Bir “keçmiş” tamaşa-sevginin - “boy çiçəyi” tək bayatı -“boyatımış” məhəbbətin oyatdığı yeni sevgilər...

 

   Bu əzəli-əbədi sevginin adı - “Sən həmişə mənimləsən”, yeni cərəyan məkanı - Sumqayıt şəhəri, həmişəyaşar yaradıcı-ustadı - unudulmaz İlyas Əfəndiyev!

  

   Bakı və Sumqayıt sənətkarlarının birgə hazırladıqları səhnə əsəri aprelin 5-6-da Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında oynanıldı.

   Çox yüksək səviyyədə nümayiş olunan bu “köhnə” hadisə-tamaşa bizim indiki yeni-yüyrək tamaşaçı cəmiyyətinə daha nələr göstərdi, nə kimi yeniliklər duyurdu?

  

   Tamaşanın köhnə, orta və yeni nəsil sənətsevərlər tərəfindən necə anşlaq-maraqla qarşılanması, nostalji sevda və çağdaş intellekt-etiketlərlə izlənməsi, elitar-kübar diqqət və müasir qaynarlıqla alqışlanması bir daha təsdiq etdi ki, qırx-əlli il bundan irəlimizin teatr şedevrlərindən olmuş “Sən həmişə mənimləsən” adlı bu “retro-teatro” klassikamız elə həmişə, hər zaman bizimlə imiş...

   İlin “ilk bahar” ayının - aprelin 5-i. Adına çox təyin-təşbehlər qoşulmuş Sumqayıtın bugünkü ab-havasında bir teatrallıq da yaşanır ki, bu, bizə məxsusi bir reportajlıq dinamikası da diktə edir. Artıq “gənclik şəhəri” statusundan çıxmış şəhərdə çoxları bilir ki, bu axşam saat 19-da mərkəzi teatrın səhnəsində yaşlı və yaşıl bir sevgi macərası yaşanacaq: gənc Nargilə ilə ondan iyirmi altı yaş yaşlı Həsənzadənin qeyri-adekvat məhəbbəti.

   Budur, bu sevginin şahidliyinə gələnlər ikibir-üçbir teatr binası qarşısına toplaşmaqdadırlar. Hərə öz aləmində, öz düşüncə-daşıncasında. Hətta kimsə kiməsə potensial Həsənzadə, sentimental Nargilə baxışında. Heç kəsin tanımadığı mənsə (televizionçu ha deyiləm!), bir jurnalist kimi yox, bir qədər ərköyün tamaşaçı kimi gah foyedə, gah səhnə arxasında “hərəkət” edir, yazıma əlavə detallar üçün camaatın atüstü müzakirə-mübahisələrinə yerli-yersiz müdaxilə edirəm. Onların bir çox maraqlı qənaətlərini eşitsəm də, yazı həcmi baxımından bircəsini verə bilirəm. Ahıl bir tamaşaçı qadın qocaman kişi müsahibinə deyir: “Bilirəm ki, İlham Əsgərov Həsənzadəni Əli Zeynalov sayağı verə biləcək. Bəs, Sədaqət Nuriyeva? Bu cür təzə aktrisa o cür mürəkkəb Nargilənin öhdəsindən Amaliya Pənahova kimi gələ biləcəkmi?”

   Tanımadığım tamaşaçı-xanımın bu nigarançılığı mənə də sirayət edir. Tamaşanın proqram-bukletinə nəzər yetirirəm: “Quruluşçu rejissor - Mərahim Fərzəlibəyov (Xalq artisti). Deməli, heç bir narahat-nigarançılığa dəyməz. Quruluşçu rəssam - Mübariz Əliyev (Əməkdar rəssam). Rejissor - İzaməddin Bağırov (Əməkdar artist). Musiqi tərtibatçısı - Lalə Nəsir. Rejissor köməkçisi - Elmira Əliyeva. Teatrın baş rejissoru - Firudin Məhərrəmov (Əməkdar artist). Deməli, bizi maraqlı bir tamaşa, zövq alacağımız gözəl dəqiqələr gözləyir...

   Bu da... bax-bax, bu an açılıb, üzümüzə sənət üzü açası pərdə. Bu, adamı müasir inkişafın sürətli küləkləri nəticəsində bir çox sənədli sahələrdə aradan götürülmüş pərdələrlə ilgili də xəyallandırır və açılır.

   Pərdə açılır və gözlərimiz önündəki çox müasir şərti dünyada yaxın bir “keçmiş” canlanır. Hər şey Azərbaycancadır, hadisələri səsləyib-çağırmaqda olan musiqi aləti - skripka isə əcnəbicə... Yeri gəlmişkən qeyd edim ki, Lalə Nəsir (“Payız qız”) bu dilsiz rolu, obrazlı desək, çox dilli-dilavər şəkildə oynayır.

   Bir azdan tam tanış olacağımız iki dünyanın - iki ailənin ilkin təqdimat notları başlanır. Bu ailələrdən biri xanımsız qalıb, o biri ərsiz. Bunlar qonşudurlar və sən demə, atasını itirmiş gənc Nargilə, xanımını itirmiş ahıl kişiyə - zavod direktoru Həsənzadəyə - uzun aylar pəncərədən gizlincə seyr edə-edə, məxficə vurulubmuş. Bu sevginin törənişində təbii simptomlarla yanaşı, onun atalığının (və mövcud vəziyyətə məhkum anasının) dözülməz münasibətlərindən dolayı süni əngəllər də az rol oynamayıb.

   Belə bir vaxt da yetişir ki, Nargilə bu ailənin “get, xalangildə yaşa” qərarı ilə üzləşir. Bir çox səhnələrdə olduğu kimi, bu məqamda da müəllifin gələcək situasiyaları açıb-aynalayan, hədəfi gözündən nişan alan dialoqları başlanır. Nargilə yır-yığış etdiyi zaman anası (Fəranə Musayeva) ona: “Qoy onun qalstuku mənə qalsın” dedikdə, belə bir cavab eşidir: “Onun bu boyda evi sənə qalır, qalstuku neynirsən?!” Hələ tamaşada bu sayaq həyat və məişət fəlsəfələrilə çox rastlaşacağıq. Qızının “yaşlı kişi” sevdasından xəbər tutan ana onu “subay kişi” evində görərkən “Bu saat burdan səhənnəm ol!” - deyə çığıracaq, qızı isə “cəhənnəmdə (yəni sənin və atalığımın yanında) çox olmuşam, qoy bir az da cənnətdə (yəni Həsənzadənin otağında) olum...” deyə, məlul-məlul, məhzun-məhzun pıçıldayacaq, daxili bir lirik-dramatik tonda sızlayacaq. Ana, yad bir adamın evini yığışdıran qızına “sən bu təhqiri özünə necə rəva bilirsən?!” hayqıracaq, qız atalığı Fərəcin sözləri bir yana, “buz kimi gözləri gündə yüz dəfə məni təhqir edirdi!..” deyə bozlayacaq... Bu tər, təravətli qız dramaturqun ustad qələmi, rejissorun istedadlı mizan-düzəni ilə o dramatik həddə, affekt-effektiv dərəcəyə çatdırılacaq ki, hər şeydən, hətta gəncliyin ən munis təbib-həbibi hesab edilən mahnıdan - “Qaragilə”dən də bezar düşür. Nargilə və “Qaragilə”. Bu mahnı tamaşada “taleyin ironiyası” kimi də səslənmirmi?..

   Dramaturq və rejissorun birgə fenomeni kimi dəyərləndirdiyim bu tamaşadakı ayrıca fenomenal cütlük haqda - Xalq artisti İlham Əsgərov - Sədaqət Nuriyeva barədə bəhs etməyin dəmi çoxdan gəlsə də, hələ yenə yox; lətifəsi uzaq (lap elə yaxın!) olsun, adam hər hansı bir giləmeyvə yeyəndə ən yaxşısını axıra saxlayır ki, dad-ləzzətdən ayrılıq dəminin davamiyyəti uzansın...

   Beləliklə, bu fenomen cütlüyün tamamilə pardaqlanıb-açılmasında çox mühüm rol oynayan ifaçılar haqda. Öncə, ədəbi-bədiiliyi qədər də real təcəssüm etdirilən bu tamaşadakı xəyal-obrazı - Həsənzadənin mərhum xanımını oynayan Əməkdar artist Ulduzə Nəsirova barədə bir neçə kəlmə. O dünyadan “gəlib”, subay qoyub getdiyi ərini bütün məqamlarda müdafiə edir, onun dərdlərinə şərik olur. Hətta bir qədər qeyri-milli, qeyri-ənənəvi görünsə də, onun “yeni sevda”sı hesab etdiyi Nargilə macərasını dünyəvi parametrlərdən qəbul edir. Xəyali-zühuri gəlin görkəm-görəvli bu istedadlı aktrisa mətn və traktovka mətləbini çox ustalıqla nümayiş etdirir. Tamaşada ana obrazının ifaçısı - Əməkdar artist Fəranə Musayevanın yaradıcı nüanslarından yuxarıda bir neçə söz deyilib. Ailə-məişət Fərəci - Əməkdar artist İzaməddin Bağırov və “rəsmi” Fərəcov - Mövsüm Hüseynov da öz obrazlarını son dərəcə dolğun surətdə, bütövlüyə xidmət edən rəngarəng çalarlarda təqdim edirlər. Həyatdakı bütün yaramazlara atalığı Fərəc arşınından yanaşan Nargilə məmur Fərəcova “Fərəcin biri Fərəc!” deyərkən Mövsüm Hüseynovun düşdüyü (yəni yaratdığı) “koma” vəziyyəti bir saatdır ki, gərginlik yaşayan salona sənət müalicəsi kimi təsir göstərir. Bu “köhnə” qarasaçlılar arasında çox qərib-qəribə görünən Sarısaç qız - Xatirə Süleymanova da öz istedadlı oyunu ilə diqqət çəkir.

   Gəlib çatdıq “sözümüzün evi”nə. Əsərin sər obrazlarına, tamaşanın baş qəhrəmanlarına.

   Həsənzadə və Nargilə. Bir az başqa amplua və səpkidə, bir qədər alayı-dolayı məzmunda XX əsr Leyli-Məcnunu. Xalq artisti İlham Əsgərov sanki rolda deyil, özündə idi. İmanım Allah amanatı, elə bil Həsənzadənin yaşdaşı olan bu kişi - İ.Əsgərov özünü oynayırdı. Nargilə obrazına gəlincə, tamaşa başlamazdan öncə bir tamaşaçının vestibül söhbətindəki nigarançılığa (“Amaliya Pənahovadan sonra...”) bir pauzalıq da yer qoymadı Sədaqət Nuriyeva. Hansısa “nöqteyi-nəzər”də bir qədər qəribə səslənsə də deyim ki, gənc Nargilə Həsənzadə yaşında, Həsənzadə ranqında olan qadınlardan da artıq bir şövq, zövq nümayiş etdirə bildi.

   Həsənzadə - İlham Əsgərov öz kompleks “mən”i və yüksək səviyyədə çatdırdığı dramaturji obraz-mətni ilə təkcə Nargiləni - Sədaqət Nuriyevanı yox, bəzən daş sükutu, bəzən alqış yağışı yaşayan tamaşa salonunu da valeh etmişdi. Bu “mən” və mətn salonda o qədər güclü bir halət yaratmışdı ki, onun gənc qız anası ilə şərti-pantomim söhbəti zamanı lap ön sırada (mənimlə yanaşı) əyləşmiş tamaşaçılardan iki-üç nəfəri səbrsizlik edib, “eşidilmir!..” deyə nidalandılar.

   Gümanımca, salondakılar arasında “niyə belə mahiyyətli əsərlər, bu formatlı tamaşalar sənətçilər tərəfindən az yad edilir, səhnələrə, efir-ekranlara az çıxarılır?!” sual-nidaları da az səslənmirdi. Könüllərdə isə belə bir dilsiz qənaət də gəzib-dolaşmamış olmazdı ki, çox hallarda “yaşın nə fərqi var?!” dilemmasına, bax, məhz bu cür, belə toxunarlar!

   Elə müasir səhnələrimizdəki daimi xahiş-minnəti - əlçalma umusunu (xahiş edirik, alqışlayın) da bu əsər-tamaşadakı kimi həll etmək yaxşı olmazdımı?

   Tamaşa sona yetir. Aktyorlar yeni bir formatda özlərini bayaqdan susmaq bilməyən alqışçılara təqdim-təzim edirlər. Fenomen cütlük isə hələ iştirak prosesində: biri səhnənin sağındakı oturacaqda, o biri solundakında. Gözlərində də - kinofilmlərdə belə çətin nail olunan yaş damlaları.

   Tamaşaçıların əllərindən qopan alqışlar da ürəkdəngəlmə, candanqopma...

  

   Qeyd: Ertəsi gün teatrda ola bilməsəm də, yüksək zövqlü mənbədən aldığım məlumata görə, Rauf Ağakişiyev, Kifayət Burziyeva, Vəfa Həsənova, Mətanət Əmrullayeva, Dağlar Rüstəmov və Kamran Dadaşzadənin ifalarında təqdim olunmuş tamaşa da maraqla qarşılanıb.

  

 

   Tahir Abbaslı

 

  Mədəniyyət.- 2012.- 11 aprel.- S. 6.