Böyük tarixi və
...coğrafi Şəxsiyyət
Tam
aydın sənətkar və natamam “qaranlıq” siyasətçi
- Nəriman Nərimanov...
Çox nasional və hədsiz internasional. XI Qızıl (?! Yox bir, brilyant!) Ordu Bakıya soxularkən “Gələn işğalçı
ordudur!” deyə hayqıran cümhurçuları
“Yox, gələn xilaskar ordudur...” deyə sakitləşdirməyə
çalışan və
sonralar Vladimir İliç
Leninə “Bakı fəhləsi sovet Rusiyasına bu qədər ucuz qiymətə satdığı
neftdən öz çıraqları üçün
ala bilmirlər...” yaza-yaza
için-için yanıb-alışan.
Erməniliyin tarixi xislətini, Stepan Şaumyanın çağdaş
rəzalətlərini bütün
çılpaqlığı ilə görüb-bilən
və aylarla otağına qapılıb,
lətif adlarımızdan
ən zərifini onların qızlarından
birinə ad edib “Bahadır və Sona”nı qələmə
alan...
“Və” lər... Bu qrammatik
bağlayıcı onun
çox-çox dramatik
keçən həyatını
- bütün ömrünü
izləyib; doğum və ölüm ünvanlarından tutmuş,
inqilabi anlam və qavramlarına, siyasi inanış və aldanışlarına
qədər.
Kərbəlayi
ailəsində halal-ümmət
tərbiyə almış,
20 yaşında son dərəcə
humanitar-elitar bir təhsil ocağını
- Qori Müəllimlər
Seminariyasını, 28-ində Odessa Universitetinin tibb fakültəsini bitirmiş
geniş dünyagörüşlü
Nəriman elə gənc yaşlarından millətin qayğıkeş
böyük qardaşına
və sonralar cəfakeş atasına çevrilsə də, nədənsə (əslində,
hamıya özü kimi inandığından),
bu missiyanı başqalarından - sovet Rusiyasından gözləməyə
başladı. Onun bu yanlış inancı özü üçün
qədərsiz zillət
və məşəqqətlər
yaratdı, Azərbaycan
ictimai fikri üçün ikili standart, müxtəlif rəy və qənaətlər.
Nərimanov Zamanı və Zaman Nərimanovu
Belə bir zaman da gəlir ki,
millətlər oyanır,
mədəniyyətlər “ictimaiyyətlər pərvəriş-dirçəlişə
- ticari meydanlardakı
mənzərələrdən daha faidəli, daha qidalı, bəşəri səs-sədalı
alış-verişə” (Əliqulu
Qəmküsar) başlayır.
Bu milli təlatümlər,
oyanışlar ayrı-ayrı
şəxsiyyətlərin adları ilə hallandırılır. Hər ölkədə
- siyasi müdriklərdən
birinin formulası ilə desək, “kütlələrin - 6 sıfırın
əvvəlinə keçən
1-lər milyon yaradır”
və beləliklə
də millətlərin
imzaları yaranır.
Milli duyğu-“antena”ları “Yox millətimin imzası bu imzalar içində”
(Məhəmməd Hadi)
kimi ictimai mesaj-sifarişlər tutan Azərbaycan aydınları
da o ictimai tutumlu “1-lər”ə çevrilir,
kütlələri öz
ətraflarına toplayıb,
xəlqi maarif və mədəniyyət,
ədəbiyyat, ictimai-siyasi
ovqat, xoşbəxt həyat, nəticə etibarilə özgür millət, müstəqil hökumət yaratmaq istəyirdilər. Onlardan bəzisi nəinki Azərbaycan, həm də ümumtürk-müsəlman
arealına banilik bəxş edən opera, bütün zövqlərin
fəthinə nail olan
operettalar yazır, bəzisinin “Molla Nəsrəddin” ərzi-ədalı
qələm-kağız sədası
- bütün Yaxın
Şərqdən gəlir,
bəziləri həmin
ünvanlar cəmində
ilk Demokratik Cümhuriyyət
qurmağa çalışırdılar...
Onlardan ən universalı - ən çox bizim və... bir az da başqalarının olmuş
Nəriman Nərimanov!
O bütün ürəyi, qanı, can-ciyərilə bizim idi. Özü də “balaca” mənalı, “çəpər”
ərazili bizim yox, böyük bizim - Turan və
Quran dünyasıyca bizim!
Azərbaycan hökumətinin ən hökmlü, səlahiyyətli bir rəhbər vəzifəsində
ikən (yəni Türkmənistanda tüğyan
edən vəba xəstəliyinin qarşısını
almaq üçün
istənilən sayda və qədərdə tibb heyəti və ləvazimatı göndərmək imkanı
varkən) çantasını
əlinə alıb özü gedir o potensial yoluxma təhlükəsi olan qardaşstana.
O bütün cəsarəti, xarakteri, milli sevgisiylə bizim idi. Üzeyir
bəy Hacıbəylini
bir kərə daşnak-bolşeviklərin “gözügötürməz”lik-“pantürkist”lik, bir dəfə də cılxa sovet bolşevizminin “anti-sovet” motivli ölüm siyahılarındakı adı
üstündən qırmızı
karandaşla xətt çəkib, “yox” dərkənarı qoyub.
Nəriman Nərimanov, belə demək mümkünsə,
bu “təcrübə”ləri
hələ çarizm
dövründə həyata
keçirməyə başlamışdı.
Harada ki ictimai
mənafe-məzmunlu bir
problem, ümummilli ağrılı
səs-səda qalxırdı,
Nərimanovun özü
və ya nümayəndəsi dərhal
orada olardı. Bu səs-sədalardan biri də məktəblərdən
gəlir. Belə bir
mövzuda ki, siniflərdə ana dilində danışmaq qadağan edildiyindən, türk-müsəlman şagirdlər
və müəllimlər
çox çətinliklərlə
üzləşirlər. Milli vicdanlı müəllimlərdən
biri isə “uzağı Sibir, yaxını qəbir!” perspektivilə canını
dişinə tutub, “Kaspi” qəzetinə “açıq məktub” yazır. O məktubda
belə bir cümlə olur: “Öz dilimizdə bir kəlmə belə danışmaq yasaqdırsa, mən yazıq “sobaka laet” tərkibindəki sonuncu ifadəni fağır müsliman balalarına necə izah edim? Hürərək anladım?!” Onsuz da bu barədə çoxdan düşünüb
qayğılanan Nərimanov
Dumadakı yığıncaqların
birində məsələnin
çox ciddi qoyulmasını tələb
edir. Və elə o yığıncaqdakı
“tələb” sözünün
Tiflisdə oturan Qafqaz canişininə yazılan məktubda da qeyd olunması
üstündə ciddi
mübahisə-müzakirələr gedir. Zeynalabdin Tağıyev də daxil, hamı “xahiş edirik” yazılmasını məsləhət
görür, Nərimanov
isə “Mən öz dilimdə danışmaq üçün
kimdənsə xahiş
etməliyəm?!”, - deyə “tələb edirik” yazılmasında israr edir.
Bütün ürəyi, cəsarəti,
dönməzliyilə təpədən-dırnağa
bizim olan bu fenomen bolşevizmin
allı-güllü internasionalizminə,
ilkin qırmızı
nümayiş-gərdişlərinə aldanaraq, düşüncələrində
beyin “solçu”luğuna
meyilləndi. Moskva
idarəçiliyinə dəvət
edilməsini, özünün
bir “milli əngəl” olaraq Azərbaycandan uzaqlaşdırılması
cəhdi kimi yox, sovet Rusiyasının
etnik bərabərlik,
“böyük qardaş”lıq
jesti kimi qiymətləndirdi. Dağlıq
Qarabağa muxtariyyət
verilməsi ilə bağlı müşavirədə
səsvermə zamanı
tək qaldıqdan sonra, bu siyasi
“dabbaq”da V.İ.Lenin “yoldaş”ın və o vaxtadək də az tanımadığı
Şaumyan xislətli kimsə-kilimçilərin gönlərinə
bələd oldu və nəhayət, Anton Pavloviç Çexovun “Qlaflı adam”ındakı
xəcalətdən ölən
məşhur məmurun
tam əksinə olaraq,
yenilməz-dönməzliyi ucbatından öldürüldü.
Beləliklə, Nərimanov Zamanı
Zaman Nərimanovuna qalib gəldi (?)...
Onun canlı siyasi
varlığı belə
bitdi.
Çox böyük ictimai-fədai
oğlumuzun siyasi həyatının çox
az nöqtə-vergülünə
toxunduğum siyasət
Nəriman Nərimanovluğu
haqda bu qədər.
Ədəbi Nəriman Nərimanov
Qəribədir
ki, həyatında (istər-istəməz) baş
verən ikililik onun ədəbi yaradıcılığında da az təzahür etməyib. Qüdrətli, məşhur
Nadir şah Əfşardan
bəhs edən “Nadir şah” əsəri oxucuda bir çox
mühakimələrlə yanaşı,
bir müəllif və obraz paraleli,
oxşarlıq nüansı
da oyadır. Nadir şaha məxsus
“həyat və hakimiyyət” tandeminə ikili baxış - başqa bir aspektdə Nəriman Nərimanovda da vardı. O, onu oxutdurub dünyəvi təhsil vermiş Zeynalabdin Tağıyevi, deməli, Tağıyevliyi
- milli burjuaziyanı rədd, sonradan “çırağına tökmək
üçün” bir litr neft tapmayan
proletariatı - deməli,
kasıbçılığı müdafiə edirdi.
“Bahadır və Sona”, “Qonaqlıq”, “Pir”, “Bahadır və oğlu”, “Şahmandarbəy”...
Bu adlardakı
assosiativ duruluq, ifadələrin oyatdığı
xəlqi duyğusallıq
müəllifin milli-mənəvi
düşüncə obrazını
da yaratmış olur. O, sülhün,
qardaşlığın, millətlər
birliyinin tam tərəfdarı,
sidq-ürəkdən aşiqi
idi. “Bahadır
və Sona” romanı da bu istək və
arzuların nəticəsi
idi. Lakin sonralar, adını “Sona” qoyduğu o “axçi”nin qardaşlarının
daha nələr etdiklərini görüb,
çox düşünür
və aradan götürülüb aparıldığı
qərib paytaxtda məzlum Bahadırların
əmin-aman sabahları
üçün Azərbaycanın
oçağkı xalqının
bildiyi, bilmədiyi və bəlkə də heç zaman bilməyəcəyi fədakarlıqlar edir, çox ciddi işlər görürdü.
Xalqımızın siyasi beyinlərində
“gah-gah” notları ilə dəyişən, qalxıb-düşən Nərimanov
sənət, ədəbiyyat
aləmi insanlarının
qəlbində əbədi
ədib kimi yaşayacaq. Bunu onun
heykəlləri, müxtəlif
abidələri, muzey və adının verildiyi rayon, prospekt, küçə, müəssisə
və digər obyektlər də təsdiq edir.
Sonda da əvvəlki
“və” bağlayıcısına
bağlanmalı oluram.
O, 1870-ci il aprelin 14-də
Tiflisdə doğuldu və 1925-ci il martın 19-da Moskvada öl(dürül)dü. Çar Rusiyası dövründə
Həştərxana və
sovet Rusiyası vaxtında o dünyaya sürgün edildi. Çətin vaxtlarda açıq şəkildə
“Hümmət” təşkilatının
mərkəzi komitəsinin
sədri, “Hümmət”
qəzetinin baş redaktoru, SSRİ Mərkəzi
İcraiyyə Komitəsinin
sədri oldu, “dünyanın düz vaxtında” müəmmalı
şəkildə öldü...
Ömür qəza-qədər sarıdan
“öldü” yazmağa
“məhkum” olsaq da, belə deməkdə
azadıq ki: Daha bundan artıq,
bundan gözəl, bundan əbədi nə yaşamaq ki?!.
Tahir Abbaslı
Mədəniyyət.-2012.-
13 aprel.- S. 12.