Səs...
Bütün nəğməli, şarkılı Şərqə
səs salan, zövqlərdən kam alan Səs!
Qulaqlara
bulaq kimi axan, könüllərdə şimşək kimi
çaxan Səs. Bir-birə deyər “səs eləmə”, “səsini
kəs”, “səsin batsın” və sair. Amma elə səslər
də olub, var və olacaq ki, onları eşidəndə adam
özü öz səsini kəsir. O səs
çağlayıb qurtarana qədər
cınqırını da çıxarmırsan...
O hadisə ki hədisə
çevrilmədi, o olayın ki səsi çıxmadı,
ondan hadisə, olay olmaz. Nüvəsində mənəvi-dünyəvi
mənalılıq, mayasında sehr-seyrani heyranlılıq
olan bir hadisənin səsi isə mütləq
çıxır. Və nə qəribə ki, səsi
çıxan bu nəsnənin özü səs ola!..
Səs
yiyəsinin səsi
Şuşanı - Azərbaycanın
bu təbii konservatoriyasını səslə, avazla təəccübləndirmək
havayı cəhd imiş bir zamanlar.
XIX yüzilliyin sonlarında bu
şəhər daha bir səs inqilabını gözləyirmiş.
1889-cu il tarixçəsi öncə
şuşalıların, ardınca bütün azərbaycanlıların,
lap sonra Yaxın Şərqin hafizəsinə Seyid adlı bir
səs və sənət nəhənginin adını
yazacaqmış.
Sonralar Şuşinski təxəllüsü
ilə çağının bütün oxuyanlarına
atalıq-ustadlıq edəsi bu uşaq İsa
bulağının zümzümələri,
Qırxqızın, Cıdır düzünün
axar-baxarı, anasının laylaları ilə bərabər,
artıq məmləkətin hər yerindən gələn
ilahi bir səsə - qonşu Cabbar əminin avazlarına da qulaq
kəsilə-kəsilə böyüyürdü. Bu səsin
sahibi Seyiddən 28 yaş böyük idi. Adı Cabbar,
soyadı Qaryağdıoğlu. Bu səs artıq hər yana
yayılmışdı, bütün başqa xanəndələrə
edilən təəccüblərin, heyrətlərin
“barıtına su tökmüşdü”. O səs
dünyanın muğam arealının “zövq qidası”
ehtiyacını ödəyirdi. Onun səsini ecazkar italyan
tenoru Karuzo ilə müqayisə edən kim, onu “Şərq
musiqisinin peyğəmbəri” adlandıran kim, “Səs Günəşi”
çağıran kim... Və bu Səs Günəşinin
kölgəsində gözqamaşdırıcı bir
işıq da parlamaqda idi. Bu işığın
qonum-qonşu “xəbər”ində bir Seyid “isim”ləşir,
bir Şuşinski “sifət”ləşirdi. Qonşuya, məhəlləyə
sığmayan bu səs bütün Azərbaycanın
qulağına çatır, Şərqin diqqətinə
yetişirdi.
Bu Səs 19 yaşına
çatanda Şuşanın “Yay klubu”nda növbəti bir
konsert-tamaşa düzənlənir. Konferansye Seyidi səhnəyə,
belə deyək, “uşaq ayağından” dəvət edir.
Lakin Seyid səhnəyə ağır-batman ağsaqqal
salğarıyla çıxır və muğamlardan da ən
ağsaqqalını - “Şur”u ifa edir. Söyləyənlər
belə bəyan edirlər ki: “Salon bu uşağın səsindən
qocaman Şərq xəyalatına dalmışdı...”
Söyləyiblər ki, Nuhun
vaxtından ruhun vaxtına qədər belə səs
eşidilməyib. Yazırlar ki, onun bu vaxtaqədərki
ifaçılarda görünməmiş zəngulələri
salonun nitqini qurutmuşdu. Çəpik çalası əllər
tilsimə düşüb “qandal”lanmış, səhnəyə
qalxıb onu bağrına basmaq istəyənlərin
ayaqları halətdən donub sandallanmışdı...
Amma belə bir rəsmi - daha
doğrusu, mətbu söyləmə də var ki, həmin vaxt
salonda olan Cabbar Qaryağdıoğlu ağır-ağır
ayağa qalxıb, birayaq-birayaq səhnəyə tərəf
irəliləyir. Seyidi bağrına basıb, üzünü
az qala iki təsnif müddətinə onun üzünə
söykəli saxlayır. Bu “fürsət”dən istifadə
edib qəhərini boğur, sevincdən dolmuş gözlərinin
yaşını qurudur və üzünü camaata
çevirib, deyir: “İndi mən ölməkdən,
haçansa bu sənətdən, bu dünyadan getməkdən
qorxmuram. Çünki bu sənət dünyasına Seyid gəlir!..”
Xalq
məktəbindən çıxmış ali müəllim
Şərti olaraq “xalq məktəbi”
dediyimiz bu ocaq, bəziləri kimi “saysız-hesabsız” yox, az
tələbə hazırlayıb, az peşəkar
yetişdirib. Amma yetişdirib, ha!..
Azərbaycan fitrətən müəllimlikdən,
ustadlıq sarıdan heç bir dövrdə, heç bir
bölgədə korluq çəkməyib. Belə simalardan,
“canlı universitet”lərdən biri də Mir Möhsün Nəvvab
idi ki, gələcəyin böyük müəllimi Seyid
Şuşinski də ilk dərsini ondan alıb. Sonralar dövlət
texnikum və universitetlərini bitirənlər, özlərinə
sənət binəsi qurub, ev olan bir çox sənətkarlar
məhz Nəvvabın dühasında yetişib, onun ustad
ülgüsündən çıxıblar. Seyidin sonrakı
müəllimi Cabbar Qaryağdıoğlu isə onun
ifalarının birində riqqətə gələrək
söz tapa bilməyib və öz qavalını qocafəndi
bir tərzi-hərəkətlə ona
bağışlayıb.
Deyirlər, Seyiddən sonra uzun
müddət heç kim “Çahargah”ı ifa etmirmiş. Bəziləri
ustada sayğıdan, bəziləri “bərayi-ehtiyat”
duyğusundan, bir parası isə qorxudan. Seyidin ifaları millətimizin
dədə-babalıq yollarını bağlamaqda davam edən
sovet illərində xalqın daxili
narazılığını, könül üsyan-təlatümlərini
bir qədər yumşaldıb, o siyasi “rejim xoru” dövrlərində
camaatı yola verirmiş. O zamanın
tamaşaçıları arasında qatı millətçi
kimi tanınan içərişəhərli Mail kişi isə
məclislərin birində deyib ki, sovetlər bizim milli
maraq-çırağımızı söndürdü, cəddinə
qurban olduğum Seyid isə oxuyanda bunların
“lampıçkalarını” söndürür!..
Ötən əsrin 70-ci illərində
isə bir şair belə yazdı:
Dinlə “Çahargah”ı,
eşit “Qatar”ı -
Könül dünyasının sərvəti,
varı.
Ələsgərin sazı,
Qurbanın tarı,
Seyidin, Cabbarın avazıyam mən.
Paytaxta “xəlqi diplom”la gəlmiş
bu tələbə qədim şəhərin “ustad
şapalağı”ndan çəkinmədən yeniliklər
edir, hər qədim-qədəm yüz addımından birini
də (məlum “əfkari ümumiyyə” tərəfindən
nəm-nümlə qarşılansa da) novatorluqla
atırdı. Təkcə elə “Çahargah”ına görə,
onu “axırı əvvəl oxuyan” adlandıranlar
varmış. Nədən ki, o, hər məclis-mərəkədə
“Çahargah”ı “maye”dən yox, “mənsuriyyə”dən
başlayarmış.
... İndinin 70-80
yaşlıları Seyidin 74-cü sinnində (vəfatına
iki il qalmış) oxuduğu “Mənsuriyyə”sindən məftun-məftun
danışalar... sən də oturub susqun-susqun qulaq asasan!
Onun milli düşüncələrindən
şövqlə danışanları da az eşitməmişəm.
Söyləyirdilər ki, ahıl-qocamanlar məclislərində
camaatı Füzulinin, Nəbatinin, Seyid Əzimin qəzəllərilə
heyran edən Seyid, elə ki salondakıların əksəriyyətinin
gənclərdən ibarət olduğunu görürdü, -
“valı dəyişirdi”. Milli ruhlu qəzəllərdən, Vətən
daşlı, yurd vəsfli, xalqı gizlicə-işarətlicə
“qalx”a səsləyən ictimai-siyasi məzmunlu şeirlərdən
oxuyurdu. Ən maraqlı, döyüşkən misraları,
qafiyələri isə salona zəngulələrinin ən
qırmanc ləpələrilə çatdırırdı.
Onun M.Ə.Sabirin “Millət necə tarac olur-olsun” şeirini
oxuduğu “Müxalif”i, “Ayıl, ey millət”, “Mən bir
türkəm” mahnıları o qorxulu dövrün qeyrət sədaları
kimi səslənirmiş.
Xatirələrdəki Seyid
Bəri başdan qeyd edək ki, bu
virtuoz sənətkar haqda əzəl-başdan çox az
yazılıb və bu mətbu laqeydlik hələ də davam
etməkdədir. Onun barəsində yazılan kitablar, qəzet-jurnal
məqalələri, tutumlu portret-verilişlər
muğamlarımızın sayı qədər ola, ya olmaya.
Qocaman, ahıl yaşlı muğam
ifaçılarımız isə, sağ olsunlar, Seyid
Şuşinskini hər yerdə, hər an çox
sayğı ilə xatırlayırlar. Xalq artistləri Əlibaba
Məmmədovun, Canəli Əkbərovun, rəhmətlik
İslam Rzayevin və bir çox başqalarının
keçmiş günlər, muğam sənətinin tədris-təlim
məsələləri barədə beş sözündən
üçü Seyid fenomeni, Seyid ustadlığı, Seyid
şəxsiyyəti haqda olur. Onun müəllimliyindən isə
daha çox danışırlar. Haqlı olaraq qeyd edirlər
ki, Seyid Şuşinski muğamın tədrisində, təlimində
necə bir ustad, klassik cığır açıbsa, nəhəng-nəhəng
müasirləri hələ də özlərini “şəyird”
hesab edir, onun möhtəşəm ustadlıq qalasından kənara
çıxa bilmirlər. Və çox maraqlıdır, Seyid
Şuşinski ülgüsündən çıxan tələbələrin
demək olar doxsan doqquz faizi zaman-zaman Xalq artisti fəxri
adına layiq görülüb.
Sonda istədim Seyid
Şuşinskinin zirvə səs oktavası, ifa etdiyi
muğamlara vurduğu məxsusi güllərin, “Çahargah”a
isə şəriksiz müəllif möhürünün sənətkarlıq
təhər-tövrü haqda da bir neçə kəlmə
yazam. Lakin bu ənənəvi “yazı tapşırması”
axarının əksinə üzməyi daha münasib
sayıb, bu məsələyə həsr edəcəyim
iki-üç abzasın yerinə bir cümlə əlavə
etmək qərarına gəldim: Müəllimlər müəllimi
Seyid müəllim, sənin məlahətli, ecazkar səs-avazın
dərinliyində olmasa da, bu səni əbədi dinləyəcilərin
təkrarsız ləzzət, zövq sərinliyində deyirik:
ruhun şad olsun!..
Tahir Abbaslı
Mədəniyyət.-
2012.- 11 aprel.- S. 7.