“Əfsanələr
paytaxtı”nda tədbirlərə start verildi
Mədəniyyət
və Turizm Nazirliyinin «Azərbaycanın Xalq
Yaradıcılığı Paytaxtları» Proqramına əsasən,
2012-ci il üçün «Azərbaycanın Əfsanələr
Paytaxtı» elan edilən Gədəbəydə tədbirlərə
start verilib. Aprelin 5-də rayon mərkəzində “Əfsanələr
Paytaxtı” təqdimatı keçirilib.
Rayon Mədəniyyət və
Turizm Şöbəsində keçirilən təqdimat zəngin
və maraqlı tərtibatı ilə diqqət çəkib.
«Gədəbəy - Azərbaycanın Əfsanələr
Paytaxtı - 2012» tədbirlər planının təqdimatı
7 bölmədən ibarət olub. «Arxeoloji əfsanələr»,
«Memarlıq əfsanələri», «Turizm əfsanələri»,
«Siemens əfsanələri», «Saz - söz əfsanələri»,
«Əfsanə həmyerlilər» və «Qəhrəmanlıq əfsanələri»
bölmələrində rayonun tarix və mədəniyyətini
əks etdirən 500-dək fotoşəkil, müxtəlif illərdə
mətbuat səhifələrində dərc olunmuş
yazılar, kitablar nümayiş etdirilib.
Tədbiri Gədəbəy Rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədova
açaraq, sakinləri Gədəbəyin mədəni-ictimai
tarixində ilk dəfə keçirilən bu möhtəşəm
bayram münasibətilə təbrik edib. Şöbə
müdiri bildirib ki, «Azərbaycanın Xalq
yaradıcılığı Paytaxtları» layihəsi 2010-cu
ildən həyata keçirilir: «Biz də ilk ildən bu
böyük mədəniyyət layihəsinə xüsusi
maraq göstərirdik. 2010-cu ildə Gəncə, 2011-ci ildə
Şabran şəhərlərində “Əfsanələr
Paytaxtı” nominasiyası üzrə keçirilən tədbirləri
izləyib öz imkanlarımızı araşdırdıq və
rayonumuzun bu layihədə iştirak etməsini qərara
aldıq. Təkliflərimizi Mədəniyyət və Turizm
Nazirliyinə təqdim etdik, nominasiya tələblərinə uyğun
olaraq əhatəli tədbirlər planı hazırladıq və
nominasiyanın qalibi olduq”.
Şöbə müdiri bildirdi ki,
hazırlanmış tədbirlər planında tarixi abidələrlə
bağlı sərgilər, turizmlə bağlı infoturlar,
konfranslar, konsertlər, görüşlər, müsabiqə
və disputların keçirilməsi nəzərdə
tutulub: “Gədəbəyin “Azərbaycanın Əfsanələr
Paytaxtı” elan edilməsi rayonumuzun böyük mədəniyyət
hadisəsidir. Biz təbiəti, tarixi-mədəni irsi ilə
məşhur olan bu dağlıq rayonumuzun əfsanələrini,
keçmişini, indisini məhz bu tədbirlərlə daha
geniş, daha aktual səviyyədə təqdim edəcəyik”.
Gədəbəy Rayon İcra
Hakimiyyətinin başçısı Kamran Rzazadə bildirib
ki, bu gün rayon ictimaiyyəti üçün tarixi-mədəni
əhəmiyyətli gündür. O, Gədəbəy
rayonunun 2012-ci ildə «Azərbaycanın Əfsanələr
Paytaxtı» elan edilməsini Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən onlara göstərilən
böyük etimad kimi qəbul etdiklərini deyib: “Gədəbəy
əfsanələri yaşadan bölgədir. Burada Qız
qalası, Koroğlu qalası, Mahrasa məbədi, Siemenslərin
tarixi izləri, arxeoloji abidələr silsiləsindən tarixi
abidələr məxsusi yer tutur. Gədəbəy turizm
baxımından da perspektivli rayondur. Ümid edirik ki, 2012-ci il ərzində
rayonumuzda keçiriləcək silsilə tədbirlər Gədəbəyin
zəngin tarixini, mədəniyyətini və turizm
imkanlarını daha yaxından tanıdacaq».
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət
Nuriyev bildirib ki, artıq üçüncü ildir
keçirilən «Azərbaycanın Xalq
Yaradıcılığı Paytaxtları» layihəsi
özünü yüksək səviyyədə doğruldur.
Şöbə müdirinin sözlərinə görə,
respublikanın bütün bölgələrində bu fəxri
ad uğrunda rəqabət gedir: “Çünki layihə
rayonların mədəni inkişafına müsbət təsir
göstərir. Rayonlarda Mədəniyyət və Turizm
Nazirliyinin köməyi ilə müxtəlif tədbirlər
keçirilir. Azərbaycanın 2012-ci il üçün əfsanələr
paytaxtı seçilmiş Gədəbəy rayonunda il ərzində
müxtəlif tədbirlərin təşkili nəzərdə
tutulur».
Gədəbəy Rayon Mədəniyyət
Evinin direktoru Etibar Əliyev rayonda ilboyu keçiriləcək
tədbirlər barədə tədbir
iştirakçılarına ətraflı məlumat verib.
Sonra rayon İH
başçısı Kamran Rzazadə «Azərbaycanın Əfsanələr
Paytaxtı» nominasiyasının kuboku və diplomunu rayon mədəniyyət
və turizm şöbəsinin müdiri Fazilə Məmmədovaya
təqdim edib. Tədbir iştirakçıları «Gədəbəy
- Azərbaycanın Əfsanələr Paytaxtı - 2012» sərgisi
ilə tanış olublar. Sonda konsert proqramı təqdim
edilib.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 6 aprel.- S. 8.