Qəlbləri
oxşayan ifalar
Bəsti
Sevdiyeva geniş konsert proqramı ilə çıxış
etdi
Aprelin 9-da Beynəlxalq Muğam Mərkəzində
Əməkdar artist, Mədəniyyət və İncəsənət
Universitetinin muğam sənəti kafedrasının baş
müəllimi, tanınmış muğam ifaçısı
Bəsti Sevdiyevanın konserti oldu.
Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə gerçəkləşən
tədbirin aparıcısı, Xalq artisti İlham Əsgərov
Bəsti Sevdiyevanın daim sevilən sənətçi və
gözəl ifaçı olduğunu bildirdi. Onun 2006-cı ildə
Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlə
çıxış etdiyini vurğuladı.
Xanəndənin özünəməxsus
ifasından söz açan Xalq artisti Canəli Əkbərov
onun geniş səs diapazonuna malik olduğunu, bütün
muğamlarımızı pəsdə və zildə
asanlıqla oxuduğunu diqqətə çatdırdı:
«Onun səsinin öz sirri, rəngi, hikməti, ahəngi var.
Ürəkləri riqqətə gətirən, qəlbləri
ovsunlayan ifası, ifasındakı titrək notlar və xallar,
naxışlar ilahi səsin varlığından xəbər
verir».
Əməkdar incəsənət
xadimi Əbdül Mahmudov Bəsti Sevdiyevanın xalq
mahnılarının, təsnif və
muğamlarımızın təkcə məharətli
ifaçısı deyil, həm də gözəl bilicisi
olduğunu bildirdi: «Hazırda o, bu sənətin sirlərini Mədəniyyət
və İncəsənət Universitetində gənc
ifaçılara öyrədir».
Tədbirdə iştirak edən
başqa sənətçilər də B.Sevdiyevanın
özünəməxsus yaradıcılıq yolundan,
ifalarından söz açdılar.
İlk dəfə Beynəlxalq
Muğam Mərkəzində solo konsert verən Bəsti
Sevdiyevanı Baba Salahov adına Xalq Çalğı Alətləri
Ansamblı müşayiət edirdi. Ansamblın bədii rəhbəri
Ağasəlim Abdullayevdir. Konsertdə xanəndənin
ifasında muğam və xalq mahnıları səsləndirildi.
Həmişə olduğu kimi, bu dəfə də öz bənzərsiz
və ürəyəyatımlı ifaları ilə qəlbləri
oxşayan xanəndənin konserti xoş təəssüratlarla
yadda qaldı.
Mehparə
Mədəniyyət.-
2012.- 11 aprel.- S. 4.