Qədim el sənətləri yaşadılır

 

   II Respublika dekorativ-tətbiqi sənət festivalının ilk regional sərgisi Gəncədə açıldı

  

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda II Respublika dekorativ-tətbiqi sənət festivalı keçirilir. Aprelin 6-da Gəncə şəhərində festivalın ilk regional sərgisinin açılışı oldu.

  

   Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, sektorun böyük məsləhətçisi Anar Qurbanov, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva, Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Rafiq Quliyev, Rəssamlıq Akademiyasının müəllimləri, sənətşünaslar iştirak edirdilər.

   Gəncənin mərkəzindəki Heydər Əliyev meydanında təşkil olunan regional sərgiyə respublikanın 15 şəhər və rayonunun (Gəncə, Mingəçevir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Şəmkir, Ağstafa, Bərdə, Ağcabədi, Goranboy, Tərtər, Naftalan) xalq sənətkarları və dekorativ-tətbiqi sənət ustaları qatılmışdı.

   Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə gül dəstələri qoydular.

  

   * * *

 

   Heydər Əliyev meydanı səhər saatlarından əsl el şənliyini xatırladırdı. Tədbir başlamamışdan əvvəl meydanda milli musiqilərimiz səslənir, Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri milli rəqslərimizi ifa edirdilər. Ayrı-ayrı rayonları təmsil edən sənətkarlar əl işlərini geniş tamaşaçı zövqünə təqdim etməyə hazırlaşırdılar.

   Qeyd edək ki, fevral ayından başlayaraq festivalda iştirak etmək arzusunda olan dekorativ-tətbiqi sənət ustalarının müvafiq rayon və şəhər mədəniyyət və turizm şöbələri tərəfindən qeydiyyatı aparılmışdı. Gəncədə təşkil olunan ilk regional sərgidə nümayiş olunan dekorativ-tətbiqi sənət əsərləri arasında xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma, dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma, makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma) üsulu ilə hazırlanmış nümunələr göz oxşayırdı.

  

   Festival xalq sənətkarlığı ənənələrini yaşadır

  

   Sərginin açılışında çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov festival barədə iştirakçılara məlumat verdi. Qeyd olundu ki, Azərbaycan dekorativ-tətbiqi sənəti qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən festival qədim sənət növlərinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması məqsədi daşıyır: “2009-cu ildə nazirlik tərəfindən keçirilən I Respublika dekorativ-tətbiqi sənət festivalı xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği işinə, xalq bədii sənətkarlığı ənənələrinin yaşadılmasına mühüm stimul oldu. İnanırıq ki, ikinci respublika festivalı da bu baxımdan səmərəli olacaq. İstedadlı gənclər, el sənətkarları geniş ictimaiyyətə tanıdılacaq”.

   Sektor müdiri bildirdi ki, növbəti regional sərgilər Naxçıvan, Lənkəran, Şəki və Xaçmaz şəhərlərində təşkil olunacaq: “İlk regional sərgidə nümayiş olunan sənət əsərləri arasında maraqlı, baxımlı, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərləri az deyil. Bölgələrdən seçilən əsərlər Bakıda keçirilən yekun sərgidə nümayiş olunacaq. Bundan əlavə, nazirlik tərəfindən nəfis tərtibatlı kataloqun hazırlanması da nəzərdə tutulur. Kataloqda ölkə üzrə ən yaxşı əsərlər, onların müəllifləri haqqında məlumatlar yer alacaq. Kataloqların müxtəlif səfirliklərə, diaspor təşkilatlarına, xaricdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinə göndərilməsi planlaşdırılır”.

  

   Sənət adamları razılıq edir

  

   Festivalda sərgilən rəngarəng əsərlərlə tanış olarkən Azərbaycanda zəngin dekorativ-tətbiqi sənət növlərini yaşadanlarla fəxr etməyə bilmirsən. Alı Əsgərovun 60 yaşı var. Tovuz rayonunda yaşayır. Ağac üzərində oyma sənəti ilə məşğul olur. Deyir ki, işimdən, sənətimdən zövq alıram: “Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişəm. 30 ildir bu sənət yol yoldaşımdır. Oğlum, bacım oğlu ilə birlikdə bu sənətlə məşğuluq. Tovuzda evlərdə oyma üsulu ilə qapılar, pilləkənlər düzəldirik. Şəbəkə naxışları da hazırlayırıq. Burada nümayiş olunmaq üçün 7 suvenir gətirmişəm. Qoz, fıstıq, şabalıd, palıd ağacından istifadə edirəm. Sərgiyə gələnlər əsərlərimə böyük maraq göstərirlər”.

   Üzərində maraqlı boya işləmələri olan əsərlərin müəllifi Rəhman Rəhmanov isə gəncdir. Gəncə Dövlət Universitetində memarlıq ixtisası üzrə təhsil alır.

   İlk dəfədir ki, dekorativ-tətbiqi sənət festivalında iştirak edir: “Boşqab üzərində rəsmlər çəkirəm. Bu, özünəməxsus akvarel boyalardır. Şüşə və keramikadan olan əşyaların üzərində işləməyə imkan verən bu boyalar sulu və yağlı boyadan fərqlənir. Rəsmi çəkdikdən sonra qaba 60-70 dərəcə temperaturda istilik vermək lazım gəlir ki, rəsm qabın üzərinə hopsun. Bu sənətlə həvəskar şəkildə evdə məşğul oluram. Sərgiyə 5 əsər təqdim etmişəm”.

   Sərgiyə Göygöl rayonundan qatılan Cahangir Cəfərov bədii oyma üsulu ilə qablar hazırlayır. 1982-ci ildən bu sənətlə məşğuldur. Festivala müxtəlif ölçülü kiçik suvenirlər təqdim edib: “Biz əsasən ağac məhsullarından istifadə edirik. Sifarişlər əsasında müxtəlif ölçülərdə dekorasiyalı çəlləklər, məişət üçün qablar hazırlayırıq. Palıddan hazırladığımız bu qablarda saxlanılan məhsullar keyfiyyətini itirmir. Sənətim məni dolandırır. Sifarişlərim də kifayət qədərdir”.

   Şöhrət Tağıyev festivala Samux rayonundan gəlib. Dövlət müəssisəsində çalışır. Eyni zamanda on ildir həvəskar şəkildə ağac üzərində oyma sənəti ilə məşğul olur. Sərgiyə təqdim etdiyi əl işləri - zövqlə işlənmiş mücrülər, nərdtaxtalar və digər suvenirlər izləyiciləri xüsusilə cəlb edir. Oğlu isə ağac üzərində yandırma - prioqrafiya ilə suvenirlər hazırlayır.

   Şərif Şərifov isə xalçaçılıq sənətinin vurğunudur. 20 ildir açdığı xalça sexinə rəhbərlik edir: “Xalçaçılıq sənətinə əvvəllər bir hobbi kimi baxırdım. Artıq 20 ildir ki, bu işlə ciddi məşğul oluram. 10 nəfər yaxın xalçaçı qadını, həmçinin qızımı bu işə cəlb etmişəm. Xalça xalqımızın ölməz sənətidir. Bu sənət yaşadılmalı, inkişaf etdirilməlidir. Bu baxımdan festivalın keçirilməsini yüksək qiymətləndirirəm”.  

 

   Dekorativ-tətbiqi sənət növlərinə maraq artıb

   

   Sərginin izləyiciləri arasında uşaq yaradıcılıq müəssisələrinin rəhbərləri də vardı. Gəncə Şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Habil Əzizov nümayiş etdirdikləri sənət nümunələri haqqında məlumat verir: “Məktəbimizdə rəsm, rəngkarlıqla yanaşı, dekorativ-tətbiqi sənət növləri də tədris olunur. Sərgiyə gənc müəllimlərin, habelə yuxarı sinif şagirdlərinin dekorativ-tətbiqi sənətin müxtəlif növlərindən olan əl işlərini nümayişə çıxarmışıq. Son vaxtlar şagirdlər dekorativ-tətbiqi sənət növlərinə xüsusi maraq göstərirlər. İnanıram ki, seçilən əsərlər arasında bizim məktəbin şagirdlərinin də əsərləri yer alacaq”.

   Sevinc Ələkbərova Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin direktorudur. Mərkəzdə tikmə, toxuma sənət dərnəklərinin olduğunu deyən müsahibimiz dərnəklərin sayını artırmağı düşünür: “Son vaxtlar dekorativ-tətbiqi sənət növlərinə maraq artıb. Sərgidə qonşu rayonlardan olan sənətkarlarla tanış olduq. İstəyirəm ki, onları bizim müəssisəyə cəlb edərək xalçaçılıq, ağac üzərində oyma, misgərliyi tədris edən dərnəklər yaradaq. Düşünürəm ki, festival yaradıcı müəssisələrin fəaliyyətlərinin genişləndirilməsi baxımından da əhəmiyyətli olacaq”.

   

   Xalq tətbiqi sənət ustaları ilə əlaqələr genişləndirilməlidir

   

   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva deyir ki, festival qarşıya çıxan problemlərin həllinə, sənətkarlarla əlaqələrin yaradılmasına imkanlar yaradır: “Biz burada xalçaçılıq sənəti ilə məşğul olan insanlarla görüşdük. Biz bu əlaqələrin genişləndirilməsinə çalışırıq. Bilirsiniz ki, “Azərbaycan xalçaçıları” İctimai Birliyi fəaliyyət göstərir. Ola bilsin ki, Gəncədə bu ictimai birliyin bölməsini yaradaq. İstəyərdim ki, Gəncə xalçaçılığına xas olan kompozisiyalar, növlər bərpa olunsun”.

   Xalçaçı rəssam, Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət kafedrasının dosenti Məmmədhüseyn Hüseynov da festivalı sənətkarların ictimaiyyətə tanıdılması baxımından əhəmiyyətli mədəni hadisə kimi qiymətləndirir: “Xalq sənətkarlığı ilə məşğul olan insanlarla əlaqələr davamlı olmalıdır. Yaxşı olardı ki, kəndlərin icra nümayəndələri, bələdiyyələr də bu işə öz köməklərini əsirgəməsinlər. Çünki onlar yerlərdə əhali ilə birbaşa əlaqədə olan qurumdur. Festivalın davamlı olmasını arzulayıram”.

  

   * * *

 

   Sərgidə iştirak edən bir qrup xalq sənətkarı və dekorativ-tətbiqi sənət ustasına Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim edildi.

  

 

   Ceyhun

 

  Mədəniyyət.- 2012.- 11 aprel.- S. 9.