Azad düşüncənin ilk
mehi və ya uzun yolun
başlanğıcı
Mirzə Fətəli Axundzadə - 200
II
yazı
Axundzadənin ölməz komediyaları
Mirzə Fətəli Axundzadənin 1850-1855-ci illərdə
yazdığı və "Təmsilat" adı altında
birləşən altı dram əsəri Yaxın və Orta
Şərq ədəbiyyatında ədəbi məktəb
formalaşdırdı.
Görkəmli
ədəbiyyatşünas və pedaqoq Firudin bəy
Köçərli Mirzə Fətəlinin ədəbi irsindən
bəhs edərkən bu məqamı xüsusi qeyd edirdi:
“Komediya yazmaq hər bir ədibin işi deyil. Ədəbiyyatın
bu növündə əsərlər vücuda gətirmək
üçün elm və savaddan başqa təcrübə,
bilik və millətin məişətinə ətraflı bələdiyyat
dəxi lazımdır. Bunlardan əlavə fitri bir istedad və
yaradıcı bir qüvvə, bir təbii-füsunsaz,
bistilahi-türki "Allah vergisi" lazımdır ki, bir
yandan görüb-eşitdiyini götürüb yetirə
bilsin və bir tərəfdən öz fikrü xəyalatı
ilə yoxdan var etsin. Bu "Allah vergisi", yoxdan vücuda gətirmək
qüvvəsi mərhum Mirzə Fətəlidə kəmalınca
var imiş. Bu sözlərin doğru olmağına onun
komediyaları möhkəm dəlil və aqil şahiddir".
"Hekayəti-müsyö Jordan həkimi-nəbatat və
dərviş Məstəli şah cadukuni-məşhur"
Mirzə Fətəli Axundzadənin
1850-ci ildə qələmə aldığı ikinci dram əsəri
"Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş
Məstəli şah cadukuni-məşhur" komediyasıdır.
Komediyada hadisələr XIX əsrin
ortalarında Qarabağda cərəyan edir. Tanınmış
fransız botanika alimi müsyö Jordan mülkədar Hatəmxan
ağanın qonağı olur. O, ev sahibinin qardaşı
oğlu Şahbaz bəyi özü ilə Parisə aparmaq,
orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə
kor-koranə riayət edən qohumlar bu səfərin
qarşısını almaq üçün hər cür
hiyləyə əl atırlar.
Əsərdə XIX əsr feodal Azərbaycanında
hökm sürən ətalət və gerilik ifşa edilir.
Müəllif qadınların - Şəhrəbanı
xanım və Şərəfnisə xanımı
avamlığına, hətta kişilərin də onlardan geri
qalmamasına ürək ağrısı ilə
acıyır. Şəhərbanu xanımın Dərviş Məstəli
şahın Parisi dağıdacağına inanması,
Şahbazın Avropaya elm dalınca getməsi ilə
razılaşmaması, yoluna sədd çəkməsi,
Şahbaz bəyin isə “Mənim tay-tuşlarım tamam mərifət
sahibi olub, qulluq edib, xoşbəxt olublar. Mən
qalmışam elə bu qamışlıqda adsız,
sanzıs” deyərək əzmlə mübarizə
aparması, Hatəmxan ağanın “Balam sən hələ
uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl
lazımdır. Bir dil artıq bilməklə ağıl
artmaz” və ya “Sən Parijə getmədən də
müsyö Jordanın söhbətlərinə qulaq asmaqla
oranın əhlinin adət və xəvvasından mütəlle
ola bilərsən” sözlərində Axundzadənin nə qədər
yüksək sənətkarlıqla avamlığı, geriliyi
pisləməsini, dövrünün eybəcərliklərini
bacarıqla qabartması aydın sezmək olur.
"Hekayəti-müsyö Jordan həkimi-nəbatati
və dərviş Məstəli şah cadukuni-məşhur"
əsərində faktları nəzərdən keçirək:
"Allahı sevərsən, öz yanından zad quraltma",
"Parisdə onun nə iti azıbdır?"; "Vallah, ona
bir töv tutaram ki, gəldiyi yolu da azar, özü də
Parisi unudar"; "...analı-qızlı iki pulluq
ağlınız yoxdur", "Papağı çevirərsən,
il gələr keçər", "Tamam Parisin
qızları qurban olsun sənin bir tükünə!"...
Bu cümlə və ya ifadələr dramaturji məqamları
aydın təsəvvür etməyə, obrazın
psixologiyasını duymağa bədii əsas verir.
Komediya ilk dəfə Tiflisdə
«Kafkaz» qəzetində rus dilində hissə-hissə çap
olunur, ilk dəfə Peterburqda rus dilində oynanılır,
sonralar isə milli teatrımızın səhnəsinin ən
uzunömürlü və sevilən əsərlərindən
birinə çevrilir.
Xatırladaq ki, 1976-cı ildə
Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov Mirzə
Fətəli Axundzadənin bu klassik komediyasının motivləri
əsasında “Dərviş Parisi partladır” bədii filmini
çəkiblər. Film milli kinomuzun ən gözəl
nümunələrindən biridir.
“Sərgüzəşti-vəziri-xani-Lənkəran”
Mirzə Fətəli Axundzadə
1850-ci ildə “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
komediyasını yazır. Bu komediyada xanlıq idarə
üsulu komik dillə ifşa olunur.
Bu komediyada dramaturq lətifələrdən
bacarıqla istifadə edir, xanın şikayətlərə
baxarkən çıxardığı hökmlər Molla Nəsrəddin
lətifələri qədər məna daşıyır. Ədib
bu lətifələrdən istifadə etməklə səriştəsiz,
boşbeyin və ağılsız xanı xalq
gülüşü ilə öldürür.
…1873-cü il martın 10-da görkəmli
maarifçilər Həsən bəy Zərdabi, Nəcəf
bəy Vəzirov və Əsgər ağa Goraninin
(Adıgözəlov) təşəbbüsü ilə
M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
əsəri əsasında "Lənkəran xanının vəziri"
tamaşası Bakı Realni Məktəbinin şagirdlərinin
iştirakı ilə "Nəciblər klubu"nda
oynanılır və o gündən Azərbaycanda peşəkar
teatrın əsası qoyulur. 139 ildir ki, Axundzadənin
komediyaları səhnəmizin şah əsərləridir və
illər keçdikcə də belə olacaq.
"Hekayəti-xırs quldurbasan"
M.F.Axundzadənin 1851-ci ildə qələmə
aldığı bu komediyanın mövzusu kənd həyatından
götürülüb. Əsərin fabulası Bayramla Pərzadın
sevgi macərası üzərində qurulub. Bayram kasıb bir
gənc, Pərzad isə dövlətli qızıdır.
Onlar bir-birini sevirlər. Ancaq Pərzadın əmisi Məşədi
Qurban ölmüş qardaşının (yəni Pərzadın
atasının) var-dövləti başqasına qismət
olmasın deyə, onun qızını öz oğlu Tarverdiyə
nişanlayır və toy etməyə hazırlaşır.
Çətin vəziyyətə düşən Bayram
sevgilisini Məşədi Qurbanın pəncəsindən
qurtarmaq üçün Tarverdini öyrədib quldurluğa
göndərir. Tarverdi quldurluqda tutulur və Bayram öz
sevgilisinə qovuşur.
"Hekayəti-xırs
quldurbasan" komediyasının da uğurlu səhnə həyatı
olmuş, zaman-zaman müxtəlif teatrların repertuarında
yer almışdır.
«Sərgüzəşti
Mərdi-Xəsis» (Hacı Qara)
1852-ci ildə Axundzadə «Sərgüzəşti
Mərdi-Xəsis» komediyasını yazır. Komediyada xəsislik,
tüfeyli yaşam tərzi tənqid edilir. Əsər belə
başlayır:
Əvvəlinci məclis
Əvvəlinci məclis vaqe olur
Heydər bəyin obasından kənar bir böyük palıd
ağacının dibində, aydınlıq gecədə, Səfər
bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub
daş üstə. Heydər bəy qabağında habelə
yaraqlı-əsbablı qıvraq geyinmiş məlal ilə
danışır.
Heydər bəy: Pərvərdigara,
bu necə əsrdir? Bu necə zəmanədir? Nə at
çapmağın qiyməti var, nə tüfəng
atmağın hörməti var! Sabahdan axşamadək,
axşamdan sabahadək arvad kimi gərək dustaq
alaçığın içində oturasan. Dövlət dəxi
haradan olsun, pul haradan olsun!?
Ah, keçən günlər!
Keçən dövrlər!
Hər həftədə, hər ayda bir karvan
çapmaq olurdu, bir ordu dağıtmaq
olurdu. İndi nə karvan çapmaq olur, nə ordu dağıtmaq
olur! Nə qızılbaş döyüşü
var, nə Osmanlı döyüşü
var! ...
Axundzadə bütün əsərlərin
mövzusunu real həyatdan
götürmüşdü. O “Hacı Qara”nın
mövzusunu Avropa ədəbiyyatından götürsə
də, əsərdə
əsas mənfi obraz kimi səciyyələndirilən
Hacı Qara real şəxsiyyət olub. Ağcabədi bazarında parça
ticarəti edərmiş.
"Sərgüzəşti-mərdi-xəsis"
komediyası xalq deyimləri ilə zəngin, zamansız bir komediyadır.
«Mürafiə vəkillərinin
hekayəti» və ya altıncı komediya
Mirzə Fətəli Axundzadənin
altıncı komediyası
1855-ci ildə yazdığı
«Mürafiə vəkillərinin
hekayəti»dir. Bu pyes üç pərdədən
ibarət olsa da, Axundzadənin yazdığı ən kiçikhəcmli pyesdir.
Bu əsər komediya janrında olsa da, içində
Zeynəbin dramı var.
M.F.Axundzadənin
realizmindən insan psixologiyası, mənəviyyatı, onun
inikası əsas cəhətlərdən biridir. Mütəfəkkirin
yaradıcılığı haqqında hələ öz
sağlığında xarici ölkələrdə dəyərli
yazılar çap olunmuş, onun komediyaları rus, fars, ingilis, fransız, alman dillərinə tərcümə
olunaraq, ona dünya şöhrəti
qazandırmışdı. O dövrdə Azərbaycan
yazıçılarından Rusiyada və Qərbi Avropada ən
çox tanınan, məşhur olan, sevilən məhz Mirzə
Fətəli Axundzadə olmuşdur.
Əsərləri
müxtəlif ölkələrdə, müxtəlif dillərdə
çap olunsa da, ədibin Azərbaycan dilində
komediyaları ilk dəfə 1859-cu ildə Tiflisdə çap
olunmuşdur.
“Kavkaz" qəzetinin 19 avqust
1853-cü il tarixli nömrəsində (N
61) yazılır: "Canlı şəxsləri qələmə
almaqla, onların məişətini düzgün təsvir etməklə
o, (M.F.Axundzadə - red.), elm və etnoqrafiya üçün
böyük iş görmüşdür. Bundan
əlavə o, azərbaycanlıların adət-ənənələri
haqqında quru traktat deyil, canlı insanları təsvir edən
dramatik parçalar təqdim etməklə sadə oxuculara da
böyük yardım göstərmişdir. Vaxtı gələcək ki, bu gün dönüb
keçmiş olacaq və bugünkü mollaların, bəylərin,
mirzələrin nəvələri Avropa təhsili alacaqlar.
Biz əminik ki, bu zaman hər hansı alim XIX əsr
Zaqafqaziya müsəlmanlarının ictimai və şəxsi
həyatı haqqında tədqiqat işi apararkən...Axundovun
komediyalarına əsaslanacaqdır. Biz buna
tam əminik. Çünki Axundzadənin
komediyalarından biz onun öz xalqının adət-ənənələrilə
gözəl tanış olduğunu görürük".
Təranə
Vahid
Mədəniyyət.-
2012.- 11 aprel.- S. 13.