Həyatını
yaradıcılığa həsr edən qadın
Gülbəniz Əzimzadə - 65
Onun
incəsənətə gedən yolu uşaqlıqdan təyin
olunmuşdu. Atası Yusif Əzimzadə yazıçı,
anası Gülnaz Salamova
rəssam idi.
Əməkdar incəsənət
xadimi, tanınmış kinorejissor Gülbəniz Əzimzadə
1947-ci il aprelin 26-da Bakıda, belə bir gözəl və
mehriban, özünün dediyi kimi, ideal ailədə
dünyaya gəlmişdi. Ailədə yaradıcılıqla
bağlı aparılan söhbətlər, mübahisələr
Gülbənizin də yaddaşında iz qoymuşdu. Orta məktəbdə
oxuduğu illərdə ədəbiyyatı dərindən
öyrənməyə çalışır, hekayə və
məqalələr yazırdı. Sonralar yazıları “Ulduz”
jurnalında və “Molodyoj Azerbaydjana” qəzetində çap
olunmuşdu.
Yeniyetmə qızın rəngkarlığa
da güclü marağı vardı və o, səkkizinci sinfi
bitirəndən sonra Ə.Əzimzadə adına Dövlət
Rəssamlıq Məktəbinə daxil oldu. Burada öyrəndiyi
sənət sonralar filmlər üzərində işləyərkən
dəfələrlə onun köməyinə gəlirdi. Rəngkarlıq
onun xoşuna gəlirdi. Lakin hər bir işində sanki nəyinsə
çatışmadığını hiss edirdi. O, çəkdiyi
ağacların yarpaqlarının
pıçıltısını, kətana
köçürdüyü mavi dənizin ləpələrinin
şırıltısını eşitmək istəyirdi.
Bunu isə yalnız kinolentdə göstərmək olardı.
Bu istək onu 1968-ci ildə
C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasına gətirib
çıxarır. Kinostudiyada istedadlı kinorejissor və
pedaqoq Həsən Seyidbəyli «Bizim Cəbiş müəllim»
bədii filmini çəkirdi. Gülbəniz də çəkiliş
prosesində iştirak edir, çəkiliş
texnikasının əlifbasını öyrənirdi. Sonralar
Gülbəniz xanım ilk müəllimini tez-tez
xatırlayır, onun barəsində xoş sözlər
deyirdi.
1969-cu ildə Gülbəniz
Moskvaya gedərək Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunun kinorejissorluq fakültəsinə daxil olur,
professor İ.Talankinin emalatxanasında kinonun sirlərinə
yiyələnir. Tələbəlik illərində birləşmiş
rejissor-aktyor qrupu bir neçə kurs işi çəkir.
Onun diplom işi R.İbrahimbəyovun ssenarisi əsasında
1974-cü ildə quruluş verdiyi «Nəğmə dərsi»
qısametrajlı bədii filmi olur. Sonradan bu novella
«Ömrün səhifələri» kinoalmanaxına daxil edilir.
Filmdə şəxsi həyatı müvəffəqiyyətsizliyə
uğrayan gənc sürücünün birinci sinifdə
oxuyan oğlu ilə gizli görüşlərindən
danışılır. Gənc ata oğlunu sevir,
uşağın gələcək taleyi onu narahat edir. «Nəğmə
dərsi» valideynlərin öz uşaqları üçün
məsuliyyət daşımaları barədə həzin
hekayədir.
* * *
Kinorejissor G.Əzimzadəni sənətkar
kimi hansı məsələlər
düşündürüb, ekran vasitəsilə
tamaşaçılara nə demək istəyib? Bu
sualların cavablarını çəkdiyi filmlərdə
tapa bilərik.
Gülbəniz xanım incəsənət
xadimləri ailəsində böyüdüyünə görə,
bu sahə ilə bağlı adamlar haqqında film çəkməyi
çoxdan arzulayırdı. Lakin gənc rejissor
üçün bu mövzu heç də asan deyildi. Bir dəfə
Anarın «Dantenin yubileyi» povestini oxuyarkən bu əsərdə
müəllifin toxunduğu mövzu qeyri-standartlığı
və mürəkkəbliyi ilə onun diqqətini cəlb
edir. Povesti 1978-ci ildə Gülbənizlə Anar birlikdə
ekranlaşdırırlar. Bu, incəsənətə təmənnasız
xidmət və məhəbbət haqqında poetik etiraf,
böyük qəlbə malik balaca insanın əbədi
tarixçəsidir. Filmin qəhrəmanı Kəbirlinski
epizod aktyorudur, demək olar ki, statistdir. İstedadı olmasa
da, teatra qəlbən bağlı adamdır. Həmkarları
onunla daim zarafatlaşır, bəzən də ona
sataşırlar. Nəhayət, hadisələrin gedişindən
aydın olur ki, bu sakit, sadəlövh və gülməli adam
əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniyyət
tarixinin bir parçasıdır.
Gülbəniz xanım bir rejissor
kimi nəinki böyüklərlə, balaca «aktyorlarla» da dil
tapmağı, işləməyi bacarırdı. Təsadüfi
deyil ki, onu uşaq filmlərinin rejissoru
adlandırırdılar. Rejissorun özü uşaqlarla
işindən danışarkən deyirdi: «Uşaqlarla işləmək
asandır. Bunun üçün isə onlardan hər birinin
xarakterini ayrı-ayrılıqda dərindən öyrənmək
lazımdır. Çünki uşaq dünyası kəşf
olunmamış bir aləmdir. Bu aləmdə hər şey
yaratmaq mümkündür. Mən uşaqları sevirəm,
uşaqlarla işləməkdən zövq alıram». Filmin
uğuru da rejissorun məhz uşaq aləminə hədsiz məhəbbətinin
ifadəsi idi desək, səhv etmərik.
«Təkcə adanı özünlə apara bilməzsən» filminin mərkəzində insan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq kimi vacib problemlər durur. Balaca Nailə cəmi bir neçə günlüyə adaya, nənəsinin yanına qonaq gəlir. Lakin qısa müddətdə çoxlu yeniliklər öyrənir, onun uşaq qəlbi gah kövrəlir, gah sevincdən coşub daşır. Balaca qız təbiətlə yaxından üz-üzə gələrkən dünyanın gözəlliyini, onun müdafiəsiz olduğunu özü üçün kəşf edir. Nailə ilk dəfə olaraq özü üçün daha bir məsələni aydınlaşdırır: üzərində gəzdiyimiz bu torpaq, meşə və ovcunda saxladığı şəffaf su - bütün bunlar Vətən adlanır, nənəsinin yaşadığı balaca ada Vətənin bir parçasıdır, onu qorumaq lazımdır. Rejissorun tamaşaçılara çatdırmaq istədiyi fikir, ideya bundan ibarətdir.
1980-ci ildə Kiyevdə keçirilən XI Respublika «Gənclik-80» kinofestivalında ətraf mühitlə bağlı aktual mövzunun təcəssümünə görə film münsiflər heyətinin diplomu ilə təltif olunmuşdu. Bundan başqa, film 1981-ci ildə IX Ümumittifaq televiziya filmlərinin festivalında (Yerevan) uşaqlar üçün ən yaxşı ekran əsəri kimi baş mükafat və diplom almışdı. 1982-ci ildə filmin yaradıcı heyətinə, o cümlədən rejissor G.Əzimzadəyə Azərbaycan komsomolu mükafatı verilmişdi.
Rejissor S.Qasımova və S.Listovun ssenarisi üzrə lentə aldığı «Qaladan tapılan mücrü» macəra filmində kəskin süjet vəziyyətlərindən istifadə edir: biz ekranda sirli xarabalıqları, başgicəlləndirici təqiblər, cinayətkarlarla mübarizəyə atılan xeyirxah milis işçilərini və əlbəttə, cəsur və cəld uşaqları görürük, maraqlı hadisələrlə tanış oluruq. G.Əzimzadə üçün bu filmi çəkməkdə əsas məqsəd gənc tamaşaçıları vicdan, yoldaşlıq, fədakarlıq kimi vacib anlayışlar haqqında düşünməyə kömək etməkdən, xeyirlə şər arasında dəqiq xətt çəkməkdən ibarətdir. Möhkəm təməl üzərində qurulmuş ailə cəmiyyətin bir parçası, xalqın canlı yaddaşıdır. Məhz ailə bu günün vasitəsilə xalqın keçmişini gələcəyi ilə birləşdirir. Rejissorun Xalq yazıçısı Anarın ssenarisi əsasında 1983-cü ildə zəkdiyi «Ötən ilin son gecəsi» televiziya bədii filmi məhz belə ailələrdən birini ekranda canlandırır. Psixoloji film tamaşaçıları ailə-məişət mövzusuna toxunan mühüm mənəvi-etik problemlər barədə düşünməyə çağırır. Kino əsəri filmin baş qəhrəmanı Həmidə xanımıın simasında anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlığı və sakitliyi qoruyan qadına həsr olunub.
Uşaqlar böyüyür, hərə bir tərəfə çıxıb gedir, analar isə tək qalırlar. Bəlkə buna görə uşaqlarını artıq neçə illərdir ki, atasız böyüdən Həmidə xanım Yeni il gecəsi öz taleyi haqqında belə səmimi söhbət açır...
Filmin bütün üslubu, ruhu Anarın eyni adlı pyesində olduğu kimi bir məqsədə xidmət edir: sadə, namuslu və mehriban ailə ümumi maraqları hər şeydən üstün tutur. Çünki bu ailələrdə cəmiyyətimizin və xalqımızın gələcəyi olan uşaqlar böyüyürlər.
* * *
1997-ci il oktyabrın 30-da Azərbaycan Yazıçılarının X qurultayında çıxış edən ümummilli lider Heydər Əliyev Xalq yazıçısı Anarın «Şəhərin yay günləri» pyesi ilə əlaqədar demişdir: «Siz bilirsiniz ki, 1969-cu ildə mən rəhbər seçilən gündən Azərbaycan həyatında olan mənfi cəhətləri daim tənqid etmişəm və onlarla mübarizə aparmışım. Ona görə də gəlib mənə deyəndə ki, Anar «Şəhərin yay günləri» pyesini yazıb, orada bizim quruluşun əleyhinə gedir, dedim, yaxşı, gedib baxaram. «Şəhərin yay günləri» pyesi mənim çox xoşuma gəldi. Dedim ki, bir kino çəkilsin, amma o vaxt çəkmədiniz, məndən sonra çəkildi...»
Ümummilli lider H.Əliyevin tövsiyəsi ilə «Şəhərin yay günləri» pyesinin motivləri əsasında 1987-ci ildə «İmtahan» adlı bədii televiziya filmi lentə alındı. Ssenarini Anar özü yazmışdı. Gülbəniz Əzimzadə və Şahmar Ələkbərov filmə quruluş verdilər.
Mövzusu
müasir həyatdan götürülmüş
filmin mərkəzində Qiyas
müəllimlə onun əmisi, professor Bəhramın həyata
baxışlarındakı ziddiyyətlər üzərində
qurulmuş süjet durur. Bu əks xarakterli adamların mənəvi keyfiyyətlərinin
psixoloji təhlili, Qiyasın Agarəfilərə,
Şamxallara, Firuzlara
qarşı kəskin mübarizəsi, onun
halallıq, paklıq kimi mənəvi
amillərə əsaslanan həyat fəlsəfəsi filmdə
öz əksini tapıb. Film
azpersonajlıdır, lakin rollardan
hər biri öz
xarakterinə görə çox mürəkkəbdir.
* * *
Yazıçı Yusif Səmədoğlunun «Qətl günü» romanı işıq üzü görəndən sonra ölkəmizin ədəbi həyatında əlamətdar hadisəyə çevrildi. Xalqın faciəli taleyi haqqında acı həqiqəti əks etdirən roman qısa müddətdə oxucuların böyük rəğbətini qazandı. Kinematoqrafçılarımız da bu əsərə ekran həyatı verdilər. Rejissor Gülbəniz Əzimzadə düz beş il bu əsərin ekran variantı üzərində işləmişdi. Onun iki ili isə sırf çəkilişlərlə bağlı olmuşdu.
Filmdə xalqın tarixinin müəyyən dövrləri bir süjetdə birləşib. Filmdə bütün hadisələr mərkəzi qəhrəmanın (Xəstə) taleyi ilə bilavasitə bağlıdır. O, əsərdəki qəhrəmanların, zəif və güclü ruhun, cəlladlar və qurbanlar taleyinin daşıyıcısıdır. Son anda öz vicdanı ilə təkbətək qalan bu obrazın vasitəsilə filmin müəllifləri cəmiyyət haqqında fikirlərini tamaşaçıya çatdırmağa çalışıblar.
Rejissor G.Əzimzadə müsahibələrinin birində demişdir: «Filmin başlıca problemi əzablar hesabına yaranan incəsənətin fəlsəfi anlamı ilə bağlıdır. Elə bir incəsənətin ki, yandırılıb məhv edilsə də, küllüklər altından cücərir və bütün məhdudiyyətləri yararaq zaman sərhədlərini keçir, xalqa öz tarixi ləyaqətini qoruyub saxlamaqda kömək edən mənəvi təməl rolunu oynayır”.
«Qətl günü»ndən sonra Gülbəniz xanım «Müqəddəs oda yanaram» filmində yenidən müasir mövzuya müraciət etdi. Filmin ssenarisini H.Fətullayev yazıb.
Bu film-fantaziyanın mövzusu insanın daxilən, ruhən təmizlənməsi, onun özünə və cəmiyyətə qayıtması ilə bağlıdır. Müəlliflər xalqın xilası naminə özünü qurban vermiş Od gəlini haqqında qədim xalq rəvayəti ilə müasir mövzu arasında paralellik apararaq, filmdə çox vacib problemlərə toxunublar.
Süjetin
mərkəzində qələm və kağızı bir tərəfə tullayıb,
başını siyasətə qatan
istedadlı yazıçı durur. Lakin günlərin birində
o, dərk edir ki, bir sətir
belə yaza bilmir. Yalnız mənəvi və
ruhən təmizlənmə
pillələrindən keçərək
və gözəl Zöhrə ilə rastlaşandan sonra Zaur yenidən yaradıcılığa qayıdır
və insanlara qarşı alicənab olur.
* * *
Gülbəniz
xanım müsahibələrinin
birində müxbirin
“Sizin üçün
kino nə deməkdir?” sualına belə cavab vermişdi: “Kino mənim məhəbbətim, arzum,
həyatımdır...”
Bu, həqiqətən
də belədir.
Ailədən söhbət düşəndə
həmişə deyərdi
iki, mənim atamla anam bir-birilərini
ömürləri boyu
seviblər, mən bacımla belə bir xoşbəxt, ideal ailədə böyümüşük”.
Gülbəniz xanımın başı
filmlərin çəkilişinə
elə qarışmışdı
ki, özünün
ideal ailə qurmasını
tamam unutmuşdu.
O, deyirdi: “Həyatda elə bir kişi
qarşıma çıxmadı
ki, məhz ona görə kinonu bir tərəfə
qoyub ailə qurum”.
Sənətkar 2006-cı ildə dünyasını dəyişdi.
Azərbaycan kinosunda qadın
kinorejissorların sayı
olduqca azdır. Biz Gülbəniz xanımı itirməklə
bu sahədə boşluq bir qədər də böyüdü. Şübhə yoxdur ki, milli
kinomuza qadın rejissorlar yenə də gələcək, öz sözlərini deyəcəklər. Milli kino
tariximizdə Gülbəniz
xanımdan adı, bir də sevə-sevə
yaratdığı filmlər
qalacaq.
Aydın Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.-
2012.- 11 aprel.- S. 12.