Şekspir,
Elçin və “Şekspir”
İftixar Piriyev,
Əməkdar
mədəniyyət işçisi, AMEA-nın dissertantı
Şekspir - əsərlərinin ruhu dünya
teatrlarının divarlarına belə hopmuş, yerlə
göy arasındakı məkanda bu əsərlərin nəfəsinin
hənirtisi hələ də aydınca duyulan və bu əsərlərdə
şeytanla daima mübarizə aparan, müharibələr,
taxt-tac uğrunda mübarizələr və döyüşlər
içində eşsiz bir ülviyyət, tükənməz məhəbbət,
sonsuz bir səadət, eşq dolu bir qüdrət mənzərəsi
yaradan və bu meyarı bütün
yaradıcılığının mahiyyət sancağına
çevirən ədib, cəmiyyətin aynası olan teatr sənətinin
filosofu, peşəkar teatr xadimi, əbədi, bəşəri
fəlsəfənin ruhunu təlqin edən ölməz bir
yer-göy oğlu...
“Kral Lir”, “Maqbet”, “Hamlet”, “Otello”,
“Romeo və Cülyetta” və onun bu kimi əsərlərinin
toplusu insan həqiqətinin, insanlığın, insani
duyğuların ülviliyinin, paklığının, hətta
müharibələr, xəyanətlər, satqınlıqlar,
yalanlar, tələlər, qəsdlər çirkabında belə
ləkələnməsi mümkün olmayan
saflığının əlçatmaz fenomenidir.
Ədəbi-bədii dildə
özünü qeyri-adi ustalıqla ifadə edən,
Tanrısal istedad və qüdrətli vəhylə qələmə
aldığı bütün əsərlərində insana və
insan duyğularına, hisslərinə böyük məhəbbət
mövqeyi ilə ön planda dayanan Şekspir mükəmməl
dramaturgiya meydanında söz fenomeni ilə yüksək
kamillikdən boylanan və dramaturji süjet labirintlərində
çevik, dinamik çarpışma kəsəri ilə
seçilən, bədii keyfiyyətin ləkə
götürməz duyğular tablosunu yaratmaqla fəth olunmaz
yüksəkliyə ucalan, çoxçalarlı rənglərlə
zəngin personajlar palitrası yaradan ədib olmaqla
yanaşı, həm də söz və hərəkətin rənglər
kəhkəşanında özünəməxsus duyğular
fırçası ilə zəngin söz və hərəkət
tablosu yarada bilən təsviri sənət ustadıdır.
Ona görə də o, məhz həyatın
ən aydın əks olunduğu məkanda - teatr aynasında,
bu sənətin bu günə qədər öz ecazı ilə
insan ruhunu fəth edən və ovsununun sehrində saxlaya bilən
əvəzolunmaz gücündə, qüdrətində
özünə ölməzlik ucalığı qazana
bilmişdir. Şekspir bütün yaratdıqlarının
ideal məziyyətlərinə görə bu gün də,
dünən olduğu kimi, aktualdır və heç
şübhə yoxdur ki, bundan sonra da əbədi olaraq
yaşayacaqdır.
Qeyd etməliyəm ki,
dünyanın digər xalqlarının ədəbiyyatında,
o cümlədən Azərbaycan ədəbiyyatında da belə
ölməzlik qüdrətinə malik fenomen ədiblər az
deyildir. Hətta mən Azərbaycanın görkəmli ədibi,
Xalq yazıçısı Elçinin Akademik Milli Dram
Teatrının səhnəsində uğurla oynanılan əsərlərinin
biri (“Teleskop”) haqqında yazdığım məqalədə
bu mövzuya toxunaraq Azərbaycan ədəbi mühitinin,
dünya ədəbi mühiti fəzalarında parlaq yer tutan
nümayəndələri barədə söz
açmışdım və indi bu fikrimi, yazımın
mahiyyət yükünü daşımağa xidmət etdiyi
üçün bir daha təkrar olaraq qeyd etməyi vacib
sanıram. Həmin fikrin davamı olaraq demək istəyirəm
ki, “Kitabi-Dədə Qorqud” dan bu günə qədərki
bütün zamanlarda yazıb yaradanlar sırasında, əgər
biz bunu cani-dildən istəsək və istəməyi
özümüzə milli ideologiyamızın şah
damarı kimi qəbul etsək, onda çox rahatlıqla etiraf
etmək olar ki, bugünkü ədəbi meydanda olan və
bundan sonra da bu meydanda şeytanla Şekspircəsinə
mübarizə apara bilən, eşsiz bir ülviyyət,
tükənməz məhəbbət, sonsuz bir səadət,
eşq dolu bir qüdrət yükünü bütün
yaratdıqlarının mahiyyət sancağına çevirən,
əbədi, bəşəri fəlsəfənin ruhunu təlqin
edən, ölməz yer-göy övladları sırasında
azərbaycanlı yaradıcılarımızın da bəşəriyyətə
bəxş edə biləcəkləri fenomenal əsərlərin
fəzasında sayrışan ulduzlarının nuruna bələnə
bilərik.
Budur, “Şekspir” adlı əsərinin
tamaşası (rejissor Petru Vutkereu) ilə şeytanla
Şekspirsayağı mübarizəyə girişmiş və
bu savaşdan qalib çıxan Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq
yazıçısı Elçinin 6 mart 2012-ci il tarixdə Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının səhnəsində
tamaşaçı qarşısında yaranmış
meydandakı qələbəsi. Bu qələbə yuxarıda
qeyd etdiyim fikirlərin təsdiqi üçün əsaslı
faktdır.
Müəllif “Şekspir” əsəri
ilə cəmiyyətə, digər əsərlərinin yol
aldığı və insanlıq naminə şeytanla
Şekspirsayağı mübarizə zirvəsinə gəlib
çatan bir ucalıqdan baxır və
tamaşaçılarla çox orijinal bir formada təfəkkür,
idrak, dərketmə fəlsəfəsi ilə ünsiyyət
yaradır.
Bu məqamda mən öncə diqqəti
Şekspirin “Hamlet” əsəri haqqında tənqidin üzə
çıxardığı bir fakta yönəltmək istəyirəm.
Əgər unutmamışıqsa “Hamlet” əsərində tənqidi
prosesin çox böyük dəyər verdiyi “tamaşa
içində tamaşa yaratmaq” fəndi dahi Şekspirin
tapıntısı kimi yüksək dəyərləndirilmişdir.
Bu fikrin doğru olduğunu sübut etmək üçün
faktlar axtarmaq gərək deyildir. Bu fakt həqiqətdir və
doğrudan da əvəzolunmaz bir gerçəklikdir. Bu
tapıntı Şekspiri ustadlıq zirvəsinə ucaldır
və təkcə bu fənd onun teatrı bütün incəliyi
ilə dərk etmə və duyma qabiliyyətinə malik
olmasının sübutudur.
Nəzərə alsaq ki, Azərbaycanın
görkəmli dramaturqu İlyas Əfəndiyevin
yaradıcılıq təknəsində yoğurulan, onun
yaradıcılıq ruhundan qidalanan və öz möhtəşəm
yaradıcılıq yolunu yaradan Elçin də hələ
uşaqlıq və gənclik illərindən teatr mühitinə
çox yaxın olmuş və bu mühitin mətbəxində
formalaşmışdır, onda Elçinin də teatr sənətini
bütün varlığı ilə duymasına, hiss etməsinə
heç bir şübhə ola bilməz və bu həqiqət
onun bütün əsərlərində dramaturgiyaya orijinal
yanaşma prinsipləri ilə qıfıl qoyması və həmin
qıfılı özünəməxsus, bənzərsiz bir
açarla da açması ilə öz təsdiqini tapır.
Elçin əsərləri ilə
cəmiyyətə tutduğu aynada cəmiyyəti tam fərqli
nöqtədən aydınladır və həmin aynada eybəcərliklər
də, gözəlliklər də fərqli cəhətlərdən
əks olunur. Daha doğrusu, bu aynada eybəcərliklərin
birmənalı şəkildə, zorla qəbuletmə
prinsipindən yanaşma ilə deyil, müxtəlif
baxışların hərəsinin özünün dərketmə
gücünə uyğun formada görünmə
aydınlığını yaradır. O cümlədən
bütün gözəlliklər də həmin aynada eyni dərketmə
qabiliyyəti çərçivəsində nümayiş
olunur. Çünki Elçin yaxşı dərk edir ki,
aynanın əks etdirdiyi həqiqəti hamı olduğu kimi
ya görmür, ya da hər kəs özünü,
özünün anladığı və ya görmək istədiyi
kimi görə bilir. Ona görə də aynanın
aydınlatdığı həqiqət Elçinin göstərdiyi
nöqtədən baxıldıqda öncə həmin dərketmənin
özünün qaranlıq cəhətləri
işıqlandırılır və sonra həqiqət həmin
işıq nöqtəsindən
aydınlaşdırılır və nəhayətdə
Elçinin tutduğu aynada həqiqəti anlamayan kəs
qalmır. Bu fikrin təsdiqi üçün ədibin əsərlərindən
bir çox misallar gətirmək olar. Lakin təkcə bir
faktın dediklərimizin sübutuna əsas olacağına
şübhə etmədiyimiz üçün
aşağıdakı fikirlə bu həqiqəti təsdiqləyirik.
Bizə bəllidir ki, dəli
özünün dəli olduğunu heç vaxt etiraf etmədiyi
kimi, dəli olmadığını da heç vaxt sübut
etməyə çalışmaz. Sadəcə olaraq, dəlinin
öz dünyası, öz aləmi olur və bu aləm onun
düşüncə və təxəyyülü
üçün son dərəcə ideal və uyğunluq təşkil
edir. Və ya bizim cəmiyyətdə dəli kimi qəbul
etdiyimiz insanların söylədikləri həqiqətlər
yalnız və yalnız “dəlidən doğru xəbər”
kimi dəyərləndirilir. Yəni ki, dəlinin həqiqət
barədə söylədiyi fikirlər dəli təfəkkürünün
təsadüfi təntənəsi sayılır.
Çünki dəli olan insanlar cəmiyyətin xəstə
təxəyyüllü insanları hesab olunurlar. Lakin
Elçin bu məsələyə çox həssaslıqla
yanaşaraq nəzərə almağı təlqin edir ki, əgər
özünün dəli olduğunu heç vaxt etiraf etmədiyi
kimi, dəli olmadığını da heç vaxt sübut
etməyə çalışmayan hər hansı bir dəlidən
doğru xəbər eşidilə bilinirsə, demək ki, təxəyyülün
ölçüsü nisbidir.
Mənim də fikrim budur ki, bu bir həqiqətdir
ki, insan mexanizmi mürəkkəb olduğu kimi, həm də
mücərrəd bir varlıqdır. Lakin bir həqiqət də
var ki, mücərrədlik də, mürəkkəblik də
insana xas olan cəhət olduğu kimi, hər bir mürəkkəb
və mücərrəd hesab olunan hər hansı bir məsələ,
adi bir düşüncə düsturunun çox sadə
hesablaması nəticəsində çözülə,
aydınlaşa, sadələşə və dəqiqləşə
bilir. Buna görə də dəlinin doğrunu söyləmək
gücü çox sövqi-təbiidir.
Məhz “dəlidən doğru xəbər”
kimi dəyərləndirilən fikrin fəlsəfi
meydanında, Elçinin “Şekspir” əsərində daha
geniş və dərinqatlı mərhələyə yüksələn,
“Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim” əsərlərində
qaldırdığı problemlərin prinsipial cəhətləri,
onun hətta “Poçt şöbəsində xəyal”,
“Qatil”, “Teleskop” əsərlərində də bir-biri ilə zəncirvari
bağlılıq təşkil edir. Elçinin həmin əsərlərindəki
personajlarını yuxarıda qeyd etdiyimiz nisbi təxəyyül
prinsipi ilə danışdırması, cəmiyyətin,
aynada hər kəsin aydın görə bilmədiyi eybəcərliklərini
birmənalı və ya biristiqamətli izahla deyil, virtual və
çoxcəhətli istiqamətlərdən əks etdirmə
məntiqi ilə sərgiləməsi, qarşıya qoyulan
problemi ümumdərketmə kriteriyasına müxtəlif
bucaqlardan göstərməsi, insanların özünün əzib
tapdaladığı və bununla da öz insanlıq
meyarına fəlakət həddinə çatan ziyanvericilik zərbəsi
vurduğunu sübut etməsi, insana səksəkəsiz şəkildə,
çox aydın formada, danılmaz dərketmə fəlsəfəsi
ilə inandırmasına, eyni zamanda bu mənzərənin
fonunda gözəlliklərin aşkarlanmasına, onun insanlara təlqin
olunma prinsiplərinin həyata keçirilməsinə və cəmiyyətdə
sağlam kimi görünən, əslində isə özləri
də anlaya bilmədikləri çürük, xəstə təfəkkür
çirkabında boğulanların birbaşa müalicə
olunmasına və cəmiyyətin xəstəlikdən
qurtarması üçün düzgün maariflənməsinə
xidmət edir.
Elçinin həyata baxış
bucağının düşündürmə və dərketmə
nöqtəsindən baxdıqda, çox aydın şəkildə
görmək olur ki, dünyanı dərk etmə fəlsəfəsi
insan və insanlıq fenomeninin dərk edilməsi ilə
adekvatdır. Çünki insan dünyanın özü qədər
mürəkkəbdir, dərindir və ipə-sapa yatmayan,
yoğurduqca müxtəlif cildlərə düşə bilən
heyrətamiz bir möçüzədir.
Məhz Şekspir də insan fəlsəfəsinin
dünyəvi dəyərə malik olduğunu, istər Hamlet
üçün kölgəyə çevrilmiş
atasının intiqamını almaq niyyətini həyata
keçirərkən, insanlığa qəsd edənlərə
qəsdin dəhşəti fonunda insanın dəyərini
anlatmağa çalışması, istər qəbirqazanın
dili ilə qəbirdə yatanlar barədə söylədiyi
açıqlamalarla əbədi olmayan dünyada bir tək
insanlıq meyarının əbədiyyətdən də dəyərli
olmasını dərk etdirməyə istiqamətləndirməsi,
istər riyakarlığa qarşı mübarizə
meydanındakı savaş girdabında
çabalatdığı Kral Lirin fəryad zirvəsinə
yüksələn taleyi ilə insan meyarının
qaranlıqlara deyil, parlaq günəşlə bərabər
tutulmasına inandırmağa səy göstərməsi, istər
Romeonun ruhuna qovuşmaq üçün Cülyettanın
çox asanlıqla öz canına qıymasını
ucalıq müstəvisinə qaldırması və sair bu
kimi dərin insan fəlsəfəsinin həqiqətini insanların
şüuruna mükəmməl şəkildə həkk etmək
üçün bütün varlığını və
idrakını istismar etməklə
aydınlaşdırır.
Bu kimi bəşəri
düşüncə klassisizmi, Elçinin yuxarıda
adlarını çəkdiyimiz əsərlərində də,
birində bir formada, digərində başqa formada, müəllifin
ümumən öz idrak süzgəcindən keçirərək
cəmiyyətə və cəmiyyətin bütün təbəqələrinin
anladığı dildə, öz yazı aynasında əks
etdirdiyini, Elçinin bütün varlığını və
idrakını Şekspirsayağı istismar etməklə
aydınlaşdırdığının şahidi oluruq.
Görkəmli dramaturqun ilk
tamaşası “Üns” Yaradıcılıq Birliyinin səhnəsində,
filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın rəhbərliyi
ilə, Əməkdar incəsənət xadimi Bəhram
Osmanovun quruluşunda uğurlu səhnə təcəssümü
tapan, qazandığı uğur sayəsində Rusiya, Ukrayna,
İngiltərə kimi böyük ölkələrin mötəbər
teatr səhnələrinə yol açan və həmin
ölkələrin tamaşaçı auditoriyasında rəğbət
qazanan “Şekspir” əsəri ilə insan təfəkkürünün
ucu-bucağı görünməyən düşüncə
meydanında tamaşaçıları beynin düşünmə
ərazisinin şimaldan cənuba, şərqdən qərbə
doğru bütün istiqamətlərində mükəmməl
şəkildə cövlan etdirməsi ilə, idrakın dərketmə
imkanları çərçivəsini yırtaraq yeni, daha
geniş bir düşünmə meydanına yol açmaqla,
ağlın dərk edə bilmədiyi sonsuzluqlara başvurma təkanı
püskürtüsü yaradaraq, dərketmə orbitində
müxtəlif istiqamətlərə səyyahlıq viziti təqdim
edir.
Klassik dramaturgiyanın
qanunlarını dərindən bilən bir dramaturq olaraq həm
də müasir tələblərin qanunauyğunluqları
novatorluğunda Şekspircəsinə meydan sulaması ilə
tamaşaçını heyrətləndirə bilən
Elçinin “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim”
əsərlərində yaratdığı dəli
personajların üzərinə qoyduğu yük, problemlərin
miqyasına və onun fikir ifadə etmə çəkisinə
görə gələcəkdə “Şekspir” əsərində
yatardığı dəli personajlarının meydana
çıxması üçün dəyərli bir mənbə
nöqtəsi idi. “Şekspir” əsərində yaradılan dəlilər,
əvvəlki dəli pesonajlar məfkurəsinin bünövrəsindən
boy verərək, daha genişmiqyaslı bir fikir
problematikasının həllinin çözülməsinə
yol açan nöqtəyə yüksəldi. Onlar təkcə
bir şəxsin taleyinin daşıyıcısı
missiyasında meydana çıxmırlar, onlar həm də
özlərini bir başqa şəxsə bənzətməklə
və bundan əlavə bənzətdikləri şəxslərin
özünün də bir ayrı şəxsə çevrilməsi
ilə fəlsəfi bir labirintə daxil olurlar.
Müəllifin əsərdə
yaratdığı “Ər-arvad” (Şəlalə Şahvələdqızı)
personajı bu baxımdan orijinal bir tapıntıdır. Dəli
olmuş bir şəxs eyni zamanda həm ərdir, həm də
arvaddır (Şekspir, “Hamlet” - tamaşa içində
tamaşa və yaxud Elçin, “Şekspir” - personaj içində
personaj, üstəgəl, üçüncü şəxsin
idrakı və bir personajın vahid ikiləşməsi). Beləliklə,
müəllifin bu personajları belə unikal bir həddə gətirə
bilməsi və həmin personajlar vasitəsilə insan və
insanlıq fəlsəfəsinin dəyərini mükəmməl
aydınlatma miqyasına yüksəltməsi, misal: müəllif
təxəyyülünün yaratdığı,
özünü “Şekspir” əsərlərinin qəhrəmanlarının
məşhur ifaçısı olan Sara Bernara bənzədən
bir dəli personajı (Əməkdar artist Mətanət
Atakişiyeva) həm də Sara Bernar olaraq Cülyettanın
obrazına çevirməsi və ya əsərdə bir
başqa dəli personajı, Sara Bernarın qəhrəmanının
dövründən tam fərqli bir dövrü təmsil edən
Stalinə bənzətməsi (Əməkdar artist Pərviz
Bağırov) və Stalinə bənzədərək
sağlam düşünən insan cildinə salması və
şeytanın insan təfəkküründə
yaratdığı çatların sağalması və
onların üzərinə sığal çəkməsi,
onların dilindən həqiqətləri söylədərək
cəmiyyətin eybəcərliklərini belə orİjinal
üsulla ifşa etməsi, Ər-arvad (Şəlalə
Şahvələdqızı) personajını yaradaraq Adəm-Həvva
tandemini bir vəhdətdə təqdim etməklə insan
mexanizminin eyni təfəkkür sahibi olduğunu belə
özünəməxsusluqla bir ədəbi kəşf
miqyasına qədər yüksəltməsi və belə bənzərsiz
üsullarla tamaşaçıya insan fəlsəfəsinin
genişmiqyaslı ormanları içində şeytanla
apardığı gərgin mübarizədə
şeytanın əməllərini puça çıxara bilən
bütün həqiqətləri göstərə bilməsi
çox üzvidir, Şekspirin “tamaşa içində
tamaşa” fəndinin tapıntısı qədər yenidir, hətta
daha doğru olar deyək ki, bir ədəbi kəşfdir.
Hesab edirəm ki, bu mənada əsərin “Şekspir”
adlandırılması da idrakidir.
Quruluşçu rejissor Petru
Vutkereu, tərtibat rəhbəri Xalq rəssamı, Dövlət
mükafatı laureatı Nazim Bəykişiyev,
quruluşçu rəssam Ramin Bəykişiyev, musiqi tərtibatçısı
Həmid Kazımzadə kimi istedadlı heyətdən ibarət
olan bu tamaşada bir-birindən maraqlı oyun nümayiş etdirən
aktyorlar (Baş həkim - Əməkdar artist Ayşad Məmmədov,
Həkim - Nigar Güləhmədova, Sanitar - Aslan Şirinov,
Sara Bernar - Əməkdar artist Mətanət Atakişiyeva,
Stalin - Əməkdar artist Pərviz Bağırov, Veneralı
- Elşən Cəbrayılov, Ər-arvad - Şəlalə
Şahvələdqızı, Drob 13 - Anar Heybətov) əsərin
mahiyyətinin açılmasında və personajların
uğurlu alınmasında bütün imkanlarından peşəkarlıqla
istifadə edirlər və nəhayətdə maraqlı
ansambl yarada bilirlər.
Bir azdan bizə təqdim olunacaq xəstəliyin
sarğısı təəssüratını yaradan, tənzifə
bənzəyən ön örtük salona daxil olan
tamaşaçını səhnədəkilərlə
bir-birindən ayırsa da, sarğı-pərdənin
arxasında siluet kimi görünən ağ geyimli xəstələrin
və xəstəxana əməkdaşlarının
tamaşaçı ilə hələ tamaşa
başlamamış ünsiyyət yaratması,
tamaşaçılarda axtarıb tapdıqları eybəcərlik
və gülünc obyektinə çevrilən cəhətləri
görmələri və işarələrlə göstərmələri,
onlara öz münasibətlərini jestlərlə bildirmələri
tamaşanın Şekspirsayağı başlanğıc təəssüratını
yaradır. Bir az keçir, işıqlar yavaş-yavaş
sönür və salonla səhnəni ayıran sarğı-pərdə
yox olur. Səhnədə hər şey ağ rəngə
boyanmışdır. Divarlar, əşyalar, qurumuş
ağaclar, stol və stullar və sair. Ümumilikdə palata
effektində olan səhnədə tamaşa oynanıldıqca
ortaya sürüklənən və palatanı kənar aləmlə
ayıran tək qapı çox aktiv şəkildə
tamaşanın dinamikasını yaradır. Bütün
giriş və çıxışlar bu qapı vasitəsilə
həyata keçirilir və bu qapı həm də bir növ
ideal dünyadan gələn yolun istiqamətini göstərir.
Tamaşa boyu ideal dünyadan gələn personajlar yer
adamları ilə göy adamlarının həyat tərzindəki
müqayisələri fərqləndirdikcə bəlli olur ki,
göy adamlarının teatrı yoxdur və onlar heç
teatra ehtiyac da duymurlar. Əgər yadınızdadırsa,
Elçin “Teleskop” əsərində də bu mövzuya bir
başqa formada toxunmuşdu. Orada yerdən göyə qalxan
ruhların göylərdəki saflığı
gördükdən sonra yerdəki eybəcərliklərə
baxmamaq üçün teleskopdan imtina etmişdilər. Bu əsərdə
isə göy adamlarının teatrının olmaması və
buna ehtiyacın duyulmaması məsələsi məhz müəllifin
insan fəlsəfəsinə ideal duyğular kontekstindən
yanaşma tələbi ilə meydanda şeytanla
döyüşə çıxmasının təzahürüdür.
Çünki göy adamları yer adamlarından fərqli
olaraq şeytanin felindən uzaqdadırlar və öz əməllərinə
ayna tutmağa ehtiyacları yoxdur.
Müəllifin bütün yaradıcılığı
boyu onun düşüncəsinin şah damarına çevrilən,
nail olmaq istədiyi bir qüdrət var ki, o da insanlara “anlamaq fəlsəfəsi”nin
açarını təqdim etməklə, Yer kürəsində
eybəcərliksiz həyat prinsipləri ilə
yaşamağı təlqin etməkdir. Lakin bu, çox
çətin bir məsələdir. Bunun üçün
insanlar şeytanin felinə düşməməli,
bütün cəmiyyət anlamazlıq epidemiyasından
kökündən qurtarmalı, müalicə olunmalı,
sağalmalıdır, ya da əks təqdirdə mütləq
qarşıda onları havalanma, dəli olma təhlükəsinin
gözlədiyi qaçılmazdır. Çünki anlamaq dərdi
insanın ən ağrılı, təlqinə ən gec tabe
olan nöqtəsidir. Anlamaq fəlsəfəsi dərketmə
labirintinin elə bir döngəsində durur ki, həmin
döngənin keçidi həddən artıq dərəcədə
sürüşkəndir. Orada hər təfəkkür sahibi
duruş gətirə bilmədən ildırım sürəti
ilə sürüşüb keçir. Həmin döngədən
keçərkən anlamazın anlaya bilməsini təmin etmək
mümkün olmasa, demək ki, mütləq insan dəli olmaq
dərəcəsinə qədər havalanmalıdır.
Elçin “Şekspir” əsəri ilə insan fenomeninin
şeytan tərəfindən tutulduğu bütün viruslara,
o cümlədən anlamazlıq virusuna qarşı
Şekspirsayağı mübarizədə xəstəliyə
qalib gəlmək, anlamaq və dərk etmək labirintinin
sürüşkən döngəsində duruş gətirmək
gücündə olmaq üçün insanlara immungüc
yaratmağa çalışır.
Tamaşa ağ rəngə
boyanmış tərtibatın bir anın içindəcə
darmadağın olması, bayaqdan bəri
baxdığımız hadisələrin sonda ilğıma
çevrilməsi ilə yekunlaşır. Lakin bu
ilğımın içində düşünmək, həyat
həqiqətlərini dərk etmək və dəyərləndirmək,
uzun müddət bu unudulmaz ovqatın təsir qüvvəsinin
tilsimində qalmaq qüdrəti yaradır.
Onu da qeyd etmək doğru olar ki,
ümumilikdə bitkin bir əsər kimi ərsəyə gələn
bu tamaşada rejissor tərəfindən buraxılmış,
özünün səmərəsizliyini aydınca büruzə
verən bəzi xırda qüsurlar da var ki, bu qüsurları
mən daha çox əsərin yükü altında
çabalayan rejissorun ağrıları kimi dəyərləndirilməsini
doğru hesab edirəm. Məsələn, rejissor ədəbi
materialdan irəli gələn hadisələrin ən gərgin
bir zamanında - aktyorun (Stalin - Pərviz Bağırov)
müharibələrin törətdiyi fəsadları ehtiva edən
dolğun bir monoloq söylədiyi, tamaşaçını
mövzunun məzmununda heyrətləndirdiyi və
düşünməyə vadar etdiyi bir vaxtda guya vəziyyətin
dinamizmini gücləndirmək məqsədilə, arxa pərdənin
üzərinə tuşlanmış kinoproyektorun gözü
ilə müharibələrin fəsadlarını təsvir
edir. Bu üsuldan istifadə etməklə o, fikri
yayındırmağa xidmət edən, olduqca səmərəsiz
bir görüntü yaradır. Daha bir fakt: hadisələrin
digər gərgin məqam aldığı bir zamanda - yad
planetlərdən gələnlərin gəlişinin çox
bəsit bir formada, yenə də kinoproyektorla uçan
boşqabları təsvir etdirməklə göstərməsi,
fikrimcə, əsərin və tamaşanın qayəsinə
xidmət etməkdən daha çox, əks təsir qüvvəsi
yaradan bir üsul təsiri bağışlayır. Əslində
biz bu köhnəlmiş üsuldan bir çox tamaşalarda
istifadə olunduğunun və yerində istifadə olunduğu
üçün öz səmərəsini verdiyinin şahidi
olmuşuq.
Fikrimcə, belə yerinə
düşməyən halda, bu cür köhnə üsuldan
istifadə etməkdənsə, tamaşanın sonunda
projektorları gur yandırılmış safitin
bütövlüklə səhnənin tavanından yarıya qədər
endirilməsi daha çox təsir qüvvəsi yarada bilən
bir amildir ki, rejissor bu üsuldan da istifadə edir, əslində
bu tapıntı yeni olmasa da (belə fəndlər 60-cı illər
teatrlarına xas olan üsullardır ki, buna istər dünya
teatrlarının, istərsə də Azərbaycan teatrlarının
səhnələrində, Mehdi Məmmədovun, Tofiq
Kazımovun, sonrakı illərdə isə Hüseynağa
Atakişiyevin, Azərpaşa Nemətovun və başqa
rejissorların tamaşalarında müxtəlif formalarda rast gəlmişik),
hər halda yerinə düşən bir teatr ifadə vasitəsidir.
Və məncə, bu fənd kinoproyektordan daha çox, səmərəli
və təsir qüvvəsi yarada bilən bir istifadə
üsuludur. Lakin belə kiçik qüsurlar əsərin
monumentinə heç bir təsiri olmayan, tamaşada yalnız
rejissor təxəyyülünün kasıblığına
işarə olan bir cəhət kimi görünür.
Bütövlükdə isə bu nəhəng əsər
öz təsir gücü ilə tamaşaçının qəlbinə
tam hakim kəsilə bilir.
Fikrimcə, “Şekspir” əsərinin
tamaşasına dönə-dönə baxmaq və
dönüb bir də baxmaq, Elçinin baxış
bucağında şeytanın şərindən qurtarmaq,
insani keyfiyyətlərlə zənginləşmək, haqqı,
həqiqəti dərk etmək, anlaya bilmək, ədaləti
qorumaq, bulanıq fəlsəfədən durulmaq, insan
içində yerləşən Tanrısal vicdan meyarında
saflaşmaq üçün həddən artıq səmərəlidir.
Mədəniyyət.-
2012.- 11 aprel.- S. 10;11.