Azərbaycan
Rusiyanın regionları ilə ikitərəfli əlaqələri
genişləndirir
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Çeçenistan
Respublikasının nümayəndə heyəti ilə
görüşüb
Aprelin 4-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev ölkəmizdə səfərdə olan Rusiya
Federasiyası Çeçenistan Respublikasının baş
nazirinin müavini, maliyyə naziri Əli İsayevin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşdü. Görüşdə Azərbaycanla
Çeçenistan arasında mədəniyyət və turizm
sahələrində əməkdaşlığın
perspektivləri müzakirə edildi.
Nazir Əbülfəs Qarayev
qonaqlara ölkəmizin qədim mədəniyyəti, mədəni
inkişafı, turizm potensialı haqqında məlumat verdi. Azərbaycanda
son illərdə mədəniyyətlə bağlı
keçirilən beynəlxalq tədbirlərdən
danışdı. Azərbaycanın Rusiyanın müxtəlif
regionları ilə əlaqələrinin inkişaf etdiyini
vurğulayan nazir ölkəmizin Çeçenistan
Respublikası ilə mədəniyyət və turizm sahələrində
əməkdaşlığa maraq göstərdiyini, bu əlaqələrin
daha da genişləndirilməsi üçün böyük
potensialın mövcud olduğunu diqqətə çatdırdı.
Çeçenistan nümayəndə
heyətinin rəhbəri Əli İsayev təmsil etdiyi
respublikanın iqtisadi imkanlarından danışdı, iqtisadi
imkanlardan istifadə edərək digər sahələrin
inkişafına diqqət göstərildiyini dedi. Bu
baxımdan mədəniyyətin mühüm rolu olduğunu
bildirdi. Qonaq təmsil etdiyi respublikanın investisiya
imkanlarından, sosial sahənin və turizmin inkişafından
da söz açdı. Azərbaycanla Çeçenistan
arasında turizm və mədəniyyət sahələrində
əməkdaşlığın gələcəkdə daha
da genişlənəcəyinə əminliyini bildirdi.
Görüşdə ikitərəfli
əməkdaşlığın hazırkı vəziyyəti,
qarşılıqlı maraq doğuran digər məsələlərlə
bağlı fikir mübadiləsi aparıldı.
Reyhan
Mədəniyyət.- 2012.- 6 aprel.- S. 3.