“Qar yağacaq”
Gənc
yazıçı Pərvinin ilk kitabının təqdimatı
Aprelin
6-da Yazıçılar Birliyinin Natəvan klubunda “Gənc ədiblər
məktəbinin” məzunu, Yazıçılar Birliyinin
üzvü Pərvinin “Qar yağacaq” adlı kitabının təqdimatı
keçirildi. Kitab Yazıçılar Birliyi ilə “Təhsil”
nəşriyyatının birgə layihəsi olan “Müəllifin
ilk kitabı” seriyasından ikinci nəşrdir. Bu seriyadan ilk
kitab gənc yazar Zərdüşt Şəfinin “Başqa
adamlar” adlı hekayələr toplusu olub.
Mətbuatda ədəbi söhbətlər,
esse və publisistik yazılarla çıxış edən Pərvin
ilk kitabına bir povest və 9 hekayə daxil edib. Nəşrə
ön sözü Yazıçılar Birliyinin gənclərlə
iş üzrə katibi Rəşad Məcid yazıb,
kitabın redaktoru Mustafa Çəmənlidir.
Təqdimat mərasimində
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar, qurumun katibləri - Xalq şairi Fikrət Qoca, Xalq
yazıçısı Çingiz Abdullayev, Arif Əmrahoğlu,
Rəşad Məcid, habelə Xalq şairi Sabir Rüstəmxanlı,
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat,
reklamın təşkili və informasiya şöbəsinin
müdiri, şair Vaqif Bəhmənli, “Təhsil” nəşriyyatının
direktoru Bəhruz Axundov, “Ulduz” jurnalının redaktoru
İlqar Fəhmi, dramaturq Əli Əmirli və
başqaları iştirak edirdilər.
Çıxış edənlər
hər bir müəllif üçün ilk kitabın ədəbiyyat
aləmində pasport olduğunu vurğulayaraq nəşrdəki
yazılarda müəllifin özünəinam hissinin
duyulduğunu bildirdilər.
Xalq yazıçısı Anar:
”Son zamanlar gənclərin yazılarını oxuyarkən
“qarabasmalara” rast gəlirəm, Pərvinin hekayələrində
isə təmiz həyata xoş baxış var”.
Şair Vaqif Bəhmənli: “Pərvinin
ilk kitabı həyatın bir parçasıdır.
Yazılarının dili sadə və insan psixikasına ləkə
salan qırıntılardan uzaqdır. Hekayələrdə mərhəmət
duyğusu görürəm. Bu duyğuları nəfis şəkildə
ifadə etməyin özü də böyük bir işdir.
Kitaba daxil olan yazılarda gəncliyimizi dərindən
düşündürən mövzulara rast gəlirik”.
İlqar Fəhmi gənc yazarı
ilk kitabının işıq üzü görməsi
münasibətilə təbrik edərək, müəllifin əsərlərinin
davamlı olacağına və daha da maraqlı mövzularla
oxucuların görüşünə gələcəyinə
inandığını vurğuladı.
Lalə
Azəri
Mədəniyyət.-
2012.- 11 aprel.- S. 7.