Sənətdə
keçən ömür
Aprelin
16-sı görkəmli bəstəkar, Xalq artisti, professor,
“Şöhrət” ordenli Ramiz Mirişlinin doğum
günüdür. Ömrünün 78-ci baharında Ramiz
Mirişli ilə görüşüb ötən illərdən,
ömrünün mahnılarından, bir az da gələcəkdən
danışdıq.
--------------------------------------------------------------------------------
Ömür yolundan səhifələr
Ramiz
Miraqil oğlu Mirişli 1934-cü ildə Naxçıvanda
müəllim ailəsində anadan olub. Üzeyir Hacıbəylinin
1937-ci ildə Naxçıvanda açdığı uşaq
musiqi məktəbində təhsil alıb. Sonra təhsilini
Bakıda, Asəf Zeynallı adına orta Musiqi Məktəbinin
xalq çalğı alətləri şöbəsində
davam etdirib. Burada bəstəkarlıqla da maraqlanaraq kiçik
fortepiano pyesləri yazıb. 1954-cü ildə təhsilini
başa vurub Naxçıvana qayıdıb, şəhər
musiqi məktəbində kamança ixtisasından və
musiqi nəzəriyyəsindən dərs deyib. Bəstəkar
olmaq istəyi onu rahat buraxmadığından Bakıya gəlib
və 1957-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasına daxil olub, Xalq artisti Cövdət
Hacıyevin bəstəkarlıq sinfində oxuyub. Diplom işi
kimi yazdığı “Simfonik poema” Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən
açıq konsertdə ifa olunub.
1962-ci ildə
konservatoriyanı bitirən Ramiz Mirişli müstəqil
yaradıcılıq yoluna qədəm qoyub. 1964-cü ildə
Azərbaycanda ilk dəfə olaraq mahnı janrında
“Yallı” rəqsi ritminə müraciət edir və “Bayram
axşamlarında” mahnısını yazır. 1965-ci ildə
xalq çalğı alətləri orkestri üçün
“Konsert”, 1974-cü
ildə kamera orkestri üçün I simfoniya, 1984-cü ildə
tar və simfonik orkestr üçün “Konsert” yazıb.
1997-ci ildə simfonik orkestr üçün “Şəhidlər”
simfoniyasını yazıb. Bu əsərlər müəllifin
orijinal musiqi incilərindəndir. Tamaşalara, bədii filmlərə
yazdığı musiqilər də orijinallığı və
özünəməxsusluğu ilə seçilir. Ramiz
Mirişli 500-dən çox müxtəlif səpkili
mahnının müəllifidir. Uzun illər F. Əmirov
adına Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının bədii rəhbəri işləyib. 40 ilə
yaxındır ki, Bakı Musiqi Akademiyasının xalq
çalğı alətləri kafedrasında
çalışır.
--------------------------------------------------------------------------------
-
Ramiz müəllim, ən məşhur
mahnılarınızdan biri olan “Dalğalar”ı 50 il bundan əvvəl,
1962-ci ildə yazmısınız. 50 ildir ki, bu mahnı
könülləri dalğalandırır. Onu bəstələyərkən
dənizə getmişdiniz, yoxsa dənizi qəlbinizə
köçürmüşdünüz?
- (gülür). Onda cavan oğlan idim. Konservatoriyada
oxuyurdum. Tələbə dostlarımla
tez-tez dənizə gedirdik. Həmin
mahnı o illərdə yarandı. İslam
Səfərli ilə bir məhəllədə
yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada
oxuyuram, evinə çağırıb mənə
“Dalğalar” adlı şeirini verdi, mən
də ona musiqi yazdım. Bu, mənim ilk
professional mahnım oldu. Mahnı hazır
olan kimi ürəyimdən keçdi ki, onu Şövkət Ələkbərova
oxusun. Şövkət xanıma zəng
etdim, o da böyük məmnuniyyətlə təklifimi qəbul
etdi. Mahnı çox xoşuna gəlmişdi.
Ancaq o vaxtlar bədii şura vardı. Şeirdəki “çalxalanır dalğalar”
sözünə görə mahnı birinci bədii şuradan
keçmədi. Dedilər, bu, mahnı
sözü deyil. O sözləri rəhmətlik İslam
Səfərli “mirvari dalğalar” sözləri ilə əvəz
elədi. “Dalğalar”ın taleyi uğurlu oldu.
Bu günə kimi onu 30-dan çox
tanınmış müğənni ifa edib. Bizim müğənnilərlə yanaşı,
türk müğənniləri də bu mahnını ifa
ediblər.
“Muğam elə bir xəzinədir
ki...”
- Musiqinin
bir çox başqa janrlarında əsərləriniz var.
Ancaq yaradıcılığınızın tacı
mahnılarınız sayılır. Ruhunuz o qədər
xalqa yaxındır ki, hərdən mahnılarınızı
xalq mahnıları ilə dəyişik salanlar da olur. Bunun sirri nədədir?
- Müxtəlif
janrlarda əsərlər yazmışam. 4 musiqili komediya,
kamera orkestri üçün simfoniya, 3 simfonik poema, 4 simfonik
süita, 3 kantata, səs və orkestr üçün 2 vokal məcmuə,
fortepiano üçün 12 süita və miniatürlər,
40-dan artıq teatr tamaşasına və kinofilmlərə
musiqi. Ancaq mahnı xalq tərəfindən sevilən
janrdır. O ki qaldı mahnılarımın xalqın
ruhuna yaxın olmasına, yəqin bu ondan irəli gəlir ki,
muğamatı yaxşı bilirəm. Muğamat
elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər
götürsə də azalmır, əksinə, artır.
Mənə elə gəlir ki, muğam ilahi tərəfindən
səmadan göndərilmiş musiqidir. Bu
mükəmməl musiqini yaratmaq qeyri-mümkündür.
Hindistanda, ərəb ölkələrinin
hamısında muğam oxuyurlar, amma bizim
muğamımızın əvəzi yoxdur. Ona görə də musiqilərimiz,
mahnılarımız bu qədər çox sevilir.
- Qeyd
etdiniz ki, 40-a yaxın tamaşaya və filmə musiqi
yazmısınız. İstərdim bu barədə
danışasınız...
-
“Qaçırılmış qız”, “Gəl qohum olaq”,
“Qısqanc ürəklər”, “Amerikalı kürəkən”
tamaşalarına, Ramiz Həsənoğlunun “Bəylik dərsi”
film-tamaşasına, 15 filmə - Arif Babayevin “Alma almaya bənzər”,
Tofiq Tağızadənin “Evdə kişi var”, Elxan
Qasımovun “Köhnə bərə”, Şahmar Ələkbərovun
“Sahilsiz gecə” və s. ekran əsərlərinə musiqi
yazmışam. Şahmar Ələkbərovun ”Qəzəlxan”
və Vaqif Mustafayevin “Yarasa” filminə isə böyük
oğlum Nazimlə birlikdə musiqi yazmışam. Eləcə
də bir çox sənədli filmlərə və balacalar
üçün “Tık-tık xanım”, “Dost axtarıram”,
“Kirpi və alma” cizgi filmlərinin
musiqisinin müəllifiyəm.
“Mahnı da sevgi kimi azaddır...”
- Musiqilərinizdə
qəribə bir şuxluq var. Bu nə ilə
bağlıdır?
- Həyatımızın
müxtəlif anlarında çətinliklər olsa da, biz həmişə
həyatı sevmişik.
- Yəqin
ki, qəlbinizdə böyük məhəbbət
olmasaydı, siz bu əsərləri yaza bilməzdiniz. Sevgiyə münasibətiniz necədir?
- Mən
sevməsəm heç vaxt yaza bilmərəm. Mahnı da sevgi
kimi azaddır...
- Ramiz
müəllim, az adam bilir ki, siz orta məktəbi
bitirəndən sonra Xarici Dillər İnstitutunun alman dili
fakültəsinə daxil olsanız da, 3-4 aydan sonra oranı tərk
etmisiniz. Axı bu, ciddi bir qərar idi...
- Orda otura
bilməzdim, ürəyim partlayardı. Rəhmətlik
anam musiqiçi olmağımı istəmirdi, “Lenin” ordenli Əməkdar
müəllimə idi. İstəyirdi nüfuzlu ali məktəblərdən birində təhsil
alım. Atam da müəllim idi, müharibədən
yaralı gəlmişdi, 1945-ci ildə rəhmətə getdi.
Bizim nəsildə ya müəllim olurlar, ya da həkim.
Amma mən musiqini seçdim.
1947-ci ildə 12 yaşım vardı. Musiqi məktəbində oxuyurdum. Bir gün bizə də dedilər ki, təmiz geyinib
məktəbə gəlin. “Təzə
geyinin” demədilər ha, müharibədən sonra
ağır illər idi, təzə paltar nə gəzirdi.
Təmiz paltarda, qalstuk da
bağlamışdıq, getdik məktəbə. Üzeyir bəy məktəbimizə gəlmişdi.
10-15 nəfər şagird idik. Tar, kamança siniflərinə baxdı,
gördü pianino yoxdur. Getdi, bir aydan sonra
məktəbimizə pianino göndərdi. Oturub o pianinoda bir barmaqla çalırdıq.
Mən kamança sinfində oxuyurdum, orta məktəbi
bitirəndə sənədlərimi Xarici Dillər
İnstitutuna verdim, qəbul oldum. Amma oxumadım, Asəf
Zeynallı adına Musiqi Məktəbinə
getdim. Süleyman Ələsgərov məni
çox yaxşı qarşıladı. Sonralar
o da, həyat yoldaşı da məni oğulları kimi
çox istəyirdilər. Burada təhsilimi
başa vurdum. O vaxt qərar vardı, gedib rayonlarda iki il işləməli idin. Getdim
Naxçıvana. Musiqi məktəbində dərs dedim. Sonra Bakıya gəldim, 1956-cı ildə
Konservatoriyanın bəstəkarlıq sinfinə qəbul
olundum. Xülasə...
- Sərhədlərin
bağlı olduğu vaxtlar sizin mahnılarınız sərhədləri
aşmışdı. Türkiyədə, İranda
mahnılarınızı sevə-sevə oxuyurdular...
- O vaxtlar
müxtəlif xarici ölkələrə səfərlərimiz
olurdu. Bolqarıstana, Rumıniyaya, SSRİ Bəstəkarlar
İttifaqının xətti ilə İngiltərəyə
getmişdik. 1984-cü ildə isə ilk dəfə
Türkiyəyə getdim. O vaxtlar Türkiyəyə getmək
çox çətin idi. Orda Ajda Pekan “Ay qəlbi kövrək” , Nəşə Qaraböcək “Bir
könül sındırmışam” mahnılarımı
oxuyurdular. Mənim mahnılarımı
İranda da oxuyurdular. Ora ilk dəfə gedəndə
məni çox təmtəraqla qarşıladılar. Demək olar ki, sonralar dünyanın xeyli ölkəsini
gəzib dolaşmışam.
“Baharın gəlişini hiss eləmirəm...”
- Ramiz
müəllim, hansı mahnını ömrünüzün musiqisi
adlandırardınız?
- Bir
gün Fikrət Qoca zəng eləmişdi, biz ikimiz də
yaşıdıq, dedim bilirsən nə var, XXI əsrə gəlib
çıxmışıq. Bir dənə “Əlvida”
yazarsan. O da yazdı. Bu mahnını Nazpəri
Dostəliyeva oxuyur. Bir də “Mənim
ömrüm” adlı mahnım var, onu da Aygün Bayramova oxuyur.
Əslində bütün musiqilərim mənim
ömrümün musiqiləridir...
- Bir bəstəkar
kimi xoşbəxtliyiniz həm də ondadır ki,
mahnılarınız uzunömürlüdür. Zaman
keçdikcə bu mahnılar daha da qiymətli olur...
- Mənim
mahnılarımı Rəşid Behbudov, Şövkət Ələkbərova,
Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova,
Yaşar Səfərov, Elmira Rəhimova, Zaur Rzayev kimi
tanınmış müğənnilər oxuyub. Bir də mahnının sözü uğurlu olsa, o
mahnı yaşayar. Hüseyn Cavidin, Mikayıl
Müşfiqin, Məmməd Arazın, Fikrət Qocanın,
İslam Səfərlinin, Bəxtiyar Vahabzadənin, Rafiq Zəkanın,
Nəriman Həsənzadənin və adını çəkmədiyim
neçə-neçə şairin sözlərinə musiqilər
bəstələmişəm. “Bir könül
sındırmışam”, “Bir xumar baxışla”, “Toy olacaq”,
“Həyat, söylə sən kiminsən”, “Səndən
danışdı”, “Mən sənə neyləmişəm”,
“Oxu, tar”, “Səadət”. Xülasə...
- Son vaxtlar
nə yazmısınız?
- Ötən
ilin dekabrında möhtərəm Prezidentimizin 50
yaşının tamam olması münasibətilə
yazdığım “Oda” simfonik orkestrin müşayiəti,
dörd nəfər solistin ifası ilə Azərbaycan
Televiziyasında nümayiş olundu. Televiziyada
“Mürafiə vəkilləri” tamaşasına musiqi
yazmışam.
-
Övladlarınızdan ikisi bəstəkar, biri rejissordur.
Ancaq bildiyimə görə, onlar mahnı yazmırlar...
-
Oğlanlarımın ikisi Türkiyədə
çalışırdı. Biri gəlib, o biri
ordadır. Yusif Xocalı haqqında
simfoniya yazmışdı. Fevralın 26-da
Ankarada konserti oldu. Simfoniya çox yüksək
səviyyədə qarşılandı. Nazim
yaxın vaxtlarda İspaniyada açıq dərs verəcək.
Hər iki oğlum simfoniya, filmlərə musiqi yazırlar,
amma mənə hörmət edib mahnı yazmırlar
(gülür)...
- Ramiz
müəllim, hər dəfə bahar gələndə
hansı hissləri keçirirsiniz?
- Vallah, mən
baharı hiss eləmirəm. Mən 90-cı illərdə
Filarmoniyada Mahnı və Rəqs Ansamblının bədii rəhbəri
işləyirdim. 20 Yanvar hadisələrindən sonra bir il məşq eləmədik. Nə
isə, mən o vaxtdan baharı hiss eləmirəm. Həyətimizdə ərik ağacı var,
görürəm çiçəkləyib, deyirəm, bu nə
vaxt çiçəklədi? İnanın mənə,
baharın gəlişini hiss eləmirəm...
...Biz əfsanələri
çox vaxt uzaqda axtarırıq. Ancaq ətrafınıza
diqqətlə baxsanız, müasirimiz olan canlı əfsanələr
görərsiniz. O əfsanələrdən biri də
Ramiz Mirişlidir...
Təranə Vahid
Mədəniyyət.- 2012.- 13
aprel.- S. 10.