Türkiyədə
yaşayan həmvətənimizin sənət
dünyası
Aprelin 6-da “Qalereya-1969” salonunda Türkiyədə
yaşayan tanınmış azərbaycanlı rəssam Asim Rəsuloğlunun
sərgisi açıldı.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının prorektoru, Xalq rəssamı Salxab Məmmədov
həmvətənimizin yaradıcılığından
söhbət açaraq dünyanın bir çox ölkələrində,
müxtəlif sərgilərdə onun əsərlərinin
yer aldığını bildirdi. 90-cı illərdən rəssamın
fərdi sərgilərini nümayiş etdirməyə
başladığını söylədi. Onun ilk sərgisinin
isə 1991-ci ildə Parisdəki “Aleksandr” qalereyasında
açıldığını bildirdi. Bundan sonra rəssamın
Danimarkada, Almaniyada, Türkiyədə (İzmir və Ankara),
Belçikada fərdi sərgiləri təşkil olunub.
Qeyd olundu ki, daha çox
işıqlı rənglərə üstünlük verən
rəssam fəlsəfi fikirlərini böyük ustalıqla
tamaşaçıya çatdıra bilir. Rəssamın əsərlərində
müxtəlif mövzular yer alır. Onun Azərbaycanla
bağlı tablolarından “Xocalı” əsəri sərgidə
nümayiş olunur. S.Məmmədov həmkarına
yaradıcılıq uğurları arzuladı.
Sərginin təşkilinə
görə minnətdarlığını bildirən A.Rəsuloğlu
Azərbaycandan kənarda yaşasa da, bir azərbaycanlı kimi
ruhən doğma torpağa bağlı olduğunu, bunu öz əsərlərində
əks etdirməyə çalışdığını
dedi.
A.Rəsuloğlu 1955-ci ildə
Şəkidə anadan olub, 1975-ci ildə Əzim Əzimzadə
adına Rəssamlıq Məktəbini (indiki İncəsənət
Kolleci) bitirib. 1975-1980-ci illərdə Belarus Dövlət
Teatr-Sənət İnstitutunun monumental boyakarlıq fakültəsində
təhsil alıb. 1984-cü ildə SSRİ Rəssamlar
İttifaqının üzvü seçilib.
Rəssam bir çox müsabiqə
və sənət yarışmalarında uğurla iştirak
edərək mükafatlara layiq görülüb. 1987-ci ildə
Tokioda keçirilən müasir incəsənət
mövzusunda sovet-yapon sərgisində qızıl medal, 1988-ci
ildə SSRİ Mədəniyyət Nazirliyi və Rəssamlar
İttifaqı tərəfindən Moskvada təşkil olunan gənc
rəssamların beynəlxalq sərgisində gümüş
medala layiq görülüb. Rəssam hazırda Türkiyədə
yaşayır, Akdeniz Universitetində (Antalya) müəllim
işləyir.
Rəssamın Bakıdakı sərgisində
“Ruhlar tuneli”, “Xocalı”, “Azərbaycan”, “Adəm və Həvva”
və s. əsərləri nümayiş olunur.
Sərgi aprelin 12-dək davam edəcək.
Reyhan
Mədəniyyət.-
2012.- 11 aprel.- S. 4.