İncilər
xəzinəsi
Əlinə
qələm alan gündən Söz adlı bir mülkün
ucaldılmasında böyük cəfakeşlik və can
yanğısı ilə çalışan Qəzənfər
Paşayevin indiyədək müəllifi olduğu 13, tərtib
etdiyi 21, tərcümədə çatdırdığı
4 və yaradıcılığı haqqında 2 kitab
işıq üzü görüb. Bu yay hörmətli alimin
75 yaşı tamam olacaq. Bu möhtəşəm yubileyə
ilk hədiyyə müəllifin özündən gəlib. «Təhsil»
nəşriyyatında «Seçilmiş əsərləri»nin
yeddi cildi çap olunub. Həmin kitabları müəllifin ədəbi
hesabatı da adlandırmaq olar. Qəzənfər Paşayevin
böyük ustalıqla ucaltdığı Söz
mülkünün bu yeddi qatının hər birinin öz
sehri var. Qəzənfər Paşayevin 7 yox, 77 cildi də
işıq üzü görsə (inşallah), bir arzusu əbədidir:
bu da Kərkük eşqidir.
Birinci cilddə ilk olaraq
İraq-türkman folklorundan söz açılır. Bu da təbiidir.
Çünki hər bir xalqın folkloru onun ruhunun,
psixologiyasının, məişətinin, adət-ənənəsinin,
həyat tərzinin, dünyagörüşünün, təfəkkürünün
güzgüsüdür. Bir xalqı yaxından tanımaq istəsən
gərəkdir ki, ilk növbədə onun folklorunu öyrənəsən.
Bu cildə “Ön söz” kimi salınan «Şah əsər»
adlı yazını rəhmətlik Əbdüllətif Bəndəroğlu
1991-ci ildə qələmə alıb: «Qəzənfər
Paşayev İraqda yaşadığı uzun illər boyunca həm
İraq xalqını yaxından tanıdı, həm də
İraqda yaşayan - qonuşduqları dil Azərbaycan dilindən
fərqli olmayan İraq türkmanlarının ədəbiyyat
və folkloru üzrə tədqiqatını davam etdirdi».
Birinci cild dörd fəsildən ibarətdir. Lap təbiətdəki
kimi. Fəsillərin hər birindən Kərkükün
havası gəlir. Ətirli yazı duyulur, barlı
payızı, qürbət soyuğu, yadların
basqısı, dostların can yanğısı, yenə də
ümid, dirçəliş... beləcə, bütün fəsillərin
rəngi çökmüş birinci cilddə inancların,
duaların, nəğmələrin, xoyratların ahənginə
qoşulub türkman ellərini qarış-qarış
dolaşırıq. Bu elin folklorunda xüsusi yer tutan beşik
nəğmələri bizim üçün daha
doğmadır. Gözümüzlə onları su kimi
içdik. Ürəyimiz titrədi. Türkiyədə
«ninni», Azərbaycanda «layla» kimi oxunan beşik oxşamaları
türkman folklorunda «leyla» kimi tələffüz edilir. Əlbəttə,
türkman folkloru ilə Azərbaycan şifahi xalq ədəbiyyatı
arasında forma və məzmunca müəyyən fərqlər
duyulsa da, ruh, məna, daxili bağlılıq, istək, arzu
eynidir. Uzun müddət bir-birimizlə əlaqələrimizin
olmaması nəticəsində Kərkük ellərində
dillər əzbərinə çevrilən dastanlardan,
nağıllardan, lətifələrdən yetərincə xəbərsiz
qalmışıq.
Qəzənfər Paşayev
çox haqlı olaraq söyləyir ki, türkman folkloru Azərbaycan
folklorunun hərtərəfli öyrənilməsi
baxımından əvəzsiz xəzinədir. Bəllidir ki, hər
bir atalar sözü məxsus olduğu xalqın təfəkkürünü,
həyat tərzini, düşüncə və
ağlını əks etdirir. Türkman atalar sözləri də
Şərq milli koloritini əks etdirən, dərin mənası
ilə səciyyələnən, iti ağıl və
müdrikliyin bəhrəsidir. Türkmanlar deyirlər: «Nənəli
qız bəlli qız, nənəsiz qız dəlli qız».
Azərbaycanda da belə söyləyiblər: «Analı
qızın özü, anasız qızın sözü
böyüyər». Yaxud da Kərkükdə ehyamla söz
atarlar: «Qəmbərsiz dügün olmaz». Azərbaycanın
müxtəlif bölgələrində (adlar dəyişilə
də bilər) bu iradı belə söyləyiblər: «Hətəmsiz
nə toy», yaxud da «Bayraməli gəlməsə, toy
başlamaz».
İnsan var ki, bir ömür
yaşadığı məmləkətdə beş
nağıl öyrənib, bir dastanı axıra
çıxara bilmir. İynəsi sınmış patefon
valı kimi eləcə bir hava çalır. 6-7 il İraqda
yaşayan və təkbaşına bir institutun görə biləcəyi
işi uğurla, fədakarlıqla, məhəbbətlə, məsuliyyətlə
yerinə yetirə bilən Qəzənfər Paşayevin bu
sahədəki mükəmməl xidməti həqiqətən
heyrət doğurur. Burada təkcə istedad yox, zəhmətə
qatlaşmaq, vətənpərvərlik, millətsevərlik də
öz sözünü deyib.
1987-ci ildə işıq
üzü görən «Altı il Dəclə-Fərat sahillərində»
adlı sanballı elmi-publisistik, daha dəqiq söyləsək,
səyahət salnaməsi də bu cildə salınıb.
Yadımdadır, 80-ci illərdə on minlərlə tirajla
çap edilən bu məşhur əsər əllərdə
gəzdi, dillər əzbərinə çevrildi. Məhz bu
kitabın vasitəsilə bizim nəslə bəlli oldu ki,
bizdən o qədər də iraq olmayan İraqda dilimizdə
danışan, dilimizdə düşünən böyük
bir elat var - adına türkman deyirlər. Biz ilk dəfə məhz
Qəzənfər müəllimin kitabı vasitəsilə
İraq ellərindən, Kərkükdən xəbər
tutduq. Bu əsər barədə şair Qasım Qasımzadə
vaxtilə ürək sözlərini belə ifadə edib: «Bu
kitabı, necə deyərlər, birnəfəsə su kimi
içdim. Ona görə ki, burada tarixi, ədəbi-sosioloji,
etik mənəvi problemlərə dair bir-birindən
ötkün faktlar, epizodlar o dərəcədə cəlbedicidir
ki, son cümləni oxuyub qurtarmayınca kitabı əlindən
yerə qoymaq istəməzsən».
Qəzənfər Paşayev ədəbi
yaradıcılığın müxtəlif istiqamətlərində
maraqlı araşdırmalar aparıb. Neçə-neçə
tanınmış alimin, şair və
yazıçının həyatı,
yaradıcılığı ilə bağlı sanballı
monoqrafiyalar qələmə alıb, aşıq sənətinə
güzgü tutub, xarici ölkələrin ədəbiyyatından
tərcümələr edib, «Nostradamusun möcüzəli aləmi»ni
Azərbaycan oxucularına çatdırıb. Bu mənada onun
fəaliyyət dairəsi çox genişdir. Alim, pedaqoq kimi
işi başından aşır. Maraqlıdır ki,
bütün bu vaxt aparan mürəkkəb
çalışmaların içərisində o öz
mövzularına həmişə sadiq qalıb. Çoxcəhətli
yaradıcılığı onu əlli ildir ki, türkman elinə
bağlayıb. Tədqiqatçılar çox haqlı olaraq
Qəzənfər Paşayevi «Azərbaycan Kərkükşünaslığının
banisi» adlandırırlar.
Söz mülkünün ikinci
qatında ilk bölüm «Kitabi-Dədə Qorqud»
İraq-türkman ləhcəsi və ədəbi dilimiz»
adlanır. Müəllif yazır: «İraq
türkmanlarının ləhcəsində «Kitabi-Dədə
Qorqud» dastanlarının dil özəllikləri ilə
üst-üstə düşən həm leksik, həm də
fonetik xüsusiyyətlər çoxdur». Qəzənfər
Paşayevin araşdırmaları çox maraqlı və
önəmli faktların varlığından xəbər
verir. Vaxtilə Üzeyir Hacıbəylinin məqalə və
felyetonlarında, eləcə də «Kitabi-Dədə Qorqud»da
rast gəlinən, amma dilimizdə işlək olmayan elə
sözlər var ki, hələ də İraq-türkman ləhcəsində
yaşamaqdadır.
«Könüldən könülə
yollar görünür» bölümündə müəllifin
İraqla bağlı yazdığı əsərlər
toplanıb. 1962-ci ildən taleyini «Bilmirəm haralıyam,
torpağım-daşım qərib» deyən bir elatın -
İraqda yaşayan sayı 600 mindən artıq olan kərküklərin
taleyinə bağladığı vaxtdan bu günədək
onlarla kitab, yüzlərlə məqalə, eləcə də
Kərkük dialektinə həsr olunmuş namizədlik
dissertasiyası yazıb. Böyük Azərbaycan alimi Nəsrəddin
Tusinin məqbərəsinin Bağdadda tapılması da Qəzənfər
Paşayevin adı ilə bağlıdır. Maraqlıdır
ki, Nəsrəddin Tusinin dəfn olunduğu türbə dahi
alimin 800 illik yubileyi UNESCO tərəfindən qeyd olunan ərəfədə
aşkarlandı.
Söz mülkünün
üçüncü qatında Səməd Vurğun, Rəsul
Rza, İhsan Doğramacı, Bəxtiyar Vahabzadə, Abbas
Zamanov, Yaşar Qarayev, Əzizə Cəfərzadə, Nəsir
İmanquliyev, Nigar Rəfibəyli, Hüseyn Arif, Tofiq Bayram, Fərman
Kərimzadə və başqa işıqlı şəxsiyyətlərin
xatirələri boylanır. Bu qatın ən kövrək
guşəsi «Heyf sənə, Bəndəroğlu» adlanır.
Qəzənfər müəllim İraqı tanıyandan Əbdüllətif
Bəndəroğlunu da tanıyıb. İraq-Azərbaycan ədəbi
əlaqələrinin inkişafında demək olar ki, qoşa
zəhmət çəkiblər. Mən də
görmüşdüm bu böyük şəxsiyyəti.
Xeyli söhbət etdik. İndi də o günləri
xatırlayanda kövrəlirəm.
Söz mülkünün
dördüncü qatı əsl incilər xəzinəsidir.
Bir-birinə bənzəməyən bu gövhərlərin hərəsinin
öz dəyəri, qiyməti, söz sənətinin
parlaqlığında xüsusi əhəmiyyəti var. Bu
yaxınlarda haqq dünyasına qovuşan akademik Bəkir Nəbiyevin
«Bir neçə söz» adlı yadigar fikirləri qolumuzdan
tutaraq yorulmaq bilmədən səmərəli
araşdırmalarla məşğul olan Qəzənfər
Paşayevin çoxsaylı elmi və publisistik məqalələrinin
məziyyətləri ilə tanış etdi. Müəllifin
yenə də ürəyində əbədi lövbər
salan Kərkük mövzusuna sadiqliyi diqqət çəkir.
«Nəsimi divanının İraq nüsxəsi və naməlum
şeirləri» adlı məqaləsi əslində ədəbiyyatımız
üçün qiymətli tapıntıdır. Təqdim
olunan əsər o vaxtadək Nəsimişünaslıqda məlum
deyildi. Qəzənfər Paşayev Nəsiminin bizə bəlli
olmayan şeirlərini üzə çıxarmaqla bu sahəyə
öz töhfəsini verdi. Cəfakeş alimin Nəsimi ilə
bağlı başqa bir yeniliyi də onun təvəllüdü
və doğulduğu yerlə bağlıdır. «Nəsiminin
həyat və yaradıcılığına yeni
baxış» adlı araşdırmadan məlum olur ki, İmaməddin
Nəsimi İraqda türkmanlar (azərbaycanlılar)
yaşayan Kifri qəzasının Nəsim kəndində
anadan olub (təəssüf ki, bu kənd indi yoxdur. Müharibə
zamanı yerlə-yeksan edilib - F.X.). Müəllif tarixi
faktlarla göstərir ki, bəylər arasında başlanan
döyüşdən qurtulmaq üçün min evlik bir el
İraqdan Şamaxıya qaçıb. Hamı burada məskunlaşa
bilməsə də, qalanlar arasında Nəsimi və qohum-əqrəbası
da olub.
Bu qatda müəllif bizi Kərkük
şairləri ilə tanış edir. Mənim də şəxsən
tanıdığım, yaradıcılığına
aşiq olduğum, şəxsiyyətini sevdiyim Nəzrin Ərbil
haqqında da məlumat var. İraq türkmanlarının
yeganə qadın şairi olan Nəzrinin misraları ruhumu dara
çəkir:
Nə qürbətdə gəzdim,
nə də yoruldum;
Nə dərdim söylədim, nə
də soruldum.
Sirrimi verəcək tək səni
buldum,
Mən kəndi yurdumda qəribəm,
xançı!
Bütün varlığı ilə
Kərkük dünyasına bağlı olan müəllifin
bu yöndə apardığı araşdırmalar, qələmə
aldığı mövzular həqiqətən də
bitib-tükənməyən incilər xəzinəsidir. Qəzənfər
Paşayevin öz fikridir: «...Hər kəs burada qəlbi riqqətə
gətirən, ruhu titrədən və zəkanı
işıqla, şəfəqlə dolduran qaş-daşlar,
incilər tapa bilərlər. Bir fərq var ki, bu inciləri
cibə yox, ürəyə yığmaq mümkündür. Əgər
bunu bacara bilsək, dünyanın ən zəngini olarıq.
Beşinci cildə müəllifin
müxtəlif çıxışlarının mətnləri
salınıb. Həqiqətən də ədəbi məclislərdə,
doğum və anım günlərində, müxtəlif
verilişlərdə ədəbiyyatımız, mənəviyyatımız
üçün gərəkli olan elə mətləblərə
toxunulur ki, bunların gələcək nəslə də
çatdırılması vacibdir. Müxtəlif sənət
sahiblərinə, redaksiya və nazirliklərə
ünvanladığı məktublar da maraqla oxunur. Əslində
bu namələr bir ədəbi janr kimi qiymətlidir.
Çünki onlar adi «salam-sağ ol» münasibətini yox,
böyük bir alimin ədəbi düşüncələrini,
fikir və tövsiyələrini əks etdirir. Doktorluq və
namizədlik dissertasiyalarına yazdığı rəylərdə
də obyektiv və qayğıkeşdir.
Qəzənfər Paşayevin
«Seçilmiş əsərləri»nin VI cildinə xarici
ölkə ədəbiyyatının görkəmli nümayəndələrindən
etdiyi tərcümələr toplanıb. Burada Qərb ədəbiyyatının
məşhur yazıçılarının Azərbaycanla
bağlı qələmə aldığı əsərlərə
yer verilib. Onu da qeyd edək ki, bu əsərlər Qəzənfər
Paşayev tərəfindən ötən əsrin 80-ci illərində
orijinaldan tərcümə edilərək oxuculara təqdim
olunub və rəğbətlə qarşılanıb.
Bu cilddə bir maraqlı məqalə
də diqqətimi çəkdi. Tokio Universitetinin professoru
İrəc Parsinecadın 1987-ci ildə Mirzə Fətəli
Axundzadənin yaradıcılığı ilə əlaqədar
silsilə yazıları «M.F.Axundzadənin ədəbi tənqidi»
adı altında ABŞ-da nəşr edilib. İrəc
Parsinecad Axundzadələr nəslinin yadigarı Pərirux
xanımın həyat yoldaşı idi. Onlar 1987-ci ildə
M.F.Axundzadənin 175 illiyi ilə əlaqədar Azərbaycana gəlmişdilər.
Həmin yazını 1995-ci ildə dilimizə çevirən
Qəzənfər Paşayev bu məqalənin məziyyətlərindən
söz açaraq diqqəti çox gərəkli bir məsələyə
yönəldir: «Bu günə qədər M.F.Axundzadədən
başlıca olaraq bir mütəfəkkir, sosioloq,
tarixçi, dramaturq və yazıçı kimi söz
açılmış, onun ədəbi tənqid sahəsindəki
görkəmli xidmətlərinə demək olar ki, tam
etinasızlıq göstərilmişdir. Halbuki əvvəlki
tədqiqatlara əsaslanan elmi işimiz göstərir ki, hekayə
və pyesləri ilə bərabər M.F.Axundzadə Şərq
ölkələrində ədəbi tənqid sahəsində
də müasir Avropa məktəbi yolu ilə gedən ilk tənqidçilərdən
olmuşdur».
Bu cilddə toplanan əsərlər
vaxtilə (bəziləri də təkrar-təkrar) kitab kimi
çap edilib. Əksəriyyətini də elə o vaxtlar
oxumuşdum, böyük zövq almışdım. İndi
eyni rəğbət və həvəslə bu yeddi qatın
guşələrində dolandım. Duyduğum bu oldu ki, Qəzənfər
Paşayevin sənət aləmində öz zirvəsi var. Məmməd
Araz deyərdi ki, sənətdə son zirvə olmur.
Çünki bu zirvələr silsilə dağlar kimi bir-birinə
bənzəyir və uzanıb gedir. Bu mənada Qəzənfər
Paşayevin sənət zirvəsindəki yeddi silsiləni
oxuyub keçsək də, qarşıda yeni zirvələr
görünür.
Son olaraq bir fikri yenə də
vurğulamaq istərdim. Əvvəldən axıra kimi Qəzənfər
Paşayev yaradıcılığından sarı sim kimi
keçən Kərkük mövzusuna sadiqliyi ilə diqqət
çəkib. Çox arzu edərdik ki, İraqın
başı üstündəki qara buludlar tezliklə çəkiləydi.
Müsəlman dünyasının o müqəddəs
torpaqlarına əbədi bir sülh qanad sərəydi.
Söz qüdrətimizin əbədi heykəli Məhəmməd
Füzulinin, dünya elminin zirvəsi sandığımız
Nəsrəddin Tusinin və digər müqəddəslərin
ruhları dinclik tapaydı. Yenə də yollara iz düşəydi.
Günün birində bizim də illər boyu
köksümüzdə arzu kimi böyüyən, həsrət
kimi sinəmizdə nisgilə dönən bir istəyimizə
çataydıq. Başımızı dahi Füzulinin məqbərəsi
önündə əyərək özümüzü rahat
hiss edərdik. O günün də olacağına və bu
mövzuda Qəzənfər Paşayevin ürək açan,
könül oxşayan, fərəh doğuran yeni
yazılarını da oxuyacağımıza inanırıq...
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-2012.-
13 aprel.- S. 13.