Məhəbbətə etiqad edən sənətkar

 

   Bakıda Özbəkistanın Xalq rəssamı Akmal Nurun sərgisi

  

   Aprelin 4-də Azərbaycan Milli İncəsənət Muzeyində Özbəkistanın Xalq rəssamı, Özbəkistan Rəssamlıq Akademiyasının sədri, akademik Akmal Nurun rəngkarlıq əsərlərindən ibarət “Mən məhəbbət dininə etiqad edirəm” adlı sərgisi açıldı.

  

   Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu, Özbəkistan Mədəniyyət və İncəsənət Fondunun birgə təşəbbüsü ilə təşkil olunub.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva sənətkarı fərdi sərgisinin açılışı münasibətilə təbrik etdi, rəssama mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin salamlarını çatdırdı. Akmal Nurun əsərlərində milliliyin, dərin mədəniyyətin qorunub saxlanıldığını vurğulayan nazir müavini rəssama yeni yaradıcılıq uğurları arzuladı.

   Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov sənət nöqteyi-nəzərindən rəssamın yanaşma tərzini yüksək qiymətləndirdi. Azərbaycan və Özbəkistan milli mədəniyyətlərində ortaq cəhətlərin çox olduğunu bildirən Ö.Eldarov iki ölkə sənətkarlarının professional əməkdaşlığının gələcəkdə də davam edəcəyinə ümid etdiyini dedi.

   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov Akmal Nurun əsərlərinin dərin qatlarında musiqinin, poeziyanın olduğunu diqqətə çatdırdı.

   Özbək rəssam çıxış edərək, sərginin təşkilinə görə minnətdarlığını bildirdi. Əsərlərində daha çox qadın gözəlliyinə önəm verən rəssam bildirdi ki, onun üçün məhəbbət hər hissdən ucadır. Rəmzlərə daha çox üstünlük verən rəssam üçün nar ailə, balıq təmizlik, alma məhəbbəti ifadə edir. Azərbaycanın qədim rəssamlıq məktəbinin olduğunu deyən A.Nur yaradıcılığına milli incəsənət məktəbinin də təsir etdiyini dedi.

   Sonra sərgiyə baxış keçirildi. Sərgidə rəssamın son beş ildə yaratdığı 40-dan çox əsəri nümayiş etdirilir. “Leylək yuvası”, “Yor-Yor”, “Təsəlli”, “Ötən günlər”, “Qızılgül ətri”, “İşgəncə və sevinc”, “Ürəklərin görüşü”, “Aktaş melodiyası” və s. əsərləri diqqət çəkirdi.

   Sərgi aprelin 10-dək davam edəcək.

  

 

   Reyhan

 

  Mədəniyyət.- 2012.- 6 aprel.- S. 8.