ən
ayıq, ən xoşbəxt” müsəlmanlar (“İrəvan
müsəlmanları”), bütün milli, xəlqi dərdləri
unudub, üstünə milçək ləkəsi
düşmüş bir ərəb əlifbası hərfinin
məna dəyişiminin (uşaq “olub”, yoxsa “ölüb”?!)
“çort”una getmiş “həriflər”
(“Nigarançılığın sonu”), beş-üç il
Rusiyada yaşayıb, geri qayıdarkən ağzıdualı
anasına küftə əvəzinə “qofta” bişirməyi
təklif edən “abrazovannı”lar idi. Bu dərdlərin ən
obrazlı izharı isə böyük jurnalist-publisistin
“Meşədə gördüklərim” felyetonunda əks
olunub: “Bir əcnəbi redaksiyamıza gəlib, Şirvan
bölgəmizdən silsilə yazılar hazırlamaq istəyilə
məcmuəmizin vəsiqəsini istədi. Verdik. Getdi və
tez-tez yazılar göndərməyə başladı. Onun məqalələrinin
mövzusu müxtəlif olsa da, başlıqları eynidir:
“Meşədə gördüklərim...”
Böyük Mirzəmiz təkcə öz “meşəliklərimiz”lə
yox, yaxın-uzaq cəngəl-əngəlliklərlə də
məşğul olurdu. Məsələn:
“Russkoye
znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə
bil yapondan qorxur.
Keçən
nömrələrin birində həmin qəzet
yazmışdı ki, “Baxçasaray şəhəri
İstanbul ilə münasibətdədir, İstanbuldan
göndərilmiş siyasi agentlər yuvasıdır.
Qəhvəxanalarda,
məktəblərdə sultanın şəkli divarlara
asılır, dəri qalpaq əvəzinə Osmanlı fəsləri
geyirlər. Xülasə, xəyanət tədarükü
görülür”.
Bu rəhmətliyin
oğlu İsmayıl bəyin də işi-gücü
qurtarıb, “Tərcüman”ın 14-cü nömrəsində
başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana
çıxarmağa.
Və lakin
Qasprinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya” və
onun cəmi ... başlı firqədaşları indi indiyə
kimi Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər,
amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub
gördülər ki, bu millətin içi boşdur.
Məsələn,
bir camaatın ki ticarət sinfinin rəisi ola S.M.Toppuzov, - o
camaatın içi boşdur.
Bir millətin
ki, üləmasının başçısı ola Xəlil,
Əbdürrəhman, Hacı Əmir, Həbibulla, Mustafa, Seyid
İbrahim, Ağa Mir Kərim, Axund Məhəmməd
Bağır, - o millətin içi boşdur.
Gələk
bələdiyyə rəislərinə. Süleyman Mirzə
Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri
görmək istəməz.
Qafqazın
hər nə qədər xanzadə və dövlətli
mülkədarı var, - hamısının cavan
uşaqları dərslərini yarımçıq qoyub,
hökumətə ixlas ilə qulluq eləməkdədirlər
ki, on üç ildən sonra bir nişana sahib olsunlar.
Bəylərimiz
və xanlarımız mülklərindən hər il on min
manat mədaxil ola-ola, naçalnik divanxanasında mirzəlik
eləyirlər ki, bir kokardalı böyük görəndə
baş yendirsinlər.
Budur bizim
işlərimiz, biz buyuq. Amma özgələr bizi bir şey
hesab edir.
Mən
ölüm üstünü açma.
“Molla Nəsrəddin”,
9 aprel,
1911
Milli Mirzəmizin Milli
ocağı...
Bəli,
Mirzə Cəlilin “Molla Nəsrəddin”i millətin milli
ocağı idi. Bu ocağın başına canları millətin
çeşid-çeşid problemlərindən buz
bağlamış ədiblər, ziyalılar, ictimai dərd
ortaqları, ictimai qələm əhli toplaşırdı.
Bunlar kimlər idi? Böyük Mirzənin səsinə ilk səs
verən Ömər Faiq Nemənzadə başda olmaqla, Mirzə
Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli
Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid
Ordubadi, Mirzəli Möcüz və başqaları.
Bu jurnal
dövrün universal nəşriyyatı rolunu
oynayırdı. Müəlliflər, oxucular, bütün dərd-sərlilər
ürək-diləklərindən keçən hər mətləbi
bu xiridar “nəşriyyat”da çap etdirirdilər. Bu məhsulların
hər biri də ümumxalq mənəviyyat-mədəniyyət
“bazar”ının baş matahı dəyərində, milli səhhət
mahiyyətində idi.
Sabir yuxulu
gəncliyə səslənirdi:
“Qah-qah! Nə
yaman yatdı bu oğlan, ölüb, ə!
Tərpənməyir
üstündəki yorğan, ölüb, ə!”.
Əli Nəzmi
yazırdı:
“Dil” var ikən,
gəlin “lisan” deməyək,
Döndərib
farscaya “zəban” deməyək.
Ərəbi
göndərək öz evlərinə,
Farsa da -
qal bizdə “mehman” deməyək.
Bu
jurnalın nəinki təkcə o dövr qədir-qiymətini,
habelə perspektiv şan-şöhrətini bilən məşhur
alman və polyak rəssamlar - O.Şmerlinq və İ.Rotter də
“Molla Nəsrəddin”çi olmaqdan qürur duyurdular.
Böyük soydaşımız Əzim Əzimzadə isə
“Molla Nəsrəddin”dəki işlərilə həm də
milli karikatura yaradıcılığımızın
bünövrəsini qoydu, banisi oldu.
“Molla Nəsrəddin”
bütün nəşri dövründə o çağ
yaradıcılarımız üçün - yuxarıda
dediyim kimi - ən universal nəşriyyat, ümummilli
auditoriya, tribuna, müasir radio-televiziya rolunu oynadı.
Dövrün digər qəzet və jurnallarından fərqli
olaraq, “Molla Nəsrəddin”də çap edilən, imzası
görünən müəllifin milli dəyəri, milli təəssübkeşliyi
birmənalı qarşılanır və bu gün də eləcə
dəyərləndirilir. O vaxta qədər də az
yazmamış Mirzə Ələkbər Sabirin bu gün
başqalarından seçib-sevdiyimiz Sabirə çevrilməsinin
də əsas səbəbkarı məhz “Molla Nəsrəddin”
idi.
1906-cı
ildən Tiflisdə alovlanan bu Azərbaycan dilli, dünya misilli
ocağımız 1918-ci ildə öz doğma vətəninə
- Bakıya qayıtdı. 1921-ci ildə sovet-bolşevik küləyindən
sönmə ehtimalı ilə Təbrizə
köçdü. 1922-ci ildə yenidən Bakı... Və
1931-ci ilə - böyük naşirin vəfatına qədər
burada nəşr edildi. Tiflisdə 340, Təbrizdə 8,
Bakıda 400 sayı çıxdı.
Saylarının sayı-hesabı bəlli olsa da, mənəvi-mədəni
qədir-qiyməti, milli oyanışımızda
oynadığı rolu intəhasız olan bu jurnal haqda bir qəzet
səhifəsində bundan artıq nə demək olardı ki,
“qoca Molla Nəsrəddin”, uca Mirzə Cəlil?!.
Tahir Abbaslı
Mədəniyyət.- 2012.- 6 aprel.-
S. 10.