Milli müxtəliflik və mədəniyyətlərarası
dialoq məkanı
Fikrət Babayev: “Milli azlıqların mədəniyyətlərinin,
adət-ənənələrinin qorunması bizim
üçün çox vacibdir”
Şərqlə Qərbin kəsişməsində,
Böyük İpək Yolunun üzərində yerləşən
ölkəmiz qədimdən çoxsaylı xalqların birgə
yaşadığı məkan olub. Hazırda Azərbaycanda
talış, kürd, ləzgi, tat, rus, ukraynalı, tatar,
gürcü, ingiloy, avar, yəhudi, alman, yunan - ümumilikdə
20-dən çox millətin nümayəndəsi
yaşayır, onların mədəni cəmiyyətləri fəaliyyət
göstərir.
Üç dini konfessiyanın -
İslam, xristian və iudaizmin nümayəndələri
dövlət tədbirlərində iştirak edirlər. Mədəni
müxtəlifliyin dəstəklənməsi və
qorunması Azərbaycanın dövlət siyasətində
öz əksini tapıb. UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli “Mədəni
özünümüdafiə müxtəlifliyinin qorunması
və təşviqi haqqında Konvensiya»ya uyğun olaraq, Azərbaycanda
yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti,
incəsənəti, adət-ənənələrinin və
dilinin qorunub saxlanılması üçün məqsədyönlü
iş aparılır. Prezident İlham Əliyevin 2009-cu il 26
noyabr tarixdə imzaladığı qanunla ölkəmiz
sözügedən konvensiyaya qoşulub.
Azsaylı xalqların mədəniyyətinin
inkişafına dəstək
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayevin sözlərinə görə, Azərbaycanda
yaşayan milli azlıqların, etnik qrupların mədəni
müxtəlifliyinin dəstəklənməsi, mədəni
irsinin qorunması və təbliği ilə bağlı
müxtəlif layihələr həyata keçirilir. Bu
xüsusda ən böyük tədbir Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
iki ildən bir keçirilən «Azərbaycan - doğma diyar»
adlı azsaylı xalqların respublika festivalıdır:
“Artıq üç festival keçirmişik. Milli
azlıqların özfəaliyyət kollektivlərini, sənət
ustalarını bir araya gətirən festival çərçivəsində
müxtəlif tədbirlər keçirilir, azsaylı
xalqların mədəniyyətinə dair mövzular üzrə
dəyirmi masalar təşkil olunur və burada Azərbaycanın
görkəmli alimləri, ölkədə fəaliyyət
göstərən mədəniyyət mərkəzlərinin
rəhbərləri iştirak edirlər. Bundan başqa,
azsaylı xalqların həyat tərzinə, mədəniyyətinə,
məişətinə dair fotosərgilər təşkil
edilir, bu sərgilər xaricdə də nümayiş olunur.
2009-cu ildə belə bir fotosərgi UNESCO-nun mənzil qərargahında
keçirilmişdi”.
Bu tədbirlər bir daha göstərir
ki, dövlətin azsaylı xalqların mədəniyyətinin
inkişafına verdiyi dəstək onlara stimul verir. Söhbət
əsnasında F.Babayev bildirdi ki, azsaylı xalqlarla
bağlı mədəni layihələr ilk dəfə həyata
keçirilməyə başlayanda yerlərdəki incəsənət
kollektivləri elə də peşəkar səviyyədə
deyildi. Lakin göstərilən diqqət və
qayğının, aparılan işin nəticəsində
artıq peşəkar şəkildə formalaşan ansambllar
meydana gəlib: «Son illər həm rayon icra hakimiyyətləri,
həm də rayonların mədəniyyət və turizm
şöbələri bu sahəyə diqqəti
artırıblar. Ansambllara yeni səhnə kostyumları tikiblər,
proqramları genişləndirilib. Artıq bu kollektivlər o qədər
yüksək səviyyəyə çatıblar ki, onları
dünyanın bir çox ölkələrinə müxtəlif
beynəlxalq tədbirlərə göndərə bilirik. Bu da
milli azlıqların mədəniyyətinin inkişafına əlavə
stimul verir. Məsələn, «Suvar» ləzgi rəqs
ansamblı Türkiyədə, Masallının «Halay» folklor rəqs
ansamblı Rusiyalf, Macarıstanda və Türkiyədə səfərlərdə
olub. Lerikin «Uzunömürlülər» rəqs
ansamblını da ötən il Türkiyəyə festivala
göndərdik. Digər ansamblların da müxtəlif
festivallarda iştirakını dəstəkləyirik.
Onların çıxışları yaxşı nəticələr
verir. Zaqatalada yaşayan avarların «Huduki» ansamblı, Balakənin
avar rəqs ansamblı da öz fəaliyyətləri ilə
seçilirlər. Bütün bunlar bir daha təsdiqləyir
ki, son bir neçə il ərzində bu kollektivlərin
ümumi səviyyəsi çox yüksəlib. Bu da
görülən işlərin nəticəsidir”.
Dünyaya nümunə
Şöbə müdiri onu da
vurğuladı ki, Azərbaycanda yaşayan hər bir etnik qrup,
milli azlıq öz mədəniyyətinin, dilinin, adət-ənənələrinin
qorunmasını istəyir, dövlət bu məsələyə
xüsusi diqqət ayırır: “Qloballaşma gözəldir,
bu, insanları birləşdirir. Amma bu prosesin öz növbəsində
bir mənfi cəhəti də özünü göstərir,
bu da insanların mədəni irsini, bəzən adət-ənənələrini
unutmalardır. Biz isə çalışırıq ki,
ölkəmizdə yaşayan milli azlıqlar öz ənənələrini
yaşatsınlar və Azərbaycan mədəniyyətinin tərkib
hissəsi olan bu xalqların mədəniyyətləri
qorunaraq nəsildən nəslə keçsin. Bu sahədə
Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Təhsil
Nazirliyi, digər qurumlar da müvafiq işlər görür.
Orta məktəblərdə müxtəlif dillərin tədrisi
aparılır ki, bu da milli azlıqların mədəniyyətinin
qorunmasına xidmət edir. Ölkəmizdə gürcü, ləzgi,
rus teatrları yaradılıb. Eyni zamanda bu məsələdə
müəyyən bir diferensiasiyaya da diqqət yetiririk. Məsələn,
Azərbaycanda ruslar, gürcülər yaşayır. Amma
onların özlərinin dövləti var, mədəniyyətləri
inkişaf edir. Elə xalqlar da var ki, onlar azsaylıdır, Azərbaycanda,
qonşu ölkələrin ərazisində yaşayırlar.
Onların mədəniyyətlərinin, adət-ənənələrinin
qorunması çox vacibdir. Biz artıq bu xalqlarla
qaynayıb-qarışaraq bir ailə kimi yaşayırıq.
Amma tutaq ki, onlara məxsus mətbəx xüsusiyyətləri
və ya digər fərqli adət-ənənələr var
ki, onun da qorunub saxlanılmasında maraqlıyıq”.
Azərbaycanda
tarixən bütün xalqlara, mili azlıqlara və etnik
qruplara eyni - normal münasibət bəslənib. Ermənistanın
hərbi təcavüzü çoxsaylı problemlər
doğursa da, Azərbaycan dövləti ardıcıl və
düzgün milli siyasət yeridib, milli azlıqların
hüquqlarının təminatı sahəsində
mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən
atılan məqsədyönlü addımlar dinindən, millətindən
asılı olmayaraq, Azərbaycan xalqının bütün
dövrlərdə mehriban ailə, dost, qardaş olaraq
yaşamaq ənənələrini daha da möhkəmləndirib.
F.Babayevin sözlərinə
görə, Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası
dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm
də milli səviyyədə həyata keçirilən tədbirlər
ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla
yanaşı, xalqımızın milli həmrəyliyini daha
da möhkəmləndirir və Azərbaycanı mədəniyyətləri
qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim
edir: «Bakıda Avropa və dağ yəhudiləri
üçün iki yeni sinaqoq, o cümlədən Roma katolik
kilsəsi tikilib istifadəyə verilib. Rus pravoslav kilsəsi əsaslı
bərpa olunub, Bakı və Azərbaycan yeparxiyasına yeni
iqamətgah və monastr üçün kompleksin
inşası məqsədilə yer ayrılıb. Bir sözlə,
Azərbaycan dövlətinin apardığı milli siyasət
göstərir ki, xalqlar bir-biriləri ilə mehriban yaşaya
bilərlər və bu baxımdan ölkəmiz dünyaya
nümunədir”.
Gələcək planlardan da
danışan şöbə müdiri yeni festivalların,
azsaylı xalqlarla bağlı müxtəlif tədbirlərin
keçiriləcəyini bildirdi: «Bu il Masallı Azərbaycanın
”Folklor paytaxtı” elan edilib. Bu münasibətlə nazirliyin dəstəyi,
rayon icra hakimiyyətinin təşəbbüsü ilə
Masallıda böyük beynəlxalq folklor festivalı
keçiriləcək, orada müxtəlif ölkələrdən
gələn kollektivlər çıxış edəcəklər.
Azsaylı xalqların kompakt yaşadıqları bölgələrdə
- Balakən, Zaqatala, Qusar və digər rayonlarda tədbirlər
keçirməyi planlaşdırırıq. Güman edirəm
ki Mədəniyyət və Turizm Nazirliyi ilə
yanaşı, Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi, yerli icra hakimiyyəti orqanları də bu sahəyə
diqqətlərini əsirgəməyəcəklər».
Mehparə
Mədəniyyət.-
2012.- 6 aprel.- S. 5.