Azərbaycanın
turizm sahəsində rəqabət
imkanları çox yüksəkdir
Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin
mədəniyyəti və tarixi irsi cəlbedici turizm məhsulu
yaratmaq üçün mühüm zəmindir
Bu
gün dünyanın bir çox ölkələrində
aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda
da sürətlə inkişaf etməkdədir. Ölkəmizin
təbii şəraiti, iqlimi, zəngin mədəniyyəti və
tarixi irsi Azərbaycanın turizm sahəsində rəqabət
imkanlarını artırır.
Təsadüfi deyil ki, dövlət
də turizm sahəsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə
prioritet istiqamət elan edib. Son illər turizmin təşviqi
ilə bağlı görülən işlər, qəbul
edilən dövlət proqramları, normativ-hüquqi
bazanın təkmilləşdirilməsi bunu bir daha sübut
edir. “2010-2014-cü illərdə Azərbaycanda turizmin
inkişafına dair” Dövlət Proqramının, 2011-ci ilin
Azərbaycanda “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər
Planının icrası dövlət tərəfindən
turizmin inkişafına verilən dəstəyin göstəricisidir.
“Turizm ili” inkişafa töhfə oldu
2011-ci ilin Azərbaycanda «Turizm ili»
elan edilməsi dövlət qurumları, özəl sektor,
biznes dairələri ilə bərabər, ümumilikdə cəmiyyətin
bu sahəyə diqqətini artırdı. Bu, Azərbaycan
turizminin dünyada təbliğində də özünü
göstərdi. Ötən il Mədəniyyət və Turizm
Nazirliyi 17 beynəlxalq turizm sərgisində iştirak edib,
2012-ci ildə isə bu sayın 22-yə
çatdırılması nəzərdə tutulur. İl ərzində
xarici kütləvi informasiya vasitələrində Azərbaycanın
turizm potensialını əks etdirən reklam
materiallarının yayılmasına xüsusi önəm
verilib. İlk dəfə olaraq Ukraynanın milli
telekanalında reklam çarxı, Böyük Britaniyanın
“Voyager” bort jurnalının mart, may, sentyabr, oktyabr, noyabr
buraxılışlarında turizm imkanlarımızı əks
etdirən reklam səhifəsi yerləşdirilib .
“ABTA” jurnalında, Fransanın məşhur
“Le Nouvel Economist” qəzetində respublikanın turizm
imkanları haqqında reklam səhifələri verilib.
Rusiyanın “Grand Fair” şirkəti tərəfindən Azərbaycan
haqqında “Tomas Kuk” bələdçisi (rus dilində)
hazırlanır.
Azərbaycanda turizmin
inkişafına yaradılan münbit şərait mehmanxana və
mehmanxana tipli obyektlərin sayının artmasında da
özünü göstərir. Ötən ilin yekunlarına
görə, Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin
sayı 515-ə, yataq yerlərinin sayı isə 33 393-ə
çatıb. İllik müqayisədə yataq yerlərinin
sayı 11,8% artıb. Ötən il 30 mehmanxana istifadəyə
verilib, hazırda isə 45 mehmanxana və mehmanxana tipli obyektin
tikintisi davam etdirilir. Hazırda xüsusi razılıq
(lisenziya) əsasında 312 mehmanxana və mehmanxana tipli obyekt,
178 turizm şirkəti fəaliyyət göstərir.
Beynəlxalq marşrutlar Azərbaycana
marağı artırır
Azərbaycanın daxil turizm
potensialını dünya bazarına çıxarmaq, xarici
turistlərin diqqətini səfalı guşələrimizə
cəlb etmək məqsədilə 2003-cü ildə bölgələr
üzrə yeddi turizm marşrutu müəyyənləşdirilib.
Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut
hesab edilir. Əsas turizm marşrutlarımız
Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və
Bakı-Qazax, əlavə marşrutlar isə
Bakı-Abşeron yarımadası, Bakı-Dağlıq
Qarabağ, Bakı-Naxçıvandır.
Əsas marşrutlar üzərində
hansı rayonlar daha çox perspektivlidirsə və orada turizm
növlərini inkişaf etdirmək mümkündürsə,
bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
müvafiq işlər aparılır. Həmin rayonlar beynəlxalq
səviyyədə təbliğ olunur. Bu məqsədlə
Avropa Şurasının təcrübəsi çərçivəsində
bu rayonların turizm imkanlarının
tanıtdırılması üçün mədəni
turizm marşrutları layihələri həyata keçirilir.
Bunlar «Böyük İpək Yolu», «Şərab, mədəniyyət
və turizm mübadiləsi», «Aleksandr Düma Qafqazda» və
«Azərbaycanda alman məskənləri» layihələridir.
Bu layihələrin həyata
keçirilməsi eyni zamanda ölkəmizə gələn
turistlərin sayının artmasına və turizm məhsulunun
çeşidinin genişlənməsinə xidmət edir.
Bakı
və Abşeron qalaları, Naxçıvan təbii suları
ilə tanınır
Bakı və Abşeron
yarımadası daha çox qədim qalaları, tarixi abidələri
ilə diqqəti cəlb edir. Azərbaycanda fəaliyyət
göstərən turizm obyektlərinin əksəriyyəti də
bu ərazidə yerləşir. Mədəniyyət və
Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata
görə, Bakı-Abşeron ərazisində 98 mehmanxana və
mehmanxana tipli obyekt nazirliyin lisenziyası əsasında fəaliyyət
göstərir.
Qədim yurd yerlərimizdən olan
Naxçıvanın coğrafi mövqeyi, özünəməxsus
iqlimi, fauna və florası, tarix-mədəniyyət abidələri
turizmin inkişafı üçün əlverişli stimul
yaradır. Naxçıvanda 1165 tarixi abidə var. Muxtar
respublikada fəaliyyət göstərən Duzdağ
Fizioterapiya Mərkəzi, “Şahbuz” Dövlət Təbiət
Qoruğu və Zəngəzur Milli Parkı turistlərin ən
çox sevdiyi məkandır.
Quba-Xaçmaz zonası cəlbedici turizm məkanına
çevrilir
Quba və Qusar bölgəsi
gözəl təbiəti, hündür şəlalələri
(Ləzə, Şahnabaz), dağları və zirvələri
turistləri cəlb edir. Qusar rayonunda inşa edilən
«Şahdağ» qış-yay turizm kompleksi bölgədə
turizmin inkişafına əlavə təkan verəcək. Hər
il minlərlə turistin istirahət etdiyi regionlarından biri
Xaçmazdır. Uca dağları, Xəzər dənizi
boyunca uzanan meşələri, zəngin təbiəti,
özünəməxsus mətbəxi və adət-ənənələri
baxımından bu rayon turistlər üçün əsl cənnət-məkandır.
Şəki sənətkarları, Qəbələ abidələri
ilə gözəldir
Şəki öz sənətkarlığı
ilə həmişə diqqət mərkəzində olub.
Burada son illər yeni mehmanxanalar, kotteclər, turizm xidməti
obyektləri, digər sosial obyektlər inşa edilir. Bu da
Şəkiyə gələn turistlərin sayının
artmasına səbəb olur. Əgər 2004-cü ildə
rayona cəmisi 2800 nəfər turist gəlmişdisə,
2011-ci ildə bu rəqəm 20 minə çatıb. Rayonda 12
turizm obyekti lisenziya ilə fəaliyyət göstərir.
Şamaxı isə yay və
qış turizmi, həmçinin kənd yaşıl turizmi
inkişaf edib. Son vaxtlar isə atçılıq turizminə
də diqqət artırılıb. Rayonda lisenziya ilə 12
turizm obyekti fəaliyyət göstərir.
Qəbələ rayonunda beynəlxalq
standartlara cavab verən turizm infrastrukturu mövcuddur. Sayı
ilbəil artan hotellərdə (o cümlədən
beşulduzlu), istirahət, əyləncə mərkəzlərində
xidmətin keyfiyyəti dünyada müəyyən edilmiş
normalara uyğundur. Bunun da nəticəsidir ki, 2011-ci il ərzində
Qəbələ rayonuna 40 mindən yuxarı turist gəlib.
Masallıda İstisu, İsmayıllıda el sənətkarlığı
turistləri cəlb edir
Masallı rayonu Azərbaycanın
füsunkar guşələrindən biridir. Rayonun bir tərəfi
Talış dağları və meşələri, bir tərəfi
Xəzər dənizi ilə əhatə olunub. Hələ illər
öncə uzaq yerlərdən gələn insanlar müalicə
məqsədilə bu torpağın şəfalı suyundan
istifadə ediblər. Turizm-rekreasiya zonası yaradılması
üçün əlverişli təbii şəraitə
malik Masallı rayonu çoxsaylı yerli və xarici
qonaqları qəbul etmək imkanına malikdir.
Turizm üçün əlverişli
guşələrdən biri də İsmayıllı rayonudur.
Burada müxtəlif sənətkarlıq növləri
inkişaf edib ki, bu da turistləri bölgəyə cəlb edən
mühüm amildir.
Dəniz səviyyəsindən 2500
metr yüksəklikdə yerləşən Lahıc kəndi sənətkarları
ilə xüsusilə məşhurdur. Xatırladaq ki,
İsmayıllı ötən il Azərbaycanın “Sənətkarlıq
paytaxtı” elan olunmuşdu.
Gəncə
və Tovuz: tarixi irs və nadir təbiət baş-başa
Azərbaycanın ikinci
böyük şəhəri olan Gəncə tarixi irsi ilə
yanaşı, ətrafındakı gözəl təbiəti,
göl və çayları ilə də məşhurdur. Tarixin
müxtəlif dövrlərində həm təbii, həm də
müharibələr səbəbindən dağıntılara
məruz qalan şəhər ərazisində hazırda bir
çox abidələr var. Şəhər ərazisində
206 yerli əhəmiyyətli, 10 ölkə əhəmiyyətli,
1 dünya əhəmiyyətli qədim Gəncə ərazisi
və onun nəzdində 12 yerli əhəmiyyətli
daşınmaz tarixi və mədəniyyət abidələri
yerləşir.
Azərbaycanın qərbində
yerləşən Tovuz rayonu flora və faunasının zənginliyi,
meşələri, təbii bulaqları, tarixi abidələri
turizm üçün əlverişli şərait yaradır.
Rayon ərazisindəki antik dövrə aid “Torpaqqala” qədim
yaşayış məntəqəsi, eramızdan əvvəl
VI minilliyə aid edilən “Göytəpə”
yaşayış məskəni turistlərdə ölkəmizin
tarixi barədə təsəvvür yaratmaq üçün
dəyərli məkanlardandır. Rayonda 62 daşınmaz
tarixi və mədəniyyət abidəsi qeydiyyatdadır.
* * *
Görülən kompleks işlərin
nəticəsi olaraq Azərbaycana gələn turistlərin
sayı ilbəil artır. Rəsmi məlumatlara görə,
2011-ci ildə Azərbaycana 2 milyon 239 min nəfər əcnəbi
gəlib. Bu da 2010-cu illə müqayisədə 14 % və ya
276 min nəfər çoxdur. 2010-cu ildə Azərbaycana gələn
əcnəbi vətəndaşların sayı 1 milyon 963 min nəfər
təşkil edib ki, onlardan da 1 milyon 495 mini turist olub. 2011-ci
ildə Azərbaycana turist qismində səfər edənlərin
sayı isə 1 milyon 836 min nəfər olub.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2012.- 11 aprel.- S. 8.