Mədəniyyət və turizm şöbələrinin müdirləri üçün ixtisasartırma kursları

 

   Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri üçün kurslar keçirir. Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərinin də iştirak etdiyi ixtisasartırma kursları aprelin 2-də başlanıb. Mərkəzin direktoru Ramazan Şabanovun verdiyi məlumata görə, kurslar iki mərhələdə gerçəkləşəcək: “İlk mərhələyə aprelin 11-də yekun vurulacaq. Kursların təşkilində məqsəd rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirlərini nazirliyin məsul şəxsləri ilə görüşlərinin, fikir mübadiləsinin aparılmasını təşkil etməkdir”.

 

   Mərkəz direktorunun sözlərinə görə, kurslarda nəzəri məsələlərə də yer ayrılıb, dinləyicilərə kulturologiya, mədəniyyət siyasəti, mədəniyyətin idarə olunması, dövlət idarəçiliyi nəzəriyyəsindən mühazirələr oxunacaq. Kursların ikinci mərhələsi aprelin 16-dan 25-dək davam edəcək.

 

   * * *

 

   Aprelin 5-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanovun ixtisasartırma kurslarında iştirak edən mədəniyyət və turizm şöbələrinin müdirləri ilə görüşü oldu. Aparat rəhbəri görüşdə respublikamızın mədəni həyatında baş verən dəyişikliklər, görülən işlər barədə geniş məruzə etdi. Qeyd olundu ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də mühüm layihələr, dövlət proqramları həyata keçirilir. İncəsənət sahəsində gerçəkləşən böyük layihələrdən söz açan natiq Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Festivalını, Qəbələ Beynəlxalq Musiqi Festivalını xüsusi qeyd etdi. Bildirdi ki, hər il dünyanın məşhur musiqiçilərini bir araya gətirən Qəbələ festivalı Azərbaycanın regionlarının da uğurlu inkişafından xəbər verir.

   Aparat rəhbəri Azərbaycanın xarici ölkələrdə keçirilən mədəniyyət günlərinin coğrafiyasının da ilbəil genişləndiyini vurğuladı. Bu tədbirlərdə musiqimiz, incəsənətimiz yüksək səviyyədə nümayiş olunur. Bu il İtaliya və Argentinada Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb.

   F.Qurbanov teatrların inkişafından da danışdı: “Son 8 ildə teatrlarda 772 tamaşa, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 159 səhnə əsəri hazırlanıb. Teatr binaları təmir olunur. Bütün bu işlər teatra gələn tamaşaçıların sayının artmasına səbəb olur”.

   Muzey işinin təşkili də mühüm fəaliyyət istiqamətlərindən biridir: “Son illər muzeylərimizin sayı artıb. Yeni yaradılan muzeylərə misal olaraq Lerikdəki Uzunömürlülər Muzeyini qeyd edə bilərəm. Hər bir rayonun özünəməxsus cəhətləri, fərqliliyi, maraqlı məqamları var. Rayonlarda bu özünəməxsusluğu əks etdirən muzeylər yaradılmalıdır. Muzeylər bütün dünyada mədəniyyətə gəlir gətirən sahədir. Muzeylərə geniş ziyarətçi kütləsinin cəlb olunması bizim üçün də prioritet məsələ olmalıdır”.

   Kitabxanaların fəaliyyətinə toxunan F.Qurbanov bildirdi ki, həyata keçirilən layihələrə baxmayaraq, kitabxana sahəsində hələ də bir sıra problemlər qalmaqdadır. Yerlərdəki bir çox kitabxanalarda kitabxanaçılıq təhsili olmayan insanlar işləyir.

   Aparat rəhbəri kinematoqrafiya sahəsində görülən işlərdən danışdı: «Son dövrlərdə ən inkişaf edən sahələrdən biri kinematoqrafiyadır. Son 8 ildə dövlət sifarişi ilə 70-dən çox sənədli, 26 tammetrajlı film çəkilib. 8 bədii film hazırda istehsaldadır”.

   F.Qurbanov turizm sahəsinin inkişafından da söz açdı. Qeyd olundu ki, ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin, Azərbaycana gələn turistlərin sayı ilbəil artır.

   Aparat rəhbəri görüşdə iştirak edən rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirlərinin suallarını da cavablandırdı.

  

 

   Ceyhun,

 

   Gülər

 

  Mədəniyyət.- 2012.- 6 aprel.- S. 4.