“Dədə-baba
sənətimlə məşğul olmaqdan
zövq alıram”
Onunla Mədəniyyət və Turizm Nazirliyinin
keçirdiyi II Respublika dekorativ-tətbiqi sənət
festivalının Gəncədə təşkil olunan ilk sərgisində
tanış oldum. Sərgidə hazırladığı əl
işləri barədə maraqlananlara həvəslə məlumat
verən el sənətkarının öz sənətinə
necə vurğun olduğunu elə kənardan da sezmək
mümkün idi.
Məmməd Fəhimov misgərdir.
Özünü dərk edəndən evdə mis qabların
hazırlandığını görüb, babasının,
atasının dekorativ sənət işləri ilə fəxr
edib. 51 yaşlı sənətkar həmin illəri belə
xatırlayır: “Uşaqlığım
İsmayıllının Lahıc kəndində keçib.
Atam da, babam da bu sənətlə məşğul olublar.
Bilirsiniz ki, Lahıcda el sənətkarları çox olub.
Atama bu sənəti babam öyrədib. Sonradan elə oldu ki,
atam gənc yaşlarında Gəncəyə
köçdü. Burada da öz sənətini davam etdirdi.
Halbuki Gəncə iri sənaye şəhəri idi və
müxtəlif sahələrdə çalışa bilərdi.
Atam misgərliklə məşğul ola-ola böyük bir
ailəni saxladı, ev tikdi. Özümü tanıyandan bu sənətin
içində olmuşam. Uşaq yaşlarında atam
üçün işlədiyi emalatxanaya yemək
aparardım. Bir dəfə mənə dedi ki, “dədə-baba
sənətini öyrən, gərəyin olar, bu sənət
yaşamalıdır”. Onun yanında mis qabları sürtə-sürtə
yavaş-yavaş meyilimi bu sənətə saldım”.
Mis
qabların müalicəvi əhəmiyyəti var
Misgərlik sənəti məhsullarından
Azərbaycanın bütün bölgələrində istifadə
olunduğunu deyən müsahibim onların müalicəvi əhəmiyyətindən
də danışır. Deyir ki, el arasında eşitmişik
ki, mis qabda bişən yemək daha dadlı olar. Üstəlik
o, bütün zərərli maddələri özünə
çəkər: “Misin özünün böyük
müalicəvi əhəmiyyəti var. Mis qazan və
qapağını daha çox sifariş edirlər. Əsas
sifarişlərim qonşu rayonlardan, Bakıdan olur. Hərdən
Rusiyadan da sifarişlər alıram.
Mis qabda bişən yeməkdə
zərərli maddələr itir. Üstəlik ət xörəkləri,
düyü məhsulları mis qazanda bişəndə təravətini
saxlayır. Şəmkir, Qazax, Tovuz bölgələrində
mis qazandan daha çox istifadə olunur. Şadlıq
saraylarında da yeməkləri əsasən mis qazanlarda
bişirirlər. Şadlıq evləri müxtəlif
ölçülü qazanlar sifariş edirlər. Diqqət
etsəniz siz də görərsiniz ki, mis qazanda bişən
yeməklər daha ləzzətli olur. Mis samovarda hazırlanan
çayın isə ayrı ləzzəti var”.
Müsahibim deyir ki, onun əl
işləri ilə tanış olan əcnəbilər suvenir
məhsullara daha çox maraq göstərirlər:
“Hazırladığım dəbilqə formalı məişət
qabları xanlıq dövründə istifadə olunub. Bu
qablar forması ilə də maraq doğurur. Belə qablardan
keçmişdə yeməklərin saxlanılmasında
istifadə olunurdu. Çünki mis məmulatlar uzun müddət
istini özündə saxlayır”.
Misgərlik böyük səbir tələb edir
Məmməd Fəhimov Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən müxtəlif tədbirlərdə,
festivallarda həvəslə iştirak edir. Son vaxtlar dövlət
səviyyəsində xalq tətbiqi sənət növlərinə
diqqətin artdığını deyir. Gileyi bu sənətə
gənclərin az maraq göstərməsindədir: “Bir
neçə tələbəm olub. Müəyyən mərhələdən
sonra uzaqlaşıblar. Maraqlananları, bu işə
marağı olanları öyrətməyə həmişə
hazıram. Misgərlik səbir tələb edir. Burada texnikadan
istifadə etmirik. Hazırlanan əsər sırf əl əməyinin
məhsuludur. Həm də gərək bu işdən zövq
alasan. Bəzən bir məhsulun hazırlanması fasilələrlə
10 gün vaxt aparır. Əsl sənətkar işinin sonunda
ortaya çıxan məhsulu görəndə, bütün
yorğunluğunu unudur. İndi oğlum Ruslan da bu işlə
məşğul olur. O, məhsulun dekorasiyasına daha
çox üstünlük verir. Sevinirəm ki, o da ailəmizin,
xalqımızın sənəti ilə böyük maraqla məşğul
olur”.
Əsl
el sənətkarı sənətini atmaz
Misgər Gəncədə
Karvansaray binasında atasından qalmış emalatxanasında
dekorativ-tətbiqi sənət əsərləri
hazırlayır, sifarişləri yerinə yetirir: “Emalatxana mənə
atamdan qalıb. Burada bəzi sənətkarlar yerlərini kirayə
verdilər. Amma mən ailə sənətimizi atamın
emalatxanasında davam etdirirəm. İstəyərdim ki,
bütün qədim sənət növləri yaşasın.
Heç bir sənət unudulmasın. Axı bu sənətlər
xalqımızın sərvətidir. Əsl sənətkar, hər
nə olursa-olsun, özünü sənətində tapa bilməlidir.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2012.- 13 aprel.- S. 15.