Bakının
xalq teatrlarının festivalı başa çatdı
Aprelin 2-dən 9-dək Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin təşkilatçılığı
ilə Bakı şəhərində fəaliyyət göstərən
xalq teatrlarının festivalı keçirilib.
Artıq üçüncü
ildir ki, təşkil olunan festival Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət
müəssisələrində fəaliyyət göstərən
xalq teatrlarının və dram dərnəklərinin fəaliyyətinin
yaxşılaşdırılması, özfəaliyyət
teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi məqsədilə
keçirilir. Budəfəki festival böyük
yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin
200 illik yubileyinə həsr olunub.
Festivala qatılan 15 xalq teatrı,
dram dərnəyi və kukla teatrı böyük ədibin
«Hekayəti-xırsi quldurbasan», «Sərgüzəşti-vəziri-xani-Lənkəran»,
«Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş
Məstəli şah cadukuni-məşhur», «Hekayəti-molla
İbrahimxəlil kimyagər», «Mürafiə vəkillərinin
hekayəti» və «Hekayəti-mərdi xəsis»
komediyalarını səhnələşdirib. Ümumilikdə
festivalda xalq kollektivlərinin 93, dram dərnəklərinin 42
həvəskar aktyoru iştirak edib.
Qalibləri Mədəniyyət və
İncəsənət Universitetinin dosentləri Könül
Axundova və Azad Şükürov, Akademik Milli Dram
Teatrının ədəbi hissə müdiri, Əməkdar mədəniyyət
işçisi Atababa Hacıbabayev, Şuşa Dövlət
Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist
Loğman Kərimov, Bakı Dövlət Musiqi
Akademiyasının bəstəkarlıq fakültəsinin
dosenti Aydın Əzimovun daxil olduğu münsiflər heyəti
müəyyənləşdirib.
Aprelin 9-da Akademik Milli Dram Teatrında festival qaliblərinin
mükafatlandırma mərasimi
oldu. Qeyd olundu ki, 1-ci yerə (I dərəcəli diplom və mükafat) Nizami adına
Mədəniyyət Mərkəzinin
«Mərdəkan» xalq teatrı, 2-ci yerə H.Sarabski adına Mədəniyyət evinin xalq teatrı, 3-cü yerə Müşfiqabad qəsəbə Mədəniyyət
evinin dram dərnəyi
layiq görülüb.
Tədbirdə festivalın
müxtəlif nominasiyalar
üzrə qaliblərinin
də adları açıqlandı: “Ən
yaxşı rejissor işi” nominasiyası - Rəhman Əlizadə, “Ən yaxşı musiqi tərtibatı” - H.Sarabski adına Mədəniyyət evinin xalq teatrı, “Ən yaxşı qadın rolu ifaçısı” - Müşfiqabad
qəsəbə Mədəniyyət
evinin dram dərnəyinin
üzvü Aidə Əhmədzadə, “Ən
yaxşı kişi rol ifaçısı” - Nizami adına Mədəniyyət mərkəzinin
«Mərdəkan» xalq teatrının üzvü
Nizami Əlizadə.
Qaliblərə mükafat və
diplomları mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev və Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Əlikram Əliyev təqdim etdilər.
Tədbirdə
çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev festivalın əhəmiyyətindən söz
açdı: “Ana teatrımızın
- Akademik Milli Dram Teatrının binasında
Xalq Teatrları Festivalının qaliblərinin
mükafatlandırılması gözəl hadisədir. Bu gün burada
ani olaraq Lütfi Məmmədbəyov
gözlərim önümə
gəldi. Onun kimi
digər sənətkarların
da adını çəksəm uzun bir siyahı alınar. Bir çox sənətkarlar
xalq teatrının yaranmasında iştirak ediblər. Sevindirici haldır ki,
uzun illərdən sonra bu ənənə
yenə də yaşayır. Çox sevinirəm
ki, festivalın mövzusu Mirzə Fətəli Axundzadə yaradıcılığıdır. 135 aktyor, rejissorlar
xeyli müddət məhz bu gün
üçün hazırlaşıb,
əziyyət çəkiblər.
Düşünürəm ki, bu işi görərkən həm də həzz alıblar. İştirakçılara baxarkən bunu
duymamaq mümkün deyil».
Nazir müavini teatr
sənətimizin inkişafı,
son illər Azərbaycan
teatrında baş verən yeniliklərdən
də danışdı.
Ölkə rəhbərliyinin hər zaman teatrın inkişafına
diqqət və qayğı göstərdiyini
vurğuladı. Qeyd
olundu ki, 2006-cı ildə “Teatr haqqında” qanunun qəbul olunması, 2007-ci
ildə "Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamın
imzalanması, "Azərbaycan
teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramının
təsdiq edilməsi teatrların inkişafında
yeni səhifə açdı: “Teatr binaları təmir olunur. Akademik Milli Dram Teatrı,
Rus Dram Teatrı, Kukla Teatrı, Gənc Tamaşaçılar
Teatrı əsaslı
şəkildə yenidən
qurulub. Pantomima Teatrı daxili
imkanlar hesabına yenidən qurulub, Musiqili Komediya Teatrı təmirdədir.
Bölgə teatrları
da əsaslı şəkildə yenidən
qurulur və bu proses davam
etdirilir».
Azərbaycanın
bir sıra beynəlxalq teatr təşkilatlarına üzv
olduğunu deyən nazir müavini son illər teatrların maddi-texniki bazasının
möhkəmləndirilməsi, teatrda çalışan insanların maddi vəziyyətinin yaxşılaşdırılması
ilə yanaşı, gözəl sənət əsərlərinin səhnəyə
qoyulduğunu, teatrların
xarici ölkələrə
davamlı qastrol səfərlərinə çıxdığını
vurğuladı: “Teatr
sahəsində çox
ciddi islahatlar aparılır. Bir neçə teatrın
birləşdirilməsi, yeni
teatrların yaradılması
işi uğurla başa çatmaq üzrədir. Bakı şəhərindən
rejissorların regionlara
baş rejissor qismində ezam olunması da uğurlu işlərdəndir.
Son iki ildə
9 rejissorumuz xarici ölkələrdə ixtisasartırma
kurslarında olublar».
Nazir müavini bu ilin iyununda M.F.Axundzadənin
200 illiyi münasibətilə
böyük teatr festivalı keçiriləcəyini,
festivalda 27 dövlət
teatrının böyük
dramaturqun əsərlərini
təqdim edəcəklərini
bildirdi. Qeyd olundu ki, teatrlar bu tamaşaları
dövlət sifarişi
ilə hazırlayırlar.
Nazir müavini Bakı Şəhər Xalq Teatrları Festivalının
qalibi olan tamaşanın da həmin festivalda nümayiş olunmasını
təklif etdi.
Tədbirin sonunda festivalın qalibi olan Nizami
adına Mədəniyyət
mərkəzinin «Mərdəkan»
xalq teatrı M.F.Axundzadənin «Mürafiə
vəkillərinin hekayəti»
əsasında hazırladığı
«Vəkillərin məkrləri»
məzhəkəsini təqdim
etdi.
Gülər
Mədəniyyət.-
2012.- 11 aprel.- S. 4.