Nəzakət
Teymurova “Muğam” albomunu təqdim etdi
Aprelin 4-də Beynəlxalq Mətbuat Mərkəzində
Xalq artisti Nəzakət Teymurovanın İtaliyanın “Filmay”
musiqi şirkəti tərəfindən hazırlanan musiqi
albomunun təqdimat mərasimi keçirildi.
Mərasimdə bildirildi ki, albomun
Avropanın bir neçə ölkəsində
yayılması nəzərdə tutulur. Bu, Azərbaycan
musiqisinin, muğamımızın təbliğinə töhfə
olacaq.
Xalq artisti bildirdi ki, alboma daxil olan
bir neçə mahnı artıq bəzi ölkələrin
radiolarında səslənir. Britaniya, İtaliya, Fransa mətbuatında
dəfələrlə müğənni barədə məqalələr
dərc olunub. Almaniyanın ”Qlobalize”, “Vord Beat”,
İspaniyanın “Mundofonşas” radiolarında səslənən
“Aşiqəm” mahnısı xüsusilə böyük
marağa səbəb olub. Xalq artistinin ifası hər iki
ölkənin radiosunda “ayın ən gözəl səsi”
sırasına düşüb.
Albomda yer alan musiqi nömrələrində
Xalq artistini “Xarı bülbül” muğam qrupu (tarda Əməkdar
artist Əliağa Sədiyev, balabanda Əməkdar artist
Şirzad Fətəliyev, kamançada Elnur Mikayılov,
nağarada Kamran Kərimov) müşayiət edir.
O da qeyd olundu ki, albomun yaxın
günlərdə İtaliyada təqdimatı olacaq. Aprelin 15-22-də Xalq artistinin İtaliyada solo konserti də nəzərdə tutulub. Aprelin 29-da isə xanəndə
Bakıda muğamsevərləri
öz füsunkar səsinin cazibəsinə
salacaq.
Qeyd edək ki,
“Muğam” albomu Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb. Bu işdə UNESCO-nun eksperti,
musiqişünas Sənubər
Bağırovanın xüsusi
əməyi olub.
Alboma “Xaric segah” dəsgahı,
“Bayatı Şiraz” muğamı, Əməkdar
artist Əliağa Sədiyevin
solo ifası, “Aşiqəm”
mahnısı daxildir.
Diskdə Azərbaycan muğamları
və musiqisi haqqında üç dildə (ingilis, italyan, fransız) maraqlı məlumatlar yerləşdirilib.
Lalə Azəri
Mədəniyyət.-
2012.- 6 aprel.- S. 4.